Vəzifələrindən sui-istifadə edən müəllimlər - onları nə gözləyir?
Bizi izləyin

Qırmızı.az

Vəzifələrindən sui-istifadə edən müəllimlər - onları nə gözləyir?

Bir neçə gün əvvəl Hövsan qəsəbəsində 118 saylı məktəb şagirdlərinin keçirdiyi aksiyanın səbəbi və söz-söhbətlər hələ də davam edir. Düzdür, nazirliyin qərarına əsasən, direktor müvəqqəti olaraq işindən uzaqlaşdırılıb. Amma bu nə ilk, nə də son hadisədir. Son vaxtlar orta məktəblərdə şagirdlərin döyülməsi tendensiya halını alıb.

Bakıda 53 saylı məktəbdə şagirdin saçının müəllimə tərəfindən yolunması, 37 saylı orta məktəbin VI sinif şagirdi Pünhan Tanrıverdiyevin müəlliməsi Gülşarə Quliyeva və sinif yoldaşı Emin Məstanov tərəfindən döyülməsi kimi xəbərlər yayıldı.

Direktor və müəllimlər arasında vəzifələrindən sui-istifadə edənlər də az deyil. Bakı şəhəri, Nizami rayonunda yerləşən 10 saylı orta məktəbin direktoru Leyla Məmmədova tərəfindən bufetin 50 manata kirayəyə verilməsi, 171 saylı məktəbin direktoru İradə Murğuzovanın müəllimlərin adına kredit götürməsi də direktorların vəzifələrindən sui-istifadə etmələrinin göstəricisi idi. Birinci halda direktor kirayənişinləri məktəbdən uzaqlaşdırmaqla vəziyyətdən çıxsa da, ikincidə konkret faktlardan boyun qaçıra bilmədi, iş məhkəməyə qədər uzandı.

Bu vaxta qədər baş verən hadisələrdə şagirdlərin söyülməsi ilə bağlı məlumatlar bir sıra əsaslar gətirilərək təkzib edildi. Lakin sübuta yetirilənlər də az deyil. Bir sözlə, bir-birinin ardınca baş verən hadisələr ilk növbədə məktəbə, müəllimə olan inamı sarsıtdı.

Publika.az-ın “Qırmızı xətt” layihəsində məktəblərdə yaşanan bu qalmaqalların səbəbini araşdıracağıq.

Sadaladığımız faktların məktəblərdə yaşanan hadisələrin az bir hissəsi olduğu danılmaz faktdır. Lakin biz yalnız mətbuatda yayılan məlumatlar əsasında araşdırma aparacağıq. Çünki valideynlər çox zaman uşaqlarının qarşılaşdıqları kiçik problemlər barədə aidiyyəti qurumlara şikayət etməkdən çəkinir. Yalnız son məqamda - şagird döyülüb, təhqir ediləndən sonra bu barədə aləmə səs salırlar. Mətbuat da yalnız bu məqamda faktı işıqlandırıb, məsələni araşdıra bilir.

“Direktorlar dərsdən başqa hər işlə məşğul olur”

"XXI əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev hesab edir ki, yaranan xoşagəlməz hallar ilk növbədə direktorların düzgün seçilməməsinin nəticəsidir:

“Bu gün məktəb idarəçiliyində çox ciddi qüsurlar var. Yeni təhsil naziri təyin olunanda əvvəlki nazirdən qalma kadrların əksəriyyətini vəzifədən uzaqlaşdırmalı idi. Çünki onların necə təyin olunması, məktəbdə hansı işlər görməsi hər kəsə bəllidir. Onlar tapşırıq və ya rüşvətlə qəbul olublar. Bundan əvvəl bir direktorun müəllimlər adına kredit götürməsi, şagirdlərin təhqir edilməsi kimi hallar məktəbdəki etik qaydaları pozur. Bu cür direktorlar pul yığmaqla, valideynləri incitməklə məşğuldurlar. Bu direktorları təcili vəzifədən azad etməklə Təhsil Nazirliyi reytinqini müsbətə doğru dəyişə bilər. Bu gün direktorlar müəyyən kurslardan keçəndən sonra təyin olunurlar. Lakin 10 ildən çoxdur vəzifədə olan, məktəbdə heç bir müsbət dəyişiklik etməyən şəxslər vəzifədə saxlanılmamalıdır. Belə direktorlar, təhsil şöbə müdirləri ölkənin bütün şəhər və rayonlarında var. Yenilənmə baş verməsə, neqativ halların sayı artacaq. Bunun üçün hər hansı hadisənin baş verməsini gözləməyə ehtiyac yoxdur. Hadisə baş verməzdən əvvəl neqativ halların qarşısı alınmalıdır. Çünki hazırda direktorların 70-80%-i “qardaşxan”lardır. Sanki direktorların hamısı eyni cür proqramlaşdırılıb. Eyni psixologiyaya malik, dərs prosesindən başqa hər şeylə məşğul olan insanlardır”.

Təhsil eksperti hesab edir ki, bu cür neqativ hallara nəzarəti yalnız nazirlik üzərinə atmaq olmaz. İlk növbədə, direktorlar onlara qarşı olan narazılığı nəzərə almalı, fəaliyyətlərində dəyişiklik etməlidir. Bundan başqa, valideynlər də məsələlərdə həssas davranmalıdırlar:

“Bu gün valideyn komitələrinin fəaliyyəti iflic vəziyyətdədir. Valideyn-Müəllim Komissiyası müqəvva qurumdur. Onlar yalnız pul yığma prosesini intensivləşdirməyə xidmət edirlər. Valideynlər məktəblərdəki neqativ hallarla bağlı nazirliyin “qaynar xətt” xidmətinə, nazirliyin “facebook”dakı səhifəsinə yazmalıdır. Bu halların yaşanmasında valideyn şuralarının, ayrı-ayrı valideynlərin üzərinə məsuliyyət düşür. Əvvəlki nazirin dövründə valideynlər şikayət etməkdən qorxurdular, çünki onların uşaqları cəzalandırılırdı. İndi vəziyyət dəyişib, neqativ halların aradan qaldırılması üçün onlar aktiv olmalıdırlar”.

Çıxış yolu yalnız inzibati ola bilməz

Milli Məclisin təhsil komitəsinin üzvü Musa Qasımlı hesab edir ki, məktəblərdəki bəzi xoşagəlməz hadisələr barədə mətbuatda yazılan xəbərlər ümumi təhsil sisteminə xas deyil.

“Bunlar adda-budda təzahürlərdir. Lakin buna baxmayaraq, məktəblərdə şagirdlərə qarşı belə hərəkətlər yolverilməzdir. Çünki qanunlarımız müəllimlərə şagirdləri döymək hüququnu vermir. Müəllim şagirdi cəzalandıra bilər. Lakin bu tərbiyəvi istiqamətli olmalı, səhvlər izah edilməlidir. Ölkəmizdə müəllimlərin ixtisasartırma kurslarından keçməsi praktikası mövcuddur. Hesab edirəm ki, həmin kursları keçən müəllimlərin həm də psixoloji testlərdən keçməsi faydalı olardı”.

Millət vəkili hesab edir ki, bu halların səbəbi təhsil üzrə icra sturukturu tərəfindən araşdırılmalıdır:

“Bu təzahürlərin yaranma səbəbi nə ilə bağlıdır? Psixoloji problemlər, sosial məsələlər, ailədəki vəziyyətlə, yoxsa şagirdlərin dərsdən kənar düşdükləri mühitləmi? Təhsil Nazirliyi bu səbəbləri araşdırmalı və çıxış yolu tapmalıdır. Çıxış yolu yalnız inzibati ola bilməz. Maarifləndirici işlər ön planda olmalıdır. Müəllimi işdən azad etmək məsələnin həll edilməsi demək deyil”.

Şagirdləri məktəbdən uzaqlaşdırır

Psixoloq Narınc Rüstəmova hesab edir ki, müəllimlərin şagirdlərə qarşı aqressiv münasibəti onların psixoloji durumlarının yaxşı olmaması ilə əlaqədardır. Bunun üçün də ən azı ildə bir dəfə müəllimlərin psixologiyası yoxlanmalıdır.

“Yalnız işə qəbul prosesində müəllimin psixoloji durumunun yoxlanması yetərli deyil. İl ərzində həyatında bir sıra dəyişikliklər müəllimin psixologiyasına mənfi təsir edə bilər. Müəllimin də öz qayğıları ola bilər, müayinə zamanı bunlar aşkarlanıb ona dəstək göstərilməlidir. Onu işdən çıxarmaq yetərli deyil.”.

N.Rüstəmovanın sözlərinə görə, müəllimin şagirdləri döyməsi bir tərəfə, hətta aqressiv davranışı belə onları tədrisdən uzaqlaşdıra bilər:

“Bilirik ki, şagirdlərin fənnə marağı ilk növbədə müəllimə sevgi ilə yaranır. Müəllimin yanlış davranışı onları dərs prosesindən uzaqlaşdıra bilir. Hər bir peşədə vəzifədən sui-istifadə edənlər olur. Lakin uşaqlarla məşğul olan peşə sahibləri davranışlarına daha çox diqqət etməlidir. Bizə müraciət edən uşaqlarda müəllimin aqressiv davranışından təsirləndiklərini müşahidə edirik. Bəzən şagirdlər hər yerdə izləndiklərini düşünür. Çünki müəllim onları hər yerdə izlədiyini, səhv hərəkətinə görə cəzalandıracağını deyir. Xüsusən də, aşağı siniflərdə bu sözlər onlara daha çox təsir edir, müxtəlif fobiyalar yaradır. Bu həm də şagirdləri məktəbdən uzaqlaşdırır. Müəllim şagirdlərin yaş dövrünə uyğun davranmağı öyrənməlidirlər. Aqressiv şagirdlər ola bilər, lakin müəllim həm də pedaqoq olmalıdır. Pedaqoji yolu bilən müəllim heç vaxt uşağa qarşı fiziki, psixoloji təzyiqə əl atmaz”.

Müəllimlər gözükölgəli olanda...

Müəllimlərin davranışı ekspertlər tərəfindən tənqid edilir. Məktəblərdə yaşanan bu hallar barədə həmkarları nə düşünür? Bunu öyrənmək üçün bir neçə məktəblə əlaqə saxlayıb, fikirlərini öyrəndik. Müəllim hansı halda şagirdə qarşı aqressiv münasibət göstərə bilər?

18 saylı məktəbin direktoru Səkinə Məmmədovanın sözlərinə görə, neqativ hallar yalnız müəllim şagird qarşısında gözükölgəli olanda baş verir.

“Müəllim şagirddən nəsə umanda, onun qarşısında başıaşağı olur. O zaman da şagird onunla müəllim kimi davranmır. Müəllimlərin bu cür davranışı daşıdıqları ada ləkə gətirir. Bilirik ki, hər şagird bir ailədən gəlib, fərqli xarakterə sahibdir. Müəllim də şagirdlərələ onların xarakterinə uyğun davranmalıdır. Şagirdin dələduzluq etməsində də təqsirkar müəllimdir. Hər bir müəllim daşıdığı adın, direktor isə oturduğu kreslonun məsuliyyətini dərk etməlidir”.

150 saylı məktəbin direktoru Gülnarə Zeynalabdinova bu məsələdə birmənalı olaraq kimisə gühanlandırmağın düzgün olmadığını deyir:

“Müəllimlərin müəyyən iqtisadi problemləri var, maaşları yüksək deyil. Düzdür, bu aydan müəllimlərin maaşları artdı, lakin bütün müəllimlərə aid deyil. Həmçinin müəllimlərin işi çox gərgindir. Bu da onların psixologiyasına təsir edir. Onların bu vəziyyəti nəzərə alınmalıdır. Həmçinin şagirdlərin də bəzi yaş dövrləri var ki, onlar aqressiv olurlar. Müəllimlər onlara qarşı səbirlə yanaşmalıdır. Müəllimlər qarşısında belə bir tələb qoymuşam ki, şagirdi əl ilə yox, dil ilə başa salmaq lazımdır. Hətta onu danlamaq da olmaz, söz elə deyilməlidir ki, şagird onu anlasın”.

Təhsil Nazirliyi nə deyir?

Publika.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, şagirdlərin təhqir olunması, döyülməsi və eləcə də direktorların vəzifələrindən sui-istifadə etməsi yolverilməzdir:

“Məktəbdə şagirdlərə əl qaldırılması, şəxsiyyətlərinə toxunan ifadələrdən istifadə olunması, onlarla kobud davranma anti-pedaqoji hərəkətlər hesab edilir və qəti surətdə yolverilməzdir. Bu cür hallar, əsasən, pedaqoji sahə işçilərinin uşaq psixologiyasına, onların fərdi xüsusiyyətlərinə dərindən bələd olmamaları səbəbindən baş verir. Uşaqlarla bağlı valideynlərlə səmərəli əlaqələrin qurulmaması da həmin səbəblərdən biridir. Müxtəlif xarakterli uşaqlarla işləmək bacarığı, onların düşüncələrinə, daxili aləminə, arzu və istəklərinə, meyil və maraqlarına həssaslıqla yanaşmaq müəllimin başlıca keyfiyyətlərindən sayılır. Məktəb rəhbərləri bu məqamlara ciddi diqqət yetirməli, müəllim-şagird münasibətlərini müntəzəm nəzarətdə saxlamalı, özləri bu məsələdə müəllimlərə nümunə olmalıdır”.

Nazirlikdən onu da bildirdilər ki, bu hala yol verən pedaqoji işçilərin haqqında zəruri tədbirlər görülməlidir:

“Heç şübhəsiz, uşaqlara qarşı anti-pedaqoji hərəkətlərə yol vermiş pedaqoji işçilər haqqında qanunvericiliyə uyğun olaraq, intizam tənbehi görülməli, belə halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirilməlidir”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm