Bakıda Ərdoğanın alış-veriş etdiyi əntiq əşyalar mağazasından FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Bakıda Ərdoğanın alış-veriş etdiyi əntiq əşyalar mağazasından FOTOREPORTAJ

Burada özümü bir neçə əsr öncə mövcud olmuş dövlətin sakini kimi hiss elədim. Bu qədər balaca və darısqal otağa bir neçə əsr yerləşmişdi, həm də rahat…

Bura mağazadır, Bakının əntiq əşyalar satılan mağazası. İç-içə iki darısqal otaqdan ibarət olan mağazada yaşı əsrlərlə ölçülən nadir əşyalardan tutmuş yaxın keçmişimiz – sovet dövründən qalma qab-qacaq, heykəllər, saatlar və digər nadir tapılan qiymətli nümunələr var idi. Doğrusunu deyim ki, belə bir mağazada ilk dəfə idi olurdum. Nədənsə mənə elə gəldi ki, heç bir bədii və ya sənədli film, heç bir əsər, heç bir rəsm keçmişi, tarixi bu əşyalar qədər ifadə edə bilməz. Çünki bunlar canlı tarixdir. Kimisi üçün lazımsız hesab olunan əşyalar, əslində, özündə qədim bir dövrü, xoş və ya acı xatirələri yaşadır. Hətta ən son dəblə ayaqlaşmağı sevənlər belə əntiq əşyalar mağazasındakı əhvali-ruhiyyənin, əşyaların yaratdığı sehrli cazibənin təsiri altına düşməyə bilməzlər. Bir alıcı və ya ziyarətçi üçün bu əşyalar nə qədər dəyərlidirsə, kolleksiyaçı və ya satıcı üçün onlar qat-qat dəyərlidir. Hər bir əşya körpə uşaq kimi əzizlənir, qorunur.

Həmsöhbətim Bakıda əntiq əşyalar satılan mağazanın sahibi Elçin Əhmədovdur. 15 ilə yaxındır ki, bu işlə məşğul olan Elçin müəllimin sözlərinə görə, mağazada 2000-dən artıq əşya var. O, buradakı hər bir əşyanın tarixi, istehsalı, dəyəri haqqında məlumatlıdır. Elçin müəllimdən öyrəndik ki, mağazaya gələn əşyalar çox zaman saz vəziyyətdə olmasa da, burada hər bir əşya bərpa olunaraq satışa çıxarılır.

Mağaza sahibinin sözlərinə görə, buradakı əşyaların əksəriyyəti daha çox 60-cı illərdən qalan əşyalardır. Onlar mağazaya daha çox müxtəlif ailələr vasitəsilə gəlib çıxır. Elçin Əhmədovun sözlərinə görə, mağazada qədim əşyaların yaşları da müxtəlifdir.

“Mağazaya əşyalar tez-tez gəlir və satılır. Ən çox maraq doğuran isə müxtəlif gümüş əşyalar və qədim samovarlardır. Məsələn, lampa var ki, şarı öz lampasından bahadır. Əgər lampanın özü 500 manatdırsa, şarı 700 manatdır. Çünki bu şar həm qeyri-adi, həm də daha incədir”.

Mağazada ən maraqlı məqamlardan biri də əşyaların qiymətləndirilməsidir. Mağaza sahibinin sözlərinə görə, qiymətləndirməni onlar özləri aparırlar: “Doğrudur, bu əşyaları qiymətləndirmək çətindir. Antik əşyalar həm də keyfiyyətinə görə seçilir. Çünki başqa məhsulları bazar qiyməti ilə müəyyənləşdirmək olursa, bunlarda vəziyyət başqadır. Bizdə olan billur qabları siz digər satış mərkəzlərində görə bilməzsiniz. İndi satışda ona bənzər və ucuz qiymətə satılan əşyalar olsa da, bunlar Çin istehsalıdır və baxan kimi də seçilir. O qabların “lepka”larını əllə sildikdə üzərindəki zəri çıxır. Amma Çexoslovakiya istehsalı olan qablar isə fərqlidir. Ona görə də, biz əşyaya qiymət qoyarkən əşyanın yaşı və keyfiyyətini də nəzərə alırıq”.

Mağaza sahibinin sözlərinə görə, burada qiyməti 1500 manatdan 3000 manata qədər olan samovarlar olub. Adətən, dördayaqlı samovar görməyə öyrəşsək də, mağazada bəzən üç ayaqlı samovara da rast gəlinir. Onların satıldığını deyən müsahibimin sözlərinə görə, bu, artıq qeyri-adi və nadir tapılan olduğundan onun qiyməti baha olur. Sovet dövründə istehsal olunan samovarlara gəlincə isə, bunlar mağazada 200-300 manata satılır. E. Əhmədovun sözlərinə görə, bu qiymətlər də mütləq deyil. Bəzən alıcıya görə əşyalara endirim də edilir.

Hal-hazırda mağazada ən bahalı əşya isə qılınc və antik kəmərdir. 19-cu əsrə aid olan bu döyüş qılıncının qiyməti 300 manatdır. Mağazada ən ucuz əşyalar isə Hindistandan gətirilmiş güldanlardır. 70-80 yaşı olan bu güldanların qiyməti isə 10 manatdan başlayır. Eyni zamanda, burada ceyranın ayağından hazırlanmış qeyri-adi əl işi olan qamçıya da rast gəlmək olar. Hər bir əşya isə öz dəyərinə və alıcıya görə qiymətləndirilir.

Mağaza sahibinin sözlərinə görə, əvvəllər xarici ölkələrdən əntiq əşyaları sərhəddən keçirmək mümkün idisə, indi bu proses bir qədər çətinləşib və xüsusi sənədləşmə tələb olunur. Ona görə də əvvəllər alıcıların çox hissəsi Türkiyə və digər ölkə vətəndaşları olurdusa, hazırda əntiq əşya alan turistlərin sayı azalıb. Gələnlər də daha çox qeyri-adi fiqurlarla maraqlananlar, pul və medal kolleksiyası olanlardır. Gələnlər arasında tanınmış adamlar da çox olur. E. Əhmədovun sözlərinə görə, bura müğənnilər, aktyorlar və s. daxildir: “Mağazaya tanınmış adamların əksəriyyəti gəlir. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı da gəlmişdi və bizdən antik fiqur aldı. Bu günlərdə məşhur “Möhtəşəm Yüzyıl” serialından tanınan Nebahat Çehrə mağazamızda oldu. O, özünə antik çilçıraq axtarırdı”.

Mağaza sahibinin sözlərinə görə, buradakı səliqə və harmoniyanı yaratmaq onlara asan başa gəlməyib. İndiyə kimi iki dəfə mağazanı su basdığından işçilər məcbur olaraq suyun altında qalan bütün əntiq əşyaları bir-bir yuyub qurutmalı olublar. E. Əhmədovun sözlərinə görə, burada çar Nikolay dövrünün mallarına maraq daha çoxdur, amma həmin əşyalar nadir tapılır. Həmin malları sifariş edənlər daha çox olur. Lakin bunlar həm qədimi, həm də bahalı olur. Vətəndaşların evlərində belə əşyalar çox olsa da, bura onların az bir qismi gəlib çıxır. Bir problem də əntiq əşyalara ailədə verilən dəyər və onların yaşadılmamasıyla bağlıdır. Belə ki, çox zaman ailədə hansısa qədim əşya, keçmiş tarixi əks etdirən nadir tapıntı olsa da, hər adam bunu saxlamır:

“Başı çıxan insanlar həmin əşyaları yığıb saxlayırlar. Bura gümüş əşyalar, qablar daxildir. Bəzən olur ki, gətirib hansısa əşyanı mağazaya təhvil verən sonradan fikrini dəyişib geri istəyir. Bəzən imkansızlıqdan hansısa əntiq əşyanı satanlar da olur”.

Mağaza sahibi deyir ki, bəzən hansısa qədim əşya o qədər maraqlı və nadir olur ki, onu satmağa ürəyi gəlmədiyindən evə aparır. Əşyaların hərəsi bir evdən gəldiyinə görə, bəzən onlarda müəyyən ağırlıq da olur. Satıcının sözlərinə görə, onlar bu işin içində olduqlarından ağırlıq satıcılara o qədər də təsir eləmir: “Amma bəzən alıcılar bu ağırlığa görə narazılıq edirlər. Bəzi adamlar isə ümumiyyətlə, başqasına məxsus əşyanı evində saxlamaq istəmirlər. Kiminsə evindən gəldiyini və ya bəlkə də, imkansızlıqdan satdığını düşünərək onları almaqdan imtina edənlər də olur. Amma ümumən götürəndə, əntiq əşyalar həm tarix, həm də estetik baxımdan maraqlıdır...”

Mağazada 100 ildən artıq yaşı olan ikonalar, ən azı yüz yaşı olan samovarlar, 1917-ci ilə aid kəmər, 19-cu əsrin ortalarına aid çəngəllər, İkinci Dünya müharibəsinə aid medallar, SSRİ dövrünə aid pullar var. Dükanda həmçinin Abbasilər dövrünə aid sikkələr də var ki, bunların qiyməti 30-200 manat arasında dəyişir.

Mağazada saatların da qiyməti 50-60 manatdan başlayır. O qədər də qədim olmayan elektrikli çıraq isə 150 manatadır. Mis qabların qiyməti isə 40-120 manat arası dəyişir.

Mağazada köhnə saatların təmiri ilə məşğul olan Əkbər Qasımov 38 ildir saatsaz işləyir. Deyir saatı görən kimi tanıyıram. Bilirəm ki, bu 50-100 minlikdir, ya 300 manatlıqdır. Onun sözlərinə görə, saatsaz sənəti elə bir sənətdir ki, bura gərək hobbi kimi gələsən, buradan pul umub gəlmək mümkün deyil: “Pul umub gəlsən, heç vaxt alınmayacaq və batareya dəyişməkdən başqa heç nə öyrənə bilməzsən. Əgər o saatın üzərinə çəkiclə vurmayıblarsa, istənilən saatı düzəltmək mümkündür. Təcrübəli usta üçün bundan asan heç nə yoxdur”.

Satıcının sözlərinə görə, saata görə qiyməti deyəndə müştəri də nəzərə alınır. Çünki qoyulan qiymət elə ola bilər ki, müştəri çıxıb gedər, amma ömrü boyu həmin saatı niyə təmir etmədiyini unuda bilməzsən.

Mağaza canlı tarix olmaqla yanaşı, insanda qəribə bir mənəvi rahatlıq da yaradır. Əntiq əşyaları nəzərdən keçirdikcə, bu mağazada dərk etdiyim dəyər məsələsi oldu. İndiyə qədər fikir vermədiyim, hətta qırıq olduğuna görə lazımsız hesab edib kənara atdığım hər qab parçasının, hər bir əşyanın əslində nə qədər böyük qiyməti var imiş. Bir də onu anladım ki, hər şey gərək öz yerində olsun. Elə insanı da, əşyanı da qiymətli edən onun doğru vaxtda və doğru yerdə olmasıdır.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm