“Onlar getməsəydi, problemlər çıxacaqdı” - Azərbaycan “Krım”ı, yaxud Xraxobadan FOTOREPORAJ
Bizi izləyin

Qırmızı.az

“Onlar getməsəydi, problemlər çıxacaqdı” - Azərbaycan “Krım”ı, yaxud Xraxobadan FOTOREPORAJ

Onlar bura 60 il öncə soyuq qış səhərində dağlardan gəlmişdilər. Yazı gözləyirdilər, qayıdacaqdılar. Yaz gəldi, onlarsa getmədi, qış səhərində özlərinə məskən etdikləri bu torpaqları son mənzilə çevirdilər. Bu torpaqlarda onlara heç kim güldən ağır söz demədi, süfrələrin başına dəvət edildilər və hər şey düz 56 il beləcə davam etdi. Çoxları bu torpaqlarda son mənzilə yola salındı, çoxları buralarda doğuldu və yarım əsr sonra öz istəkləri ilə gəldikləri yerə döndülər.

Mən 60 il sonra bu torpaqlara ayaq basanda qış deyildi, amma səhərin soyuğu insanın iliyinə qədər işləyirdi. Sovetlərdən qalma evlər artıq istifadə müddətini başa vurmaqda idi, bir neçəsi yenidən bərpa olunmuşdu, daha doğrusu buna cəhd edilmişdi. Lakin burda daha heç kim yaşamır, Sovet arxitekturasının son qalıqları tərk edilib. Hər şey sanki yenidən 60 il öncəyə qayıdıb...

... 60 il öncə, 1954-cü il: Dövrün ən böyük diktatoru İosif Stalinin ili yenicə çıxmışdı. Nikita Xruşov üçün “dahi rəhbərinin” matəmi heç də maraqlı deyildi. O, Əlinin papağını Vəlinin, Vəlininkini Əlinin başına qoymaqla məşğul idi. Beləliklə, 60 il öncə Azərbaycan üçün XXI əsrdə yarana biləcək problemin əsası qoyuldu. Bu, həmin il idi ki, Xruşov Krımı Ukraynaya verdi və illər sonra az qala bütün dünyanı yerindən oynadan münaqişəyə səbəb oldu.

Həmin il SSRİ Nazirlər Kabineti Azərbaycanın tərkibindəki Xraxoba kəndini Dağıstana otlaq sahəsi olaraq icarəyə verdi. Sovetlər Birliyi üçün bu o qədər də təəccüblü deyildi. Hər kəs “qardaş” deyildimi?
Azərbaycanın “papağı” başqasının başına qoyuldu və gələcəkdə ölkə daxilində başqa dövlətin “anklav” zonasının yaradılmasına zəmin hazırlandı.

... Xaçmazın 10 kilometrliyində yerləşən keçmiş “Xraxoba” kəndinin girişində bizi ilk qarşılayan Palıdlı yazılan plakat idi. Ötən ilin dekabrında Milli Məclisin qərarı ilə kəndin adı dəyişdirilmişdi. Kəndin içinə doğru irəlilədikcə burda təkcə adın deyil, çox şeyin özümüzəməxsus formada qurulduğunun şahidi olurduq. Səliqəli şəkildə sıra ilə düzülmüş göy mansardlı, qırmızı fasadlı evlər, bölgədə ən müasir məktəb binası kiçik şəhərciyi xatırladır.

“Gələcəkdə gördüyünüz bu ərazilərdə eyni formalı evlər tikiləcək və kiçik şəhərcik salınacaq”, - deyə bizi qarşılayan kəndin ağsaqqalı Mahir Quliyev deyir.

Onun sözlərinə görə, yeni salınmış kənddə 26 ev var: “Onlardan 23-ü doludur və əsasən gənc ailələr yaşayır. Burda ölkənin müxtəlif yerlərindən – Tovuz, Quba, Qusar, Naxçıvan Muxtar Respublikasının Culfa, Şərur rayonlarından olan gənc ailələr yaşayırlar. Əksəriyyəti bu evlərin tikilməsində birbaşa iştirak edən insanlardır”.

M. Quliyev kənd üçün bütün şəraitin yaradıldığını deyir və bir-bir göstərir. Bura qaz, su xətti çəkilib, evlərə istilik sistemi quraşdırılıb.

“İnzibati binada poçt, sahə polisi, tibbi məntəqə, digər iaşə obyektləri üçün yer ayrılıb. Qarşıdakı dönəmdə uşaq bağçası, eyni zamanda, iş yerləri açılacaq. Bu ərazilərin hamısı yenidən tikilib qurulacaq”, - deyə o bildirib.

Kəndin məktəbi də öz xüsusiliyi ilə seçilir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan ikimərtəbəli binada kompüter otağı, fənn kabinələri, kimya, fizika və biologiya laboratoriyaları, emalatxana, tikiş və dərzi otaqları, bufet, akt zalı, idman zalı, kitabxana yaradılıb. Təhsil ocağını istilik və elektrik enerjisi ilə təmin etmək üçün qazanxana və transformator yarımstansiyası qurulub. Məktəbdə Palıdlı kəndinin şagirdləri ilə yanaşı, ətrafda yerləşən 5 kəndin də şagirdləri təhsil alır. Ətraf kəndlərdən şagirdlərin məktəbə rahat şəkildə gəlməsi üçün Heydər Əliyev Fondu tərəfindən mikroavtobus da verilib.

Kənd sakini Zamin Həsənoğlu ümumi yaşayışından razılığını bildirir. Onun sözlərinə görə, bu kənddə yaşamaq üçün bütün şərait yaradılıb.

“Bu evlər dövlət tərəfindən tikilərək gənc ailələrə pulsuz olaraq verildi. Rusiya vətəndaşlarının boş qalmış evlərinin yerində də eyni tipli evlər tikərək əlavə məskunlaşdırmalar olacaq”, - deyə Mahir Quliyev bildirir.

O, “ruslar çox şey itirdi, amma getmələri yaxşı oldu. Qalsaydılar, çox problemlər çıxacaqdı” deyə qeyd edir.

M. Quliyevin sözlərinə görə, Azərbaycan vətəndaşlığını qəbul etməyən Xraxobanın keçmiş sakinlərinin evləri dövlət tərəfindən yüksək məbləğə qanuni şəkildə satın alınıb: “O evlərin çoxunun istifadə müddəti bitib. Lakin dövlət gedənlərin razı qalması üçün hər birinə 50-60 min manat arası pul ödəyərək notarial qaydada satın aldı”.

Bu ərazilərin 60 il öncə Dağıstana icarəyə verilməsi müddəti 2004-cü ildə başa çatdı. Bura köçən ruslar yaşadıqları müddətdə Rusiya qanunlarına tabe olur, öz dillərində təhsil alırdılar. Azərbaycan dövləti onlar üçün çox yaxşı şərait yaratmışdı. 2004-cü ildə isə Azərbaycan vətəndaşlığını qəbul etmələri üçün təklif irəli sürüldü. Lakin razılaşmadılar. Getmək də istəmirdilər. Rusiya vətəndaşı olaraq bu torpaqlarda yaşayır və buranı öz əraziləri hesab edirdilər.

Xraxobanın keçmiş sakinləri ilə aparılan danışıqlarda ictimai təşkilat nümayəndəsi olaraq iştirak edən Müqəddəs Mehtiyev hesab edir ki, Prezident İlham Əliyev bu problemi məharətlə həll etdi. Onun sözlərinə görə, Xraxobanın keçmiş sakinləri onlara edilən təklifləri qəbul etmədi: “Onlar nə vətəndaşlığı qəbul edirdilər, nə də 3 aydan bir sərhədi keçib geri dönməyi. Azərbaycanın Xaçmaz rayonunun kiçik bir hissəsində başqa dövlətin bayrağının dalğalanması beynəlxalq hüquq baxımından da normal qarşılanmamılıdır. Mən onlarla danışıqda iştirak etmişəm. Azərbaycanın yüksək səviyyəli rəsmiləri bu görüşlərdə iştirak edib. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də iki dəfə orda olub. Rəsmi Bakı onlara vətəndaşlıq təklif edirdi. Sosial problemlərin tezliklə həll olunacağı vəd edilirdi. Lakin onlar razılaşmadılar. İndi Palıdlıda yaradılan şərait onlar üçün yaradılacaqdı”.

Xraxoba sakinləri getməyi seçdilər. Lakin onlar gedərkən geridə qoyduqlarına, onlara 56 il qucaq açmış bir ölkəyə münasibətdə heç də xoş davranmadılar. Bu gün Dağıstanda “Xraxoba Birliyi” adlı ictimai təşkilat yaradıblar və Azərbaycandan deportasiya olunduqlarını iddia edirlər.

“Onlara dəstək verən Rusiyada Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəri Arif Kərimovdur. Onun vasitəsilə müxtəlif beynəlxalq təşkilatlara Azərbaycandan deportasiya olunduqları iddialarını çatdırmağa cəhdlər edirlər”, - deyə M. Mehtiyev bildirir.

Arif Kərimov: Əslən Oğuzdan olan ləzgidir. Hazırda Rusiyada Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəridir. O, Azərbaycana qarşı daim ərazi iddiaları ilə çıxış edir. Bu fəaliyyəti beynəlxalq təşkilatlarda da aparmağa cəhdlər edib.

M. Mehtiyev xraxobalıların gedişinin maraqlı tərəflərinə toxunub: “Vaxtilə bu kənddə Rusiyanın seçki məntəqəsinin yaradılmasını istəyirdilər. Onda biz etiraz etdik və onları səs vermək üçün Dağıstana qədər müşayiət edəcəyimizi dedik. Avtobuslar təşkil etdik və sərhədə qədər apardıq. Bu işdə Rusiya nümayəndələri də iştirak edirdi. Həmin vaxt sərhəddə onlardan istifadə edən separatçıların hansı cəhdlər etdiklərinin şahidi olmuşam. Bu cür informasiyaları mətbuata çıxarmağın tərəfdarı deyildik. Lakin indi problem həll olunub və danışmaq olar. Onların gedişi də maraqlı idi. Vətəndaşlıq təklif olunur, lakin evləri, torpaq sahələri, qohumluq əlaqələri olmasına baxmayaraq, qəbul etmirdilər. Dağıstandakı etnik separatçılar burada qarşıdurma yaratmaq istəyirdilər. Həmçinin, kənar qüvvələr də bu kartdan istifadə edə bilərdilər. Hər-halda buna cəhdlər olurdu”.

2010-cu il. Bu torpaqların xraxobalılara icarəyə verilmə vaxtının bitməsindən 6 il keçirdi, lakin problem həll olunmamışdı.

Nəhayət, həmin ilin sentyabr ayında Prezidenti İlham Əliyevlə Rusiyanın o vaxt prezidenti Dmitri Medvedev arasında görüş keçirildi və bu kənd, eləcə də Ulyanova kəndi Azərbaycanın ərazisi olaraq qəbul edildi. Əhaliyə getmək və qalmaq arasında iki unikal təklif olundu. Onlar getməyi seçdilər.

M. Mehtiyev İlham Əliyevin bu problemi məharətlə çözdüyünü deyir. Onun sözlərinə görə, indiki vəziyyət, yaxud Rusiyanın indiki rəhbərliyi olsaydı, bu mümkün olmayacaqdı: “Həmin vaxt Medvedev prezident idi. Putin prezident olsaydı, bu, çətin olacaqdı. Həmçinin Medvedevlə Putinin arasında incə toqquşmalar yaşanırdı. İlham Əliyev situasiyadan məharətlə istifadə edərək problemi həll etdi”.

Artıq problem geridə qalıb. Xroxobadan ayrılarkən ümumi mənzərə fonunda gedənlərin çox şey itirdiyinin əyani şahidi oluruq. Lakin Mahir Quliyevin “ruslar çox şey itirdi, amma getmələri yaxşı oldu. Qalsaydılar, çox problemlər çıxacaqdı” sözləri qulaqlarımdadır. Bu ağsaçlı kişinin siyasətdən uzaq, səmimi söylədiyi bu fikirlər mənzərəni izah edir.

Və 60 il öncə Xruşovun təməlini atdığı problem Azərbaycan üçün yaşanmamış bitdi. SSRİ-nin ayaqqabısı ilə dünyanı hədələyən bu balaca qəhrəmanının (Xruşov BMT tribunasında ayaqqabısını çıxararaq dabanı ilə tribunaya vuraraq, dünyanı hədələmişdi) incə ilmələrlə toxuduğu Krım düyünü Azərbaycan üçün də yaşana bilərdi. Hər halda, bunun yaşanmayacağına heç kim zəmanət verə bilməzdi. Lakin onlara bu imkan verilmədi.

Asif Nərimanlı

Bakı – Palıdlı - Bakı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm