Əfqanıstanlı Ömər, ərəb emissarları, İŞİD-i dəstəkləyənlər... ŞOK MƏLUMATLAR
Bizi izləyin

Nida.az

Əfqanıstanlı Ömər, ərəb emissarları, İŞİD-i dəstəkləyənlər... ŞOK MƏLUMATLAR

Xaçmazda fəaliyyət göstərən Şimal Regionu üzrə İnsan Hüquqlarının Monitorinq Mərkəzinin rəhbəri, müstəqil araşdırmaçı Müqəddəs Mehdiyev Publika.az-a müsahibəsində Azərbaycanda vəhhabiliyin ilk təməllərinin necə atıldığı, kimlərin bu işlərdə birbaşa iştirak etdiyi və hazırkı durumla bağlı ilginc faktlar açıqlayıb.

- Azərbaycanda radikal dini meyillər daha çox şimal bölgəsindədir. Bunun səbəbi nədir?
- 1990-cı illərin əvvəllərində ərəb ölkələrinin ayrı-ayrı emissarları Zaqatala-Balakən, Quba-Qusar-Xaçmaz regionunda aktiv şəkildə təbliğat aparırdı. Bildiyimiz kimi, həmin vaxt ölkədə qeyri-sabit vəziyyət yaşanırdı. Bundan istifadə edən dini emissarlar təşkilatlanmağa başladı. İlk təşkilatlanma Zaqatala-Balakən bölgəsində həyata keçirildi. Müəyyən mədrəsələr açılır, evlərdə dərslər keçirildi. Tərəfdarlar toplanırdı. Onların tərəfinə keçən adamlar da təbliğat aparıb əlavə insanlar toplayırdı.


- Bu işin başında dayanan konkret təşkilat olmalı idi.

- Bu işin başında Küveyt İslam Dirçəlişi Cəmiyyəti dayanırdı. O vaxt bu cəmiyyət humanitar yardım profilli idi və səhv etmirəmsə, ölkədə rəsmi olaraq belə qeydiyyatdan keçmişdi. Həqiqətən də, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə yardımlar edilirdi. Lakin paralel olaraq gizli şəkildə dini təbliğat işini də həyata keçirirdilər. Xüsusən şimal bölgəsində məscidlər inşa edirdilər. Quba-Xaçmaz bölgəsində inşa olunan məscidlərə imamlar Zaqatala-Balakən bölgəsindən gətirilirdi.

Həmin dövrlərdə Əfqanıstandan olan Ömər kimi tanınan bir şəxs də var idi. Xudat və digər kənd məscidlərində əhalini, xüsusilə yeniyetmə və gəncləri başına toplayırdı. Beləcə, indiki vəziyyətin təməlləri atılırdı. Araşdırmalar göstərir ki, həmin dövrlərdə hüquq mühafizə orqanları, rayonların rəhbərləri zəiflik göstərib. Çoxları anlamırdı ki, sələfilik təkcə kiməsə beş-on manat verib qısa şalvar geyindirmək və saqqal saxlamaqdan ibarət deyil. Sələfilik çox ciddi bir sistemə malik dini ideologiyadır. Odur ki, bir çox məmurlar ya nə baş verdiyinin mahiyyətini anlamayıb, ya da bunun ciddi nəticələr verəcəyini düşünməyiblər. Zaman keçdi və şimal bölgəsindən başlayaraq ölkədə yeni dini cərəyanın əsası qoyuldu. Onlar əhalidən təşkilatlanmalarına, ibadətlərinə görə seçilməyə başladılar. Hətta faktlar var ki, 90-cı illərin əvvəllərində bəzi yerli məmurlar Küveyt İslam Dirçəlişi Cəmiyyətinin bu bölgədə inşa etdiyi məscidlər qarşılığında müəyyən qədər pul da alıblar.

- Radikallar yenə də var.
- Çünki bu təkcə polisin, prokurorun, icra hakimiyyətinin işi deyil. Burda ictimaiyyət də aktiv olmalıdır. Lakin ictimaiyyətin passivliyi ortadadır. Misal üçün, bir kənddən bir insan Suriyaya gedirsə, İŞİD-ə qoşulursa, bunu yaxınları mütləq bilir. Lakin heç bir şey etmirlər.

Passivlik ümumi haldadır. Məsələn, sələfilər başqa dini cərəyanlara, dövlətə qarşı olmadıqlarını bildirirdilər. Lakin zaman keçdi və onların içindən radikal xəvvariclər çıxdı. Əbu-Bəkr məscidinə əl qumbarası atıldı, şimal bölgəsində də müəyyən təhlükəli hadisələr baş verdi. Dağıstanda fəaliyyət göstərən “Meşə qardaşları” bu bölgəyə də təsir etməyə başladı. Hüquq-mühafizə orqanları bunun qarşısını qətiyyətlə ala bildi. Hətta polis əməkdaşları ilə silahlı qarşıdurmalar yaşandı, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında öldürülən oldu. Bunlar yaxın keçmişdə baş verib.

Burda başqa bir məqam da var. Bu gün bir kəndə bələdiyyə orqanları, yerli icra nümayəndəlikləri, sahə müvəkkilləri nəzarət edir. Lakin buna baxmayaraq, bəziləri İŞİD-ə qoşulur, bəziləri dövlət əleyhinə təbliğatlar aparırlar. Məlum olur ki, bəzi yerli idarəetmə orqanları bu adamlarla danışmaqdan çəkinir, onlar haqda açıq maarifləndirmədən belə qorxurlar.

- Xəvvaricilər dövlətə qarşı hansı təbliğatı aparırlar?
- Onlar məscidlərə getmir, ayrı-ayrı evlərə toplaşıb fəaliyyət göstərirlər. Dövləti kafir adlandırır, insanlar arasında dövlət rəhbərliyində təmsil olunanlara qarşı aqressiv təbliğat aparırlar. Açıq şəkildə məhkəmələrə getməməyi təşviq edirlər. Hesab edirlər ki, şəriət məhkəmələri olmalı, problemlərə, mübahisəli məsələlərə öz imamları baxmalıdır. Hiss olunmadan burda şəriət dövlətçiliyinin təməlləri atılır.


Bu təməllər ailə daxilindən qurulur və bütün cəmiyyətə təsir edir. Misal üçün, baş örtüyü məsələsinə görə onların öz ailələrində problemlər yaşanır, boşanma halları artır. Bu, məişət səviyyəsində olan boşanmalar deyil, dini təmayülə bağlıdır. Bu, insanların məişət həyatına da zərbə vurur. Xəvvaricilərin öz ailələrinin digər üzvləri ilə də kəskin münasibətləri var. Yəni ailələrdə aşınmalar baş verir və bu cəmiyyətə mənfi sirayət edir.


- Xəvvaricilərin sayı nə qədər olar?
- Xəvvaricilər kiçik qruplar halındadır. Sələfilərsə çoxdur. Yeri gəlmişkən, bir məqama da toxunum. Bir çox KİV-lər sələfilərlə xəvvariciləri səhv salırlar. Ucdantutma hamını sələfi adlandırırlar. Halbuki onların zahiri görkəmində oxşarlıqlar olsa da, fərqləri çoxdur. Xəvvaricilər çox kəskin radikallıqları ilə seçilirlər. Hərəni öz adı ilə çağırmaq gərəkdir.

- Məlumatlar var idi ki, ən çox İŞİD dəstəkçiləri Qusardadır.
- Qusarda da, Xaçmazda da, Qubada da İŞİD-i dəstəkləyənlər var. Elələri İŞİD-ə qoşulmaq üçün ölkəni tərk edir, bəziləri isə regionda bu qruplaşmanın təbliğatını aparırlar. Misal üçün, bir qadın həyat yoldaşından xəbərsiz övladlarını da qoyub Suriyaya getdi. Ailəvi gedənlər də var. Radikal dini cərəyanlara, onların nümayəndələrinin təbliğatına qarşı ictimai qınaq zəifdir. Bir susqunluq var. Allah etməsin, burda Dağıstanda baş verənlər yaşanarsa, nələr olacaq? Dağıstanda son illər nə qədər dövlət məmuru qətlə yetirilib, günahsız insanların qanı tökülüb. Bütün bunlar sərhədin o tayında gözümüz qarşısında baş verir.

- Mən belə başa düşdüm ki, bu bölgədə radikallığın təməlləri ərəblər tərəfindən atılıb, indi də Şimali Qafqazın təsiri var.
- Ərəblər tam çıxmayıb. Müəyyən adamların hələ də ərəblərlə əlaqələri mövcuddur. Lakin heç bir əlaqə olmasa belə, ərəblər burda elə bir toxum səpiblər ki, hələ də cücərtiləri qalıb. 90-cı illərdə insanlar bunlara loyal yanaşırdı. Onda da ictimai müqavimət yox idi. Sonradan dövlət bəzi məscidləri bağlamaq məcburiyyətində qaldı. Vaxtilə sələfilər ortaya çıxanda ciddiyə alınmadı. İndi respublikada onların sayı minlərlədir. İndi də xəvvaricləri o qədər ciddiyə almırlar. Deyirik ki, kiçik qruplar halındadır. Onların artmayacağına, saylarının yüzlərlə olmayacağına kim zəmanət verə bilər?

Samur çayının o tərəfində - Dağıstandakı vəziyyəti təhlil edək. Vaxtilə 22 məscid var idi. İndi orda 3 minə yaxın məscid, mədrəsə fəaliyyət göstərir. Bu gün də terror aktları davam edir. Biz Dağıstanla sərhəddə yerləşirik. Burda ərəb ölkələrinin təsiri olduğu kimi, Şimali Qafqazın da təsirləri var. Şimali Qafqazda Əl-Qaidənin, Hizbut-Təhririn qanadları mövcuddur. İndi də İŞİD tərəfdarları ortaya çıxıb. Müxtəlif “əmirlər” Bağdadiyə biət edirlər. Ən son məlumatlara görə, özünü Qafqazın “əmir”i elan edən Aliashab Kebekov (Ali abu Muhammad adı ilə çağırılır) İŞİD lideri Əbubəkr əl- Bağdadiyə biət edib. Belə bir vəziyyətdə maksimum ehtiyatlı olmalıyıq. Çünki şimal regionundakı xəvvariclər marşrutlarını dəyişərək Dağıstana üz tuta bilərlər. Və yaxud əksinə. Dağıstandakı proseslərin şimal regionuna təsiri arta bilər. Hələliksə Qafqaz “əmir”inin nə üçün bu addımı atması ciddi təhlil edilməlidir. Məncə, bu prosesin arxasında böyük güclər dayanır. İŞİD-i idarə edənlərin Şimali Qafqaza üz tutmalarının səbəbləri ciddi araşdırılmalıdır. Burada böyük maraqların olduğu sirr deyil.

- Yəni Şimali Qafqazda baş verənlərin bizə də ciddi təsirləri ola bilər?

- Bu, Azərbaycan üçün böyük təhlükədir. Orda İŞİD-ə biət edən “əmir”lərin olması və baş verənlər şimal regionunda ictimai-siyasi sabitlik üçün böyük təhdiddir. Bu faktdır ki, Şimali Qafqazdan bu bölgəyə müəyyən ideyalar ixrac olunur. Bundan başqa, ən təhlükəli tendensiya etnik separatizmlə dini radikallığın yaxınlaşmasıdır. Təsəvvür edin ki, bir insan həm radikal dindardır, həm də etnik separatçıdır. Bu, ikiqat təhlükədir.

- Xarici qüvvələr bu radikallardan Azərbaycana qarşı istifadə etməsi mümkündürmü?
- Xarici qüvvələrin bu regiondakı radikallara təsirləri var. Misal üçün, əhali arasında geniş yayılmış bir zarafat var. Bir insanın xəvvaric, yaxud sələfi olduğunu deyəndə “amerikaçı”, yoxsa “rusiyaçı” deyə zarafatla soruşurlar. Bu, zarafat olsa da, ortada ciddi məqamlar var.

Vaxtilə ABŞ bu bölgədə dini radikallar arasında ciddi iş aparıb. Dini cərəyanların nümayəndələri ilə mütəmadi görüşlər keçirilir, danışıqlar aparılır, dini vəziyyət ciddi şəkildə öyrənilirdi. Digər tərəfdən, biz Küveytin, ərəb ölkələrinin adlarını çəkdik. Bu ölkələr də ABŞ-ın müttəfiqidir. Yəni dolayısı yolla bunun arxasında Amerika və Qərbin müəyyən dairələri dayanır.

- Qərbin bu gün də eyni prosesləri davam etdirmək ehtimalı varmı?

- Müxtəlif ölkələr öz maraqları baxımından radikal qruplaşmaları nəzarətdə saxlamağa çalışır. Bu gün də eyni proseslərin baş vermədiyini heç kim deyə bilməz və heç kim zəmanət verə bilməz ki, dini radikallardan Azərbaycanda qarışıqlıq salmaq üçün istifadə etməyə cəhd etməyəcəklər.
Mən bir məqama da xüsusi toxunmaq istəyirəm. Bu gün Şimali Qafqazda terror baş verir. Hətta 1990-cı ilin sonlarında terrorçular Dağıstanda hakimiyyəti birgünlük zəbt etmişdilər. Lakin ABŞ-ın bəzi siyasi dairələri bu bölgədə baş verənləri xalqların milli-azadlıq hərəkatı olaraq təqdim edirlər. Eyni proseslər Əfqanıstanda baş verir və bu, beynəlxalq terrorçuluq adlandırılır. Necə ola bilər ki, bir yerdə qocalar, uşaqlar öldürülür, günahsızların qanı tökülür və bu, milli azadlıq hərəkatı hesab olunur. Digər yerdə isə bu, terror adlandırılır. Bəlkə, Əfqanıstanda da kənar dövlətlərin müdaxiləsinə qarşı mübarizə aparılır?

Hesab edirəm ki, Şimali Qafqazda baş verənlər Rusiyaya qarşıdır. Məcazi mənada desək, Rusiyanın cənubundan quyruğunu kəsmək istəyirlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm