Xalq artisti: “Yataq səhnəsinə çəkilmək təklif olunsa...” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xalq artisti: “Yataq səhnəsinə çəkilmək təklif olunsa...” – FOTOLAR

Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, xalq artisti Pərvanə Qurbanovanın Publika.az-a müsahibəsi

- Pərvanə xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- Teatrımızda yeni tamaşalar hazırlanır. Hələ ki məşğul deyiləm. İnşallah, martda yeni tamaşalar olmalıdır. Həm “Dəli yığıncağı”nda, həm də Əli Əmirlinin “Aktrisa” pyesində rol alacağam. Amma deyim ki, əsəri oxumamışam.

- Seriala çəkilirsinizmi?

- Bir neçə gün öncə “Tufanlı səma” adlı serialın çəkilişlərini bitirdik.

- Rejissoru kimdir?

- Sain Qəhrəmanın serialıdır, martda yayımlanacaq.

- Bu serialda hansı rolu oynayırsınız?

- Yenə ana obrazıdır, serialın baş qəhrəmanlarından biridir.

- Serialda debütünüz “Pərvanələrin rəqsi” ilə olmuşdu?

- Ondan əvvəl İctimai Televiziyanın çoxseriyalı bədii televiziya filminə - “Döngələr”ə çəkilmişəm. Həmin 15 seriyalıq ekran işinin rejissoru Cavid Təvəkküldür. Amma deyərdim ki, debütüm “Pərvanələrin rəqsi” ilə olub.

- Niyə?

- Çünki 30 ildən sonra respublikada məni tanıdan, Pərvanə Qurbanova kimi təqdim edən məhz “Pərvanələrin rəqsi” oldu.

- “Döngələr”də də ana obrazındaydınız?

- Bəli, baş rollardan biri - Sara xanım idi.

- Sizcə, niyə məhz “Pərvanələrin rəqsi”ndəki rolunuzla daha çox yadda qala bildiniz?

- Onu tamaşaçılar daha yaxşı bilər. Mənim üçün bütün rollarım əzizdir. Çünki hamısına əziyyət çəkirəm.

- Nə üçün sizə, adətən, ana obrazları həvalə olunur? Yetərincə baxımlı qadınsınız, daha fərqli obrazlar yarada bilərsiniz...

- Çox sağ olun xoş sözlərinizə görə. Bu, yaşımla əlaqədardır. Mənim elə də az yaşım yoxdur, bu il əlli yaşım tamam olur.

- Təbii ki, yaşınızı bilirəm. Amma məsələn, bir iş xanımı, gənc sevgilisi olan bir qadın obrazlarını sizə həvalə edə bilərlər. Bəs sizcə, niyə etmirlər?

- Yəqin ki, bu, onların fikridir, mən heç nə deyə bilmərəm.

- Həvalə etsələr, özünüzü o tip obrazda görərsiniz?

- Yəqin ki, fikirləşib, sonra cavab verərdim.

- İndi mən sizdən soruşdum. İlk cavabınız nə olardı?

- Deyərdim ki, qoy oxuyum, fikirləşim, sonra cavab verərəm.

- Məsələn, hansı məqamlar olsaydı, razılaşmazdınız?

- Aktrisayıq, hansı rolu tapşırırlarsa, oynamalıyıq. Amma mənim xislətimə zidd şeylər olsa, bir az fikirləşərdim.

- Məsələn, yataq səhnəsi olsaydı...?

- Qətiyyən razılaşmazdım.

- Amma belə bir deyim var ki, peşəkar aktrisa bütün rolları oynamağı bacarmalıdır.

- Bu, peşəkarlıqdan uzaq olsa da, heç vaxt razılıq verməzdim.

- İctimai qınaqdan, yaxın ətrafınızdan, yoxsa yaşadığınız bölgənin sizə münasibətindən narahatsınız?

- Bölgənin bura nə dəxli var? İctimai qınaq niyə olsun?

- Bəs onda nəyin dəxli var?

- Dəxli olan odur ki, mənim xarakterimə uyğun deyil. Hərənin dünyaya fərqli baxışı var.

- Bu cür səhnələrə çəkilən aktrisaların xislətindənmi irəli gəlir?

- Yox, yox, əstafurullah (gülür). Onlar peşəkar aktrisalardır, oynamalıdırlar, sənət bunu tələb edir. Amma dediyim kimi, hərənin dünyaya bir cür baxışı var. Bəlkə də, ondan irəli gəlir ki, mən iki qız anasıyam və o qızları, demək olar ki, tək böyütmüşəm.

- Niyə tək?

- Onların uşaq yaşlarında - 90-cı illərdə həyat yoldaşım vəziyyətlə bağlı Rusiyaya getdi. Gəncə kimi şəhərdə onları tək böyütməyə məcbur oldum. İldə bir-iki dəfə gəlirdi. O, bizimçün ora getmişdi. Mən qızlarımı qorxa-qorxa böyütdüm...

- Sonradan yoldaşınızla münasibətləriniz davam etdi?

- Bəli, davam etdi və o, beş il öncə dünyasını dəyişdi. Son gününə qədər bir yerdəydik.

- Qızlarınızdan sizin yolunuzu davam etdirəni varmı?

- Qızlarımın biri tibb sahəsindədir, artıq ailə qurub və iki nəvəm var. Digər qızım isə Xarici Dillər Universitetinin ingilis dili fakültəsinin dördüncü kursunda oxuyur.

- Bildirdiniz ki, iki qız anası olduğunuza görə açıq-saçıq səhnələri qəbul etməzdiniz. Bəs iki oğul anası olsaydınız, razı olacaqdınızmı?

- Mən onu yaşamamışam axı. Bilmirəm oğlanlarım olsa, necə olardı (gülür). Amma oğlum da olsaydı, yəqin ki, razılaşmazdım. Bu, irsən gələn bir şeydir.

- 1981-ci ildən səhnədəsiniz. Amma bildiyimə görə, ali təhsiliniz yoxdur.

- Bəli, düz bilirsiniz. Amma musiqi təhsili almışam. Orta məktəbi bitirəndən sonra teatra gəldim və elə o vaxtdan işləyirəm.

- Nə əcəb ali təhsil almağa zərurət görmədiniz?

- Bu, mənə bir az təsir edən məqamdır. Teatra addım atdığım ilk gündən mənə baş rollar həvalə olundu və bu barədə düşünməyə vaxtım olmadı. Elə insanların əhatəsində oldum ki... Söhbət Ələddin Abbasov, Rəmziyyə Veysəlova, Sədayə Mustafayeva, Məmməd Bürcəliyev, Zülfüqar Baratzadə kimi görkəmli sənətkarlardan gedir. Ali təhsil almaq üçün sənədlərimi instituta vermək istəyəndə, teatrın repertuarının 99 faizi mənim çiynimdə idi.

- Həm də ailə qurdunuz...

- Yox, hələ ailə qurmamışdan əvvəli nəzərdə tuturam. Mənə dedilər, bu cür gözəl sənətkarlardan dərs alırsan və sair. İstəyim də çox olmadı. Bilirsiniz niyə olmadı? Bu barədə heç vaxt danışmamışam. Mən valideynlərimi çox erkən itirmişəm. Artıq yeddi yaşım olanda hər iki valideynim dünyadan köçmüşdü. Gəncədən gedib Bakıda oxumaq istəsəydim də, dəstək olacaq kimsəm yox idi. Ondan sonra da ailə qurdum və yoldaşım təhsil almağıma heç cür razı olmadı.

- İstərdinizmi, bundan sonra ali təhsil alasınız?

- Bilmirəm, buna nə cür baxılardı. Amma çox istərdim. Bilirsiniz niyə? Bu gün özünü, sözünü bilməyən, sənətdən anlayışı olmayan insanlar var ki, ali təhsili olmayan aktyor-aktrisalara kinayə ilə yanaşırlar. Düzdür, ad çəkmirlər. Amma mənə də toxunacağı olur. Amma Ələddin Abbasovun, Rəmziyyə Veysəlova, Məmməd Bürcəliyev kimi sənətkarların da ali təhsili yox idi. Dərnək, xalq teatrı görmüşdüm, studiyada təhsil aldım, musiqi təhsilim var idi. Çox rahatlıqla musiqi müəllimi işləyə bilərdim. Amma bu da bir taledir.

- Bildirdiniz ki, ali təhsili olmayan aktyor və aktrisalardan danışılanda xətrinizə dəyir. Bəzən də deyirlər ki, tanınmayan, geniş tamaşaçı kütləsinə çox da tanış olmayan xalq artistləri var. Etiraf edək ki, bir serialı çıxmaq şərti ilə geniş tamaşaçı kütləsi sizi o qədər də tanımır və xalq artistisiniz. Bəs belə fikirlər sizə toxunurmu?

- Yox, qətiyyən toxunmur. Ona görə ki, düz deyirlər və haqlıdırlar. Otuz il Gəncə Dövlət Dram Teatrında kifayət qədər oynamışdım. Gəncə və Gəncəbasar zonası məni tanıyırdı.

- Yəni haqlıdırlar...

- Əlbəttə ki. Mən buna görə Rövşən İsaxa çox minnətdaram. Fəxri adlarımı da çox tez almışam. İyirmi altı yaşımda əməkdar artist, otuz beş yaşımda xalq artisti olmuşam və bu fəxri adları mənə işimə görə veriblər. Nə qazandımsa, dişimlə-dırnağımla qazandım. Gəncədə yaşayıb, həm yaxşı aktrisa olmaq - demirəm ki, yaxşı aktrisayam - həm ictimaiyyətdə, həm nəsildə hörmətli olmaq, həm ailəni qorumaq çox çətin idi. Amma tanınmağı mənə Rövşən İsax nəsib edib.

- Nə əcəb bu otuz il ərzində Bakıya gəlmək, burada işləmək istəmədiniz? Yoxsa, buna cəsarət etmirdiniz?

- Deyə bilmərəm ki, cəsarət etməmişəm. Çünki heç vaxt fikrim olmayıb. Təxminən 25 il əvvəl təkliflər var idi, yoldaşım icazə vermədi.

- Nəyə görə icazə vermirdi?

- Bilmirəm, istəmirdi. Ümumiyyətlə, ailəcanlı insanam və ailəmin istəyi mənimçün əsasdır.

- Yeri gəlmişkən bir sual verim. Yəqin ki, öz istəyinizlə ailə qurmuşdunuz?

- Bəli, bir-birimizi çox sevmişik. O, bizim teatra universitetdən təyinatla gəlmişdi. Şəmkirdən idi.

- Aktyor idi?

- Bəli. Qismət belə imiş və bu günə çox şükür. İndi iki balamız, nəvələrimiz var.

- Müəyyən yaşdan sonra insan özünə qulaq yoldaşı, dərd sirdaşı axtarır. Bundan sonra ailə qurmaq...

- (sözümü kəsir- İ.V.) Mənə o sualları verməyin. İnanın səmimiyyətimə ki, inciyirəm.

- Niyə inciyirsiniz?

- Elə şeylər mənə toxunur. Qulaq yoldaşım kifayət qədərdir. İki qızım, nəvələrim var, inşallah, yenə də nəvələrim olacaq. Yəqin ki, Allah heç vaxt məni tək qoymaz.

- Ramiz Novruz saytımıza açıqlamasında bildirmişdi ki, tezliklə Akademik Milli Dram Teatrında işə başlayacaqsınız...

- Bu barədə mənə heç nə deməyiblər. Amma Ramiz müəllimin bunu söyləməyi belə mənimçün çox xoşdur. Sağ olsunlar ki, qiymətləndirirlər.

- Ümumiyyətlə, o xəbərdən sonra Gəncə Dövlət Dram Teatrındakı həmkarlarınızın reaksiyası necə oldu?

- Bizimkilər cırnadılar (gülür). Daha çox cavan aktrisalarımız pis oldular. Mən teatra gələndə sanki münbit torpağa düşdüm, Rəmziyyə xanım kimi böyük sənətkar məni öz qanadının altına aldı. Mən də gənclərimizə o cür münasibət bəsləyirəm. Hamısını çox sevirəm, bacardıqca hamısına dəstək, kömək olmaq istəyirəm. Bax onlar çox narahat oldular. Dedilər ki, bizi yetim qoyursunuz.

- Bu təklif reallaşsa, qəbul edəcəksiniz?

- (düşünür) Onu deyə bilmərəm. “Yox” desəm də yalan olar, “hə” desəm də. Amma Ramiz müəllimin bu barədə danışmağı mənə xoşdur.

- Hər halda, Ramiz Novruz deyirsə, deməli, ortada nəsə var.

- Ümumiyyətlə, indiyə kimi ortada olmayan çox şeylər də danışılıb və danışılacaq da. Bunu Ramiz Novruza görə yox, ümumiyyətlə dedim.

- Ümumiyyətlə, “Azdrama”da işləmək istərdiniz?

- Bu haqda düşünməmişəm. Hissə qapılıb “yox” da deyə bilərəm, “hə” də. Məsələn, “hə” desəm, bəs indiyə kimi Gəncədə qurduqlarım? Yaxud “yox” desəm... Axı əhatəmin, ətrafımın daha geniş olmasını istəyirəm. Ona görə konkret cavab verə bilmirəm.

- Seriallarımıza baxırsınız?

- Baxırdım, indi baxmıram.

- Niyə?

- Vaxtım olmur, həm də istək yoxdur.

- Qane etmir?

- Qane etmir desəm, çox böyük səslənər. Azərbaycanda ilk seriallar çəkiləndə gələcəyini çox gözəl düşünürdüm. “Pərvanələrin rəqsi”, “Sirr” serialları çəkiləndə düşünürdüm ki, davamı çox gözəl gələcək. Hələ o vaxtlar həmin seriallara çox tənqidi yanaşılırdı. Amma indi çəkilən seriallarla müqayisə edəndə, deyirsən ki, onlar şedevr olub. Dörd-beş il əvvəl çox gözəl başlamışdıq. Hamı inanırdı ki, bir-iki il də keçsə, çox gözəl seriallar çəkiləcək, biz də harasa çıxa biləcəyik. Amma gördüm yox, əksinədir. Həm də dörd-beş il əvvəl seriallara maraq var idi. Bu, mənim şəxsi fikrimdir və heç kim də inciməsin. Hazırda özüm də seriallara çəkilirəm. Müqayisədə geriləmə var.

- Gəncə Dövlət Dram Teatrında keçmiş baş rejissorunuz Gümrah Ömərin yerinə İradə Gözəlova təyin olundu. Bu dəyişikliyi necə dəyərləndirirsiniz?

- İradə Gözəlova çox istedadlı rejissordur. Bakı Üçüncü Beynəlxalq Teatr Festivalında teatr rejissorları barədə ümumi danışıldı. Mədəniyyət nazirinin müavini Ədalət Vəliyev İradə Gözəlovanın adını məxsusi vurğuladı, gözəl fikirlər söylədi. Ona bütün teatrlarda ehtiyac var. Bizim naxışımızdır ki, o, teatrımıza göndərildi. Biz İradədən çox şey gözləyirik. Gəncəyə əyalət deyənlərdən küsürəm. Gəncə heç vaxt əyalət olmayıb. Gəncə şəhər olanda böyük şəhərlərin çoxu yox idi. Amma bu gün əyalət teatrı sayılır. Demək istədiyim odur ki, əyalət teatrına belə bir istedadlı rejissorun gəlişi bizim üçün uduşdur.

- Sizin fikirlərinizdən belə qənaətə gəlmək olur ki, Gümrah Ömərlə müqayisədə İradə Gözəlovadan gözləntiləriniz daha çoxdur...

- Yox, Gümrah müəllimin işlərini danmaq olmaz. O, burada gözəl tamaşalar qoydu, işini layiqincə yerinə yetirdi. Ondan əvvəl Bəhram Osmanov gəldi və onun gəlişi ilə teatrda böyük dönüş oldu. Sadəcə, üç illik müqavilə ilə gəlirlər. İnanırıq ki, gözəl addımlar olacaq.

- Müsahibədən öncə bildirdiniz ki, iki gündən sonra Bakıya gələcəksiniz. Yəqin ki, çəkilişlə əlaqədardır...

- Yox, iki gündən sonra qızımın qış tətili bitir. Onu Bakıya gətirəcəyəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm