Bu şəhərin insanları...
Bizi izləyin

Digər

Bu şəhərin insanları...

- Axşamın xeyir! – günün günorta çağında dedi adam və qol saatına baxıb gülümsündü. Üç dəqiqə sonra yenə qaranlıq çökdü.

Onlar üçün həmişə axşamdır, onlar üçün günəş tunelin sonunda doğar...


İlk dəfə qatarla gəlmişdim bu şəhərə – günəş doğarkən. Kiçik qəsəbənin böyük arzular quran oğlu arxasında bir cüt göz buraxıb böyük şəhərlərə doğru böyük adam olmaq üçün qaçmışdı. Şəhər onu səhərin ilk çağında çörək dalınca çıxan yaşlı pozğun qadını, dilənən qarısı, bir də soyuq küləyi ilə qarşılamışdı. Bu şəhərin insanları da buz kimi idi – özü kimi, illər bunu öyrədəcəkdi ona...


- Günortan xeyir! – divarın dibində büzüşmüş adam sübh çağı perakşi satan ümid dolu qadını salamlayır.

Gecələrin soyuğunda küçələrdə yatanlar üçün günortadır həmişə. Ta axşamdan canını isitmək üçün günəşin doğmasını, üfüqə qalxmasını gözləyər onlar...


Günəş doğarkən qatarla gəlmişdi bu şəhərə... Vağzal binasının böyüklüyü vahimə yaradırdı. Amma vitrinlərdəki işıqlar cəlbedici, vitrin boyu düzülən donmuş manekenlər sabahlara qədər işləyən gecə növbətçiləri kimi oyaq idi...

- Sabahın xeyir! – axşam saat doqquzda dedi adam, növbəni təhvil alarkən. Onlar üçün səhər gecələr açılar...

... Axşam saat doqquz idi metro qatarı stansiyaya sürətlə yan alarkən. Bu şəhərin insanlarına tanışlıq, sevgi, dincəlmək, bir də yatmaq üçündür metro...


...55 yaşlarında bir qadın lap küncdəki oturacaqda qısılıb qalıb. Qaralmış gözlərinin altını makiyajla örtməyə çalışsa da, uğursuz alınıb deyəsən. Çiyinlərində batmış başının ağardığını rəng qoyduğu saçlarının dibindən görmək olur. Dərisi getmiş ayaqqabısı çoxdandır yağ üzü görmür. Ucuz mallar satılan yerdən aldığı tüklü paltosuna bərk-bərk bürünüb, sanki gizlənmək istəyir hər kəsdən. Girdə üzündə yorğunluq o qədərdir ki, sanki sabah olmayacaq, sanki bu gecə hər şeyin sonudur. Onun üçün həmişə axşamdır. Axşam olsa işdən çıxar, yorğun ayaqlarını güclə metroya salar, özünə yer tapmaq üçün yan-yörəsinə baxar, hətta gəncləri baxışları ilə deşər oturmaq üçün.

Bəlkə də, bütün günü düşündüyü budur, bəlkə də, metroda yer tapmaqdır həyat bu şəhərdə...


... Qatarın təkanı insanları yırğalayır. Qarşı oturacaqda mürgüləyən yaşlı adam yuxusundan olur. Xumarlanmış gözləri ilə ətrafı süzür və yenidən yuxuya gedir. Qırışlı üzünə sakitlik çöküb, yırtılmış ayaqqabılarını gizlətmək istəmir. Yanındakı oturacaq boşdur, pis qoxu gələn adamın yanında oturmaqdansa, yol boyu ayaq üstə getməyi seçənlərin sayı nə qədər desən. Onun üçün həmişə günortadır. Yata bildiyi isti qatarda belə günəş doğub onun üçün. Bu pis qoxulu adam sonuncu stansiyaya qədər gedəcək, sonra yorğun ayaqlarını sürüyüb yeni qatara minəcək və yenə sonuncu stansiyaya qədər gedəcək. Daim gedəcək. Sona qədər. Ona görə yuxusundan olduğu hər yer sondur. Yuxudan sonra yeni başlanğıcları gətirər mədəsinin qayğısı.

Bu qoxulu adam üçün yatmaq və yeməkdir həyat bu şəhərdə.

... Bir cüt göz zillənib qoxulu adama. Gənc qızın gözəl gözlərində mərhəmətdən çox “Gör necə insanlar var” deyən yazıqlıq var. “Gör necə gözəldir” deyə bir cüt göz də gənc qıza zillənib arxadan. Bir cüt göz də qıza baxan gözlərin sahibinə zillənib yerini dar etdiyi üçün...


Qız üçün gördüyü mənzərə, ona baxan üçün gözəl qız, o biri üçünsə qatarda rahat yer tapmaqdır həyat bu şəhərdə.


... Bir də ucuz, amma təmiz kostyumlu, qalstuk taxmış adam var. Yəqin, hər səhər həyat yoldaşı illərdir taxdığı bu qalstuku düzəldib yola salır onu qapıdan. İri çantasını qoltuğunda bərk-bərk tutaraq, gözlərini önündəki qəzetə zilləyib.
Həmişə sabahların açılmasını gözləyir ki, işə tələssin. Ayın sonuna da tələsir hər gün, alacağı aylıq maaşa doğru günlərdən daha tez qaçır. Qalstuklu adam üçün aylıq maaşı gözləməkdir həyat bu şəhərdə.


... Qatar “Nəsimi” stansiyasına yan alır və yan oturacaqda ağ bənizli adam ölü kimi donuq baxışlarla önünə baxır. Sanki Hələbdə güllələr altında yatan Nəsiminin qəbrində oturub. Onun üçün ölü kimi yaşamaqdır həyat bu şəhərdə.

“Böyük şəhərlər insanları kiçildər” deyib dahilərdən biri. Doqquz il öncə böyük adam olmaq ümidi ilə gəldiyi bu şəhərdə kiçilmişdi o da. Ona görə böyük şəhərin kiçik insanları ilə savaşmaqdır həyat. Bu şəhərdə...
Bu şəhərin kişisi də, qadını da çox yorulub, ölümə tələsir hər kəs. Kimisi üçün sabahdır həmişə bu şəhərdə, kimisi üçün günorta... Onun üçünsə, sabahlar da, gündüzlər də, axşamlar da həmişə gecədir bu şəhərdə.


- Axşamın xeyir! – hər gün günortanın oğlan çağında metroda rastlaşdığım qatar sürücüsü əlində taxtadan işarə tutmuş qadına deyir.
Onlar üçün həmişə axşamdır, günəş tunelin sonunda doğar...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm