Kamran Ağayev: “Bundan sonra istəyirəm bəzilərinin “peçat”ını vurum”
Bizi izləyin

İdman

Kamran Ağayev: “Bundan sonra istəyirəm bəzilərinin “peçat”ını vurum”

Kamran Ağayev milli komandanın və “Qəbələ”nin qapıçısıdır. Meydanda ciddi gördüyümüz, davakar olduğunu düşündüyümüz qolkiper Azərbaycan Premyer Liqasının son oyunlarının birində rəqibə qarşı ehtiyatsız davrandığı üçün üçoyunluq cəza aldı. Onun adı tez-tez qalmaqallarla yanaşı çəkilir. Amma etiraf etmək lazımdır ki, son illərdə futbolumuzda yetişən ən yaxşı qapıçılardan bəlkə də birincisidir. Hərçənd cari mövsümdə bəzi səhvləriylə də yadda qalıb. Yeni il ərəfəsində Kamranı redaksiyaya dəvət etmək qərarına gəldik. Haqqında deyilənləri bir də özdilindən eşitmək istədik. Bir çox mətləblərə aydınlıq gətirən Ağayev səmimi söhbət zamanı zarafatından da qalmadı.

Publika.az-ın əməkdaşları ilə söhbətləşən Ağayev Foqtsdan tutmuş meyxanayadəkbütün səhifələri yenidən vərəqlədi və bəzi məşqçilərə sərt “mesaj” da göndərdi.

“Yumruq vurmaq niyyətində olmamışam”

- Kamran başlayaq sənin vəziyyətindən. Zədələndin əməliyyat olundun… Sanki “Xəzər Lənkəran”dan sonra “qara zolağ”a düşmüsən?

- Niyə ki, qara zolaq? Bundan sonra yaxşı oyunlar oynamışam. Karyera baxımından pis olmayıb. Milli 9 xal topladı, yaxşı oyunlar göstərdik. Sadəcə olaraq, zədəm tam sağalmayıb. Bildiyiniz kimi ağır zədə almışdım. İdman elədir ki, zədəsiz olmur. Hər bir idmançının başına gəlir. Çoxları elə bilir ki, yaşımız keçib. Amma elə deyil. Hələ gələcəyimiz qabaqdadır. Qarşımda oynadığım illər qədər müddət var. Əlbəttə, zədə alanda, müəyyən qədər geri düşürsən. 6 ayın içində iki dəfə zədə aldım, iki dəfə əməliyyat olundum, bunun üçün toparlanmaq bir az çətindir.

- “Qəbələ”nin son oyunlarına baxanda buraxılan bəzi qollarda hardasa sənin də səhvin var idi.

- İstər-istəməz qapıdan qol keçirsə, burada günahkar qapıcı olur. İşin topu tutmaqdırsa tutmalısan.

- Hər kəs düşünür ki, “Kamran formada deyil və bunu davranışları ilə də göstərir”. Səhv etmiriksə, jurnalistlərlə problemin olmuşdu, azarkeşlərlə, oyunçularla da həmçinin...

- Xeyr, oyunçuların hamısı ilə mehribanam. Sonuncu “İnter” oyununu nəzərdə tutursuzsa, orada rəqibi vurmaq niyyətində olmamışam. Sadəcə itələmək istəmişəm, əlim açılıb və yumruq vurduğumu düşünüblər. Bir özüm, bir də Allah bilir ki, yumruq vurmaq niyyətində olmamışam. 90 dəqiqə ərzində tamam başqa adam oluram. Matçdan kənarda isə həyatda deyib gülən, zarafatcılam. Başa düşmürəm, 8-9 il əvvəl qəbul edirdilər, indi yox? Mən bu illər ərzində dəyişməmişəm. Necəyəmsə, eləyəm.

“Milli heç kimin şəxsi komandası deyil”

- Millinin son oyununda da qapıda olmadın. Bu da bəzi söz-söhbətlərə səbəb oldu ki, “Mahmud Qurbanov qəti addım atdı, Kamranı Foqts idi millidə saxlayan”. Yəqin ki, bunun bir səbəbi var və sən də onu demirsən.

- Birinci onu deyim ki, futbolda əvəz olunmayan adam yoxdur. Bundan əlavə, Foqts bizə “daydaylıq” etməyib. 4-5 il əvvəl də demişəm, indi də deyirəm, Foqtsun ən acığına gələn adam mən idim. Amma məni oynadırdı. O demək deyil ki, Foqts getdi, Mahmud qoymadı. Sadəcə Mahmud Qurbanovun fikri elə idi. Deməli, o bəyənmədi... Bədavini də, Qaranı da, Kamranı da bəyənmədi.

O inandığı heyəti buraxdı. Biz də kənarda oturub baxdıq. Bu, normaldır. Milli heç kimin şəxsi komandası deyil ki, sən şəxsi prinsiplərinlə hərəkət edəsən. Heç özümün də başım üçün deyil ki, öz başıma getməyim, qoşulmayım heyətə... Şəxsi həyatımdakı problem üzündən millinin heyətinə qoşula bilmədiyim vaxtlar da olub. Zəng edib bildirmişəm. Əvvəl razılaşmışdılar, sonra niyə belə addım atdılar, bilmirəm.

- Bilmək olarmı, nə problem idi?

- Şəxsi problemlər idi. Oynadığım klubla bağlıydı. Belə ki, “Bakı” klubunda oynadığım vaxtlarda yaranmşdı, şükürlər olsun ki, hamısı həll olundu. Buna görə, məhkəmə işinə getməliydim. 2-3 ay ərzində get-gəl oldu deyə, futboldan kənarda qalmışdım. Bu da hamının başına gələ bilər. Mahmudla bir otaqda olmuşam, onunla bir oynamışıq. İndi də məşqçidir, futbol öyrənirik. Amma bu məsələni qabartmaq olmaz. Bəziləri deyir ki, yekəxanalıq edir, nə bilim guya saymamazlıq edir. Heç kim bizimlə dostluq etməyibsə, haqqımızda açıqlama verməsin.

Bəzən düşünürsən ki, daha milliyə qatılmayacam, getməyəcəm. Amma ağsaqqalın, böyüyün sözündən çıxmaq olmur. Düz olmadığını başa salırlar.

Çağırsalar qoşulacam, çağırmasalar getməyəcəm. Burada nə var ki?

“6 ilə 9 xal çox azdır”

- Bir futbolçu kimi Prosineçkinin təyinatından nə gözləyirsən? Səncə nəsə edə biləcəkmi?

- Onunla işləməmişəm. Xəbərim yoxdur. Amma nəticələri göz qabağındadır. Berti Foqts da tanınmış adam idi. O da bir vaxtlar nəticə vermişdi, amma gəlib bizdə heç nə edə bilmədi. Əsas inamdır, inanmaq lazımdır.

- Foqts bizə nə verdi, nə aldı?

- Bunu xalq görür və bilir.

- Foqts gələndən bir az sonra milliyə gəlmisən. Səhv eləmiriksə, Fərhad zədələnmişdi, onun yerinə səni dəvət etdilər...

- Foqts gələndən 6 ay sonra milliyə qoşulmuşdum. O zaman Fərhad 12 nömrəli formanı geyinirdi. Onun 12-dən xoşu gəlirdi. Mən 1 nömrəli formada idim.

- Foqts yenilik edə bildimi?

- Nə deyim vallah, əvvəl yuxudan dururdum, sonra qapıda durdum (gülür). Zarafatdan da qalmırıq. Dindirsən, hamı deyəcək Foqts bu illər ərzində bizə sadəcə 9 xal verib. Amma 6 ilə 9 xal çox azdır.

“Deyirlər ki, futbol bir dünyadır, yalan söhbətdir”

- Foqts deyirdi ki, futbolçuların arasında düşmənçilik var.

- Xeyr, səhv fikirdir. Əksinə, biz millidə bir ailə kimi olurduq. Düzdür, millidə yaş fərqi söhbəti ola bilməz. Amma hörmət olaraq bizdən böyüklər var idi, Rəşad, Mahir kimi. Onlar nə deyirdisə edirdik.

Deyirlər ki, futbol bir dünyadır. Yalan söhbətdir, futbol dünya deyil, bizim işimizdir. Axır-əvvəl biz bu işlə də qurtaracağıq, başqa işimiz olacaq.

Maksimum 40 yaşa qədər futbolda qala bilərsən. Sonra da kənardan oturub izləyəcəksən.

- Məşqçi işləmək fikrin yoxdur?

- Düzünü deyim ki, heç qalmaq istəmirəm. Futbolu qurtarandan sonra, yenə deyirəm gedib kənardan oturub baxaram. Övladlarımı da qoymaram futbola getsin.

İkinci tərəfdən də, qalsam və görsəm dəyişirəm, yenə də qalmaram. Çünki bəzi insanlar var ki, kreslo onları çox dəyişdirir. Hamıya aid deyil. Vəzifə adamı dəyişir. Hərdən özüm-özümə sual verirəm ki, görəsən, mən də orada olsam dəyişərəm?

Bizim haqqımızda deyirlər ki, özündənrazı, qudurğandır. Vallah, qudurğan deyiləm. Sadəcə ya öldürəcəklər, ya da dediyimi deyəcəm. Söz götürən adam deyiləm. Əfsuslar olsun ki, düzünü deyəndə xalq bizi vətən xaini çıxardır. Lənkəranda hardasa təhqirlər o qədər də deyildi, başa düşmək olardı. Lənkəranda 100 nəfərin 80 nəfəri istəyir, qalanları isə bəzi adamlardır ki, pul verib qışqırdırlar. Hamı çox yaxşı tanıyır onları. Hər yerdə demişəm ki, Lənkəran fanatları mənim ürəyimdir. Onlar hər zaman ürəyimdə qalacaq. Orada gördüyümü görmüşəm. Görmüşəm ki, insanı necə doğma sayırlar. Elə hiss edirəm ki, Dəvəçidə doğulub yarı hissəmi Lənkərana aparıblar.

Məsələn axırıncıda elə şeylər gördüm ki... Bu, 10-15 min olsa, başa düşmək olar. Amma baxırsan, 10-15 nəfər balaca uşaqdır, başında da 3-4 nəfər ağsaqqal var, öyrədirlər, qışqırdırlar. Onların başında olan ağsaqqal var ha, Allah eləsin, onun da övladı futbol oynasın, futbolçu olsun, o da başa düşsün ki, futbolçunu söymək olmaz. Yaxınlaşırsan görürsən ki, üzünə baxırlar, deyirlər “sənə söyməmişik”. Təbii ki, kimliyindən asılı olmayaraq, onu təhqir etsən, ikiqat qaytaracaq sənə.

“O həddə çatanda boğub öldürə də bilərəm həmin insanı”

- Heç olubmu ki, yumruq vurmaq istəyəsən?

- Hə, olub. Amma futbolçu kimi istəmişəm. Vurum, qırım, sındırım. Bu da hər idmançıda var. Amma bilərəkdən soyuq başla heç vaxt elə şey etmərəm. Çünki futbolçu əllə-ayaqla çörək qazanır. O ki qaldı fanata, o anda nəsə düşünürsən. Durduğun yerdə niyə edəsən, nəyə görə? Nəsə deyir ki, sən o həddə gəlirsən. O həddə çatanda boğub öldürə də bilərəm həmin insanı.

- Maraqlıdır, bu zaman özünü necə cilovlayırsan?

- Yaxınlaşdım, üzr istədilər sakitləşdim. Davamı gəlsəydi, kim bilir nə olardı?

- İdmanda özünü bağışlaya bilmədiyin anlar olubmu?

- Olub. Məsələn, Lənkəranda oynayırdım. Səhv etmirəmsə 6-7 dəqiqə çatmadı rekordu vurum. Yadıma gəlir, AZAL-la oyunda zədələndim, əvəzləndim, oynaya bilmədim.

Ümumiyyətlə, buraxdığım gic-gic qolları özümə bağışlamıram. Həzm edə bilmirəm. Çünki belə toplar buraxan deyiləm. Kənardan baxıb deyirlər ki, “necə qollar buraxır”. Amma onlar bizim il boyu çəkdiyimiz əziyyətləri bilmirlər, ona görə elə adi gəlir. İndi şükür, şəxsi problemlərimi də həll etmişəm, idmanımıza da davam edirik.

“Bundan sonra istəyirəm bəzilərinin “peçat”ını vurum”

- Muntyanu necə məşqçi idi?

- Hər məşqçinin özünəxas xüsusiyyətləri var. Muntyanu ilə də, Redniklə də münasibətim yaxşı idi.

- Bizim məşqçilərdən fərqi nə idi? Hansı taktiki özəlliyi var idi?

- Azərbaycanda kifayət qədər savadlı məşqçilər var. Onların qarşısında baş əyirəm. Amma bəzi yerli məşqçilər var ki, danışanda elə danışırlar, əsəbləşirsən. “Bizim dövrümüzdə belə idi, elə idi”. Başa düşmürəm ki, bunların dövrü hansıdır? Düzdür, onlar oynayan zaman biz oynamamışıq. Onlar üçün meydançanın kənarında top atmışıq. Bu günə kimi deməmişəm, amma bundan sonra istəyirəm bəzilərinin “möhür”ünü vurum.

Şükür edirəm ki, biz 6 qol buraxmışıq, ondan artıq buraxmamışıq. Sözü hara vurduğumu yəqin ki, anladınız.

Mənə futbolun incəliklərini Azərbaycan məşqçiləri öyrədib. Heyif o məşqçilərimizdən ki, futbolsuz qalıb. Amma əcnəbilərdən də öyrənmişəm. Heç kim inciməsin məndən, amma Syomin kimi bir məşqçi hələ Azərbaycanda görməmişəm.

- Nə mənada?

- Bu artıq deyiləcək deyil. Onunla işləyəsən ki, bunu anlayasan. O, çox peşəkar idi.

“Bunu Foqts biləndə məni məşqdən azad etdi, çünki o, alman idi, azərbaycanlı yox”

- Bayaq dedin ki, “Foqtsun ən acığına gələn adam mən idim”. Bəs maraqlıdır, onunla mübahisəniz olmuşdu?

- Foqtsla mübahisəmiz məşqlərdə olub. Yəni davamız olmayıb. Foqts mən qıcıqlandırmağı xoşlayırdı. Məşqdə uşaqları da öyrədirdi ki, məni əsəbləşdirsinlər, cırnayım. Meydandan kənarda bir dəfə mübahisəmiz olub. O da şəxsi, özümüzə aid olan məsələdir. Gizlətmirəm, deyim bilsinlər. Klubla bağlı idi. Bu da bizim aramızda mübahisəyə səbəb olmuşdu. O da qaldı keçmişdə.

Amma bir dəfə anam xəstə idi. O zaman Dubayda təlim-məşqdə idik. Bunu Foqts biləndə məni məşqdən azad etdi. Dedi “get evə, fikrin başqa yerdədir. Get, arxayın ol”. O alman idi, azərbaycanlı yox. Amma bizimkilər deyirlər ki, ölüm-itim olanda gəlməyə bilərsən. Ölsəm, necə gəlim? Qəbirdən durum gəlim? (gülür)

“Bəzi insanlar var ki, onlara heç salam vermək istəmirəm”

- Özünü Azərbaycan futbolunun hansı pilləsində görürsən?

- Vallah, o düşüncədə deyiləm. Pillə Qurban Qurbanovdur, Rəşad Sadıqovdur. Onlar nə isə edirlər. Biz nə etmişik? Nə olsun ki, futbol oynamışam və tanınmışam. Bizi Azərbaycan xalqı tanıdıb, siz tanıtmısız bizi.

Azərbaycan çempionu olmuşuq, Azərbaycan kuboku almışıq. Amma nə Avropa çempionu olmuşam, nə də olimpiya çempionu. Gəlin real danışaq ki, bu, bizim üçün bir xəyaldır.

- O xəyalı reallaşdırmağa can atmamısız?

- O xəyalı reallaşdırmaq üçün illər lazımdır. Ən əsası isə düzgünlük lazımdır. Hər kəs şəxsi prinsiplərini kənara qoyub işinə davam etsə, yaxşı olacaq. Hamı deyirdi ki, sən Lənkəran klubu ilə niyə müqavilə bağladın. Hər kəs dedi ki, “sənin üçün problem yaratdılar, səni şərlədilər”, Yunis Hüseynovun vaxtında idi. Mən də demişdim ki, qayğı göstərdilər, dedilər ki, olan olub, keçən keçib.

Şəxsi prinsiplərimə qalsaydı, bağlamazdım. Fikirləşdim ki, peşəkar komandadır, müqavilə bağlayım. Sonra 1 il müqaviləmi artırdılar. Artırdıqdan sonra liqanı oynadım, sonra çıxartdılar transferə, 6 ay qoymadılar oynamağa. Çıxmaq üçün aldığımın da 2 qat artığını ödədim, ayrıldım.

- Bəs bu gün Yunis Hüseynovla münasibətiniz necədir?

- İndi, çox əla. O nə edə bilər ki, onluq nə var idi ki?! Düzdür, işin çoxu onun üstündə qurulmuşdu. Gəlin real danışaq. Bugünkü gündə “Qəbələ”də dərimi soymalıdırlar. Yumruq söhbətinə görə 3 oyunluq uzaqlaşma olub. Düzdür, Yunis müəllimlə münasibət əvvəlki kimi deyil. Nə isə... Mais müəllimlə bu gün görüşəndə, qucaqlaşırıq. Mübariz müəllimlə də həmçinin. Hər zaman da belə olacaq. Bəzi insanlar var ki, onlara heç salam vermək istəmirəm.

- O zaman Tuyqun müəllimin adını çəkə bilərikmi?

- Mən ad çəkmədim ki... (gülür) Bəzi dedim.

“Biznes sahəm var, özüm işlətməsəm də, vermişəm işlədirlər, gəlirini alıram”

- Bundan sonra Türkiyədən, ya da başqa ölkələrdən təklif gəlsə, gedərsənmi?

- Hələ ki, “Qəbələ”nin uğurları haqqında düşünürəm. O vaxt demişdim ki, 25 yaşına kimi Azərbaycandan kənara getdim, getdim, getməsəm bir də xarici klublar haqqında düşünməyəcəm. Amma mənim sözlərimi təhrif etmişdilər. Deməmişdim ki, 25-dən sonra mütləq gedəcəm. Düz yazılmamışdı.

- Yeni baş məşqçi ilə söhbətiniz olubmu?

- Yox, şəxsi söhbətimiz olmayıb. Amma kollektiv danışmışıq. Bilir ki, meyxana deyə bilirəm.

- Onun yanında da meyxana demisən?

- Meyxana bədahətən deyilir. Allah tərəfindən vergidir. Bekarçılıqdan deyirik. Ruslan Əmircanova da öyrətmişəm. Onda da istedad var.

- Bu istedadını nə vaxt kəşf etdin?

- Ocaq başında idik. O zaman akrobatika ilə məşğul olurdum. Səhv etmirəmsə 7-8-ci sinifdə oxuyurdum. Novruz bayramı günü idi. Onu da deyim ki, bu gün şairlərin çoxu ilə münasibətim var. Lazım olanları onlardan soruşub öyrənirəm.

- Futboldan sonra başqa sahə ilə məşğul olacağını dedin. Maraqlıdır, indi futboldan başqa hansısa işlə məşğulsan?

- Şükür Allaha, dolana bilirəm.

- Biznesdi?

- Hə, biznes sahəm var. Özüm işlətməsəm də, vermişəm işlədirlər, gəlirini alıram.

Aygün İlqarqızı, Pərviz Hikmət

FOTOLAR: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm