70 il sonrasını görən azərbaycanlı
Bizi izləyin

Qırmızı.az

70 il sonrasını görən azərbaycanlı

“Sən bizimsən, bizimsən, durduqca bədəndə Can,
Yaşa - yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”


Bu gün onun doğum gündür.

Azərbaycan milli istiqlal hərəkatının və bütün İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Atası din xadimi olsa da, onu məktəb yaşına çatanda şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltdi. Məşhur pedaqoq S.M. Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbində dərs alması gələcək mütəfəkkirin taleyində böyük rol oynadı.

Daha sonra Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M. Ə. Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaratdı. Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1908-ci ildə həbs olunma təhlükəsini hiss edən Rəsulzadə İrana gedir. Orda Səttarxanla görüşür və cənubdakı soydaşlarımızın istiqlal mübarizəsinə dəstək verir. İranda o, ədəbi-publisist fəaliyyətini də davam etdirir.

1913-cü ildə Romanovlar sülaləsinin ümumi əfv sərəncamından sonra Rəsulzadə Bakıya qayıdır.

M. Ə. Rəsulzadə 1915-ci ilin avqustundan “Açıq söz” qəzetini nəşr etməyə başlayır. Əslində, bu qəzet gizli fəaliyyət göstərən “Müsavat” partiyasının orqanı idi.

1917-ci ildə fevral burjua inqilabı baş verdi. Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib, dünyanın altıda bir hissəsinə çevrilmiş Böyük Rusiya imperiyası dağıldı. Əsən azadlıq mehi müstəmləkə halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusu baş qaldırmışdı. Həmin ilin martında açıq fəaliyyətə başlamış “Müsavat” partiyasının orqanı “Açıq söz” qəzeti yazırdı: “Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hürriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da, mindən birimizin belə xəbəri olmayan biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişlər”.

1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M. Ə. Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurultayda “Azərbaycan qayəsi” məsələsi yenidən ortaya çıxdı.

1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən “Türk Ədəbi Mərkəziyyət partiyası “Müsavat”ın birinci qurultayında M. Ə. Rəsulzadə Mərkəzi Komitənin sədri seçildi. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında xalqımızın milli hərəkatı başlandı.
1917-ci ilin payızında M. Ə. Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçildi.

1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yarandı. Səs çoxluğu ilə M. Ə. Rəsulzadə Milli Şuranın sədri seçildi.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydı.

Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu.
İyunun 17-də Azərbaycan Milli Şurasının iclasında M. Ə. Rəsulzadə deyirdi: “Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”.

ADR 23 illik ömürdən sonra 1920-ci ildə bolşeviklər tərəfindən işğal olundu. Həmin ilin aprel hadisələrindən sonra M. Ə. Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ. V. Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XII Ordunun xüsusi şöbəsinin rəisi V. Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi.

Lakin SSRİ-dəki repressiyaları görən Rəsulzadə bir gün onu da dar ağacına çəkəcəklərini bilirdi. Buna görə də o, 1922-ci ildə Petroqraddan Finlandiyaya qaçır. Qərbi Avropaya gələn Rəsulzadə oradan Türkiyəyə gəlir.
1928-ci ildə İstanbulda M. Ə. Rəsulzadənin “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir.
O, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni mühacirətdə də davam etdirir.

Düz 33 il – ölümünə qədər o, Vətən həsrəti çəkir. Lakin ömrünün sonuna qədər Azərbaycan istiqlaliyyəti üçün savaşır.

Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən müalicə olunan Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan… Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu.
Ankara radiosu martın 7-də saat 22.45 dəqiqədə M. Ə. Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi. O, Ankara Əsri qəbiristanlığında dəfn edilib.

Lakin Rəsulzadənin arzusu 70 ildən sonra gerçək olur. Onun “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamı reallaşır. Azərbaycan öz müstəqilliyini bərpa edir.

Bu gün Məmməd Əmin Rəsulzadənin 131-ci doğum günüdür.

Azərbaycan Prezident İlham Əliyevin 2013-cü il 22 noyabr tarixli sərəncamı ilə Rəsulzadənin yubileyi dövlət səviyyəsində qeyd olunur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm