Brüsselin Xəzər həmləsi: dayaq nöqtəsi Bakı
Bizi izləyin

Nida.az

Brüsselin Xəzər həmləsi: dayaq nöqtəsi Bakı

Brüssel Xəzər dənizinin karbohidrogen ehtiyatlarından yararlanmaq üçün manevrlərini genişləndirmək istəyir.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb.


Nəşr Avropa Birliyinin regionda əsas ölkə olan Azərbaycan qazına hələ 2002-ci ildən xüsusi əhəmiyyət verdiyini yazır: “Bu istiqamətdə ən böyük layihə olaraq “Nabucco” ortaya çıxdı. Lakin layihənin həddən artıq bahalı olması və Türkmənistanın bu kəmərə qoşulmaqdan imtina etməsi “İtalyan operasını” tarixə qovuşdurdu.

Brüssel istəyindən əl çəkənə bənzəmir. Avropalı energetiklər Xəzər qazına böyük ümidlər bəsləyir. Hərçənd, Avropanın enerji təhlükəsizliyinə yeganə ölkə olaraq Azərbaycan töhfə vermək niyyətindədir. Aşqabad hələ də ona yönələn suallara ciddi cavab verməyib. Türkmənistan üçün hazırda Çin bazarı daha sərfəli görünür. Burda iqtisadi amillə yanaşı, siyasi amil də əsas faktordur. Türkmənlər yaxın qonşularının quyruğunu tapdamaq niyyətində deyillər.


“Şahdəniz-2” yatağının istismara verilməsi Azərbaycana ilkin mərhələdə 16 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək. Daha sonra bu rəqəm maksimum 25 milyard ola bilər.


“Nabukko”dan sonra Bakı öz qazını Avropa bazarına çıxarmaq üçün şəxsi təşəbbüslərlə çıxış etməyə başladı. Hazırda əsas diqqət “Cənub qaz dəhlizi” layihəsinə yönəlib. Ankara ilə sıx dostluq Bakıya Avropa bazarlarına çıxış deməkdir.

Lakin bu çıxış 2019-cu ilə planlaşdırılır. Hazırda TANAP və TAP-ın tikintisi aparılır. Layihənin ikinci mərhələsinə təxminən 28 milyard dollar vəsait qoyulması planlaşdırılır. Bu layihəyə görə 16 milyard kubmetrlik qazın 6 milyardı Türkiyəyə, 10 milyardı Avropanın cənubuna çıxarılacaq.


“Cənub qaz dəhlizi”nin reallaşması Azərbaycanın maraqlarına cavab verir. Bu, xarici bazarlara çıxış əldə etmək və karbohidrogen resursların ixracından ölkəyə qazanc gətirməyə imkan yaradacaq. Baxmayaraq ki, Azərbaycan qazı Avropanı tam təmin etmək gücündə deyil, Brüssel Türkiyə-Azərbaycan əməkdaşlığını dəstəkləyir. Görünür, Avropa bu layihəyə Xəzər karbohidrogen ehtiyatlarının çatdırılması işində şaxələndirilmiş layihə olaraq baxır.


Brüsselin son zamanlar enerji siyasətində ciddi yanlışlığa yol verdiyi görünür. Avropalı siyasətçilər Putinin “Cənub axını”ndan imtina edəcəyini proqnozlaşdıra bilmədilər. Bu onların ciddi səhvi idi. İndi Avropa Birliyi bu yanlışını düzəltmək üçün hərəkətə keçib.

Prinsipi etibarilə Rusiya qazının Türkiyədən keçərək Avropaya çıxarılması normaldır. Yəni nəticədə “Köhnə Qitə” ehtiyacı olanı alacaq. Lakin Ankaranın qaz arteriyasının ana xəttinə çevrilməsi avropalı müttəfiqləri tərəfindən müsbət qarşılanmır. Digər tərəfdən, Qərb Rusiyadan kənarda enerji mənbəyi axtarır.


Nəşr Brüsselin Xəzər regionu istiqamətində yeni həmlələr edəcəyini yazıb. Bu manevrlərdə əsas dayaq nöqtəsi Bakı olacaq.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm