“Levıy” gedən yunanlar, komaya düşən ruslar - İQTİSADİ HESABAT
Bizi izləyin

Hesabat

“Levıy” gedən yunanlar, komaya düşən ruslar - İQTİSADİ HESABAT

Yola saldığımız həftə Rusiya iqtisadiyyatı üçün ən ağır həftələrdən oldu. Beynəlxalq reytinq agentliyi “Standard & Poors” son 10 ildə ilk dəfə Rusiyanın suveren kredit reytinqini BBB-dən BB+ endirdi. Bu qiymətləndirmənin əks-sədası Moskva birjasından gəldi. Rublun məzənnəsi dollar qarşısında 69 rubla qədər zəiflədi. ABŞ Ukraynaya 2 milyard dollar kredit verməyi nəzərdə tutan bəyannaməni imzaladı, İspaniya iqtisadiyyatı 2014-cü ildə 1,4 faiz böyüyərək Avropanın lokomotivi Almaniyanı geridə buraxdı. Yunanıstanın çiçəyi burnunda yeni hökuməti avropalı səlahiyyətlilərlə ölkənin nəhəng borcu ilə bağlı müzakirələrə başladı. Publika.az həftənin iqtisadi hesabatını təqdim edir.

İş dünyasına gəlincə, “McDonalds” rəhbərini dəyişdi, “Facebook” və “Apple” gəlirlərinin artdığını, “Qazprom” isə azaldığını açıqladı. İşçilərinin sayını azaldan neft şirkərləri bir sıra layihələrini də dayandırdılar.

Başlayaq Rusiyadan. Həftə Ukraynada yenidən alovlanan qarşıdurmaların rus birjasını ağır vurması ilə başladı. Maliyyə sanksiyalarının artacağına dair narahatlıqlar, neftin qiymətinin düşməsi Moskva birjasının 4 faiz dəyər itirməsinə gətirib çıxardı. Bu azmış kimi, Beynəlxalq reytinq agentliyi “Standard & Poors” son 10 ildə ilk dəfə ölkənin suveren kredit reytinqini BBB-dən BB+ endirdi. Hansı ki bu da ən aşağı investisiya həddidir. Agentliyin qiymətləndirməsinə əsasən, Rusiyanın iqtisadi artım perspektivi zəifləyib, fiskal və xarici ehtiyatlarının tükənməsi gözlənir.

Nəzərə alsaq ki, yanvarın 9-da “Fitch” Rusiyanın uzunmüddətli kredit reytinqini aşağı salmışdı və buna səbəb kimi də rublun dəyərinin düşməsini, uçot stavkasının 17 faizə qaldırılmasını göstərmişdi. Yanvarın 16-da isə “Moody's” ölkənin uzunmüddətli dövlət istiqrazları reytinqini Baa2-dən Baa3-ə edirdi “Standard & Poors”un son qiymətləndirməsi Rusiya iqtisadiyyatına tərs şillə kimi dəydi. Ötən bir ildə 151 milyard dollar sərmayə itirən Rusiyada böhranın daha da dərinləşəcəyinə dair gözləntilər artdı. Mütəxəssislər bildirir ki, hətta tətbiq edilən maliyyə sanksiyaları ləğv olunarsa, Rusiya iqtisadiyyatında canlanma ən az 5 il sonra başlayacaq.Maraqlıdır ki, baş nazir Dmitri Medvedev "Standard & Poors”un qiymətləndirməsinin iqtisadi deyil, siyasi xarakter daşıdığını açıqladı. Amma ciddi tədbirləri də əldən buraxmadı. Hökumət ölkə iqtisadiyyatına 30 milyard avroluq maliyyə dəstəyi verməyi qərara aldı. Mərkəzi Bank uçot stavkasını 17 faizdən 15 faizə endirdi. Lakin faiz endirimi qərarı rubla düşərli olmadı. Dolların məzənnəsi 70 rubla qədər qalxdı.

Bir az da Avropadan danışaq. Maliyyə böhranından ən ağır təsirlənən ölkələrdən biri İspaniya, deyəsən, tunelin sonuna çatıb. 2014-cü ildə ölkə iqtisadiyyatı 1,4 faiz artaraq Avropanın lokomotivi Almaniyanı belə geridə buraxıb. İspaniyanın Statistika Komitəsinin açıqladığı məlumatlara görə, ilin son rübündə ümumi daxili məhsul 0,7 faiz artaraq il sonunda 1,5 faiz artımı təmin etdi. Madrid rəhbərliyi 2015-ci ildə iqtisadi artımın davam edəcəyini və 2 faizə çataçağını proqnozlaşdırır. Buna səbəb də neftin qiymətinin düşməsi göstərilir. Belə ki, İspaniya Avropanın ən böyük enerji idxalçılarındandır. Avronun digər valyutalar qarşısında dəyər itirməsi də ölkənin ixracını artırmasına gətirib çıxarıb.

Almaniyada son dövrdəki parlaq iqtisadi nəticələr inflyasiyanın düşməsinə maneə törədə bilmir. Ölkədə inflyasiya 2009-cu ilin oktyabrından bəri ilk dəfə sıfırın altına düşüb. İnflyasiya ötən ilin noyabrında 0,5 faiz, dekabrında isə 0,1 faiz olub. Yanvar ayında -0,5 faiz təşkil edib. Nəzərə çatdıraq ki, mənfi inflyasiya mütəxəssislərdə narahatlıq yaradıb.

ABŞ Ukraynaya 2 milyard dollar kredit verməyi nəzərdə tutan bəyannamə imzalayıb. Sənəd ABŞ-ın Xəzinə naziri Jacob Leyunun Ukraynanın maliyyə naziri Nataliya Yareskonun görüşünün nəticəsi olaraq imzalanıb. İmza mərasimindən sonra açıqlama verən N.Yaresko bildirib ki, kredit Ukraynanın başladığı islahatların həyata keçirilməsinə yönəldiləcək. Müsbət iş mühitinin yaradılmasına imkan verəcək.

Bu həftə Yunanıstandan da xəbər var. Ölkənin borcunu yenidən müzakirəyə çıxarmağı vəd edən radikal solçu Syriza partiyasının seçkilərin qalibi olması Avropaya baha başa gəlib. Çiçəyi burnunda yeni hökumət avropalı səlahiyyətlilərlə dərhal borc müzakirələrinə başlayıblar. Maliyyə naziri həmçinin hökumətin fevralın 28-də müddəti sona çatacaq yardım proqramının vaxtını uzatmayacağını da deyib. Ekspertlər isə vəziyyəti Yunanıstan və Avropa arasında çətin mərhələnin başlaması kimi qiymətləndirir.

İş dünyası

Xam neftin qiymətindəki ucuzlaşmanın neft istehsalçılarına təsirləri daha da dərinləşir. BP-dən sonra Avropanın ən böyük neft şirkəti “Shell” də üç ilayihə üzrə sərmayələrində kəsintiyə gedib. Bu ixtisarın həcmi hardasa 15 milyard dollar qiymətləndirilir. Məlumat üçün bildirək ki, təxirə salınan layihələrdən biri Qətərdə 6,4 milyard dollar məbləğindəki neftkimya proyekti idi.

Rusiyanın enerji nəhəngi “Qazprom”un 2014-cü ildə qazancı kritik şəkildə azalıb. Bu enişdə ən çox Ukrayna ilə yaşanan qaz böhranının payı olub. Belə ki, təbii qazın qiymətini qaldıran Rusiyaya Ukraynanın borcu artdığından birinci ikincinin qaz təchizatını iyundan payıza qədər kəsdi. Uzun müzakirələrdən sonra ilkin ödəniş və borcun mərhələlərlə qaytarılması şərti ilə mavi qaz bərpa edildi. Amma tərəflərin mart ayında yenidən müzakirələrə başlaması gözlənilir.

Dünyanın ən böyük "fast food" zənciri “McDonalds” isə müştərilərinin azalması səbəbindən rəhbərini işdən çıxardı. İctimai media nəhəngi “Facebook” 2014-cü ilin son rübündə gəlirlərinin 49 faiz artdığını açıqladı. Məlum oldu ki, şirkətin gəlirləri 3,85 milyard dollar çoxalıb. Halbuki bazarların gözləntisi 3,77 milyard dollar idi. Nəzərə çatdıraq ki, “Facebook”un gəlirlərində əhəmiyyətli hissəni reklamlar meydana gətirir.

Dünyanın texnologiya nəhənglərindən “Apple” də gəlirlərinin artdığını açıqlayıb. Bu artım 38 faiz təşkil edərək 18 milyard dollara çatıb. Şirkət ilk rübdə 21,5 milyon iPad və 5,52 milyon ədəd Mac kompüter satıb.

Xatırladaq ki, “Apple” 2013-cü ilin son 3 ayında 57,6 milyard dollar gəlir, 13,1 milyard dollar dəqiq qazanc əldə etmişdi.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Həftənin ən önəmli hadisəsi prezident İlham Əliyevin iştirakı ilə yanvarın 27-də Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına dair konfrans oldu. Bu iclasda dövlət başçısı banklar, investisiya xərcləri, eləcə də milli valyutanın məzənnəsi ilə bağlı vacib mesajlar verdi. Bildirdi ki, manatın avroya qarşı bundan sonra da bahalaşması müsbət hal deyil: “1 manat 1 avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək”. Dövlət başçısı bank sektoruna diqqət çəkərək real sektora kreditlərin artırılmasının vacibliyini vurğuladı. Sitat: “Bankların böyük resursları var ki, ölkə iqtisadiyyatına vəsait ayırsınlar. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir. Çünki Azərbaycan dövləti bank sektorunun formalaşmasında çox böyük rol oynamışdır”. Prezident kənd təsərrüfatına ayrılan subsidiyaların mənimsənilməsi faktına toxundu: “Kənd təsərrüfatı məhsullarının istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. Məgər burada oturanlar bilmirlər ki, subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilirlər və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır”.

Həftənin daha bir vacib hadiəsi Dövlət Neft Şirkətinin DESFA-nın səhmlərinə yatırdığı investisiyadan xəbər çıxması oldu. Belə ki, Yunanıstanın yeni energetika naziri Panayotis Lafazanisın Dövlət Neft Şirkəti tərəfindən bu ölkənin qazpaylayıcı şəbəkənin operatorunun səhmlərinin alınmasına münasibət bildirdi. Nazir deyib ki, Yunanıstan hökuməti Avropa Komissiyasının qərarını gözləyəcək və gələcək addımlarını müəyyən edəcək. O həmçinin DEPA şirkətinin özəlləşdirilməsi məsələsinə də toxunub: ”Maraqlı tərəfin kimliyindən asılı olmayaraq, biz DEPA-nı heç kimə satmayacağıq və özəlləşdirilməsinə imkan verməyəcəyik".

Xatırladaq ki, 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

DEPA və DESFA-nın satışı bu ölkənin özəlləşdirmə proqramının əsas bəndlərindən biri hesab olunur. Yunanıstan onların satışından 1,5 mlrd avro əldə etməyi nəzərdə tutur.

Mərkəzi Bankın sədri Elman Rüstəmov da maraqlı bəyanatları ilə yadda qaldı. O, cari ildə ipotekaya aid vəsaitlərin artırılmasının planlaşdırıldığını açıqladı. Dedi ki, bu, büdcəyə yük yaratmadan bazardan cəlb edilən vəsaitlər hesabına da ola bilər. İpoteka şərtlərinin dəyişib-dəyişməyəcəyinə gəlincə, E.Rüstəmov deyib ki, əsas hədəf ipotekanın məbləğinin artırılmasıdır: “Bu gün verilən kreditlər təkrar bazara yönəldilir. Hesab edirik ki, kreditlərə ayrılan vəsait əhəmiyyətli şəkildə artırılmalıdır. Xüsusilə kommersiya ipoteka kreditlərinə ayrılan vəsait. Hesab edirəm, sosial ipoteka kreditləri də artırılmalıdır. Əhalinin bu vəsaitlər vasitəsilə yeni tikililərdən də mənzil ala bilməsi təmin edilməlidir”.

Məndən bu qədər. Hər kəsə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm