Məşhur aparıcı: “Ərimi əlimdən ala biləcək qadın axtarıram”
Bizi izləyin

Digər

Məşhur aparıcı: “Ərimi əlimdən ala biləcək qadın axtarıram”

“Ulduzlu axşam”da bu dəfə həmsöhbətim Dövlət Yuğ Teatrının aktrisası, eyni zamanda, aparıcı kimi fəaliyyət göstərən Zümrüd Qasımovadır. Onu Azərbaycan səhnəsində ən cəsarətli aktrisa kimi tanıyırıq. İllər öncə Vaqif İbrahimoğlunun “Canımda can” tamaşasında erotik obrazı ilə hər kəsi heyrətləndirən Zümrüd bu dəfə sizləri maraqlı fikirləri ilə də təəccübləndirəcək.

- Aparıcı kimi qarşına hansısa məqsəd qoymusan?

- Hansı televiziyada aparıcı olmağımdan asılı olmayaraq, məni bircə şey maraqlandırır: verilişim keyfiyyətli və qalmaqalsız olsun. İnsanlar qalmaqallardan, şou verilişlərdən yorulub. Önəmli deyil ki, hər verilişdə musiqi olsun, bir az da söz dinləməyi bacarsınlar, desinlər, gülsünlər. Verilişimdə gündəmə uyğun səmimi söhbətlər edirik.

- Səncə, aparıcı hansı keyfiyyətlərə malik olmalıdır ki, özünü izləyicilərə sevdirə bilsin?

- Ən əsası, səmimiyyət və insanlıqdır. Efirdə bu keyfiyyətləri çox dəyərləndirirlər. Bu mənəm, özümü yalandan niyə cilddən-cildə salım ki? Sözün düzü, mən özümü gözəl qadın saymıram, amma şirinliyim var. Məncə, bu şirinliyimlə özümü sevdirə bilirəm. Əlbəttə, hər insan məni sevə bilməz, bu, anormallıq olardı. Məni sevməyən insanlar da olmalıdır ki, bilim, hər şey normaldır.

- Yəqin, paxıllığını çəkənlər də az olmaz...
- Elə şeylərə fikir vermirəm. Əlbəttə, hamının içində paxıllıq hissi var, niyə yalandan deyək ki, yoxdur. Gözəl bir veriliş olanda içimdən bir paxıllıq keçir ki, kaş məndə də belə olsun. Kimdənsə nəyisə götürürəm.

- Həyat yoldaşının sənə qadağaları olur?

- Verilişlə bağlı müəyyən məsləhətlər verir.

- Məsələn?
- Deyir ki, müəyyən məqamlarda daha dinamik ol və s. Amma qadağalar yoxdur. Yalnız bir qadağası var ki, verilişdən sonra mütləq evə getməliyəm. Geyimlə bağlı müəyyən qadağalar ola bilərdi. Arıq olsaydım, bəlkə də, başqa cür geyinərdim. İndiki halda yaşıma, görkəmimə, stilimə uyğun geyinirəm. Önəmli olan geyim deyil, önəmli olan insanlara pozitivlik və xoşbəxtlik hissi ötürməkdir.

- Xoşbəxtlikdən söz düşmüşkən, adam var, xoşbəxt olmaq üçün bir söz yetər. Bəs səndə necədir?

- Həyatda yaşadığım dəhşətlərdən sonra mənim üçün xoşbəxtlik hər bir şeydədir. Gecə yatıb, səhər duranda özümü xoşbəxt sayıram. Canım sağdırsa, xoşbəxtəm, sevdiyim kişi yanımdadırsa, xoşbəxtəm. Davalarımız da, barışığımız da gözəldir. Mən bilirəm ki, o insan var. Bəzən bizə baxıb təəccüblənirlər ki, bu, necə münasibətdir? Bu da mənim həyatımın gözəlliyidir. İkimiz də qoç bürcündənik, belə olmalıyıq ki, həyatımız maraqlı olsun.

- Davalar olanda güzəştə birinci kim gedir?

- Düzünü desəm, elə ikimiz də. Amma mən bir az kinliyəm.

- Həyat yoldaşında elə bir xüsusiyyət varmı ki, deyəsən, kaş bu xasiyyəti olmayaydı?

- Bu günlərdə verilişimdə də bu mövzu müzakirə olunurdu: ideal kişi necə olmalıdır? İdeal kişi mənim həyat yoldaşımdır. O, qüsurları və mənfi xüsusiyyətləri ilə birgə mənim üçün ideal kişidir. Hərdən istəyirəm ki, qısqanclığı bir az azalsın, qalan xüsusiyyətləri artsın. Amma sonradan deyirəm ki, yox, olduğu kimi qalsın. Çünki dəyişsə, artıq mənim sevdiyim insan olmayacaq. Heç məni də dəyişməyə çalışmasın. Çünki məni dəyişməyə çalışsa, mən özümü itirəcəm.

- Yaxşı, o zaman gəl onda dəyərləndirdiyin xüsusiyyətləri sadala…

- Həddən artıq səxavətli insandır və sonuncu qəpiyini də gətirib mənə verir. Demirəm ki, milyonlarımız var, amma nə qazanırsa, mənə səxavətlə xərcləyir. Özünə qıymayacaq, amma ən gözəl ayaqqabını, ən gözəl libası mənə alıb geyindirəcək. Çox ürəyiaçıq insandır, mənim uğurlarıma sevinir. Düzdür, mənim işləməyimi istəmir, evdə oturub evdar xanım olmağımın tərəfdarıdır. Təbii ki, hər bir kişi sevdiyi qadının evdə oturub ona qulluq etməyini istəyər.

- Bildiyimə görə, çox qısqancdır...

- Mən də onu çox qısqanıram və həyatımı onsuz təsəvvür etmirəm. Həyatımın bütün acılarını onun sevgisi ilə yox etmişəm.

- Tanınmış aparıcısan, aktrisasan, hər halda, verilişdən sonra, yaxud elə küçədə sənə yaxınlaşıb, xoş söz demək istəyənlər də olur. Yoldaşının buna reaksiyası necə olur?

- Əslində, yoldaşım o qədər zəhmlidir ki, yanında kimsə mənə nə baxa, nə də yaxınlaşa bilir. Amma uşaqlar, yeniyetmələr hər zaman yaxınlaşır, şəkil də çəkdiririk. Hər halda, qısqanclığı da sevgidəndir.

- Bütün sevgilər adiləşir axı…

- Altı il yarımdır ki, bir yerdəyik, maşallah, hələ ki, sevgimiz bizim üçün adiləşməyib. Tez-tez dalaşıb, barışmaq lazımdır – bu, sevgini daha maraqlı edir. Bunu bütün sevənlərə məsləhət görərdim.

- Qısqanc xanımların bir hobbisi də var - ərlərinin telefonunu qurdalamaq. Sən də beləsən?

- Mənim ixtiyarım yoxdur ki, ərimin telefonuna baxım.

- Bəs o?

- Onun ixtiyarı var və baxır da. Amma mən onun telefonunda nə mesajlara baxa bilərəm, nə başqa şeyə. Bunlar barədə tam məlumatsızam. Çünki o, mənə o qədər sevgi verir, diqqət göstərir ki, telefonuna baxmağa ehtiyac da qalmır. Əminəm ki, ərim heç kimlə yazışmır.

- Səncə, sevgini nə bitirə bilər?

- İnsanların özlərindən asılıdır. Bir-birlərini bezdirməsinlər, bir-birlərini incitməsinlər. Sevgi o qədər gözəl hisdir ki, onu dolu-dolu yaşamaq lazımdır. Böyük, dəyərli sevgi hər insanın həyatında olmur. Bu, Allahın hədiyyəsidir. Məsələn, mənim həyat yoldaşım bir də görürsən, qəpik-qəpik toplayıb üst-üstə qoyur, deyir ki, Zyuma, gəl, bir neçə günlük harasa gedək. Bir-birimiz üçün maraqlı olmağa çalışırıq. Əlbəttə, o ehtiras, dəli çoşqu ola bilsin ki, bitsin, amma ruhsal hisslər heç vaxt bitmir. Sevgi ruha bağlıdır axı.

- Çox cazibədar, ağıllı, bacarıqlı xanımsan. Mənə çox maraqlıdır, belə gözəl qadın ərini necə bir qadına qısqanardı?

- Ərimi o qadına qısqanaram ki, o qadın həyat yoldaşıma məndən çox sevgi verə bilər. Əlbəttə, hər bir kişinin xəyalında bir ideal qadın obrazı var. Tutalım, sarışın, sözəbaxan, qara, ya ala gözlü və s… O xüsusiyyətlər məndə yoxdursa, hansısa qadında varsa, ərimi ona qısqana bilərəm. Amma belə götürəndə, digər qadınları özümə rəqib görmürəm. Çünki münasibətimiz o qədər gözəldir ki, aramıza girə biləcək cəsarətli qadın axtarıram.

- Zümrüd, həyatında nə çatmır?

- Bir neçə ideyam var ki, onları reallaşdırmaq istərdim. Onlar barədə qabaqcadan danışmaq istəmirəm. Ən böyük arzum ana olmaqdır. Allah mənə ömür versin ki, yoldaşımın qocalığını görüm. Deyirəm, qocalasan və məndən başqa heç bir qadına lazım olmayasan.

- O qədər pullu qoca kişilər var ki, nəvələri yaşda qızla sevişirlər…

- Yox, mən həmişə deyirəm ki, Allah sənin başından o qədər çox pul töksün ki, mən da ayağının altından yığışdırım. Bu insan sonuncu qəpiyini gətirib mənə verir və mən onun nə qədər pul qazandığını da bilirəm.

- Evdə ən çox nə üstündə söz-söhbət düşür?

- Yoldaşımın xasiyyətidir, evdə ayaqqabı ilə gəzir. Bu da ona irsən keçib. Amma bu, mənim xoşuma gəlmir.

- Bəs yemək üstündə söz-söhbət olur?

- Yox, nə bişirib qabağına qoysam, yeyəcək.

- Ən dadlı bişirdiyin yemək hansıdır?

- Antrikotu kartof, bibər və pomidorla qızardıram. Bu, yoldaşımla mənim şah yeməyimizdir..

- Bəs onun səndə dəyər verdiyi xüsusiyyət hansıdır?

- Gözəlliyimi yox, yalnız ürəyimi sevir. Çünki həyatında çox gözəl qadınlar görüb.

- Xəyanətlə qarşılaşsan, neyləyərsən?

- Bağışlayaram. Çünki onu heç kimə vermək niyyətim yoxdur. Onun həyatından kimlərsə gəlib-keçə bilər. Bəzən deyirlər e, mən heç vaxt ondan ayrılmaram-filan, yalan söhbətdir. Hər bir şeyin sonu ola bilər. Elə bizim də münasibətimizin. Amma gözəl olar ki, biz bu sevgini həmişə qoruya bilək.

- Zümrüd, insanlarda, cəmiyyətdə səni ən çox qıcıqlandıran xüsusiyyət hansıdır?

- İkiüzlülük, arxada quyu qazmaq. Sözün var, gəl, üzümə de də. İstəyirəm ki, insanlar həyatlarını sevsinlər və daha çox ətrafdakılara pozitiv hisslər ötürsünlər. Onda belə şeylərə də vaxtları qalmayacaq.

- Eyni dərddəyik ki… Ən çox nəyə pul xərcləyirsən?

- Çanta, ayaqqabı və üst geyimlərinə.

- Brend önəmlidir?

- Beş manatlıq ayaqqabı da geyinə bilərəm, 200-300 manatlıq da. Əsas odur mənə yaraşsın və rahat olsun.

- Qarderobda artıq qalan paltarları saxlayırsan?

- Bəzilərini bacılarıma, yaxınlarıma verirəm, bəzilərini də saxlayıram, kiməsə verməyə əlim gəlmir. Kökəlib-arıqlayandan sonra yenidən özüm geyinirəm.

- Ətir qadınlar üçün çox həssas məsələdir...

- Razıyam. Həyat yoldaşım bilir ki, 12 ildir “Şanel Şans” istifadə edirəm. Düzdür, dəyişmək üçün o, mənə yeni ətirlər alır, amma mən xahiş edirəm ki, nolar, mənə “Şanel” al da.

- Sənə əziz olan elə bir əşya varmı ki, onu hər zaman üstündə gəzdirirsən?

- Bax bu üzüyü 7 ildir ki, barmağımda gəzdirirəm. Bu bloknotum da üstümdə olur, çünki yaddaşım zəif olduğu üçün hər şeyi bura qeyd edirəm.

- Əlamətlərə inanırsan?

- Yox, bir tək Allaha inanıram.

- Başın qarışıb aparıcılığa, sən axı həm də aktrisasan. Səhnəni unutmamısan ki?

- Yox, eyni zamanda aktrisa kimi də fəaliyyətimi davam etdirirəm.

- İlk dəfə Vaqif İbrahimoğlunun hazırladığı tamaşada cəsarətli obrazınla məşhurlaşdın. Açıq-saçıq səhnəni nəzərdə tuturam. İndi də belə bir obrazda oynayardın?

- Hollivud səviyyəli, keyfiyyətli bir tamaşa olarsa, bu barədə düşünmək olardı. O qədər arzuladığım rollar var ki, hələ də oynamamışam.

- Məsələn?

- Teatrda Leylini oynayardım.

- Bəs hansı sənətçi ilə tərəf-müqabili olmaq istərdin?

- Önəmli deyil. Əgər bu rolu versələr, o məqamda bu barədə düşünə bilərəm. Film üçün acam, çox istəyirəm ki, filmlərə çəkilim. Yaşım da artır axı. Söz yox ki, 40 yaşımda da elə bir rola çəkilib parıldaya bilərəm. Amma istəyirəm ki, 40 yaşıma qədər bütün bunları edim. Çünki hər zaman deyirəm ki, mənim vaxtım çox azdır. Uzun yaşamaq istəyirəm, amma hər zaman tələsirəm. Elə bilirəm ki, vaxtım az qalıb. Xəstəlikdən sonra belə oldum.

- Amma o xəstəliyi yendin.

- Yendim, amma hər dəfə o qorxu var içimdə. Həyatdır, heç nəyi bilmək olmur. Nəyi ki 50 yaşımda görmək istəyirəm, onu indi görmək arzusundayam.

- Ən zəif nöqtən nədir?

- Uşaqlar.

- Xəstəliyini xatırlatmaq istəmirəm, amma mənə çox maraqlıdır, həmin ağır durumunda sənə güc verən nə oldu?

- Sevdiyim insanın sevgisi. Heç anama da deməmişdim xəstəliyimi. Amma Türkiyəyə əməliyyata gedəndə sevdiyim kişi uşaq kimi başımın üstündən bir addım çəkilmədi. Əməliyyatdan sonra on gün yanımda oldu, nazımla oynadı. Sevgi, sevgi, yenə də sevgi. Bu sevgiyə görə ömrümün sonuna qədər ona borcluyam. Bax indi bura gələndə biz onunla dalaşmışdıq. Amma barışdıq.

- Bu küsülülük nə qədər çəkir?

- On beş-iyirmi gün. Evdə əşyalarımı yığıram çamadana və çıxıb gedirəm. Barışandan sonra yenidən qayıdıram.

- İlk addımı kim atır bəs?

- Elə ikimiz də. Zənglər olur, heç birimiz cavab vermirik, sonra mesajlar başlanır. Nəhayət, qarşılıqlı güzəştlərlə barışırıq.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm