Başqalarının şücaəti ilə qürur duymaq...
Bizi izləyin

Digər

Başqalarının şücaəti ilə qürur duymaq...

Əslində, kimisə qorumaq, kiməsə can yandırmaq norma olmalıydı. Amma görünür ki, deyil. Olsa, qəhrəman, qəhrəmanlıq olmazdı – nə söz kimi, nə məfhum kimi. Olsa, heç qəhrəmanlığa ehtiyac da qalmazdı...

Çox sevdiyim bir müəllif var – bizim Məmməd Süleymanov və onun çox sevdiyim bir fikri var: deyir, qəhrəmanlıq adamın öz evindən başlayır, arvadından (ərindən), uşağından – onları sevmək və qorumaq istəyindən...

Əlbəttə, heç kəs birdən-birə dünyanı qurtarmağı qarşısına məqsəd qoymur. Çünki dünyanı qurtarmaq onsuz da mümkün deyil. Əvvəl özünü düşünməlisən, sonra yanındakını, sonra yaxınları, sonra bir az uzaqları və beləcə, sən istədin-istəmədin, bütün bəşəriyyəti düşünməli olursan. Yeri gəlmişkən, bir məsələyə toxunaq. Niyə bizdə qəhrəmanlıq (əslində, bir çox mövzularda – ana, sevgi, təbiət və s və i.a.) mövzusunda əsərlər zəif alınır? Ona görə ki, ümumi sözlərlə kifayətlənirik. Məsələn, “qəhrəmanlar yurduyuq”, nə bilim, “Babək-Həcər nəvəsiyik”, amma qəhrəman nə üçün qəhrəman olur, necə olur, onun fəaliyyəti hansı detallarda özünü büruzə verir – bütünbunlar qalır kənarda. Niyə? Ona görə ki, hazır kalka var – filankəs qəhrəmandır. Uzağı, “niyə” sualına bir-iki cümləlik cavabımız olur – “on nəfəri xilas edib”, ya “düşmən kinoteatrını partladıb” və s. və i.a. Detalları düşünməksərf eləmir. Çünki bu, əlavə enerji, vaxt istəyir. Biz hazıra nazir olmağı sevirik – başqalarının şücaəti ilə qürur duymaq daha asandır axı...

Qəhrəman həmişə çətin vəziyyətlərdə doğulur (söhbət, təbii ki, fiziki doğuluşdan getmir). Amma bu gün hamımız rahatlığa qaçırıq. Məsələn, uşaqlarımızı pamperslə böyüdürük, ana südü əvəzinə cürbəcür uşaq qidalarından istifadə edirik, oğlumuz qonşu uşağıyla dalaşanda ətəyimizi əlimizə alıb (qəsdən məlum vulqar ifadəni yazmadım), “düşmən” ananın mənzilinə hücum edirik, uşağımızı əsgərlikdən qoruyuruq ki, aman-zaman oğlumuza bir şey olmasın, övladımız bizim seçimimizə uyuşmayan qızla ailə quranda mərəkə çıxarırıq, haqlı-haqsız bizi qoyub başqasını müdafiə eləyəndə qəzəblənirik. Bax buna görə qəhrəmanlıq norma deyil, qəhrəmanlıq elə məhz qəhrəmanlıq tələb edir.

Qəhrəman adi inşandı. Adi kişi. Adi qadın. Ani bir situasiyada qəhrəmana çevrilir. Bircə anda. Amma o bircə ana qədər onun özündən də xəbərsiz içərisində toplaşır, damla-damla yığılır qəhrəmanlıq...

Son zamanlar müşahidə edirəm, avtobuslarda qıza-qadına yer verməyib, sakitcə oturan oğlanların sayı artır. Eləcə də onları müdafiə edən qərbdüşüncəli qadınlarımız da çoxalıb. Məni qınamayın, yarım saatlıq yolu ayaq üstə dayana bilməyəcək kişidən nəinki qəhrəman, heç arvadı, uşaqları üçün normal kişi də çıxmayacaq. Çıxa da bilməz...

Hər qəhrəmanı bir ana doğur, bir ana yetişdirir, bizim analarımız isə indi daha çox nərmənazik, soyuğa-istiyə davamsız, süst oğlanlar yetişdirir – potensial “mavilər” belə yaranır. Fikir vermisinizmi, onları sayı günü-gündən artır. Artacaq da...

Axı qəhrəman anası olmaq hər ananın işi deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm