Nazirlikdən müəllimlərin əmək haqqı artımı ilə bağlı növbəti AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən müəllimlərin əmək haqqı artımı ilə bağlı növbəti AÇIQLAMA

Təhsil Nazirliyindən müəllimlərin əmək haqqının artırılması və bu artımdan sonra müəllimlərin vergi ödənişlərinin artmasına da aydınlıq gətirilib.

Publika.az xəbər verir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafına dair Dövlət Strategiyası” Fəaliyyət Planının müzakirəsinə həsr olunmuş mətbuat konfransında çıxış edən nazirliyin şöbə müdirinin müavini İlham Nağıyev əmək haqqı qiymətləndirməsində yeniliklərin olacağını deyib.

“Bu vaxta qədər müəllimlərin əmək haqqı müəllimin ali və ya orta təhsilli olması və iş stajına uyğun hesablanırdı. Bundan sonra diferensial qiymətləndirmə aparılacaq. Yəni müəllimlərin bilik, bacarıq, səriştəsi, nəticəyönümlü, rəqabət əsaslı olması və s. məsələlər nəzərə alınacaq.Yaradıcı təhsilin qiymətləndirilməsi mexanizmi üzərində iş gedir. Hazır olanda bu barədə cəmiyyətə məlumat veriləcək”.

Şöbə müdiri onu da bildirib ki, strategiyada müəllimlərin dərs yükünün 1.5, maaşı 2 dəfə artırılması nəzərdə tutulub. Bu o demək deyil ki, bütün müəllimlərin maaşı artırılacaq.

“Sənəddə qeyd olunan məsələ dərs saatlarının deyil, dərs yükünün artırılmasını nəzərdə tutur. Bu da müəllimin bir stavkasının 12 saatdan 18 saata qaldırılması deməkdir. Hazırda 12 saat dərs deyən müəllim 2\3 saata işləmiş olur. Həmin müəllim 12 saat dərs deməkdə davam edir, sadəcə olaraq tam dərs yükü normasında dərs demir. Ona görə də müəllimlərin dərs yükünün tədricən artırılması nəzərdə tutulub. Daha səriştəli müəllimlərə daha çox dərs yükü vermək kimi tələblər ola bilər. Bu prosesin bölgələrdə tətbiq edilməsi nəzərdə tutulur”.

Şöbə müdiri müəllimlərin maaşlarının 30 manat artırılması və bu zaman müəllimlərdən tutulan verginin də artacağı ilə bağlı məsələyə aydınlıq gətirib:

“Hazırda bu qərar əsasında müəllimlərin maaşının nə qədər olması dəqiq hesablanmayıb. Bunun üçün tapşırıq verilib. Bu işin həyata keçirilməsi üçün Nazirlər Kabinetinə bir ay müddət verilib. Konkret nə qədər artımın olması məsələsi hazırda bəlli deyil”.

Nazirliyin şöbə müdiri Aydın Əhmədov dərs yükünün necə artırılmasına da aydınlıq gətirib.

“Sovet dövründə dərs yükü 18 saat müəyyən edilmişdi. Lakin bu o demək deyil ki, hər kəs 18 saat dərs keçirdi. Maaşın hesablanması 18 saat nisbətində hesablanırdı. 1992-ci ildən sonra stavka 12 saat oldu. Bu da müəllimlərin sayını 20 minə qədər artırdı. Bu da müəllim-şagird nisbətinə kifayət qədər mənfi təsir göstərdi.Bu vəziyyət indi də yaxşı deyil. Stavkanın artırılması bu problemi də aradan qaldıracaq. Bakı şəhərində 6 saatdan az dərs yükü olan müəllim olmayacaq. Bu qədər dərs saatı olan müəllimin dərsə marağı da sual altındadır. Sonrakı illərdə bu saat daha da yüksələcək. Sınaq qiymətləndirməsindən keçən müəllimlərin 18 saat dərs yükü olması qəbul edilib. İndi də müəllim 12, yaxud 18 saat dərs keçə bilər. Lakin hesablanma 18 saat stavkaya uyğun aparılacaq”.

A.Əhmədov bu qərarın müəllimlərin ixtisarına səbəb olub-olmayacağına da aydınlıq gətirib. O bildirib ki, bu, müəllimlərin ixtisarı demək deyil. Təqaüdə göndərilən iki müəllim yerinə bir müəllim işə götürülür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm