“Azdrama”da 18+ tamaşa - PREMYERA
Bizi izləyin

Digər

“Azdrama”da 18+ tamaşa - PREMYERA

30 yanvar 2015-ci il. Saat 18:30. Akademik Milli Dram Teatrının qarşısında xeyli adam var. Əksəriyyəti aktyorlar, mədəniyyət işçiləri, jurnalistlər və digər ictimai insanlardır. Amma tanımadığım sifətlər də az deyil. Bir azdan gənc rejissor Ərtoğrulun quruluş verdiyi birhissəli tragikomik virtual oyun janrında hazırlanan “Keçmişdən zəng” tamaşasının premyerası olacaq...

Qeyd edim ki, tamaşa Ukrayna yazarı Krımın “Keçmişdən gələn zəng” əsəri əsasında hazırlanıb. Daha doğrusu, hazırlanmalıydı...

Bu arada “Azdrama”nın keçmiş truppa müdiri, özünün dediyinə görə, hazırda baş inzibatçı işləyən Elnur Məmmədov yarızarafatla mənə tamaşaya baxmamağı “məsləhət görür”. Amma necə deyərlər, hər zarafatda bir həqiqət var. Bəs niyə belə desin? Bunu tamaşanın sonunda anladım. Oxusanız, siz də başa düşəcəksiniz.

Tamaşanın başlamasına yarım saat qalır. Fürsətdən istifadə edib bir-iki müsahibə alandan sonra zalda yerimi tuturam – birinci sıra, birinci yer. Sağımda iki uşaq oturub.

Bəlkə də, ilk dəfədir tamaşaya gəliblər. Sol tərəfimdə isə ortayaşlı cütlük əyləşib. Dəqiqələr irəlilədikcə kişi vurnuxur, “ta noldu buların tamaşaları?” deyib narazılığını bildirir.

Elə, deyəsən, o da ilk dəfədir teatra tamaşaya baxmağa gəlib. Hərçənd ki, geyim-kecimindən ziyalı təsiri bağışlayır.

Arabir tamaşanın başlamasıyla bağlı xəbərdarlıq zəngi çalınır. Amma zalın heç yarısı da dolmayıb. Sonradan aktyorların birindən öyrənirəm ki, tamaşanın gecikməsinə səbəb də elə budur. Bəziləri isə “selfie”şünaslığın incəlikləriylə məşğuldurlar. Hər halda, boş səhnəyə baxmaqdan daha yaxşı və faydalı məşğuliyyətdir.

Arabir çalınan xəbərdarlıq zəngi başımızı qatır. Buradan həmin zəngi çalan şəxsə xüsusi təşəkkürümü bildirirəm. Çünki iki-üç dəfə təzəcə mürgüləməyə başlayırdım ki, həmin zəngin səsinə oyandım. O zəng olmasa, bu yazı da olmayacaqdı.

Nəhayət, tamaşa başlayır. Səhnənin dekorasiyası faciə günlərindəki xatirə gecələrini xatırladır. Qara pərdələr və onların ortasında dekorasiyaya oxşayan bir şey...

Tamaşada Andrey rolunu gənc aktyor Rəşad Bəxtiyarov, Viktoru Elnar Qarayev, Ritanı isə əməkdar artist Sevinc Əliyeva oynayır. Rita – Andreyin keçmiş, Viktorun isə indiki həyat yoldaşıdır. Var-dövlətə, pula meyilli qadındır. Amma hadisələr heç də onun istədiyi kimi cərəyan etmir.

Tamaşa barədə isə onu demək olar ki, rejissor işi barədə danışmaq yersizdir. Tamaşaya baxanda məşqçisiz futbol komandası təəssüratı yaranır. Yəni, aktyorlar öz fərdi bacarıqları hesabına nəsə etməyə çalışırlar. Adətən, kütləvi səhnələrdə, kiçik rollarda gördüyümüz Rəşad Bəxtiyarovun oyunu isə, doğrudan da, alqışalayiqdir. Elə Sevinc Əliyeva və Elnar Qarayevin də oyunu təqdirəlayiqdir.

Şəxsi qənaətimə görə, tamaşanın afişasında 18+ xəbərdarlığının yazılması daha məqsədəuyğun olardı.

Adi bir misal: tamaşa başlayır, Andrey telefonla danışa-danışa səhnəyə daxil olur və tez-tələsik söhbəti bitirib ayaqyoluya keçir. Ardınca unitazla Andreyin “görüşünün” səsi zala yayılır. Növbəti səhnədə Andrey telefonla danışır və söhbətin ortasında “sən məndən pul əvəzinə zırt alarsan” deyərək əlini düz tamaşaçıya uzadır. Rita keçmiş əri Andreylə görüşür və ondan oğurlanan telefonunu geri istəyir. Andreyin cavabına baxaq: “Mən o telefona lopux vermişəm?”

Təbii ki, premyera olduğu üçün bəzi məqamları nəzərə almaq olar. Amma bu da şəxsi qənaətimdir ki, pərdənin arxasındakı texniki işçilər tamaşa ərzində rejissor işindən daha çox görünürdü. Təbriklər!..

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm