Dünya çempionu: “Ailəm qarşı çıxdı - Onları dediklərinə peşman etdim”
Bizi izləyin

İdman

Dünya çempionu: “Ailəm qarşı çıxdı - Onları dediklərinə peşman etdim”

Röyalə Fətəliyeva parataekvondo üzrə dünya çempionudur. O, Ramanada yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində kursda olarkən direktoru Rahilə xanımın sayəsində idmana yönləndirilib. Əvvəllər idmana marağı olmayan xanım taekvondoçu getdikcə bu sahənin, demək olar ki, aşiqi olub.

Röyaləni bu idmana, bəlkə də, bir inad bağlayıb. Çünki ona əvvəlcə bacarmaz deyənlər olub. O da hər kəsə özünü sübut etməyə çalışıb ki, bir əlinin qüsurlu olması heç də problem deyil.

Röyalə Fətəliyeva Publika.az-a müsahibəsində idmana gələrkən ona mane olmağa çalışanları necə peşman etməsindən və ən böyük məqsədindən danışdı:

- Öncə səni yaxından tanıyaq.

- Fətəliyeva Röyalə Vitali qızı, 1991-ci il iyun ayının 6-da Füzuli rayonunun Qacar kəndində anadan olmuşam. Ailəmiz 6 nəfərdən ibarətdir: atam, anam, 2 bacım, 1 qardaşım və mən.

Onu qeyd edim ki, mənim əkizim var. Hazırda Lökbatan qəsəbəsində yaşayıram. Neftçi Qurban adına 288 saylı orta məktəbdə oxumuşam, orta təhsilliyəm.

- İdmana necə başladın?

- 2011-ci ildən taekvondo ilə məşğul olmağa başlamışam.

- Bu sahədə səni dəstəkləyən olub?

- Düzünü desəm, idmana heç həvəsim olmayıb. Mən Ramanada yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olmuşam. Orada kompüter kursunda oxuyurdum. Oranın direktoru Rahilə xanımın sayəsində bu idman növü ilə məşğul olmağa başladım.

Ali təhsilim yoxdu. Ən böyük arzum da ali təhsilimin olması idi. Bunu da Rahilə xanım bilirdi. İlk olaraq mənə bunu təklif edəndə imtina etdim. Çünki istəmirdim. Sonra mənə deyəndə ki, bu idmanla məşğul olsan, ürəyində nə arzun varsa, yerinə yetəcək və mən də razılaşdım.

- Bəs ailə üzvlərin bu qərarını necə qarşıladı?

- Öncə ailəm razı deyildi. Sağ olsun Rahilə xanım, onları razı saldı.

- Əngəl olmağa çalışdılarmı? Yəni bacarmazsan, sənin üçün çətin olacaq deyənlər oldumu?

- Bilirsiz, məndə anadangəlmə sol qolum dirsəkdən aşağı yoxdur. Qüsurlu dünyaya gəlmişəm, ailəm də ən çox buna görə istəmirdi ki, Röyalə bacara bilməz. Amma sonra bu idmana daha çox bağlandım. Ailəmə və qohumlarıma sübut etmək istədim ki, insan dünyaya əlil olaraq gəlsə də, hər şeyi bacara bilər. Bir çox qohumlarım, ailəm, hamısı əngəl olmağa çalışdılar. Düşünürdülər ki, əliləm.

Yenə deyirəm, mən özümü sübut etmək istədim. İstədim ki, heç vaxt deməsinlər “bu əlildir, heç nəyi bacara bilməz”. İlk növbədə insan özünə inanmalıdı. Bu zaman digərləri də sənə inanacaq. Onu da bildirim ki, mənə ən böyük dəstək dostum Ramin və əkiz bacım Xəyalədən gəlib.

Ramin mənim məktəb yoldaşım olub. O zamandan dostluğumuz hələ də davam edir.

- Dedin ki, əliləm deyə əngəl olmağa çalışdılar, bacarmaz deyənlər oldu. Bəs bu fikirlər səni ruhdan salmırdı?

- Təbii ki, bədbinliyə qapılırdım. Heç gözləməzdim ki, belə fikirləşərlər. Bilirsiz niyə? Çünki ailəm məni ərköyün böyüdüb. Bəlkə də buna görə düşünüblər ki, bacara bilmərəm. Amma mən hamını özümə inandırmağa çalışdım və buna nail oldum. Sübut etdim ki, əlil olsam da, bu işin öhdəsindən gəldim.

- Bu idmanda yeni olsan da, titulların var. Hansı yarışlarda iştirak edib medal qazanmısan?

- 2011-ci il sentyabrın 26-da qatıldığım ilk yarışımda Moskvada keçirilən Avropa çempionatında 3-cü yerə layiq görülmüşəm. Daha sonra 2012-ci ildə Arubada keçirilən dünya çempionatında 2-ci yer, nəhayət, 2013-cü ildə İsveçrədə baş tutan dünya çempionatında 1-ci yeri tutdum.

- Necə fikirləşirsən, sənə bacarmaz deyənləri peşman etmisənmi?

- Təbii ki, buna görə çox xoşbəxtəm. Bir çox ailənin övladları dünyaya əlil gəlir. Düşünürəm ki, ilk növbədə, ailə öz övladına dəstək olmalıdır. Məsələn, mən taekvondo ilə məşğul olmağa başlayanda ailəm mənə dəstək olmalı idi, deməməli idi ki, “bacarmaz”. Ailəm bu sözü deyəndən sonra kənardakılar da deyəcək. Yenə deyirəm, gərək ən başda ailən dəstək olsun.

- Onlar özləri də etiraf edibmi ki, Röyalə doğrudan da bizi dediklərimizə görə peşman etdi?

- Təbii ki... Mən qarşıma məqsəd qoydum ki, çempion olacam. Şükür, oldum və hər kəsə sübut etdim ki, bu işi bacardım. Hərdən zarafatyana evdə deyirəm ki, “baxın mən tək əlimlə başqa ölkədə bayrağımızı yüksəklərə qaldırdım. Amma siz iki əli olanlar nə etdiniz?" (gülür). Amma həqiqətən hər zarafatda da bir doğruluq var.

- Peşəkar idmanla məşğul olduğunuzu bilirik. Bəs haradasa işləyirsiniz?

- Xeyr, sadəcə taekvondo ilə məşğul oluram.

- Paxıllığınızı çəkənlər olubmu?

- Vallah, bilmirəm, bəlkə də, olub. Amma onu çox gözəl bilirəm ki, mən heç kəsin paxıllığını çəkmirəm. Şükürlər olsun Allahıma, istədiyimi etmişəm və edəcəyəm də...

- Anladım ki, ailənizdə başqa idmançı yoxdur?!

- Xeyr, tək mənəm, bununla da fəxr hissi duyuram.

- Əkiz bacım var dedin. Onda da fiziki qüsur varmı?

- Yox, əkizimin heç bir qüsuru yoxdur, sağlamdır.

- Maraqlıdır, oxşar yönləriniz varmı?

- Əvvəl var idi. Mən idmanla məşğul olmağa başlayandan hər şey əksinədir.

- Necə ki?

- Əvvəllər mən çox sakit, utancaq idim. Eyni ilə əkiz bacım kimi. İndi isə tam fərqliyik. Mən odam, o isə su... (gülür)

Üz cizgilərimizdə isə, mən deyirəm ki, heç oxşamırıq, amma çoxlarının fikrinə görə çox oxşayırıq.

- Ailəlisiz?

- Xeyr.

- Gələcəkdə yoldaşın olacaq bəy idmanı at desə, onu razı salmağa çalışarsan?

- Çətin ki, hansısa kişi öz həyat yoldaşına idmanla məşğul olmağa icazə versin. Ona görə də, mənim ailə qurmaq fikrim yoxdur. Amma qismətdir. Ailə həyatı qursam, elə bir şəxslə ömrümü paylaşaram ki, ən azından mənə idmanla məşğul olmağa imkan versin.

- Məqsədin nədir?

- Dünya çempionu olmuşam. İstəyirəm ki, Avropa çempionu da olum. Ən əsası isə paralimpiya oyunlarında iştirak etmək, nəticə vermək istəyirəm.

- Son olaraq bir sual verim. Sən hicablı bir xanımsan. Buna görə yarışlara qatılarkən hansısa problemlə üzləşməmisən ki?

- Xeyr, heç bir problemim olmayıb, maneə də yaratmayıblar. Həm də əksinə, mənə belə çox xoşdur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm