Cəmil Həsənlinin itmiş güzgüsü
Bizi izləyin

Digər

Cəmil Həsənlinin itmiş güzgüsü

“Con, sən keçmişini nə tez unutdun?” Yadımda deyil, amma hansısa filmin əsas fraqmentində bu sözlər xüsusi çərçivədə verilmişdi.

Hollivudun ənənəvi süjet xəttinə malik olan film küçə müharibələrindən bəhs edirdi. Con adlı oğlan pul üçün öz dostlarını satır. Finalda çətinə düşən Con yenidən keçmişinin yanına qayıdır. Jurnalist həmkarlarımızdan birinin əsəbi şəkildə “Cəmil Həsənliyə bax, məni satqın adlandırır” deməsi bu filmi və “Con, sən keçmişini nə tez unutdun” sözlərini yadıma saldı. Həmkarımızın günahı Cəmil Həsənliyə sədri olduğu Milli Şuradan sual verməsi olub. O da eləməyib tənbəllik, həmkarımızın işlədiyi media orqanını xəyanətdə ittiham edib, Qarabağ işğalından tutmuş, müxalifətin iqtidara gələ bilməməsinə qədər günahları yükləyib jurnalistin belinə. Mən də həmkarımıza məsləhət verdim ki, Milli Şuranın sədrinə Çin ədəbiyyatını oxumağı məsləhət görsün. Bir şey anlamadı, lakin.... “İndi kim olduğunu bilmək istəyirsənsə, keçmişdə kim olduğunu öyrən” Çinli ataların sanki Cəmil müəllim-bəyə baxıb dedikləri yuxarıdakı sözləri tamamlamaq üçün ən yaxşı ifadə budur: “Hətta ən varlı adam da öz keçmişini satın ala bilməz”. İngilis yazarı Oskar Uayldın 100 il öncə dilə gətirdiyi bu sözlər Cəmil Həsənliyə yaxşı tanışdır.

Təkcə ona görə yox ki, o, tarixçidir. Axı çinlilərdən fərqli olaraq Cəmil müəllim-bəy ingilisləri daha yaxşı tanıyır. Hətta sədri olduğu Milli Şuranın toplantı-mitinqlərində “Con” deyə asılan plakatlar da bunu sübut edirdi. Sözüm onda yox... Son vaxtlar Cəmil Həsənli nəinki jurnalistləri, bütün ölkəni “satqın” olmaqda ittiham edir, çox sərt “akkordlara” vurur, onun fikri ilə razılaşmayanları yıxıb sürüyür, “xorda sola oxumaq, səsin yaltaqlıq tembri üzərində xüsusi solficio hazırlığı tələb edir” kimi ədəbi-musiqili çıxışlar edir. Görünür, 63 yaşlı tarixçi-siyasətçi son günlər ya güzgüyə baxmağı unudur, ya da baxmağa güzgüsü yoxdur. (Unutqan olduqlarını deyə bilmərəm, amma Həsənlilərin son vaxtlar güzgüsünün olmadığı məlum məsələdir. Necə də olsa, bahalı avtomobildə oturub, qarşıdan keçənləri əzmək Cəmil Həsənliyə tanış hadisədir.)

Amma bir sualı özünə dərd eləyən prezidentliyə iddialı adamın kim olduğunu görmək üçün 100 il öncəyə gedib Conun yerlisi Oskarı gordan çıxarmaq da lazım deyil. Çox yox, cəmi 9 il öncə biri vardı, biri yoxdu, bir “bəy” var idi... ... 2005-ci il, parlament seçkiləri. AXCP seçkinin nəticələrinə etiraz olaraq qazandığı mandatlardan imtina etdi. Bu vaxt Cəmil Həsənli 9 illik sədr müavinliyi etdiyi partiyanı bir mandata “satdı” və istefa verdi. 9 il müavin postunu daşıyan “bəy” bir qələmdə silahdaş dediyi insanları sildi. Parlamentin kürsüsü deyəsən ona yaxşı təsir etmişdi. Vaxtilə hakimiyyətə olmazın ittihamlar irəli sürən Həsənli kürsünün istiliyində əriyərək muma döndü. Hətta yeri o qədər isti idi ki, 5 illik fəaliyyətini başa vuran Milli Məclis yeni seçkilərə gedəndə Cəmil Həsənli yerindən qalxmaq istəmirdi.

Ona birtərəh başa saldılar ki, qayda budur, qalxmaq istəmədiyin kürsü səni yalnız 5 il daşıya bilər. Amma adamın başının üstündə Allah var, Cəmil Həsənli də kürsünün haqqını pis vermədi. Vaxtilə ittiham etdiyi iqtidarın müdafiəsinə qalxdı, - bu iqtidara çox da lazım olmasa da - sabiq silahdaşlarını ağ yuyub, qara sərdi. Bütün bunları heç kim ondan istəmədiyi halda etdi. 2010-cu ildə məlum oldu ki, Cəmil Həsənli bütün bu canfəşanlığı kürsüsünü qorumaq üçün edibmiş. Amma Cəmil Həsənlinin deputatlıq fəaliyyətində bir “işini” etiraf etmək lazımdır. Adam dövlət çevrilişinə cəhdə görə həbs olunmuş qohumu Fərhad Əliyevin hüquqlarının müdafiə komitəsinin sədri kimi çox “iş gördü”. Kimisinə görə bu, Cəmil Həsənlinin qohumluq borcu, kimisinə görə insan haqlarına olan sevgisi idi. Zaman keçdi, onun bu “sevgisinin” nə qohumluq bağlarına, nə də insan haqlarına dəxli olmadığı aydın oldu. Adam hər şeydən çox pulu sevirmiş. Fərhad Əliyevin “hüquqlarını qorumaqla” külli miqdarda qazanc əldə etdiyi də ortaya çıxdı. Hesablamalara görə, Cəmil Həsənlinin həmin dövrdə gəliri 90-cı illərdə məşğul olduğu “saqqız biznesi”ndən əldə etdiklərindən iki-üç qat çox olub. ... 2010-cu il, parlament seçkiləri. Parlamenti formalaşdıran seçicilər Cəmil Həsənliyə şans tanımadı. 5 il kürsünün istiliyinə alışan Həsənli özünə əziyyət verərək seçicinin görüşünə getmək üçün yerindən qalxmamışdı. Nəticədə mandatını itirən Həsənli Con kimi keçmişinin yanına qayıtdı. Vaxtilə bir mandata görə “silahdaşlarını” söyən tarixçi-siyasətçi, elə bir mandata görə də “radikallaşdı”. Silahdaşlarından bağışlanmağı diləyən Həsənli “Xaç atası” Korleonenin şəxsi vəkili Tom Hagendən daha çox iş gördü və Əli Kərimlinin “xaç atalığını” qazana bildi. ... 2013-cü il, prezident seçkilərində Cəmil Həsənli prezidentlik sevdasına düşdü. Həmin vaxt o, Əli Kərimli tərəfindən bağışlanmışdı və söymək üçün yeni hədəfi var idi.

Yadımdadır, Milli Şuranın “vahid namizədliyinə” namizədliyi irəli sürülən sessiyada Cəmil Həsənli o qədər “səmimi” davranırdı ki, adamın 2005-ci ildə “mandat satqını” olduğuna inanmaq mümkün deyildi. Cəmil Həsənli düşdüyü prezidentlik eşqinə görə, bu dəfə daha “obyomlu tender”ə girdi. O, haqqında təriflər yağdırdığı Qərbi Rusiyaya dəyişdi. Rusiyada hazırlanan ssenari ilə gündəmə gələn Milli Şuranın prezidentliyə namizədi oldu. “Rusiya bizi işğal etsə də olar, təki bu hakimiyyət getsin” səslərinin yüksəldiyi quruma rəhbərlik etdi. Dolayısı ilə Azərbaycan tarixində işğal faktlarını araşdıran tarixçi siyasətçi olmaq üçün işğalı dəstəklədi. Maraqlıdır, prezident seçkilərində oxu daşa dəyən Həsənli “arxa çevirmək” prosesini çox da gecikdirmədi. Rusiyanın layihəsində yer almaqla satdığı Qərbə yenidən üz tutdu.

“Seçkinin nəticələri ləğv olunmalıdır” deyə bağıra-bağıra getdiyi, - Vaşinqtondan suyu süzülə-süzülə qayıtdı. O, siyasi “karyerasını” bax beləcə yandırdı. Hər-halda “siyasi biznes” “saqqız biznesinə” bənzəmir. İndi Həsənli müəllim-bəy əli qoynunda AXCP-nin don Korleonena vəkillik edir. Son günlər, bekarçılıqdandır, ya nədən, bilmirəm, adamın tarixçi olduğu da yadına düşüb. “Yazısının aşağısına imzasını qoymağa cəsarəti çatmayanlar bir qayda olaraq ”AZADLIQ" haqqında difiramblar oxuyurlar", - deyə millətə “akademik” mühazirələr oxuyur. Deyəsən, tarixçi-siyasətçi “Con” yazdığı kitablara atdığı imzaları - keçmişini unudub. ... Amma mən də bir söz verirəm: İttiham etdiyi həmkarımla “atışıb” ona bir güzgü alacağıq. İndicə öyrənmişəm ki, qara bazarda ölçüləri 30X60 olan çərçivəli güzgü 35 manatdır.

“Çənə-boğazdan” sonra onu 32-yə salmaq olar, adama 16 manat pul düşür. Bir sözlə, güzgü bizlikdir. Təki Cəmil Həsənli yazdığı kitabları, atdığı imzaları, “don Korleonları”, mandatları və kürsüləri, rusları və ingilisləri unutmasın. Bir də aradan Çin ədəbiyyatını oxusun.... Bu söz 2005-ci ildəki sözə bənzəmir ha, Cəmil müəllim-bəy ...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm