Bazarlarda və marketlərdəki ölüm kabusu - ŞOK FAKTLAR - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Bazarlarda və marketlərdəki ölüm kabusu - ŞOK FAKTLAR - FOTOREPORTAJ

Alqı-satqı mərkəzlərindəki hansı məhsullar zəhərli, zərərlidir?

Ölkəmizdə sahibkarlıq fəaliyyətinə yaradılan əlverişli şərait bəzi işbazların bu imkanlardan sui-istifadə hallarına səbəb olub. Məsələ burasındadır ki, hansı yolla olursa-olsun, qanunsuz gəlirlərini artırmağa çalışan ayrı-ayrı müəssisələr istehsal və ya idxal etdikləri malların markalanması, nişanlanması, habelə digər prosedurla bağlı qanunvericilik tələblərinə riayət etmirlər. “Yeyinti məhsulları haqqında”, “Dövlət dili haqqında” qanunlarda birmənalı olaraq Azərbaycanın əmtəə bazarında olan bütün məhsulların xarici dillərlə yanaşı ana dilimizdə də nişanlanması təsbit edilib. Çünki bütün istehlakçıların satınaldıqları mallar haqqında məlumat almaq, informasiya əldə etmək hüququ var. Bu isə ana dil ilə mümkündür. Lakin ölkəmizin əmtəə bazarında olan mürəkkəb texniki malların 80 faizi ana dilimizə tərcümə olunmur. Bu, özünü dərman preparatlarında da göstərir – apteklərdə satılan dərmanların təxminən 30 faizinin göstəriciləri Azərbaycan dilində deyil. Hətta xarici ölkələrdən idxal edilən və bazarlarda satışa çıxarılan qarabaşağın – “qreçka”nın üzərində erməni dilində yazılar olsa da, Azərbaycan dilində heç bir məlumat bildirişləri yoxdur. Halbuki Gürcüstanda və Ermənistanda idxal edilib satışa çıxarılan məhsulların, demək olar hamısının üzərində bu ölkələrin öz dillərində yazılmış məlumat bildirişləri var.

Ölkəmizə xaricdən mal idxal edən bir sıra şirkətlər məhsulların üzərinə ana dilimizdə mal nişanlarının yapışdırılması qaydalarına riayət etmirlər. Habelə əmtəə bazarında düzgün markalanmayan və nişanlanmayan xeyli sayda məhsul mövcuddur. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla görüşərək bu məsələləri araşdırdıq.

“Min bir dərdin dərmanı” olan bal niyə dərd yaradır?

Çoxlarında elə təəssürat yaranıb ki, el arasında “min bir dərdin dərmanı” adlandırılan və hazırda satışda olan bütün ballar doğrudan da bütün xəstəliklərə əlac edir. Bu səbəbdən də alıcılar bazarlardan, yarmarkalardan aldıqları balın keyfiyyətinin yüksək olduğunu düşünürlər. Qeyd edək ki, təcrübəyə əsasən otaq şəraitində yarım il saxlanılan təbii, xalis bal xarlamalı, daha da qatılaşmalıdır. Halbuki satışa çıxarılan bal məhsulları nəinki yarım il, heç bir il ərzində də qatılaşmır, xarlamır.

“Red Cow”, habelə üzərinə “Toplenoe maslo” yazılan digər yağların bir qismi düzgün markalanmayıb və ya mal nişanları qanunsuz olaraq tərtib edilmir. Alıcılar bu məhsulların əvvəlki keyfiyyətlərini itirməsindən şübhələnir, şikayətlənirlər.

“Coca Cola” şirkətinin məhsullarının oxşar variantını satışa çıxaran müəssisələrdən biri bazara “Cola Cola” içkiləri ilə müəyyən sayda gəlir əldə edə bilib.

Başqa müəssisə də “Fanta” içkilərinin keyfiyyətsiz oxşarını yaradaraq onu “Fantaziya” adıyla alıcılara sırıya bilib. Ölkəmizdə istehsal olunan bir sıra spirtli içkilərin insanlara başağrısı verməsi, habelə onların səhhətlərində digər ağırlaşdırıcı fəsadlar törətməsi həmin məhsulların keyfiyyət göstəricilərinin aşağı olması ilə bağlıdır. Söhbət üzərlərinə istehsal tarixləri yazılmayan konyaklardan gedir. Əslində, istehlakçılar bilməlidir ki, şərabların saxlanma müddəti 6 aydır. Araqlar və konyakların saxlanma müddətləri isə 1 ildən çox deyil. Uzun müddətdə saxlanma xüsusi şəraitdə, temperaturda, xüsusi qablarda saxlanılan məhsullara aiddir. Araşdırmalar zamanı ölkəmizə istehsal olunan şərabların 80 faizinin saxlanma müddətinin göstərilmədiyi üzə çıxıb. Bu o deməkdir ki, həmin mallar kifayət qədər xüsusi, ağır maddələrlə (bu maddələr insan sağlamlığı üçün zərərlidir) zənginləşdirilib.

Spirtli içkiləri istehsal edən bir sıra müəssisələr “Yeyinti məhsulları haqqında” qanunun tələblərinə məhəl qoymayaraq həmin malların yararlılıq müddətini göstərmirlər. Satışda olan və spirtli içki aludəçisi olan bəzi şəxslər arasında “Malış” adıyla populyarlığı ilə seçilən “Russkaya Vodka” araqlarının da saxta oxşarı bazarlarda tüğyan edir.

Sevindirici haldır ki, üzərinda qondarma Dağlıq Qarabağın və Ermənistanın birgə xəritəsini əks etdirən “Areni” konyakları satışdan çıxarılıb və onun ölkəmizə qeyri-qanuni idxalının qarşısı alınıb.

Habelə malların markalanması ilə də bağlı bir sıra qanun pozuntuları aşkar edilib. Eyyub Hüseynov bildirdi ki, məsələn, “Grante” nar şirələrinin üzərində ana dilimizdə heç bir bildiriş kağızı yoxdur. Bunu həmin içkilərin xarici bazarlar üçün nəzərdə tutulması ilə əsaslandıranlar həmin malların daxili bazarda nə üçün satışa çıxarılması sualına cavab verə bilmirlər. Bundan əlavə, təbii nar şirəsi hətta soyuducuda saxlandıqda belə, 3 gün ərzində qıcqırır, dadını dəyişir. Belə isə bu nar şirələrinin qabları açıldıqdan sonra nə üçün günlərlə, aylarla tərkibini dəyişməməsi bir sıra suallar yaradır.

Daxili bazarda satışa çıxarılan bir sıra “təbii” şirələrin, spirtsiz içkilərin tərkibində qatqıların, konservantların olduğunu diqqətə çatdıran ekspertin sözlərinə görə, həmin içkilərə onların ömrünü uzadan xüsusi maddələr əlavə edilir ki, bu da insan səhhəti üçün zərərlidir.

Ət bazarında zəhər kabusu, 2002-ci ildən qalmış 11 ilik “Sahha”

Hazırda daxili bazarda satışa xeyli sayda keyfiyyətsiz “streç”lər çıxarılıb. Qeyd edək ki, “streç”lər satışa çıxarılan ət və ət məhsullarını bükmək üçün istifadə olunan xüsusi sellofan örtüklərdir. Satış bazarında qeyri-qanuni gəlir əldə etmək istəyən bir sıra işbazlar ucuz qiymətə satılan “streç”lərin idxalına girişiblər. Keyfiyyətsiz malları onların orijinal variantından pis, xoşagəlməz qoxuları fərqləndirir. Belə ki, yaxından qoxuduqda həmin məhsullar pis iy verir. Tünd sarı rəngdə olan sarı “streç”lər sənaye malları üçün nəzərdə tutulduğundan onların ərzaq məhsulları ilə təmasda olmaları qadağandır. Başqa sözlə desək, ərzaq məhsulları sənaye məhsulları üçün nəzərdə tutulan “streç”lərə bükülərək satışa çıxarılmamalıdır. Amma təəssüf ki, broyler fabriklərinin böyük qismi məhz sənaye məhsullarının “streç”lərə bükülərək satışa çıxarılır. Məhz bu, bəzi broyler toyuqlarının insan həyatındakı təhlükəsini daha da artırır.

Araşdırmalar zamanı son vaxtlar bir sıra həkimlərin məsləhət gördükləri “Sahha” uşaq qidaları ilə bağlı xoşagəlməz məqam aşkarlandı. Məlum oldu ki, malın qutusunun içində onun istehsal tarixi olaraq 2002-ci il, qutunun üstünə isə onun istehsal tarixi olaraq 2013-cü il göstərilib. İordaniya məhsulu olan bu qidalar 2002-ci ildə istehsal edilsə də, onların qablarının üzərindəki istehsal tarixi kimi 2013-cü il göstərilib. İstehsal tarixi kimi 11 il əvvəl göstərilən İordaniya məhsulunu ölkəmizdə satışa çıxarıblar.

“Artyomsol” əvəzinə yodsuz “Artyolsol”un duzu

“Artyolsol” şirkətinin istehsal etdiyi duzların üzərində istehsalçı şirkətin ünvanı, əlaqə telefonları yoxdur. Ölkəmizdə fəaliyyət göstərən “Artyolsol” şirkəti Ukraynanın Donetsk vilayətinin “Artyomsol” şirkətinin eyniadlı məhsulunu, mal nişanı ilə istehsal edir. Azad İstehlakçılar Birliyinin sədri yerli şirkətinin məhsullarının yodsuz olduğunu iddia edir. Qanunvericiliyə görə yodsuz duzun satışı qadağandır.

Bu duzlar suda tam həll olunmadığından çöküntü yaradır. Çöküntülər isə şübhəsiz ki, insan sağlamlığı üçün olduqca təhlükəlidir. Yoxlamalar zamanı bu məhsulların tərkibində yodun olmaması üzə çıxıb. Sən demə, telekanallarda reklam olunan və diş əti qanaxmalarının, kariyesin qənimi kimi təqdim edilən “Colgate” diş məcunlarının heç də hamısı saglamlığımız üçün faydalı deyilmiş. Söhbət satışda olan bəzi “colgate” diş məcunlarının keyfiyyətsizliyindən gedir. Bir sıra işbazlar bu malın da oxşarını yarada biliblər. Eyni sözləri “Nivea” , Head @ Shoulders” şampunlarına, “Tara”, “Ayna” şampunlarına da aid etmək olar. Təəssüf ki, saxta, keyfiyyətsiz və ucuz məhsulları öz “sələf”lərindən fərqləndirmək çətin olur. Bu cür malların iç üzü yalnız istifadə edildikdən sonra – saçda kəpək yaratdıqda, quruluğa səbəb olduqda, saç tökülmələrilə nəticələndikdə üzə çıxır. Onda isə hər şey gec olur. Paltaryuyan maşınlar üçün nəzərdə tutulan “Calqon”un, “Afamiya” ağardıcılarının da eyniadlı saxta oxşarı bazarlarda peyda olub.

Eyyub Hüseynov bildirdi ki, bəzi hallarda bir sıra malların bazarlardakı oxşar variantlarını adətən bu məhsulları istehsal edən şirkətlərin keçmiş işçiləri, həmin müəssisələrlə əlaqəli şəxslər yaradır, ucuz qiymətlərlə onları satışa çıxarırlar. Şübhəsiz ki, sonda ən böyük ziyan həm onların eyniadlı mallarına bənzər məhsulları satışa çıxarmış şirkətlərə, həm də istehlakçılara dəyir. Odur ki, tarixin süzgəcindən çıxmış məşhur “ücüz ətin şorbası olmaz” məsəlini unutmaq olmaz.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm