Avropa şokda: solçu lider qorxulu yuxunu gerçəkləşdirir
Bizi izləyin

Dünya

Avropa şokda: solçu lider qorxulu yuxunu gerçəkləşdirir

Yunanıstanda dünən keçirilən parlament seçkilərində SYRİZA radikal solçu koalisiya partiyası qələbə qazandı.

Publika.az xəbər verir ki, SYRİZA təxminən 9 milyon vətəndaşın iştirak etdiyi seçkilərdə 36 faiz səs toplayıb.

Partiya bu nəticə ilə parlamentdə yerlərin sayını 71-dən 149-a qədər artıra bilib. Təkbaşına iqtidarı əldə etmək üçün isə partiyaya cəmi iki yer kifayət etməyib. Maliyyə yardımı və “kəmərsıxma” siyasətinə qarşı çıxan SYRİZA-nın qələbəsi iqtisadi böhranla sarsılan Avropa Birliyinin qorxulu yuxusunun gerçəyə çevrildiyini göstərir. SYRİZA-nın xarizmatik və 150 ildən sonra ölkənin ən gənc baş naziri olmaq şansını əldə edən lideri Aleksis Çipras Afinadakı çıxışında seçkilər öncəsi verdiyi vədlərini xatırladıb: “Yunanıstan fəlakət yaradan kəmərsıxma siyasətini geridə qoyur. Xalqımızın qərarı üçlüyün (Avropa Birliyi, Avropa Mərkəz Bankı və Beynəlxalq Valyuta Fondu) bitdiyi anlamına gəlir”.

Çipras çıxışında qeyd edib ki, seçkilərdə qələbə qazanması “kəmərsıxma” siyasətinin həyata keçirildiyi İspaniya, Portuqaliya, İtaliya və İrlandiya kimi ölkələrin yerləşdiyi Avropa coğrafiyasında köklü dəyişikliyə işarədir. Qələbənin oliqarxlara aid olmadığını vurğulayan Çipras Yunanıstanı kreditlə təmin edən Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunu işarə edərək “Yunanıstanın yeni hökuməti ədalətli, qarşılıqlı fayda verən və yaşamağa qadir olan bir həll üçün həmsöhbətləri ilə əməkdaşlıq etməyə və müzakirələr aparmağa hazırdır” söyləyib.

Çiprasın hədəfində minimum maaşın 580 avrodan 751 avroya yüksəldilməsi, 700 avrodan az maaş alanlara və təqaüdçülərə 13-cü maaşın verilməsi, ən azı 300 min ailəyə yemək və elektrik kuponlarının paylanması, pulsuz səhiyyə xidmətlərinin göstərilməsi və yanacaq vergisinin ləğv edilməsi var. Bu vədlərin yerinə yetirilməsi üçün isə 12 milyard avroluq əlavə büdcə lazımdır. Bu büdcənin təmin edilməsi üçün ilk növbədə Avropa Birliyinin fondları yenidən istiqamətləndirilməli və vergilərdən yayınmanın qarşısı alınmalıdır. Hesab edilir ki, SYRİZA-nın siyasəti Yunanıstan ilə Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu arasında gərginlik yaradacaq.

Seçkilərin nəticəsi Avropanı və ölkənin hazırkı iqtidarını qorxutmaya bilməz. “SYRİZA Yunanıstana maliyyə yardımı edən Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə müzakirələri dayandıracağını və müzakirələri sıfırdan başlayacağını bildirir. Əgər bu addım atılsa, maliyyə yardımları eyni vaxtda kəsiləcək və ölkə müflisləşəcək. Ölkənin əkinçilik sektoru isə tamamilə çökəcək”, - Andonis Samaras deyib.

Almaniyanın “Der Spiegel” qəzeti isə Çiprası “Avropanın ən təhlükəli siyasətçisi” adlandırıb. Nəşr hesab edir ki, Çipras Avropa Birliyini belə dağıdacaq gücə sahibdir. SYRİZA-nın İtaliya, İspaniya və Portuqaliyadakı sol meylli partiyalara nümunə ola biləcəyi və Avropa Birliyinin zəngin ölkələrinə qarşı çıxa biləcəyi iddia edilir.

Aleksis Çipras Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə imzalanan müqavilələri, maaşların azaldılması və digər iqtisadi qənaət tədbirlərini ləğv edəcəyini vəd edir. Həmçinin Çipras Yunanıstanın mövcud borcların silinməsinin tərəfdarıdır. Onun bu istəyinin adıçəkilən qurumlar tərəfindən yerinə yetirilməsi isə inandırıcı deyil. Yunanıstan 2010-cu ildən bu günə qədər beynəlxalq maliyyə qurumlarından 240 milyard avro alıb və bu borcun silinməsi qeyri-mümkün görünür. İqtisadçı ekspertlər iddia edir ki, SYRİZA liderinin vəd etdiyi addımları atması avrozonaya güclü zərbə vuracaq, onsuz da enişdə olan avronu daha da zəiflədəcək. Amma məsələ bununla bitmir. Aleksis Çiprasın sözlərinə görə, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu onun tələbləri çərçivəsində danışıqlar masasına əyləşməsə, Yunanıstan Avropa Birliyini tərk edə bilər. Aleksis Çipras 2012-ci ildə parlament seçkilərinə hazırlaşarkən avro zonasından çıxacağını vəd etmişdi. Amma seçkilərdə ikinci partiya olan və hökumətə daxil ola bilməyən siyasətçi son seçkilərdə bu vədini yumşaltdı. Bu dəfə “Kəmərsıxma” siyasəti SYRİZA-nın daha məşhur olmasına gətirib çıxardı. Amma o, 2012-ci ildəki vədini yenidən gündəmə gətirməyə başlayıb.

Yunanıstanın avrozonadan ayrılması, təbii ki, Avropa Birliyinə zərər vuracaq. Amma qurum daxilində payı son dərəcə az olan Yunanıstanın avrozonadan ayrılacağı halda həyata keçiriləcək ssenarilərin çoxdan hazırlandığı bildirilir. Xüsusilə, Almaniya hökumətinin Yunanıstanın ayrılmasına hazır olduğu deyilir. Daha təhlükəlisi isə odur ki, Yunanıstanda baş verən proseslər “kəmərsıxma” siyasəti həyata keçirən İspaniya, Portuqaliya, İtaliya və İrlandiya kimi ölkələrdə domino effekti yarada bilər.

SYRİZA-nın Yunanıstan üçün çəkdiyi yol qeyri-müəyyənliklərlə dolu olsa da, seçkilərin nəticələri yunan xalqının hökumətin “kəmərsıxma” siyasətindən narazı olduğunu göstərmiş oldu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm