Osmanlı imperiyası iki cəbhə arasında - Rus Çarı və Vəhhabi təhlükəsi
Bizi izləyin

Bilgi.az

Osmanlı imperiyası iki cəbhə arasında - Rus Çarı və Vəhhabi təhlükəsi

Publika.az istedadlı tədqiqatçı Adgözəl Məmmədovun "Osmanlının çöküşünə Rusiyadan baxış" kitabını hissə-hissə oxuculara təqdim edir:

Əvvəli bu linkdə:

http://publika.az/p/52889

http://publika.az/p/53121

http://publika.az/p/53456

http://publika.az/p/53930

Prinsipcə, Məhəmməd ibn Əbd əl-Vəhhab hənifəliliyin müddəalarına qarşı çıxmaqla, Osmanlı imperiyasının dini-hüquqi məktəbini də inkar edirdi. Ona görə də söyləmək olar ki, vəhhabilər islamın Osmanlı imperiyasında mövcud olan formasına qarşı çıxırdılar.

İbn Əbd əl-Vəhhab 1740-41-ci illərdə Ayayna köçdükdən sonra oranın ovaxtkı əmirinin – Osman ibn Həməd ibn Müəmmərin himayəçiliyində idi.

""Mən istəyirəm ki, sən "Allahdan başqa məbud yoxdur" ehkamının yayılması ilə məşğul olasan", - salnaməçinin sözlərinə görə, o, əmirə belə söyləmişdi. Əmir bu təklifi qəbul etmışdi. Tezliklə İbn Əbd əl-Vəhhabın və Ayayn hakiminin ailələri qohum oldular".

Vəhhabiliyin təfsirinin praktik olaraq gerçəkləşdirilməsi üçün onlar yerli "bütpərəstliyi" məhv etməyə girişdilər. İbn Əbd əl-Vəhhab həmin yerlərdə müqəddəs sayılan ağacı öz əli ilə kəsdi.

Bundan sonra vahədə sonrakı vəhhabiyönlü ərəb tarixçilərinin böyük bir coşqu ilə təsvir edəcəkləri hadisə baş verdi. "İbn Əbd əl-Vəhhab Ayaynda zinaya yol vermiş bir qadını daşqalaq etmək əmrini verir: "Əmir Osman və müsəlmanlardan ibarət bir dəstə irəli çıxıb onu ölənə qədər daşlarla vurmağa başladılar. Və birinci daşı haqqında danışılan Osman atdı", - İbn Qənnam yazır: "İbn Əbd əl-Vəhhab qadının nəşini yumağı, kəfənləməyi və dua oxumağı əmr etdi".

Bu, artıq ciddi hadisə idi. Daş-qalaq xəbəri bütün yerlərə yayıldı və İbn Qənnamın fikrincə, guya əsl müsəlmanlıqdan kənara çıxmış kim varsa, hamısını dəhşətə saldı.

Daş-qalaq haqqında bu xəbər "Əl-İhsə, Əl-Kətif və ətraf köçərilərin" hakimi Süleyman ibn Həmədə ibn Hürəyrə əl Hüməydiyə də çatdı. Ayayn əmirliyi ondan müəyyən asılılıqda idi. Hər halda, Ayayn əmirinin ticarətinin bir hissəsi Əl-İhsə limanları vasitəsilə həyata keçirilirdi. Bundan başqa, Əl-İhsədə Ayayn əmirinin palma ağacları və digər əmlakı var idi ki, o, bunlardan gəlir əldə edirdi. Süleyman əl-Hüməydi Osmana, İbn Əbd əl-Vəhhabı öldürməyi əmr etdi, etiraz edəcəyi təqdirdə isə ərzaq və paltar təchizatını kəsmək və onu gəlirdən məhrum etməklə hədələdi.

Süleyman əl-Hüməydinin bu hərəkətinin səbəbini Osmanlı üləmalarının ona təzyiqi ilə də izah etmək olar. Ona görə ki, türk qüdrətinin özülü - Hənəfizm (Osmanlı imperiyasında müsəlman hüququnun əsası) təhlükə altında idi.

Həmçinin Əl-İhsənin əhalisi arasında vəhhabiliyə qarşı qatı düşmənçilik mövqeyində olan şiələr də vardı. Bundan savayı, görünür ki, banu-xalid tayfasının rəhbəri vəhhabilərin artmaqda olan gücündən ehtiyat edir, bunda öz hakimiyyətinə də təhlükə görürdü. Amma Ayayn əmiri artıq nüfuzlu olan İbn Əbd əl-Vəhhaba divan tutmağa cəsarət etmədi, ya da olsun ki, bunu istəmədi və onu sürgün etdi. İstisna deyil ki, Osman ibn Müəmmər bir qədər gözləyib, sonra onu geri qaytarmağa da ümid edirdi.

Sürgün olunmuş İbn Əbd əl-Vəhhab 1744-45-ci illərdə Əd-Diriyədə məskunlaşdı. Vahədə onun bir qrup ardıcılı yaşayırdı ki, onların arasında yerli əmir Mühəmməd ibn Səudun iki qardaşı və əmirin zövcəsi də vardı. Təriqət başçısı öz şagirdlərindən birinin evinə düşdü və dərhal da Əd-Diriyənin hakimi ilə əlaqə yaratdı. Əmirin qardaşları və zövcəsi onların yaxınlaşmasına yardımçı oldular.

Əd-Diriyəyə köçdüyü vaxtdan etibarən İbn Əbd əl-Vəhhabın həyatı artıq Diriyə əmirliyi və Səudiyyə sülalələrinin taleyindən ayrılmaz bir şəkildə davam etdi. Hətta ilk əvvəllər Əd-Diriyə əmiri İbn Səud, İbn Əbd əl-Vəhhaba yaxın olan şagirdləri yetərincə ərzaqla təmin edə bilmirdi.

Nəcd salnaməçilərinin imam adlandırmağa başladıqları Diriyə əmiri vəhhabiliyi qəbul edənlərin başçısı sayılır, namaz vaxtları onlardan öndə dayanırdı.

İbn Əbd əl-Vəhhab Əd-Diriyəyə köçdüyü vaxtdan etibarən Osman ibn Müəmmər diriyəlilərin dəyişməz müttəfiqi oldu. İlk illərdə birləşmiş Əd-Diriyəyə və Ayayn qüvvələrinə hətta Ayayn əmirinin özü rəhbərlik edirdi. Osman ibn Müəmmər qızını Əbd əl-Əziz ibn Məhəmmədə ərə verməklə səudlarla qohum oldu (onların 1748-ci ildə anadan olmuş oğlu Səudun vaxtında səudların qüdrəti özünün pik nöqtəsinə çatdı).

Lakin bir müddət sonra səudlar Ayayn əmirini Əl-İhsə hakimi Məhəmməd ibn Əfaliklə gizli yazışmada və xəyanət hazırlamaqda ittiham etdilər. 1750-ci ilin iyununda, cümə namazından sonra o, öz vahəsinin sakini olan vəhhabilər tərəfindən öldürüldü. Yeni əmir onun qohumu Mişari ibn İbrahim ibn Müəmmər oldu.

Bu vaxtlar səudların əsas rəqibi isə Ər-Riyad əmiri Dəhham ibn Dəvvas idi.

II Yekaterina dönəmində Rusiya–Osmanlı münasibətləri

1768-ci ilin dekabrın sonunda Krım xanı Qaplan-Gireyin ordusu Rusiyanın cənub torpaqlarına hücum etdi. 80 minlik tatar ordusu sultan III Mustafanın əmrilə Yelizaveta Petrovnanın vaxtında Şimali Donsanın sağ sahilində yaradılmış Bahmut və Yelizavetqrad şəhərlərini tutdular.

Lakin krımlılar tezliklə Poltavadan piyada yürüşə başlamış P.A.Rumyansevin 35 minlik ordusu ilə qarşılaşdılar. Rumyansevin ordusu Qaplan-Gireyin qoşunlarını Azov dənizinədək sıxışdıraraq, Krımı mühasirəyə aldı. Vitse-admiral A.N.Sinyavinin komandanlığı altında Don donanması yarımadaya girişi dənizdən bağlamağa çalışdı. Tezliklə, Krım xanının tərəfdaşları – noqaylılar rusların tərəfinə keçməklə Rumyansev üçün Baxçasaraya birbaşa yol açdılar.

Hər münaqişənin özünün dəqiq bir səbəbi olsa da, əsas səbəb dəyişilməz qalırdı – Rusiyanın istəyi Krım tatarlarının qurtarmaq bilməyən hücumlarından qorunmaq və getdikcə öz ərazilərini artırmaq, məhsuldar qaratorpaq sahələrində və Qara dənizin şimal sahələrində mövqelərini möhkəmləndirmək idi. Məhz bu baxımdan, imperiyanın ən qızğın müstəmləkəçilk siyasəti II Yekaterina hakimiyyətinin dövrünə düşdü.

Osmanlılar Qara dənizin şimal sahili sakinlərinin slavyanlaşdırılmasına və pravoslavlaşdırılmasına laqeyd qala bilmirdi. Türklər Krım tatarlarını rus müstəmləkələrinə basqın etməyə çox təhrik edirdilər. Avropalılar da Rusiyaya qarşı Osmanlıların döyüşkənlik gücünün artırmaq üçün ordunu silahlandıraraq İstanbula dəstək olurdular.

Məhz I rus-türk müharibəsində (əslində, bu vaxta qədər də rus-türk müharibələri olmuşdu, görünür, miqyasına görə, bütün Avropa və rus tarixçiləri bu müharibəni belə adlandırırlar (1768-1774-cü illər)) Osmanlı imperiyası üçün bu cür "donor" Fransa olmuşdu. Əslində, Türkiyə Fransanın əlində yeganə və son silah idi. Fransa ardıcıl olaraq iki yüz il idi ki, Şərq çəpərini – Türkiyə, Polşa və İsveç kimi tərəfdaşları ilə Rusiya qarşı yarımhalqanı formalaşdırmışdı. Bu trio hələ kardinal Rişelye tərəfindən Habsburqlara qarşı düşünülmüşdü, sonradan isə dirçələn Rusiya İmperiyası üçün çox tətbiq olundu. Ancaq fransızlar bir-birinin ardınca tərəfdaşlarını itirirdilər. Öncə İsveç məğlub oldu. Şimal döyüşlərindəki məğlubiyyətdən sonra orada, belə desək, qızıl azadlıq erası başladı. İsveçdə partiyalar bir-biri ilə mübarizə aparırdılar, Peterburq isə açıqdan-açığa qonşu ölkənin siyasətinə sərt təzyiq göstərirdi.

1760-cı illərin ortalarından İsveçin ardınca Fransa Polşadakı mövqelərini itirməyə başladı. 1764-cü ildə Polşa taxtına Rusiyanın əlaltısı Stanislav Ponyatovski seçilmişdi. Bundan sonra Rusiya hökuməti katoliklərlə bərabər pravoslav əhaliyə hüquq verilməsi məsələsini qaldırdı. Yeni hökmdar bu addımı atmağa razı olsaydı, polyaklar və Polşanın katolik əhalisi pravoslav ukraynalılar qarşısında azlıqda qalacaqdı. Bunu anlayaraq, Stanislav qərar verməyə tələsmirdi, Yekaterinaya yazdığı məktublarında isə onu inandırmağa çalışırdı ki, "azadlıq" və "bərabərhüquqluq"... bir-biri ilə uzlaşmır. Yekaterina Polşada yerləşdirilmiş rus hərbçilərinə nəinki hərəkətə başlamağı əmr etdi, hətta ora əlavə qüvvələr də göndərdi. Cavabında Barre şəhərində pravoslavlara bərabərhüquqluq vermək istəməyən şlyaxtalardan ibarət silahlı qüvvə toplandı. Onun dəstələri N.V.Repin və A.V.Suvorovun komandanlığı altında rus hissələri tərəfindən dağıdıldı.

Bununla belə, vəziyyət təhlükəli olaraq qalırdı. Polşada öz payına ümid edən Avstriya və Prussiya kimi qonşu dövlətlər rusların təsirinin üstünlük təşkil etməsindən razı qala bilməzdilər. Bir qədər sonra, 1772-ci ildə II Fridrixin təşəbbüsü ilə ərazilərin bölüşdürülməsi baş tutdu. Prussiya ordusunu Pomeraniyaya, Avstriya isə Qalisiyaya yeritdi. Rusiyaya isə Minskə qədər Belorus torpaqları və keçmiş Livoniya qismət oldu. Reç Pospolitonun keçmiş tərəfdaşı və himayədarı olan Fransa artıq bir neçə il idi ki, kənarda qalmışdı. O zaman Versal sarayı Türkiyə barəsində xatırladı. Fransanın xarici işlər naziri hersoq Etyen-Fransua Şuazel Konstantinipoldakı səfir qraf Şarl Qravye Verjenə yazırdı: "Təəssüflə əmin oldum ki, Avropanin şimalı getdikcə daha da rus imperatriçəsinə tabe olur. Şimalda Fransa üçün dəhşətli təhlükə yaradacaq liqa hazırlanır. Ən etibarlı vasitə bu layihəni pozmaqdır və ola bilsin, imperatriçəni ələ keçirdiyi taxtdan salmaqdır. Bu da ona qarşı müharibəyə qalxmaq kimi bir şeydir. Bu qulluğu bizə yalnız türklər göstərə bilər".

Verjen məsələnin öhdəsindən layiqincə gəldi. O, sultan III Mustafaya yürüşə hazırlaşmaq üçün 3 milyon livr göndərdi. 25 sentyabr 1768-ci ildə Türkiyə Rusiyaya müharibə elan etdi. Şuazel Peterburqdakı Fransa vəkili Sabatye de Kabra məlumat verirdi: "Əlahəzrət istəyir ki, Rusiya-Türkiyə müharibəsi alçalmış, ya da üzülmüş Peterburq saray əhlinin qonşularına əziyyət vermək və ya ümumavropa işlərinə qarışmaq fikirlərindən əl çəkəcəyi ana qədər davam etsin".

1768-ci ildə Krım tatarlarının Rusiyanın cənub ərazilərinə son "basqını" elə başlanğıcdaca boğulsa da, daha böyük, I rus-türk savaşı adlanan müharibəsinin başlanmasına səbəb oldu. XVII yüzilliyin sonlarından Rusiya Osmanlı ilə artıq beşinci dəfə idi ki, müharibə edirdi: 1695 və 1696-cı illərdə I Pyotrun iki Azov, 1711-ci ildə uğursuz Prut yürüşü, 1735-1739-cu illərdə B.X.Mininin komandanlığı altında rus ordusunun Oçakovanı ilk dəfə ələ keçirdiyi Krım müharibəsi və nəhayət yeni münaqişə...

Müharibənin ən dönüş hadisəsi isə 1770-ci ildə Aleksey Qriqoryeviç Orlovun komandanlığı ilə Aralıq dənizi sularında üç rus eskadrasının peyda olması idi. Keçmiş qvardiya zabitinin dəniz qüvvələrinin idarə olunmasında təcrübəsi olmadığından, ona iki peşəkar köməkçi – admiral Q.A.Spiridov və S.K.Qreyq təyin edilmişdi. Yazda admiral Spiridov rus desant çıxarmasını Moreydə həyata keçirmişdi ki, bu da yerli yunanların üsyana qalxmasına işarə idi. Rus və yunan ordusuna Misitrini və eləcə də Nakarin limanını ələ keçirmək müyəssər oldu.

Adgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm