AXCP qurultayının təxirə salınmasının Şok Detalları
Bizi izləyin

Nida.az

AXCP qurultayının təxirə salınmasının Şok Detalları

AXCP-nin qurultayının təxirə salınmasının şok səbəbləri məlum olub.

Publika.az-a partiyanın qurultay keçirilməsini dəstəkləyən, adının açıqlanmasını istəməyən üzvü bir sıra qaranlıq məqamlar haqda danışıb.


Onun sözlərinə görə, Əli Kərimlinin apardığı siyasətdən narazı olanlar istefa verməyə hazırlaşırmış: “Lakin onlar qurultayda şərtlər qoymaq, qəbul edilməyəcəyi təqdirdə isə istefaya getmək istəyirdilər. Ona görə də qurultayın keçirilməsini istəyirdilər. Partiya rəhbərliyinin bundan xəbəri var idi. Rəhbərlik bu qrupu yola gətirmək üçün min cür addımlara əl atdı. Müsavata keçən Şakir Abbaslı da orda əsas adamlardan idi. Onlar partiyanın siyasi xəttinin dəyişməsini istəyir, bir qrupun marginal maraqlarına xidmət etməkdən bezdiklərini dilə gətirirdilər. Əli Kərimli Şakir bəyə istefaya getməməyi xahiş etdi. Lakin o, israrla öz qərarını müdafiə edəndə “heç olmasa, qurultayı gözlə” deyə bildirdi”.

Qeyd edək ki, AXCP-nin qurultayı noyabr ayında keçirilməli idi. Lakin partiya qəfil məlumat yayaraq, qurultayı təxirə saldığını açıqladı. Buna səbəb kimi rayon təşkilatlarında konfranslara hazırlıq üzrə təşkilat komitələrinin yaradılması prosesinin ləng getməsi göstərildi. Məlumatda qurultayın gələn ilə saxlanıldığı deyilirdi.

Lakin mənbə əsl səbəbin istefalarla bağlı olduğunu deyib. Onun sözlərinə görə, Şakir Abbasov və Kəmallədin Rəhimovun istefası Əli Kərimlini olduqca narahat edirdi: “Çünki o, özünü əsl lider hesab edir və partiya üzvlərini istədiyi kimi idarə edə biləcəyini düşünürdü. Bu situasiya yaranandan bəlli oldu ki, istefaya getmək istəyənlər bir neçə nəfər yox, onlarladır. Hətta yeni partiya yaratmaq istəkləri də var idi. Sonda bu istəkdən vaz keçildi. Əli Kərimli də istefaların qarşısını ala bilməyəcəyini görəndə qurultayı təxirə salaraq onları zərərsizləşdirdiyini düşünür. Yəni bir növ istefa verənlərə auditoriya tanımadı. Amma dəqiq bilirəm ki, onlar AXCP-də qalmayacaq. Hər şeyi açmaq üçün məqam gözləyirlər”.

Şakir Abbasov Publika.az-a açıqlamasında istefasının detalları haqda danışmaq istəməsə də, AXCP-dən kütləvi ayrılmaların olacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, yaxın günlərdə bunun şahidi olacağıq.

Adının açıqlamasının istəməyən AXCP üzvü isə partiyada ciddi ziddiyyətlərin yarandığını deyib. O, getmək istəyənlərin konkret adını açıqlamaq istəməsə də, qurultayın keçirilməsini istəyənlərlə, buna qarşı olanlar arasında ciddi fikir ayrılığının olduğunu bildirib.

“Ad açıqlasaq, Əli Kərimli onları hansısa formada cəzalandıracaq. Lakin qurultayla bağlı ciddi fikir ayrılığı var. Fuad Qəhrəmanlı Əli Kərimlinin əsas adamı rolunda çıxış edir və partiyanı idarə edənlərdəndir. Digər müavinlər, xüsusilə Kərəm Həsənov kölgədə qalır. Bu bir qədər onun səhhəti ilə bağlıdır, lakin Fuad Qəhrəmanlı da onun fəaliyyətinə ciddi maneələr yaradır. Bir də Əli Kərimli xaricə çıxa bilmədiyi üçün Avropadakı bütün işlərini Fuad həyata keçirdir. Fuad Qəhrəmanlının Əli Kərimliyə yaxınlığını gənclər qəbul etmir. Misal üçün, Seymur Həzi, Natiq Ədilovda bu yaxınlıq xüsusi qıcıq yaradır. Onlar qurultayın keçirilməsində əsas maraqlı olan adamlardır. Məqsədləri Əli Kərimlini sədrlikdən göndərmək deyil. sadəcə olaraq, Məclis sədrliyinə daha aktiv və gənclərin namizəıdini gətirib partiyada təşəbbüsü ələ almaq istəyirlər. hazırda Məclis sədri olan Kərəm Həsənov üçün bunun o qədər də önəmi yoxdur, o daha çox şəxsi işləri ilə məşğuldur. Fuad Qəhrəmanlının da bu posta öz namizədi var. Partiyada bu cür qarışıqlıq yaranıb. Əli Kərimli də narazılıqları yatırmaq üçün qurultayı təxirə saldı”.

Məsələ ilə bağlı Fuad Qəhrəmanlı ilə əlaqə saxlasaq da, o, bu haqda danışmaq istəmədiyini bildirib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm