“Goodbye, my love”: beş gün terrorçuların əsirliyində yaşayan “bülbül” – FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Goodbye, my love”: beş gün terrorçuların əsirliyində yaşayan “bülbül” – FOTOLAR

Dünən mətbuatın gündəmini məşhur yunanıstanlı müğənni Demis Russosun ölüm xəbəri işğal etdi. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Yunanıstan bülbülü" Demis (Artemios) Russos bazar günü Afina xəstəxanasında keçinib. Onun ölüm səbəbləri hələ də bəlli deyil.

Bəs Demis Russos kim idi?

Qeyri-adi səsinə görə "Yunanıstan bülbülü" adını almış Demis (Artemios) Russos 1946-cı il iyunun 15-də Misirin məşhur İsgəndəriyyə şəhərində dünyaya gəlib. Onun musiqi dünyasına gəlişi də təsadüfi olmayıb. Çünki Russosun atası peşəkar gitaraçı, anası isə müğənni idi.

50-ci illərdə Demisin valideynləri tarixi vətənləri olan Yunanıstana köçürlər. Demis Afina musiqi kollecində truba, kontrabas və orqan kimi musiqi alətində çalmağı öyrənir. Hələ erkən yaşdan o, restoran və mehmanxanalarda məşhur xarici mahnıları ifa etməklə ailəsinə maddi yardım göstərir.

1963-cü ildə isə istedadlı gənc musiqiçi öz həmyerlisi bəstəkar Vangelislə birgə "Afroditanın uşaqları" adlı rok qrupun əsasını qoyur. Tezliklə elə bu qrupun sayəsində Demis Russos nəinki Yunanıstanda, hətta bütün Avropada məşhurlaşır. 1968-ci ildə Yunanıstanda baş verən hərbi çevriliş nəticəsində qrup Parisə köçür.

Musiqi kollektivi 1972-ci ilə - dağılana qədər Demis artıq solo karyerasına başlayır. Solo karyera isə ona daha çox populyarlıq gətirir. Belə ki, elə bu dövrdə onun hitə çevrilmiş mahnıları yazılmağa başlayır. Buraya "Rain and tears", "Goodbye, my love", "Souvenirs" kimi məşhur kompozisiyalar daxildir. Bəzən "bülbül" ildə 150 konsert də verir. O, musiqi fəaliyyəti dövründə bütün dünyada 60 milyondan çox albom sata bilir...

Bu il yanvarın 25-də vəfat edənə qədər o, köhnə mahnılarını ifa etməklə məşğul olub. Demis Russos Parisin Neyi şəhərində yaşasa da, demək olar ki, ilin çox hissəsini vətəni Yunanıstanda keçirib.

Russos hər zaman artıq çəkidən əziyyət çəkib. Çünki Demis hər zaman çərəz və şirniyyata meylli olub. O, bir çox pəhrizlər saxlasa da, heç bir xeyri olmayıb. Demiş yalnız təbii üsulla arıqlamağa nail olub – 1985-ci ildə 146 kiloqram olsa da, son zamanlar onun çəkisi 110-125 kiloqram arasında dəyişib. İş ondadır ki, Russos keçirdiyi güclü stressdən sonra çəki itirməyə başlayıb. Belə ki, Demis Russos 1985-ci ildə ikinci arvadı ilə təyyarədə uçarkən "Hizbullah" terrorçuları tərəfindən digər sərnişinlərlə birgə əsir alınıb. Terrorçular 700 livanlı məhbusun İsrail həbsxanalarından azad edilməsini tələb edirdilər. Demis və arvadı düz 5 gün terroristlərin əsirliyində qalıblar.

Demis Russosun sadəcə bəxti gətirdi. O, səkkiz Yunanıstan vətəndaşı ilə birlikdə əsirlərlə dəyişdirilərək, Afina hava limanına gətirilib. Əslində isə müğənnini onun dünya şöhrəti xilas edib. Bundan sonra, "Yunanıstan bülbülünü" ərəb ölkələrində də sevməyə başlayıblar...

Demis həmin günləri xatırlamağı sevmirdi. Bununla belə, etiraf edirdi ki, əsirlikdə olarkən ona qarşı pis davranmayıblar, hətta terrorçular ondan avtoqraf da alıblar. Üstəlik, onlar Demisdən dəfələrlə mahnı oxumasını istəyiblər.

Russos 4 dəfə evli olub və müxtəlif nikahlarından qızı və oğlu dünyaya gəlib. Russos 4-cü arvadı ilə martın 8-də isə Sibirin Surqut şəhərində tanış olub. 22 yaşlı tələbə Yelena Kurakova ifaçıdan dəfələrlə gənc olmasına baxmayaraq, "bülbül" ona evlilik təklifi edib.

Demis hər zaman deyirdi: "Mənim üçün əsas musiqi, yemək və qadınlardır. Hər şey bu qanunauyğunluqla getməlidir".

Demis Russos 2015-ci ilin martın 12-də yaradıcılığının 50 illik yubileyi ilə əlaqədar Moskvada konsert proqramı ilə çıxış etməli idi. Qeyd edək ki, hələ keçən ilin dekabrında Demis Russos Minsk şəhərində konsert proqramı ilə çıxış etməli idi. Lakin səhhətində yaranmış problemə görə, onun konserti ləğv olunmuşdu. Ayağındakı problemə görə Demis uzun müddət idi ki, reabilitasiya müalicəsi alırdı.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm