Bu xəstəxanaya “köç”məyə ehtiyac yoxdur – “Semaşko”dan FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Bu xəstəxanaya “köç”məyə ehtiyac yoxdur – “Semaşko”dan FOTOREPORTAJ

1 saylı Kliniki Tibbi Mərkəz təsəvvürümdə binası çətinliklə tapılan, qarşısına çox az marşrutun getdiyi, girişi-çıxışı məlum olmayan yer kimi qalıb. Elə bu qarmaqarışıqlıq fikrimdə xəstəxananın özünü də qarmaqarışıq bir yer kimi saxlayıb. Daha çox “Semaşko” kimi tanınan bu yer mənə təmirsiz və bərbad gündə olan köhnə sovet xəstəxanası təsəvvürü bağışlayırdı. Görünür, bunun səbəbi uşaq ikən xəstəxanada yatan yaxınlarımın köhnə elektrik qızdırıcısından tutmuş yorğan-döşək, hətta elektrik çaydanına qədər - bir maşın müxtəlif məişət əşyasını özü ilə daşıması olub. Amma gözləntilərim özünü doğrultmadı.

Əvvəlcə ondan başlayım ki, Səhiyyə Nazirliyi jurnalistlər üçün bu xəstəxanaya infotur təşkil etmişdi. Etiraf edim ki, bu xəstəxanaya heç yolum düşməmişdi. Amma marşrut xəstəxananın düz arxasında dayandı və binanı da rahatlıqla tapa bildim... Jurnalistləri nazirliyin və xəstəxananın əməkdaşları qarşıladı.

1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev mətbuat nümayəndələrinə xəstəxananın tarixi, quruluşu, fəaliyyəti haqqında ətraflı məlumat verdi. Məlum oldu ki, xəstəxana Bakının ən qədim səhiyyə ocaqlarından biridir. 1915-ci ildə yaradılan xəstəxananın statusu təcili və təxirəsalınmaz yardım göstərmək olub. Bu səbəbdən də burada terapevtik xəstələrə çox az rast gəlinir. Baş həkimin sözlərinə görə, əvvəllər xəstəxana 1000 çarpayılıq idisə, 1 otaqda bəzən 6-7 xəstə olurdusa, həm də sanitar qovşağın sayı hər mərtəbədə cəmi 1-2 idisə, hazırda burada olan çarpayıların sayı 760-800-ə qədər azaldılıb. Hər otaq ayrıca sanitar qovşaqla təmin olunub. Xəstəxana əslində Bakı şəhərində yaşayan xəstələr üçün nəzərdə tutulsa da, baş həkim bəzi hallarda bu qaydaları pozduqlarını, rayondan bura üz tutan ağır xəstələri də qəbul etdiklərini deyir.

Kliniki Tibbi Mərkəzdə 30 kliniki, 15-16 köməkçi xidmətlər var. Bura laboratoriya, MRT, USM, fizioterapiya, aptek və s. daxildir.

Son 10-12 ildə xəstəxananın təmir olunaraq əsaslı bərpa edildiyini deyən S. Əliyevin sözlərinə görə, bu illər ərzində xəstəxanada çox böyük dəyişikliklər olub: “Xəstəxananın büdcəsi 80 milyon manatdan 800 milyon manata çatıb. Burada dövlət tərəfindən zəmanətli olaraq xəstələrə 170 adda dərman, ən müasir preparatlar, 3-4-cü nəsil antibiotiklər pulsuz olaraq verilir”.

Respublikanın ən böyük xəstəxanası olduğundan ən böyük konfliktlər də elə bu xəstəxanada qeydə alınır. Həkimlərin sözlərinə görə, bura həm ümid yeri, həm də danlaq yeridir. Xəstəxananın 2000-ə yaxın əməkdaşı var. Bunlardan 500 nəfəri həkim, 800 nəfəri tibb bacısı, 700 nəfəri isə texniki personaldır. İl ərzində xəstəxana 30000-dən çox xəstə qəbul edir ki, bunlardan 10000 nəfərə qədəri əməliyyat olunan xəstələrdir.

Daha sonra xəstəxananın müxtəlif şöbələri ilə tanışlıq başlandı. Əvvəlcə Kliniki Tibbi Mərkəzin Mərkəzi Laboratoriyasında olduq. Laboratoriyanın şöbə müdiri Mais Sailov bizi bir-bir otaqlarla tanış edərək burada olan müasir avadanlıqlarla tanış etdi. İkimərtəbəli laboratoriyada qanın analizi, bakterioloji əməliyyatlar, biokimyəvi analizlər, o cümlədən hepatitlərin yoxlanması və yüksək keyfiyyətli referent laboratoriya fəaliyyət göstərir. 24 saat işləyən laboratoriyada qan analizi üçün üstünlük burada şprisdən imtina edilməsidir. Qan üzərində barkod olan xüsusi şüşələrə yığılır. Cihazda qanın analizi üçün cəmi 60 saniyə kifayət edir. Barkodu yoxlayan cihaz həm də barkodu və nəticəni yazılı şəkildə də saxlayır. 2-ci mərtəbə isə analitik şöbə yerləşir. Burada 300-dən artıq bakteriya növünü müəyyən etmək mümkündür. Analizatorlar isə yüksək keyfiyyətli ABŞ, İngiltərə, Yaponiya, Almaniya istehsalı olan cihazlardır. M. Sailovun sözlərinə görə, bu cihazlarla işləmək üçün xəstəxananın həkimləri müqavilə bağladıqları xarici ölkələrə 6 aylıq kurslara da göndərilir.

Sonra “Cobas e-411” cihazını idarə edən həkim-laboranta yaxınlaşdıq. Sura Nəsirova bizə 7 ildir ki, burada çalışdığını dedi. O, Almaniyada iki dəfə 6 aylıq kurs keçib. Bizə cihazla bağlı məlumat verən həkim bütün mübahisə doğuran analizlərin bu cihaz vasitəsilə dəqiqləşdirildiyini dedi.

"Bəs analizlərin nəticələrində yanlışlıq nə ilə bağlıdır" sualına cavab olaraq M. Sailov bildirdi ki, bəzi hallarda həkim səhvi ucbatından baş versə də, bir çox hallarda buna elə xəstələr özləri səbəb olurlar. Belə ki, bəzən xəstədən acqarına analiz götürülməli olsa da, yemək yemiş xəstə yadından çıxararaq və ya elə bilərəkdən yemədiyini deyir.

Növbəti dayanacaq Cərrahiyyə korpusu idi. Travmatologiya, neyrocərrahiyyə, reanimasiya və s. şöbələr burada yerləşir. Elə ən ağır xəstələri də bu binada görmək olar. Daha sonra rentgen, MRT, USM, ürək angioqrafiyası otaqlarında olduq. Sonuncu otaqda həkimlər Sevinc Nəcəfova və Tofiq Sadıqov cihazların iş xüsusiyyətlərini izah etdilər. Yaponiya istehsalı olan bu cihazlar vasitəsilə xəstəxanaya göndərişlə gələn xəstələrdə ürək yoxlanır və lazım olarsa, daralmış yerə stend qoyulur.

Daha sonra xüsusi geyim – xalat, baş geyimi, respirator və baxıl geyindikdən sonra əməliyyat blokuna daxil olduq. Ən maraqlısı da elə bura idi. Həmin vaxt otaqlarda cərrahiyyə əməliyyatı aparılırdı. Qapıdakı şüşədən də olsa əməliyyat prosesini izləyə bildik. Reanimasiya şöbəsinin müdiri Vaqif Rəhimovdan öyrəndik ki, burada, adətən, planlı xəstələr əməliyyat olunmur. Gələnlər bir çox hallarda təcili əməliyyat olunmaq üçün gətirilənlər olur. Elə infotur zamanı əməliyyat olunan xəstə Zaqatala rayonundan gətirilmiş 7 yaşlı uşaq idi. Düz bağırsağına nazik dəmir boru batan uşağın bağırsağı əməliyyat olunurdu. Əməliyyatdan çıxan həkim hazırda xəstənin vəziyyətinin qənaətbəxş olduğunu dedi. Onun sözlərinə görə, belə ağır vəziyyətdə gələnlərin sayı çoxdur.

V. Rəhimovun bildirdiyinə görə, səhər şöbədə 11 xəstə var idisə, hazırda burada 6 xəstə var. Onlardan 5 nəfəri artıq palataya köçürülüb. Buradakı xəstələrdən bir nəfəri ağır kəllə-beyin travması aldığından vəziyyəti çox ağır idi. Palata müasir aparatlarla təmin olunub. Xəstələrin yanında quraşdırılmış monitorda hər xəstənin hemoqram göstəriciləri, tənəffüs parametrləri öz əksini tapır. Xəstələrdən birinə yaxınlaşıb kefini soruşduq. Təvəkkül Ələkbərov bura Naxçıvandan gəldiyini dedi: “Mən mədə-bağırsaq qanaxması ilə xəstəxanaya gəlmişəm. Şükür Allaha, indi qanı dayandırıblar. Həkimlərdən çox razıyam. Yəqin ki, sabah çıxaram”.

Daha sonra şok-terapiya otağına üz tutduq. Baş həkimin müavini Adil Salahovun sözlərinə görə, təcili gələn və şok vəziyyətində olan xəstələrə ilkin yardım bu otaqda edilir: “Ağır xəstələrimiz çox olur, hər gün 6-7 belə xəstə daxil olur. Ən çox hadisələr avtomobil qəzaları və məişət travmaları ilə bağlı olur. Ultrasəs müayinəsi, ilk yardım, sarğı otağı, bunlar hamısına yol bir-birinin içindən keçir. Şokdan çıxarılan xəstələr üçün burada bütün imkanlar yaradılıb”.

Xəstəxana ilə tanışlığımız mətbəxə qədər gəlib çıxdı. Baş həkim Sultan Əliyev xəstələrə verilən yeməklərlə bizi tanış edərək buradan bir neçə xəstəxanaya yemək göndərildiyini dedi. Maraq üçün xəstələrə verilən xörəyin dadına baxdıq. Həqiqətən dadlı idi. Amma məsələ təkcə yeməkdə deyil. Doğrudur, yaşamaq üçün yemək vacib olsa da, burada vacib olan xəstəxanadakı şərait idi. Etiraf edim ki, xəstəxanadakı təmizliyi və yaradılmış şəraiti belə təsəvvür etmirdim. Burada belə yüksək inkişaf etmiş tibb texnikasının, laboratoriyanın, cərrahiyyə otaqlarının olduğunu bilmirdim.

Gördüyüm hər şeyi artırıb-azaltmadan olduğu kimi yazdım. Xəstəxana beynimdə qalmış "özü ilə bir maşın avadanlıq gətirən xəstə" stereotipini darmadağın etdi. Bura bir də yolumun düşməsini istəməsəm də, ürəyimdən bura bir də gəlmək keçirdi, daha bir reportaj üçün.

Gülnar Əliyeva

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm