Millət vəkilinin qar həsrəti
Bizi izləyin

İqtisadi gündəm

Millət vəkilinin qar həsrəti

“Avropa Şurasının sessiyası üçün dünən Strasburqa gəldim. Anlada bilməyəcəyim qədər gözəl qar yağırdı. İnsanlar necə sevinirdilər, acgözlüklə havanı ciyərlərinə udurdular. Üzlərində təbəssüm və xoş əhval -ruhiyyə. Sevinməyən bəlkə də küçədəki bomjlar və dilənçilər ola bilərdi. Ancaq burada dilənçilər başlarını gizlədərək diləndiklərinə görə, onların sifət cizgilərinindən reaksiyalarını dəqiqləşdirmək mümkün olmur”.

Publika.az xəbər verir ki, bu barədə Avropada qarla bağlı öz təəsüratlarını Facebook səhifəsində bölüşən millət vəkili Fazil Mustafa qeyd edib.

Millət vəkili Avropada və Azərbaycanda yağan qarın insanlara bəxş etdiklərini müqayisəli şəkildə təhlil edib.

“Bütün hallarda bu məkanda qara, yağışa, küləyə qəribə bir həssaslıq sezirsən, təbiətin bəxş etdiyinə insanlarda təbii bir sevgi duyursan. Məncə Avropa məkanında heyvanlara da şəfqətin, insan haqlarına sayğının təməlində bu amil durur. Yaradanı sevən təbiəti də, onun yaratdığı bütün varlıqları da sevməyə bilməz. Buradan vətənimiz Azərbaycana keçirəm. Evdə, bayırda eşidə biləcəyimiz ən dəhşətli xəbər bilirsiniz nədir? "Sabaha qar deyiblər...", "Üç gün sonraya yağış deyiblər..." Təbiətin bu gözəl nemətləri Avropadakından fərqli olaraq niyə bizə bəd, yaxud da ən azı xoşagəlməz xəbər kimi çatır? Çünki hər kəsin ağına dərhal buz bağlamış, sürüşkən yollar gəlir, yağışdan, qardan günlərcə xatirə olaraq qalan palçıq gəlir, ictimai nəqliyyatın basabası gəlir və təbiətin gözəlliklərinə sevinə bilmirlər. Külək barədə proqnoz alanda gözümüzün önünə dərhal küçələrdə cövlan edən kağız-kuğuz, toz-torpaq gəlir. Məncə avropalaşma, müasirləşmə deyilən məzmun dəyişikliyini bu məqamda axtarmamız lazımdır. Piyada üçün yürüməyə geniş səki olanda, üstünə palçıq sıçramayan alt yapısı dəqiq qurulmuş yol olanda, normal ictimai nəqliyyat olanda, sürücü üçün maşınını kirlətməyəcək, azacıq şaxtaya sürüşməyəcək yol olanda, niyə təmiz qar, yağış havasına sevinməməlidir? Uşaqlar üçün oynamağa, əylənməyə təmiz yerlər olandan sonra niyə qarın dadını çıxarmamalıdırlar? Beləliklə, insanın təbiətə, yaradanın nemətlərinə sevgisi azaldıqca, heyvana da, quşa da qarşı şəfqəti azalır, ardınca insana da münasibətində laqeydlik və aqressivlik elementləri artmağa başlayır. Baxın artıq bu gün Strasburqda qarsız, yağışsız hava var, qətiyyən dünənki qarın yerdə hansısa izi, palçığı qalmayıb. Demək ki, təbiət hadisələri burada küçələrlə yanaşı insanın içinə də natəmizlik, palçıq oturtmur. Müasirləşmək, paltarını, saç stilini, binaların fasadını, mənzillərin divar kağızını, hamamın kafellərini dəyişməklə olmur, maşınların, kompüterlərin ən son modellərini alıb göstərməklə müəyyənləşmir, təbiətə, hər bir canlıya, canlıların ən şərəflisi olan insana münasibətin hansı səviyyədə olması ilə təyin edilir. Görəsən "sabah qar olacaq...", "sabah yağış olacaq..." deyiləndə sevinəcəyimiz günlərə nə qədər vaxt məsafəsi var?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm