Kommunist qız Hollivudu necə fəth etdi? – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Kommunist qız Hollivudu necə fəth etdi? – FOTOLAR

Yadplanetliyə bənzəyən yaşılı-göy gözlər, bəzən bir qədər də bayağı təsir bağışlayan təbəssüm, azacıq əsəbi enerji ilə aşıb-daşan, dostcanlı və emosiyalı Milla Yovoviç. O, misilsiz həmsöhbətdir..

O, öz fikirlərini nəinki sözlərlə deyil, həm də jestlərlə ifadə edir...

Milla çox erkən yaşlardan sərbəst həyata qədəm qoyub. Qızın 15 yaşı olarkən atası tibbi (atası pediatr olub – red.) fırıldaqlara görə həbs olunur. Məhkəmə prosesi səs-küylü keçir. Məhkəmə Millanın qazandığı pulları müsadirə etməsin deyə valideynləri qızlarından imtina edir. Daha dəqiq desək, qızın pullarının əldən çıxmaması üçün valideynləri qızın ondan asılı olmadığı haqda sənəd hazırlayırlar. Elə bundan sonra da bir çox sərbəst yeniyetmələr kimi Milla, kobud desək, özbaşına qalır. O, öz arzularını gerçəkləşdirməyi qərara alır: imkan düşən kimi qarşısına çıxan bütün kastinqlərə gedərək aktrisa olmaq məqsədi qoyur...

Milla Ukraynanın paytaxtı Kiyevdə, məşhur sovet aktrisası Qalina Loqinovanın ailəsində doğulub. Hələ uşaqlıqdan Amerikaya köçən Milla məktəbdə sevilmirdi. O, həmyaşıdlarından mənşəyi və adı ilə fərqlənirdi. Milla amerikalı uşaqları tərəfindən kommunistlikdə ittiham olunaraq “dövlətin düşməni” adlandırılardı. Lakin Milla bundan narahatçılıq keçirmirdi.

Qız tezliklə adını model biznesinə yazdırdı. İlk dəfə çəkildiyi filmlərin birində 18 yaşlı Milla tam çılpaq idi.

“Dostlarımın bu səhnə haqda nə düşünməsi mənə maraqlı deyil. Əsas odur ki, bu səhnəyə görə mən yaxşı pul qazandım və məmnun qaldım”.

“Çaxnaşmada həzz altında” filminin çəkilişləri zamanı o, Şon Endrüslə tanış olur. Milla dərhal gənc oğlanın diqqətini çəkir. Qız da sonralar bunun ilk baxışdan sevgi olduğunu etiraf edir. Çəkilişlər bitdikdən sonra hamı onların münasibətlərinə də son qoyulacağını ehtimal edirdi. Lakin çəkilişlərdən sonra Milla və Şon arasında sevgi münasibəti daha da möhkəmləndi.

Bir neçə ay ehtiraslı münasibətdən sonra cütlük ailə qurmaq qərarına gəlir. Endrüs və Yovoviç Los-Ancelesdə yerləşən kilsələrin birində nikaha daxil oldu. Sonra isə Milla telefonu əlinə alaraq qorxaq, titrək səslə anasına ərə getdiyini xəbər verdi. Qeyd edək ki, ərə gedən Millanın heç 18 yaşı tamam olmamışdı. Qanuna görə, yetkinlik yaşına çatmayan insanlar yalnız valideyn razılığı ilə ailə qura bilərdilər. Əlbəttə, Millanın anası bu izdivaca razılıq vermirdi, o, gənc ər-arvadın nikahının ləğv olunmasını tələb edirdi. Onun sözlərinə görə, Milla yetkinlik yaşına çatana qədər gənc cütlük bir neçə ay gözləməli və öz hisslərindən əmin olmalıdırlar...

Sevgililər ayrıldılar və gözləmək qərarına gəldilər. Lakin cütlük sınaq müddətindən uğurla keçmədi. Milla anasının təkidi ilə Londona getdi və Şona olan hissi və ehtirası sönməyə başladı. Hər iki gənc üçün romantik nağıl uğursuz sonluqla bitdi.

Yovoviç ilk nikah təcrübəsini indi də təbəssümlə xatırlayır: “Biz hələ uşaq idik və nə etdiyimizi dərk edə bilmirdik”.

1996-cı ildə Milla maliyyə böhranının astanasında idi. O, model biznesinə qayıtmağı düşünürdü. Amma fotoqrafların sevimlisi olan Milla məyusluqla qarşılaşdı: diqqət mərkəzindən bir neçə il yoxa çıxan model tezliklə unudulur. Bu hadisə Millanın da başına gəldi. Onu bu vəziyyətdən fotoqraf Mario Sorrenti xilas etdi. Onların arasında yaranan sevgi qığılcımı tezliklə nişanla bitdi. Milla özünə yeni sevgili tapmaqla yanaşı, adını model biznesinə də həkk etdi. Yovoviç bir daha moda jurnallarının üz qabığında peyda oldu...

Sorrenti ilə romantik münasibətlər “Beşinci element” filmi ekranlara buraxıldıqdan sonra sona çatdı. Film çəkilişləri zamanı yeni macəra başladı – rejissor Lük Besson və Milla Yovoviç arasında sevgi hissləri yarandı. Qeyd etmək lazımdır ki, Lük aktrisanı ilk dəfə görəndə dəhşətə gəlmişdi: film çəkilişləri üçün sınağa gələn Milla qəribə makiyajda və vulqar geyimdə idi. Lük film qəhrəmanını belə təsvir edə bilmirdi. Milla 100 milyon dollar büdcəli “Beşinci element” filminin çəkilişləri haqda xəbəri eşidər-eşitməz, özünü “yadplanetli” kimi göstərmək üçün qaşlarını qızılı rəngə boyayıb, 20 santimetrlik ayaqqabıda Lükun qarşısında dayanmışdı. O ümid edirdi ki, Lük qəribə görkəminə görə Millanı seçəcək. Lük isə əksinə, Millanı zövqsüzlükdə ittiham edib, onu 80-cı illərin yeniyetmələri kimi geyinməkdə qınadı.

Onlar taleyini müəyyən edən ikinci görüş mehmanxanaların birində baş tutdu. Onda Milla rejissora lazımınca təsir göstərə bildi. Deməli, həmin günü Milla makiyajsız, adi futbolkada və cins şalvarda idi. Milla asta addımlarla hovuzun kənarında oturan rejissorun yanına gəlib dedi: “Salam! Mən sizin rol vermədiyiniz qızam!” Məəttəl qalan Besson gözlərini bərəldərək cavab verdi: “Elə hesab et ki, artıq rolu sənə verdim”. Mila əvvəlcə Lükun filmində, sonra isə həyatında baş rol alaraq onun qanuni arvadına çevrildi.

Sözün düzü, ilk uğursuz nikah qızın qəlbində ağır iz qoymuşdu. Yəqin, elə buna görə də Lükun evlilik təklifinə cavab verməzdən əvvəl qız əvvəlcə düşünür və hisslərində əmin olduqdan sonra onu dəyərləndirir. Müəyyən vaxt keçdikdən sonra Milla özü evlilik söhbətinə qayıdır.

Sevgililər Las-Veqasda kilsələrin birində ailə həyatı qururlar. Millanın anası üçün bu izdivac da gözlənilməz oldu. Bessona ərə gedən Yovoviç sevinclə anasına zəng edərək ərə getdiyini xəbər verdi.

İkinci əri Millanı “yadplanetli” (“Beşinci element” filminə görə - red.) adlandırardı.

Yovoviçlə ailə həyatı quran Besson öz prinsiplərindən də imtina edirdi: o, rejissor kimi heç vaxt bir aktrisanı birdən artıq filmdə çəkməzdi. Lakin Yovoviç istisna oldu. Besson rus əsilli aktrisanı Orlean divası rolunda görmək istəyirdi.

Yəqin, bu Bessonun ən böyük səhvlərindən biri oldu. “Janna D’Ark” filmi onların son birgə işi oldu. Onların ailə həyatına da nöqtə qoyuldu...

Bir çoxları belə güman edir ki, Fransanın milli qəhrəmanının lənəti Yovoviçə də keçib. Lük və Millanın boşanmasının səbəbləri haqda çox söz-söhbətlər gəzirdi. Lakin əsas versiya kimi rejissorun yeni model sevgilisinin peyda olması irəli sürülür. Bununla belə, demək olar ki, Fransa milli qəhrəmanı obrazı Millanı həm Hollivudun şöhrətli aktrisasına, həm də varlı insanlardan birinə çevirdi.

Boşandıqdan sonra Millanın başı müxtəlif sevgi romanlarına qarışdı. Lakin Milla sevgi münasibətlərinə barmaqarası baxırdı. İki uğursuz evlilik yaşayan aktrisa üçüncü dəfə səhv addım atmaq istəmirdi. Lakin günlərin birində onun həyatında Pol Andersen peyda oldu. Pol aktrisanın uzun müddət arzusunda olduğu mənəvi yaxınlıq və güvən hissini bəxş edə bilir.

“Biz çox yaxınıq. Əlbəttə, həyatımda çox uğursuzluğa düçar olmuşam. Bütün bu hadisələr məni kifayət qədər ehtiyatlı edib: məni 5 ildən az tanıyan adama çətin ki ərə gedə bilim. Bir-birimiz üçün yarandığımıza əmin olduqdan sonra o adamı öz həyatıma qəbul edə bilərəm”.

Həqiqətən də, Polun məhz onun üçün yaranmasına 5 il müddətində tam əmin olandan sonra Milla ona ərə getdi. Keçmişdə etdiyi səhvləri xatırlayan Milla bu addımı atmağa tələsmirdi.

Aktrisa gələcək əri ilə “Şər yuvasının sakini” filminin çəkilişləri zamanı tanış oldu. Rejissor Anderson dünyanı xilas edən Elis rolunu Yovoviçə verməklə onu əsl ekran ulduzuna çevirdi. Əslinə qalsa, onların romantik münasibətlərində ilk addımı Milla atmışdı. Aktrisa günlərin birində gecə saat 2-də rejissora zəng vurub, öhdəsindən gələ bilmədiyi səhnədən ona şikayətlənir. Pol isə gecə vurulan zəngdən qətiyyən əsəbiləşmir, aktrisanı səhəri günü restoranların birinə dəvət edir və film çəkilişindəki problemləri onunla müzakirə edir...

Pol və Millanın qızı Yevanın 2 yaşı tamam olduqdan sonra cütlük ailə qurmaq qərarına gəldilər. Millanın üçüncü nikahının uğuru ondadır ki, əri onu azadlığını əlindən almır və yersiz qısqanclıq səhnələri yaratmır.

“Anacan, xahiş edirəm, mənimlə oyna. Mən isə ona deyirəm: ”Əzizim, anan elə bütün günü səninlə oynamaqla məşğul olub! Oynamaqdan başqa nə istəyirsən, edə bilərik”. O isə deyir: “Yaxşı, sən kraliça olacaqsan, mənsə şahzadə. Sənin yerinə hər şeyi özüm edəcəyəm”.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm