“İsa və Süleyman məbədinin gizlin cəngavərləri”
Bizi izləyin

Gizli tarix

“İsa və Süleyman məbədinin gizlin cəngavərləri”

Tampliyerlər Ordeninin sirləri hələ də açılmayıb. Bəlkə də, günümüzdə Ordenin əsl tarixini bilən seçilmiş insanlar var. Amma onlar Tampliyerlərin sirrini qorumaqda davam edirlər.

İlk Səlib yürüşü Roma papası Urban tərəfindən təşkil edilib. Urban mənsəbpərəst və qəddar insan idi. Bizans İmperatoru Aleksiya türk-səlcuq dövlətindən qorxduğu üçün Papadan hərbi kömək istəmişdi. Urban isə öz növbəsində səlib yürüşünü elan etmişdi. Yürüşün məqsədi Müqəddəs torpağı qorumaq və xristian zəvvarların səfərini təmin olunması idi. Amma əslində bu səfərin əsl məqsədləri Şərqi talan etmək, eyni zamanda Roma Papasına şərqə doğru nüfuz dairəsini genişlətməyə imkan verməyən, mərkəzi Bizans olan Şərqi pravoslav xristian hakimiyyətini zəiflətmək idi. Keçmiş və gələcək günahlarının bağışlanacağına inanan hər bir avropalı bu səfərə qoşuldu. Eyni zamanda, oğru və quldurlar da dəbdəbəli həyat yaşayan şərq ölkələrini talan etmək üçün səlib yürüşünə qatıldılar.

1099-cu ildə səlibçilər Qüdsə çatdılar. Şəhər o dövrdə üç dinin – pravoslav xristianlıq, iudaizm və islamın yaşandığı bir şəhər idi. Ticarət və mədəniyyət sahəsində inkişaf edən şəhərin hərbi gücü yox idi. Yerli əhali bir neçə həftə "xilaskarları" ilə mübarizə apardıqdan sonra təslim oldu. Təslim olan şəhər talan olundu və qan gölünə qərq edildi. Bununla da ilk səlib yürüşü başa çatdı. Cəngavərlər ölkələrinə qənimətlərlə qayıtdılar. Xristian zəvvarlar isə tamamilə müdafiəsiz qaldılar.

Belə çətin bir vəziyyətdə fransalı zadəgan Hüqo de Payen və onun 9 yoldaşı zəvvarları hücumlardan qorumaq məqsədi ilə dini-hərbi Tampliyer Ordenini təşkil etdilər. Ordenin tam adı "İsa və Süleyman məbədinin gizlin cəngavərləri" idi. Amma Avropada bu orden Məbəd cəngavərləri kimi məhşur idi. Onların iqamətgahı Qüdsdə, Süleyman peyğəmbərin məbədi yerləşən ərazidə yerləşirdi. Cəngavərlərin möhüründə bir atın tərkinə minmiş iki cəngavər əks olunmuşdu. Bu yoxsulluq və qardaşlıq simvolu hesab edilirdi. Ordenin simvolu isə üzərində qırmızı rəngli səkkizguşəli xaç olan ağ plaş seçildi. 1119-cu ildə Orden Qüds kralı I Bolduinə müdafiə və qarovul xidməti təklif etdi. Tezliklə, Orden cəngavərlərinin cəsurluğu və mərdliyi zəvvarlar tərəfindən hörmətlə qarşılandı. Çətinə düşən insanlara köməyə tələsən qorxubilməz cəngavərlər haqqında məlumat Avropanın bütün dövlətlərinə yayıldı. Az bir zamanda Orden Roma Papasının xeyir-duasını aldı və çiçəklənmə dövrünə qədəm qoydu. Avropanın hər yerindən Ordenə imkanı olan şəxslər maddi yardım göstərməyə başladılar. Bəzi imkanlı zadəganlar Ordenə mülk, qəsr və torpaq sahələri bağışlamağa başladılar. Məsələn, Araqon kralı I Alfonso ölümündən sonra İspaniyanın şimalındakı krallığının bir hissəsini onlara vəsiyyət etdi. Breton hersoqu Konan isə Fransa sahillərində yerləşən bir adanı Tampliyerlərə bağışladı.

Nəticədə isə aşağıdakı vəziyyət yarandı:

XII əsrin ortalarında Tampliyerlər Ordeni iri torpaq sahələrinə, mülklərə və qəsrlərə malik idi.

Ordenin əhəmiyyəti bir çox dövlətlərdən üstün idi. 1139-cu ildə Roma Papası İnnokentiy Ordenə müstəqillik verdi. Bunun nəticəsində hər bir ölkədə yerləşən Orden bölükləri o ölkənin hakimindən və qanunlarından azad oldu.

Orden təlimatları ya birbaşa Papadan, ya da Ordenin başçısından alırdı.

Tampliyerlər ilk bank şəbəkəsinin qurucusu kimi də tanınırlar. Müqəddəs torpaqlara səfərə yollanan zəvvarlar özləri ilə çoxlu pul götürməli idilər. Bu isə çətin və təhlükəli idi. Orden zəvvarlardan pulu götürür, əvəzində sənəd verirdi. Zəvvarlar səyahət zamanı istənilən şəhərdə bu sənədlə pul əldə edə bilirdilər. Bundan başqa, Orden pul və qiymətli daş-qaş aparmaq üçün təhlükəsiz səfər də təşkil edirdi. Şəbəkə eyni zamanda əsirləri almaq üçün də təcili pul köçürməyə kömək edirdi. Məsələn, Qüdsdə Almaniyadan olan bir əsiri pul qarşılığında azad etmək üçün oraya bir sənəd aparmaq kifayət idi. Orden gizli olaraq yüksək rütbəli monarxlara borc pul verməyə başladı. Bu, onlara bir çox dövlətlərin idarəçilərinə təsir gücünü artırmağa kömək etdi.

Tampliyerlər bütün intim və siyasi sirlərə bələd idilər. Dövlətlər üzərində ideoloji-dini hakimiyyət Roma Papasının əlində olsa da, siyasi və iqtisadi hakimiyyət Ordenin yüksək hakiminə məxsus idi.

Orden pul basmağa başladı və XII-XIII əsrlərdə o qədər gümüş pul basdılar ki, bu pul ən vacib tədavül vasitəsinə çevrildi. Görəsən, bu qədər gümüş pul üçün xam maddə haradan əldə edilmişdi? Orden magistrləri bu barədə məlumat verməyiblər.

Qeyd etmək lazımdır ki, Ordenin ciddi hərbi donanması var idi və Aralıq dənizindəki bütün səfərlərin monopoliyası onlara məxsus idi. Eyni zamanda Asiyadan gələn ticarət yollarına nəzarət də tampliyerlərin əlində idi.

Jironda çayı ətrafında yerləşən La-Roşel qalasının Ordenə məxsus olduğu məlumdur. Bu yaxınlarda fransalı tarixçi Jan de lya Varand tampliyerlərin Meksikadan gümüş gətirdiyi barədə nəzəriyyəni irəli sürüb. Bu iddia reallığa bənzəyir. Çünki Orden müxtəlif elmlərə və kəşflərə maraq göstərir, ərəb alimləri və yunan müdriklərinin əsərlərini öyrənirdi. Bu səbəbdən, onlar okeanın o tayında da qitənin olduğunu təxmin edə bilərdilər. Ordenin sərəncamında dəniz donanması olduğu üçün bu səyahət real ola bilərdi. Tampliyerlərin Meksikada olub-olmadığına cavab vermək üçün XII əsrdə Verelay şəhərində inşa edilmiş məbədin divar tağındakı naxışlara baxmaq lazımdır. İsanı əhatəyə alan insanların içərisində kişi, qadın və uşaq fiquru diqqəti cəlb edir. Onların üçünün də qulaq seyvanı böyükdür. Geyimləri Şimali Amerika hindularının geyini xatırladır. Qadının sinəsi açıqdır və uzun yubka geyinib. O dövrdə inşaatçıların və rəssamların bunu sadəcə təsəvvür edərək işləməsi mümkün deyildi.

Bu hipotezi təsdiq edən başqa bir fakt da mövcuddur. Fransa Milli Arxivində 1307-ci ildə kral jandarması tərəfindən ələ keçirilmiş Orden möhürləri mövcuddur. Böyük Magistrin müəssisəsinə aid sənədlərin birində "məbədin sirri" yazılıb və sənədin mərkəzinə əlində yay tutan Şimali Amerika hindularının lələkli baş örtüyünə sahib insan şəkli təsvir edilib. Bu səbəbdən, çox güman ki, tampliyerlər Kolumbdan əvvəl yeni qitəni kəşf ediblər və Yeni Dünya – Ordenin böyük sirlərindən biri kimi tarixdə gizli qalıb.

Tampliyerlər Ordeninin süqutu

Ordenin artan qüdrəti getdikcə zəifləməyə başladı. Özlərini xeyirxah məbəd cəngavəri adlandıran şəxslər onlara inanan insanlara qarşı haqsızlıqlar etməyə başladılar. Qahirədə taxt-taca iddialı olan nüfuzlu ərəb şeyxi Nəsrəddin xristianlığı qəbul edərək onlara pənah gətirdi. Amma tampliyerlər Nəsrəddini düşmənlərinə 60 min dinara sataraq ona xəyanət etdilər.

1199-cu ildə böyük qalmaqal oldu. Tampliyerlər yepiskop Sidonskinin müvəqqəti saxlamaq üçün Ordenə verilmiş vəsaitlərini qaytarmaqdan imtina etdilər. Nəticədə, qəzəblənən yepiskop bütün ordeni kafir elan etdi. Tampliyerlərin maraqları tez-tez xristian dövlətlər və digər ordenlərlə üst-üstə düşmürdü. Bu zaman onlar diplomatik müqavilələri pozur, öz aralarında savaşa başlayır və hətta qardaş Orden sayılan Qospitalyerlər Ordeninin üzvlərinə qılınc da çəkirdilər.

Qüdsü Səlahəddinin ordularından müdafiə edərkən yaşanan uğursuzluq da Ordenin süqutunda böyük rol oynadı. Magistr Jerar de Ridfor sonuncu Qüds kralı Gi de Luzinyanın məsləhətçisi idi və kralı Xattin ətrafında müsəlmanlarla savaşdan boyun qaçırmamağa vadar etdi. Bu savaş isə həlledici oldu və burada iştirak edən bütün tampliyerlər qətlə yetirildi. Savaşda ölməyənlər də sonradan edam edildilər. Ridfor özü isə Səlahəddinə əsir düşdü və Qaza qalasını təhvil verməyi əmr etdi. Qüds fəth edildikdən sonra Səlahəddin zəvvarların və şəhər sakinlərinin həyatını satın almağı təklif etdi. Amma bu insanları qorumaq vəzifəsini boynuna götürmüş və həddən artıq varlı olan Orden bu işə bir qəpik də xərcləmədi. Bu zaman 16 mindən çox xristian qula çevrildi.

1307-ci il oktyabrın 13-də, cümə günü Fransanın güclü, müstəqil və səlahiyyətli kralı IV Filippin əmri ilə Tampliyerlər Ordeni bazasının bütün nümayəndələrinə qarşı eyni anda əməliyyat keçirildi. Beş ildən sonra toplanmış materiallara əsasən Ordenin kilsə ilə əlaqələrinə son qoyuldu və Filippin əməlləri haqlı sayıldı.

Kilsə məhkəməsi – inkvizisiya tampliyerləri mühakimə etdi. Onları küfrdə, inancdan sapmada və bütpərəstlikdə ittiham etdilər. Tampliyerlərin bir çoxu və Ali Magistr Jak de Moll işgəncə altında "günahlarını" boyunlarına aldılar. Amma 1314-cü ildə Paris Kilsəsində ittiham oxunan zaman Jak üzünü kütləyə tutaraq, ittihamın yalan və Ordenin günahsız olduğunu söylədi. Jak de Moll, Sena çayının ortasında yerləşən bir adada ocağa atılaraq yandırıldı. Tampliyerləri isə Monfokon dağında dar ağacından asdılar.

Ordenin bütün binalarında eyni anda həyata keçirilən axtarış zamanı heç bir xəzinə tapılmadı. Həbs edilən tampliyerlər də var-dövlətin harada gizlədildiyini etiraf etmədilər. Maraqlıdır ki, Fransa magistrı Jerar de Vilyenin adı heç bir istintaq materialında keçmir. Bu səbəbdən də, tampliyerlərin baş verəcək təhlükədən xəbərdar olduqları və Parisin yeraltı yolları vasitəsilə qiymətli xəzinəni əvvəlcə La-Roşel qəsrinə, oradan da gəmilər vasitəsilə naməlum istiqamətdə apardıqları barədə nəzəriyyə ortaya çıxır.

Bir versiyaya görə, tampliyerlərin xəzinəsi İngiltərəyə aparılıb və İngiltərə ilə Fransa arasında baş verən 100 illik müharibəyə xərclənib. Bəzi tarixçilər Fransadan zəif olan İngiltərənin bəzi hərbi uğurlarını Ordenin gizli üzvləri ilə bağlayırlar.

Ola bilər ki, xəzinə İtaliyaya aparılıb və bunun nəticəsində ölkə intibah dövrünə qədəm basıb. Mədəniyyət, elm və incəsənət sahəsində çiçəklənmə dövrü başlayıb. Şübhəsiz, Ordenin var-dövlətinin bir hissəsi bank evlərini qurmaq üçün vəsait kimi xərclənib və onların vərəsələri bu gün də bu sistemdən istifadə edirlər.

Başqa bir versiyaya görə, Ordenin xəzinəsi Fransa kralının nüfuzu işləməyən İspaniya və ya Portuqaliyaya aparılıb. Sonradan Portuqaliyanın İsa Ordeni yerli məbəd cəngavərlərinin varisinə çevrilib. Qeyd edək ki, yeni torpaqları kəşf etmək üçün yollanan Kolumbun gəmilərinin yelkəninə tampliyerlərin qırmızı xaçı çəkilmişdi.

Kim bilir, bəlkə də, gəmilər xəzinəni Yeni Dünyaya apararaq Braziliyada və ya Meksikada gizli bir yerdə gizlədiblər?

İstintaq zamanı bir neçə məhbus – Ordenin yüksəkçinliləri bir müddət Tur şəhəri yaxınlığında yerləşən Şinon qəsrində saxlanıldı. Onlar bu zaman divarlara alovlanan ürək, xaç, üçqat hasar, kvadrat sahə kimi simvollar çəkmişdilər. Bu simvollardan necə istifadə etmək olar? Bəlkə də, bu növbəti nəsillərə, yəni, simvolların əsl mənasını anlayanlara hansısa məlumatı ötürmək üçün nəzərdə tutulmuşdu? Bəlkə, bu işarələr xəzinənin yerini nişan verirdi?..

Bir neçə əsr itmiş xəzinə barədə söhbət unuduldu. Amma 1745-ci ildə alman arxiv müdiri Şitman tərəfindən dərc edilmiş sənəd diqqətləri üzərinə topladı. Bu sənədə əsasən, Jak de Moll ölümündən öncə qraf Gişar de Bojeyə (Jakdan əvvəlki magistrın qardaşı oğlu) məktub verib. Bu məktuba əsasən, Gişarın əmisinin qəbrində Ordenin gizli arxivi gizlədilib. Bu arxivdə eyni zamanda Qüds çarının qızıl tacı, yevanqelistlərin dörd ədəd qızıl fiquru, İsanın tabutunun bəzəkləri yer alır. Xəzinənin qalan hissəsi başqa yerdə gizlədilib. Sənədə əsasən, gənc qraf xəzinəni taparaq başqa yerə köçürüb.

Bundan başqa, tarixçilərin əldə etdikləri xroniki məlumatlara əsasən, həqiqətən də, Jak de Molun edam edilməsindən sonra gənc qraf Gişar tanınmış qohumunun nəşini Tampl qəsrindən çıxarmaq üçün kral Filippdən icazə alıb. Tampliyerlərin xəzinəsinin Boje ailəsinin sərdabəsində gizlədildiyi barədə hipotezin nəticəsi kimi, Böyük Fransa inqilabından sonra dəfinə ovçuları de Boje ailəsinin malikanəsinin altını üstünə çevirdilər. Sonradan əldə edilən məlumata görə, de Boje ailəsinin Rona departamentində Arjinyi qəsri də var. Bu qəsr bir neçə əsr əvvəl inşa edilsə də, salamat qalıb və onun divarları tampliyer simvolları ilə doludur.

Qəsrin əsas qülləsinə də qəribə işarələr çizilib. XX əsrin ortalarında buranın sahibi Jak de Rozman olub. Jak və atası tampliyerlərin gizli dəfinəsini axtarsalar da, nəticə əldə edə bilməyiblər.

Danimarka tarixçisi Erliq Xaarlinq və ingilis Henri Linkolnun fikrinə görə, tampliyerlərin xəzinəsini kiçik baltik adası olan Bornholmda axtarmaq lazımdır.

Hikmət Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm