Yaponları aldadan milyarder: o, küçə-küçə gəzib ayaqqabı satırmış – FOTOLAR
Bizi izləyin

Digər

Yaponları aldadan milyarder: o, küçə-küçə gəzib ayaqqabı satırmış – FOTOLAR

O, iş həyatına idman jurnalisti kimi başlayıb. Əsgərlikdən qayıtdıqdan sonra ixtisasını biznes sahəsinə dəyişib. Yaponiyadan ucuz aldığı ayaqqabıları köhnə yük maşınının furqonuna yükləyib səyyar şəkildə satıb. 500 dollarla başladığı biznesi illər sonra imperiyaya çevrilib. Söhbət “NIKE Inc”in yaradıcısı Fil Naytdan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Fil Naytın varlanma hekayəsini təqdim edir.

Jurnalist ailəsində

Fillip Hemmond Nayt 1938-ci ildə Oreqon ştatında anadan olub. Atası Villyam Nayt “The Oregon Journal” da hüquqşünas işləyib. Portlenddə böyüyən Fil elə bu şəhərdəki orta məktəbə gedib. Yay tətillərində jurnalisti kimi işləyib. Yeri gəlmişkən, deyilənlərə görə, atası öz qəzetində iş vermədiyindən Fil rəqib qəzetlərdən birində gecə növbəsində iş tapıb. O, hər səhər 7 mil qaçaraq evə gəlirmiş.

Nayt ali təhsilini Oreqon Universitetinin jurnalistika fakultəsində başlayır. Tələbə olduğu müddətdə “Oregon Daily Emerald” qəzetində reportyor kimi çalışır. 1959-cu ildə Oreqon Universitetini bitirərək hərbi xidmətə yola düşür. Qayıtdığı zaman təhsilini davam etdirməyi qərara alır və “Stanford Graduate School of Business”də iqtisadiyyat üzrə magistratura oxuyur. Stanford onun həyatını dəyişir. Nəyahət, o, qeyri-idman məzmunlu kitablar oxumağa başlayır. 1962-ci ildə Stanfordu biznes inzibatçılığı ixtisası üzrə bitirir. Atasının təkidi ilə mühasibatlıq şirkətinə işə düzəlir. İşi ilə əlaqədar Yaponiyaya təcrübə keçməyə gedir. Məhz bu səfər nəticəsində o, biznesinin fəlsəfəsini yaradır. Bu arada Fil Yaponiyada təkcə biznes qurmağı öyrənmir. Yaponlara xas bəzi adətləri də mənimsəyir. Həmin gündən indiyədək Naytın ofisinə gələn hər kəs ayaqqabısını qapıda soyunur.

Şirkətini necə qurur?

Fil Yaponiyada işgüzar səfərdə olarkən ”Tigers” krossovkalarının istehsal edildiyi “Onitsuka” fabrikində olur. Həmin krossovkalar quruluş baxımından “Adidas”a bənzəsə də, qiymət baxımından xeyli ucuz idi. Məhz bu da onun diqqətini çəkir. Belə ki, Amerikada “Adidas” həddən artıq baha satılırdı. Konkret Amerika istehsallı idman ayaqqabıları 5 dollar təşkil etdiyi halda, “Adidas” 30 dollar idi. Peşəkar idmançılar 30 dollarlarından keçib “Adidas” alsalar da, həvəskarlar üçün situasiya kritik idi. Fll yaponları aldadaraq, Amerika şirkətlərindən birinin distribüteri olduğunu bildirərək, onlarla müqavilə bağlayır. “Onitsuka” şirkətinin Amerikadakı rəsmi distribüterinə çevrilir. 1964-cü ildə Amerikaya qayıdan 26 yaşlı kommersant valideynlərinin qarajından baza kimi istifadə edir. Deyilənə görə, birinci partiya mal üçün o, yaponlara 500 dollar ödəyir. Satışa gəlincə, Fil bunu özünün köhnə yük maşını ilə küçə-küçə dolaşıb, səyyar şəkildə həyata keçirir. Atletika yarışları keçirildiyi zaman isə Nayt furqonunda yapon krossovkalarını satışa çıxarır. Beləcə, dünyaya “Blue Ribbon Sports” şirkəti (xatırladaq ki, yaponları aldatdığı zaman da Fil şirkətinin adını belə demişdi) dünyaya gəlir. Biznesinin ilk ilində o, 1300 cüt yapon idman ayaqqabısı satmağa müvəffəq olur. Ümumilikdə 8000 dollar gəlir əldə edir. Amma bu, biznes üçün yaxşı göstərici deyildi. Bu səbəbdən, Fil həm də mühasib kimi işləyir. Lakin bir müddət sonra belə qənaətə gəlir ki, onun baha olmayan, lakin keyfiyyətli krossovkaları bazarın favoritlərini – “Adidas”, “All-Stars” və “Keds”i üstələyə bilmir.1971-ci ildə Fil mühasibatlıq işini buraxıb özünü tamamilə biznesinə həsr etməyi qərara alır. Eyni zamanda başa düşür ki, şirkətinin biznesini yaxşılaşdırmaq üçün yeni ad və loqotip lazımdır. Bu zaman onun dostlarından biri, “Blue Ribbon Sports”un ilk işçilərindən Cef Conson ona yunan mifologiyasındakı zəfər tanrısının adına müvafiq olaraq “Nike” adını təklif edir.1972-ci ildə ilk “Nike” krossovkaları bazara təqdim edilir. Karolin Deyvidson adlı tələbəyə isə 35 dollar qarşılığında “Nike”nin məşhur loqotipini – “Swoosh”u hazırlatdırırlar.

Beləliklə, 1972-ci ildə “Nike” adı altında öz ayaqqabılarını bazara çıxaran şirkət bir il sonra kolleksiyasını təqdim edir.

1975-c ildən isə “Nike”nin məşhur “vafli” altlıqlı ayaqqabıları dükanlarda peyda olur. Altlıqların belə dizaynda hazırlanmasının maraqlı tarixçəsi var. Yazılanlara görə, Filin ortaqlarından biri həyat yoldaşının vafli hazırlayan qabından rövnəqlənir. Onun ideyası bazarda özünü doğruldur. Çünki belə atlıqlarla hərəkət etmək asan olmaqla bərabər, ayaqqabılar çox yüngül idi. Fil Nayt özü bu haqda belə deyir: “Sektorda liderliyi qoruyub saxlamaq üçün hər dəfə yeni bir şey təklif etmək lazımdır. Bilin, digərlərinin ağlına gözəl ideyalar gəlirdi və biz onları realizə edirdik. Bunlardan biri də vafli altlıqlı ayaqqabılardır”.

1978-ci ildə “Blue Ribbon Sports” rəsmi şəkildə “Nike Inc” adlandırılır. Elə həmin ildən etibarən “Nike” ayaqqabıları Avropada da satılmağa başlanır. Beləcə, marka qısa müddətdə ABŞ sərhədlərini aşır.1980-ci ildə “Nike” idman ayaqqabıları bazarının 50 faizini ələ keçirməyi bacarır və “Adidas”, “Puma” kimi klassiklərə meydan oxuyur. İş adamı istehsalı ucuzlaşdırnaq üçün “Nike”ni Çin, İndoneziya, Meksika, Pakistan kimi üçüncü növ ölkələrin zavodlarında istehsal edir. Özünün bu barədə dediklərindən: “Həmişə istehsal xərclərimizi aşağı həcmdə saxlamağa çalışmışıq. ”Puma”, “Adidas” kimi şirkətlər öz məhsullarını insan əməyinin baha olduğu Avropa ölkələrində istehsal edirlər. Amma biz Asiyada bu məhsulların ucuz başa gəldiyini bilirdik. Buna görə də, istehsal prosesini idarə etmək məqsədilə özümüzün ən yaxşı menecerlərimizi ora göndərdik”.

İttihamlara görə, ”Nike” bəzi yerlərdə işçilərinə hətta ayda cəmi 40 dollar ödəyir. Maraqlıdır ki, istehsala az pul xərclənsə də, brendin məhsulları kifayət qədər bahadır.

Hazırda “Nike” təkcə ayaqqabı deyil, köynək, şortik, kostyum, eləcə də bir sıra idman geyimləri istehsal edir. Məhsullarını “Nike”, “Nike Golf”, “Nike Pro”, “Nike+”, “Air Jordan”, “Nike Skateboarding” və törəmə “Hurley International”, “Converse” brendi altında satır. Fəaliyyəti dövründə “Nike” bir çox geyim şirkətlərini satın alır. Bu sırada xüsusən yüksək keyfiyyətli ayaqqabı brendi “Cole Haan”ı (1988) və “Bauer Hockey”in(1994) adını çəkmək olar. 2002-ci ildə isə “Nike” geyim şəbəkəsi “Hurley International”i əldə edir. 2004-cü ildə İngiltərə yığma komandasının geyim dəstini hazırlayan “Umbro”nu satın alır. Lakin sonradan “Nike” əsas diqqəti ilkin biznesinə yönəltmək üçün törəmə şirkətlərinin çoxunu aldığı kimi də satır. Məsələn, 2012-ci ildə “Umbro”, “Bauer Hockey”, 2013-cü ildə isə “Cole Haan” satılır. 2013-cü ilin məlumatına görə, “Nike” iki törəmə şirkətə – “Converse” və “International”a sahibdir. Şirkət idman avadanlıqları, geyim istehsalından başqa “Niketown” adı altında pərakəndə mağazalar şəbəkəsini idarə edir. Eləcə də, o, çoxlu sayda idman komandasının və idmançının sponsorudur.

“Nike”nin maliyyə göstəriciləri

Analitiklərin rəyinə görə, “Nike” Amerikanın basketbol ayaqqabı bazarının 95 % -nə sahibdir. Brend 10,7 milyard dollar dəyərləndirilir. Ən bahalı ticari markalardan sayılır. “Nike” 2013-cü ilin sentyabrından Dou-Djons sənaye indeksinə daxil edilib. 2011-ci ildə “Nike Inc”in dövriyyəsi 20,86 milyard, əməliyyat gəliri 2,85 milyard, xalis gəliri 2,13 milyard dollar olub. 2012-ci ildə dövriyyə 24,1 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə şirkətin gəliri 16,325 milyon, xalis gəliri 1,491 milyon dollar idi. Şirkətin prezidenti Mark Parker, idarə heyətinin rəhbəri isə Fil Naytdır. Şirkət bir sıra futbol komandalarını geyindirir. Türkiyə, Braziliya, Hollandiya, Portuqaliyanın milli komandaları “Nike Inc” şirkətinə sifariş verirlər. Bu gün təkcə milli komandaların deyil, klubların da – “Manchester United”, “Porto”, “Celtic”, “Inter”, “Trabzonspor”, “Galatasaray SK” və “Barcelona”nın formaları “Nike”nin istehsalıdır.

Şəxsi sərvəti

Fil Naytın şəxsi sərvətinə gəldikdə, o, dünyanın ən varlı adamlarının arasında 34-cü sırada yer alır. 500 dollarla biznesə başlayan Naytın 21,7 milyard dolları var. “Forbes”in qiymətləndirməsinə əsasən, 2014-cü ildə onun sərvəti 153 milyon dollar (0,7 faiz) azalıb.

Ailəsi

1968-ci ildə Penelopo Parki ilə ailə quran Naytın bu evlilikdən üç övladı var. La Quinta, Kaliforniyada yaşayırlar. Milyarderin evi ən bahalı malikanələrin siyahısına daxil edilib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm