Holland yazıçısı Qarabağ qaçqınlarından kitab yazacaq - FOTO
Bizi izləyin

Qırmızı.az

Holland yazıçısı Qarabağ qaçqınlarından kitab yazacaq - FOTO

Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması” layihəsi çərçivəsində Hollandiya Protestant kilsəsinin üzvü, missioner, yazıçı Japke de Krakerlə görüşüb.


Diaspor Jurnalistləri Birliyinin (DJB) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Hollandiya Azərbaycan Evinin qonağı olan xanım Japke de Kraker təşkilatın yaradılması məqsədi və fəaliyyəti ilə maraqlanıb.

E. Mirhəşimli qonağa Azərbaycan, Qarabağ münaqişəsi, 20 faiz torpaqlarımızın hələ də işğal altında olması, 1 milyon azərbaycanlı qaçqının öz evlərinə qayıda bilməməsindən danışıb.

Xanim Japke Azərbaycan haqqında onda az məlumat olduğunu, Azərbaycandan ermənilərin qovulması haqqında məlumatların yayıldığını bildirib.


“Mən də bu məlumatın yanlış olduğunu bildirdim və qeyd etdim ki, bizim də təşkilatımızın Hollandiyada yaradılmasının səbəbi Azərbaycan, eləcə də Qarabağ haqqında ictimaiyyəti geniş məlumatlandırmaqdır. Çünki ermənilər bizim haqqımızda burada həqiqətə uyğun olmayan fikirlər formalaşdırırlar”, - deyə Mirhəşimli bildirib.

Qeyd edək ki, xanım Japke de Kraker əsasən müharibə bölgələrində baş vermiş faciələrdə qaçqın düşmüş insanlar haqqında kitablar yazır və bu kitabların satışından əldə olunan vəsaitlə bu insanlara yardım edir.


E. Mirhəşimli xanım Japkedən Azərbaycan haqqında da kitab yazmasını xahiş edib: “Mən soruşdum ki, Azərbaycan haqqında nədən kitab yazmırsınız. Bizdə də qaçqınlar, müharibədən əziyyət çəkən insanlar var. Xanım yazar Azərbaycan haqqında məlumatı yalnız bir tərəfli olaraq ermənilərdən aldığını bildirdi. Xanım Japke de Kraker Azərbaycan haqqında kitab yazmaq üçün ona yardımçı olmağımı xahiş etdi. Beləliklə, mən Azərbaycan haqqında məlumatları ona göndərəcəm. O, bu məlumatlar əsasında kitab yazıb holland ictimaiyyətinə çatdıracağını dedi və ümumiyyətlə, bizimlə sıx əməkdaşlıq edəcəyinə söz verdi”.


Sonda xanım Japke öz kitablarından Hollandiya Azərbaycan Evinə hədiyyə edib. E.Mirhəşimli də millət vəkili Elxan Süleymanovun ermənilərin Azərbaycana təcavüzü ilə bağlı ingiliscə kitabını qonağa hədiyyə edib.


Xatırladaq ki, “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması” layihəsi Hollandiya Azərbaycan Evi və Diaspor Jurnalistləri Birliyi tərəfindən birgə həyata keçirilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm