“Qızıl top”a bir təpik! - Ronaldonu hansı cəza gözləyir? - VİDEO
Bizi izləyin

İdman

“Qızıl top”a bir təpik! - Ronaldonu hansı cəza gözləyir? - VİDEO

Həyatda səhvsiz insan yoxdur. Bu ifadəni bəlkə də hamı eşidib. Amma xatırlatmaqda səbəb var. Sıravi insanlar elə bilir ki, böyük, tanınmış, milyarder və ya populyar insanlar heç vaxt səhv etmir. Biz KİV-də onların uğurlarını və uğursuzluqlarını oxuyanda da buna hadisəyə uyğun don geyindiririk. Çox dərin düşüncələrə dalmadan mətləbə keçim. Yazını Ronaldoya həsr etmək fikrim var. Bir neçə həftə öncə “Qızıl top”u alan, bir neçə gün öncə həmin “Qızıl top”a yağlı “təpik” vuran Kriştiano Ronaldodan gedir söhbət.

Yaraşmadı...

Yanvarın 24-də İspaniya La Liqasında ikinci dövrə start götürdü. Özü də böyük hay-küyə səbəb olacaq qırmızı vərəqəylə. 20-ci turda “Kordoba”nın qonağı olan “Real” asan qələbə qazanacağını düşünsə də, ciddi müqavimətlə üzləşdi. Madridli futbolçular psixoloji cəhətdən bu müqavimətə hazır olmadığından xeyli əziyyət çəkməli oldu. Öz oyununu diqtə edə bilməyən Karlo Ançelottinin yetirmələri “Nuevo El Arkanxel” stadionundan 3 xalı güclə apardı. Matçı zəif keçirən Ronaldo sona 10 dəqiqə qalmış hava mübarizəsində uduzduğu üçün əsəblərini cilovlaya bilmədi, rəqibin iki futbolçusuna “zor tətbiq etdi”. Əl-qol atmaq futbolçuya yaraşan hərəkət deyil. Hələ Ronaldo kimi könülləri fəth edən, minlərlə balaca pərəstişkarı olan birisinə heç yaraşmır. İndi onun ən azı bir oyunda komandasına kömək edə bilməyəcəyi dəqiqdir. Bəs o, bir oyunla canını qurtara biləcəkmi?

Hakim protokolda nə yazıb?

İlkin mülahizələr belədir ki, Ronaldo bir oyunluq cəzayla canını qurtara bilməyəcək. Ümumilikdə belə hərəkətlərə görə, 4-12 oyunluq cəza müddəti var. Bilərəkdən kobudluğa görə çox vaxt 2-3 oyunluq diskvalifikasiya tətbiq olunur. Amma Ronaldo iki nəfəri birdən “əzişdirib”. Deməli, cəzanı ikiyə vurub hesablamaq olar. Bunun üçün matçın baş hakiminin protokolda nə yazdığı da önəmlidir. Bu mənada portuqaliyalı futbolçu uzunmüddətli diskvalifikasiyadan qaça bilər. Belə ki, Alexandro Xose Hernandes protokolda Ronaldonun aqressiv hərkətlərini qeyd etməyib, sadəcə olaraq onun topsuz futbolçuya zərbə endirdiyi üçün meydandan qovulduğunu göstərib. Bu qeyd “Real”ın hücumçusunun lehinədir. Amma İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi videotəkrara əsasən münasib qərar çıxara bilər. Həmin epizodda Ronaldonun Edimardan başqa rəqibin digər futbolçusuna qarşı da aqressiv hərəkət etdiyi aşkar görünür.

Maraqlıdır ki, zərərçəkən açıqlamasında Ronaldonu bağışladığını bildirib:

“Oyunu alınmadığı üçün Ronaldo bir az əsəbi idi. Amma bu futboldur. Hər birimizin başına gələ bilər. Ondan incimirəm. Mən Ronaldonu bağışlayıram. Ona qarşı kin saxlamıram. İnanıram ki, o, normal cəzaya layiq görüləcək”.

Ronaldosuz Madrid derbisinin nə ləzzəti?

İndi hamı sual dolu baxışlarla komitənin qərarını gözləyir. Ronaldonun bir neçə oyunluq cəzalanacağı gözlənilir. Təqvimə nəzər salsaq, görərik ki, “Real Sosyedad”la növbəti turdakı oyunu buraxmaq məcburiyyətində qalan Kriştianonun “Sevilya” və “Atletiko”yla oyunlarda iştirakı Nizam-İntizam Komitəsinin qərarından asılı olacaq. Bəs “Real” Ronaldosuz necə oynayacaq? Onsuz Madrid derbisinin nə ləzzəti? Cari mövsümdə “Kral klubu” lidersiz bir oyun keçirib ki, onda da “Real Sosyedad”a məğlub olub (2-ci tur, 2:4).

2015 Ronaldo üçün pis başladı

2014-cü ilin ən yaxşı oyunçusu mükafatını yanvarda alsa da, 2015-ci ilin onun üçün yaxşı başlamadığını söyləmək olar. Ronaldodan “narkotik” kimi asılı olan “Real”ın onsuz necə oynayacağı maraq doğurur. Bu, baş məşqçi Karlo Ançelotti üçün də ciddi sınaq olacaq. Asılılıq yaxşı hal deyil və ondan xilas olmaq üçün əla fürsət yaranıb. Onsuz da “Real”ın heyətində ulduz əlindən tərpənmək olmur. Ronaldonu “Mançester Yunayted”dən icarəyə götürülən Xavyer Hernandes əvəzləyə bilər. “Çiçarito” cari mövsümdə cəmi 163 dəqiqə meydanda olub və bu müddətdə 3 qol vurub. Yəqin ki, çox oynasaydı, qolların sayı da çox olardı. İndi meksikalı futbolçu potensialını göstərmək üçün yaxşı şans qazanıb. Ronaldo isə məcburi “istirahət”dən maksimum faydlanmalıdı. Həddən artıq gərgin qrafikin futbolçularda müəyyən fiziki və psixoloji problemlər yaratması normaldır. Amma Ronaldonun bir problemi də var.

Qadın böyük qüvvədir

Ailə problemləri üzündən karyerasında eniş yaşayan çox idmançılar olub. Bu, adi məsələ deyil. Hər bir idmançı böyük uğur qazanması üçün bütün diqqətini işə yönəltməlidir. Görünür, İrina Şeyklə 5 illik sevgi macərasının bitməsi Ronaldonun da psixoloji durumuna təsir edib. İlin əvvəlində onun üçün əlamətdar olan “Qızıl top”un təqdimat mərasiminə də gəlməmişdi rusiyalı gözəlçə. Bu yerdə məşhur bir ifadəni xatırlatmaq yerinə düşər: qadın böyük qüvvədir. Karyerası ərzində Ronaldo bir neçə dəfə qırmızı vərəqə alıb. Amma onun ifasında belə kobudluq tez-tez olmur. Sonda Ronaldonun karyerası ərzində aldığı bütün qırmızı vərəqələri xatırlamaq yerinə düşər.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm