Prezident: “Heç bir böhran bizə təsir edə bilməz”
Bizi izləyin

Nida.az

Prezident: “Heç bir böhran bizə təsir edə bilməz”

"Şadam ki, hər il Şahdağda bir-birindən gözəl yeni otellər açılır. Bu otel - “Park Chalet” oteli sayca beşinci oteldir. Burada bütün lazımi şərait yaradılıb, otel ən yüksək standartlara cavab verir. Həm xarici görünüşü, həm daxili tərtibatı, bütün xidmət sahələri ən yüksək səviyyədədir. Bu, məni çox sevindirir. Çünki Şahdağ kurort mərkəzi bir neçə ildir ki, yaradılır".

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Park Chalet Shahdag” otelinin açılışında etdiyi çıxışında deyib.

"İlk dəfə altı il bundan əvvəl burada olarkən Azərbaycanda dağ xizəyi kurortunun yaradılması haqqında qərar qəbul etdim və 2009-cu ildə təməl daşı qoyuldu. O zaman bu ərazilər boş idi. Bu gözəl dağlar arasında gözəl turizm mərkəzi yaradılıbdır. Bu gün dünya səviyyəli turizm mərkəzidir. Bütün infrastruktur layihələri icra edildi, yollar, elektrik, qaz, su xətləri çəkildi. İlk növbədə, infrastruktur yaradılmalı idi. O layihələr icra edilməsə idi, burada otelin tikintisi mümkün olmazdı", - Prezident əlavə edib.

- Ondan sonra birinci otel – “Şahdağ” oteli tikilmişdir. Daha sonra “Qaya”, “Zirvə”, “Pik Palas” və indi “Park Chalet”. Yəni, qısa müddətdə, təxminən 3-4 il ərzində Azərbaycanda dünya səviyyəli beynəlxalq turizm mərkəzi yaradılıbdır. Hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki adətən, belə turizm mərkəzlərinin yaradılması onilliklər tələb edir. Biz isə bunu 4-5 il ərzində yarada bilmişik. Burada həm dövlət vəsaitindən istifadə edilmişdir, - çünki bütün infrastruktur layihələri, elə birinci otel – “Şahdağ” oteli dövlət büdcəsi hesabına tikilmişdir, - həm də özəl sektor fəaliyyət göstərir. Belə də olmalıdır. Azərbaycanda turizm yerlərinin yaradılması bu istiqamətdə inkişaf edir: dövlət infrastruktur yaradır, yollar çəkir, bütün kommunikasiyalar təmin edilir, özəl sektor isə öz növbəsində, investisiyaları təşkil edir".


Dövlət başçısı qeyd edib ki, bu zona, ümumiyyətlə, çox böyük inkişaf dövrünü yaşayır: "Bu otellərdə - Şahdağ kurort mərkəzində işləyənlərin 80 faizi yerli insanlardır, Qusar rayonunun sakinləridirlər. Yadımdadır, təməl daşını qoyanda demişdim ki, bu mərkəz, eyni zamanda, iş yerlərinin yaradılmasına xidmət göstərəcək. Çünki turizm sektoru çoxsaylı iş yerlərinin açılmasına gətirib çıxarır. Nəzərə alsaq ki, biz hələ birinci mərhələdəyik, demək olar, bizim bütün planlarımız otellərin tikintisi ilə artıq reallaşıb. Ancaq Şahdağ turizm mərkəzinin əsas fəaliyyət dövrü bundan sonra başlayacaq. Çünki hazırda buraya gələn qonaqların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu da çox müsbət haldır ki, belə gözəl şərait olan yerdə Azərbaycan vətəndaşlarının indi dincəlmək üçün xaricə getmələrinə ehtiyac yoxdur. Ancaq ümid edirəm ki, gələcəkdə xarici qonaqların sayı da çoxalacaq. Beləliklə, burada – Qusar rayonunda inkişaf daha da sürətlə gedəcək".


İlham Əliyev bildirib ki, Qusar rayonunun inkişafı daim diqqət mərkəzindədir: "Həm abadlıq-quruculuq, infrastruktur işləri görülmüş, gözəl xəstəxana tikilmişdir. Məktəblər inşa olunur, yollar çəkilir. Bu mərkəz Azərbaycanda ən böyük turizm mərkəzidir və dövlət xətti ilə turizm infrastrukturuna qoyulan ən böyük vəsait Qusar rayonuna yatırılıb. Bu mərkəzin gözəl gələcəyi var. Xarici qonaqlar artıq bu yeri tanıyırlar. İnternet saytları da var. Bu il Azərbaycanda keçiriləcək Avropa Oyunlarının qonaqları da əminəm ki, gələcəklər. Baxmayaraq ki, bu, oyunlar yay mövsümündə olacaq. Ancaq əminəm ki, bu mərkəz yay mövsümündə də uğurla fəaliyyət göstərəcək. Hazırda buraya şənbə-bazar günlərində daha çox qonaq gəlir. Amma vaxt gələcək ki, bütün həftə boyu onların sayı çoxalacaq və əminəm, yay mövsümündə də bu mərkəz kifayət qədər səmərəli işləyəcək".


Prezident vurğulayıb ki, turizm Azərbaycanda inkişaf edir: "Bir neçə turizm mərkəzi yaradılıbdır. Onlardan biri Şahdağdır. Eyni zamanda, indi Naftalan turizm mərkəzi fəaliyyət göstərir. Qalaaltı turizm mərkəzi bu yaxınlarda açılacaqdır. Cənub bölgəsində - Lənkəran-Astara zonasında, Lerikdə gözəl turizm imkanları var. Qəbələ turizm mərkəzinə çevrilibdir, burada beşulduzlu bir neçə otel fəaliyyət göstərir. Qərb bölgəsində Gəncə və onun ətrafında yerləşən rayonlar da əlbəttə ki, turizm üçün çox gözəl yerlərdir".


İlham Əliyev deyib ki, Azərbaycanın təbiəti elədir ki, hər yerdə gözəl, səfalı məkanlar, dağlar, meşələr, çaylar çoxdur. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvətdən səmərəli şəkildə istifadə etməliyik. Belə gözəl, müasir otellər tikilir və Azərbaycan vətəndaşlarına xidmət edir: "Əlbəttə, Azərbaycanın ən böyük turizm mərkəzi Bakıdır. Bakıda indi dünyanın bütün aparıcı otelləri fəaliyyət göstərir. Qısa müddət ərzində Bakıda beşulduzlu altı otel tikilmişdir. Hesab edirəm ki, bu da rekord göstəricidir, 5-6 il ərzində bir şəhərdə beşulduzlu altı beynəlxalq otel inşa olunmuşdur. Bakıya gələn hər bir qonaq paytaxtımıza aşiq olur. Çünki Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən isə istəyirəm ki, Azərbaycanın bütün şəhərləri gözəl olsun. Bütün şəhərlərdə gözəl şərait olsun, insanlar rahat yaşasınlar. Bu gün biz bunu təmin edirik. Azərbaycan inkişaf edir. Heç bir böhran bizə təsir edə bilməz. Biz inamla inkişaf edirik və regionlarımız da inkişaf edir.

İki gün bundan əvvəl regionların sosial-iqtisadi inkişafına dair üçüncü proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bir daha bütün rəqəmlər səsləndi və Azərbaycanın regionlarının inkişafı bundan sonra da uğurla təmin ediləcək. Çox şadam ki, mənim təşəbbüsüm qısa müddət ərzində reallaşır. Bu yerlərdə gözəl otellər, binalar, istirahət zonaları yaradılıb. Sizə uğurlar arzulayıram və əminəm ki, yaxşı işləyəcəksiniz, qonaqlara yaxşı xidmət göstərəcəksiniz. Sağ olun".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm