Balta: “Rəis, onda sən ananı ver mənə...”
Bizi izləyin

Qırmızı.az

Balta: “Rəis, onda sən ananı ver mənə...”

Türmə əhvalatı...

Əllərini başının arxasında daraqlamışdı. Əslində, daraq əllər başının dik qalmasına kömək edirdi - balış əvəzi idi. Ayaqlarının isə biri o birinin üstündə idi - qayçı şəklində.

Mənim “zona” girişimdə dustaq tayfasından ilk olaraq gözümə görünən bu adam olmuşdu. Daha doğrusu, “voronok”dan düşürülüb, bizə məlum olmayan yerə aparıldıqda gözlərimə ilişmişdi. Karsın üstü və ətrafı qalın barmaqlıqlarla çəpərlənmiş gəzinti sahəsinə aparıldığımızı isə bir neçə dəqiqədən sonra biləcəkdik. 25 nəfər dustaq idik və onların heç biri ilə tanış deyildim. 1 saata yaxın birlikdə “voronok”da yoldaşlığımız zamanı gedən söhbətlər isə mənim üçün hər hansı tanışlıqdan xəbər verə bilməzdi. Sıraya düzülmüşdük. Hündür ağacın yanından keçəndə bu bədheybəti görmüşdüm Ağacın altı və ətrafı yamyaşıl otlaq idi. Yuxarıdan qarsalayan günəş şüası bu yaşıllığa özünü göstərə bilmirdi. Kəndimizdə, həyətimizin qurtaracağından axan Qarayarçayın sahilindəki çayırlıqda eynən belə uzanmağım yadıma düşdü? Uzaq uşaqlıq illərimin xatirəsi... Bu insanda doğmalıq hiss etdim.

Adam türmədə daha kövrək olur; yaddaşı, xatirələri daha çox vərəqlənir.

Bizi iki nəzarətçi və bir kapitan aparırdı. Kapitanın ağzından sarımsaq iyinə qarışmış araq qoxusu gəlirdi. Arada gəyirir, boğazını arıtlayırmış kimi xırıltılı səslə tüpürürdü. Bu səsi də uşaqlıq yaddaşımın dərin qatından “dartıb çıxardım”. Qoyunlarımız kəpəyə düşəndə, yaxud kəpənək udanda belə “fınxırırdı”. Qeyri-ixtiyari gülümsədim. – Nəyə gülürsən? – kapitanın səsində qəzəb yox idi, sualının başına ip salmadı, yəni cavabım onun üçün maraqlı da deyildi, sadəcə, sayıqlığını nümayiş etdirirdi; gözümdən heç nə yayınmaz.

Kapitan çox səliqəsiz idi. Şalvarının balaqları dabanı yeyilmiş ayaqqabısının altında toza bulaşıb, köynəyinin yaxalığında kir adamı “çağırırdı”. Amma zarafatcıldır. Hündürdən danışır, dustaqlara söz atır, əlindəki ittiham vərəqlərindən maddələri oxuyur və hər maddəyə uyğun da nə isə deyirdi:

- Baho, aranızda rüşvət alanınız da, dövlətin cibinə girib vergidən yayınanlar da varmış ki...

Kimin hansı maddə ilə həbs olduğunu bir azdan biləcəkdi. O bizi sayla, adla təhvil almışdı.

Kapitanın söhbətcil olması imkan verdi ki, ağacın altında yayxanmış adamı göstərib soruşum:

- Cənab kapitan, o, kimdir elə?..

- O... – çevrilib uzanan adama tərəf baxdı, - o sənin... – Hamı gülüşdü, nəzarətçilər isə reaksiya belə vermədi. Kapitan isə hələ də təqdimatını edirdi:

- O, heç kimdir. Adı Baltadı.

Sonra ağaca tərəf qışqırdı:

- Adə, Balta, p...un biri, p...x. Dur, rədd ol, yaşıllığı murdarlama.

Adına Balta deyilən adam ağır-ağır çevrilib səsə tərəf döndü, kapitanı saymırmış kimi:

- Nədi? Cəhənnəm ol... Alkaşın biri, alkaş.

Kapitan ürəkdən güldü. Sonra yenə də söyüş söydü, nəzarətçilər başlarını buladı - görünür, kapitanın bu qədər özünü buraxması ürəklərincə deyildi.

Biz dustaqlar üçün o adamın kimliyi qaranlıq qaldı. Bəlkə də bəziləri həmin söhbəti unutdular da. Mən unutmadım. Mən ümumiyyətlə, heç nəyi unutmadım, unuda bilmədim, unuda bilmirəm...

10-15 dəqiqədən sonra nəzarətçilər bizi yenidən “şmon” etdi. Onlar “nəyiniz var, stolun üstünə qoyun”, - deyib, sonradan özləri yoxlayırdılar. Cibə “girir”, pulların əlimizdən alına biləcəyini “ürək yanğısı” ilə deyir və hər kəsdən 5 manat tələb edirdilər ki, pulumuzun olmasını heç kəsə deməsinlər.

552511102

Məndən pul almadılar. Heç istəmədilər də... sonradan dostlaşa bildiyim Aqildən də. Çünki Aqilin qohumu, dəstə rəisi olan mayor Cavanşir gəlib onu dəstədən ayırmış, üz-üzə olan gəzinti odasına keçirmişdi. Mən də təklif gözləmədən onun ardınca ora keçmişdim. Ona görə də biz hər ikimiz “şmon”dan azad olmuşduq...

Karantindən sonra əhlimizin uşaqlarının “zon”un bərkgedənləri haqda danışıqlarına qulaq asır və gözlərimin önünə hündür ağacın altında saymazyana uzanan Baltanı gətirirdim. Hər kəsin adını eşitsəm də, Baltanın adını dilinə gətirən, onun qəhrəmanlığından bəhs edən yox idi. Axır ki özüm söz saldım:

- Bəs, Balta? O, nə üçün tutulub? O gün kapitanı söydü - “Depenka” Akifi. Deyəsən o da strimit edir...

Uşaqlar üzümə təəccüblə baxdı. Kəndçim, “Qara kəl” ayamalı İlyasın hırıltısına qoşulanlar əllərini-əllərinə çırpdılar:

- Qələt edir Balta. Balta ha... o, heç kəlbətin də deyil.

İlyas kimisə hayladı:

- Adə, o Baltaya de, “lişni” onun ... - söyüş söydü.

Balta ilə imkan tapıb söhbət etmək ağlımdan o andaca çıxdı.

Mövzu isə Baltanın üstündə dayandı. İlyas dedi ki, əslində, Balta pis adam olmayıb, sadəcə, onu “sındırıblar”. Amma o öz yerini bilir. Təmiz oğlanların yanında oturmur, üzdəniraqlardan isə uzaq qaçır. Ona görə də onu həmişə tək görərsən... “Zon”un çirkli işlərini görənlərdəndir. Amma tək işləyər. Qarışmaz özünü buraxanlara...

Bir müddət keçdikdən sonra isə Balta ilə bağlı həqiqətləri öyrənə bildim. Öyrəndim ki, Aran rayonlarından birindən olan bu oğlan mal-qarası üçün ot yığarkən kənd sovetinin adamlarının qəzəbinə düçar olub. Aralarında mübahisə düşüb. Ona əl qaldırıblar, söyüblər, təhqir ediblər. Baltanın əsəbləri namərdlik edib, hövsələdən çıxıb, yumruğunu işə salıb. Dövlət nümayəndələrini dəli inək balasını ağnadığı kimi tapdalayıb. Ürəyi dözməyib, onun sevdiyi qızın anası haqda xoşagəlməz söz deyən kənd məmurunun başını murdarlayıb. Ondan şikayət olunub və tutub rayon polisinə aparıblar.

Polis rəisi onu özü sorğu sual edib. Acılayıb, boyuna-buxununa baxıb, soruşub:

- Evlisən?

Bu da cavab verir ki, yox.

Rəis gülüb:

- Heç evlənmə də.

Balta səbəbini soruşub:

- Naçannik, niyə evlənməyim?

Rəis də ətrafında olan işçilərinin yanında bir az da yekəxanalıq edib:

- Evlənsən də, qız uşağı alma. Yazıqdır, arvadın sənə tab gətirməz, ölər.

Hamı gülüşüb. Rəis bir az da həyasızlıq edib:

- Sən yaxşısı budur, dul arvaddan-zadan al. Təcrübəsi olsun. Onsuz da səni axtalatdıracam, yanı balalı olsa, daha yaxşı olar.

Balta bu sözü heysiyyətinə sığışdırmır:

- Nəçənnik, onda belə edək, ananı ver mənə, olsun arvadım, sən də ol mənim oğlum. Dədə-bala mehriban yaşayaq.

Bax onda Baltanın cinayət işinə daha iki maddə əlavə olunur. Polisə müqavimət və vəzifəli adamın şəxsiyyətini təhqir etmə. Üstəlik də dövlət əmlakını talamaqda, ot sahəsinə basqın etməkdə günahkar bilinmişdi.

Balta 3 maddə ilə cəmi 6 il həbs cəzası alıbmış. Zona gələnə qədər isə onu Bayılda sındırıblar... Gəzintiyə çıxan zaman korpusun dəhlizində üstünə bir qab sidik atıblar və o bununla da “murdar olub”. O, içərinin qanunlarına görə, təmiz oğlanlarla ötüb-dura bilməzdi.

İlyas deyirdi ki, Balta rəisdən şübhələnirr. Çünki o, Bayılda olarkən rəis haqda bir neçə dəfə ondan soruşan olub. Həm də dəfələrlə ona fiziki təsir göstərib, zorlamağa cəhd etmək istəsələr də, Balta yumruqları ilə qara niyyətli adamları yerində oturda bilibmiş. Onu üzdəniraqların qaldığı kameraya da sala bilməyiblər. Ayağını yerə dirəyib, qarşısında duran nəzarətçiləri vuracağı ilə hədələyibmiş. Əslində, nəzarətçilər həm bunu etmək də istəmirmiş. Türmə rəisi isə ona qarşı olan bu haqsızlığı eşidəndə çox qəzəblənibmiş. Baltanı təmiz oğlanların kamerasına göndərdib və işçilərindən hansınısa cəzalandırıb. Lakin onu sidiklə murdarlamaqla istəklərinə çatıblar.

Baltadan heç xəbərim olmadı. Mən azadlığa çıxanda onu ilk dəfə gördüyüm ağacın altında oturub, kürəyini ağacın gövdəsinə söykəmişdi...

Faiq Balabəyli

Axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm