“Ştirlits”in üç böyük sirri: məşhur sovet aktyorunun faciəli həyat hekayəsi – FOTOLAR
Bizi izləyin

Bu kino ki, var...

“Ştirlits”in üç böyük sirri: məşhur sovet aktyorunun faciəli həyat hekayəsi – FOTOLAR

Milyonlarla insanın sevə-sevə pərəstiş etdiyi, bir nömrəli sovet agentinin obrazını mükəmməl yaradıcısı dahi aktyor Vyeçeslav Tixonov...

Çoxlarımız onu "Ştirlits" kimi tanıyırıq. Lakin Tixonovun ömrünün son məqamlarında yaşadığı faciələrdən, yəqin ki, çox az adam xəbərdardır.

Bundan əlavə, çoxlarını Tixonovun 3 əsas sirrindən agah deyillər. Bəs bu, nə sirlərdir? Mövzu boyu bu haqda danışacağıq...

Beləliklə, Publika.az "Bu kino ki var" layihəsində əfsanəvi aktyorun ölümqabağı keçirdiyi iztirabları barədə materialı təqdim edir.

Vyaçeslav Vasilyeviç 2009-cu il dekabrın 4-də, 82 yaşında canını tapşırıb.
O, qapalı həyat tərzi sürürdü. Ona görə də dahi aktyorun dostu-yoldaşı da yox idi. Ən yaxın dostları rejissor Stanislav Rostotski (Tixonov onun bir çox filmlərində çəkilib), Yuri Nikulin, Nikolay Kruçkov öldükdən sonra o, tamamilə tək qalmışdı.

Tixonov bərəkətli torpaqda – Nikolinoda yaşayırdı. O, burada qırmızı kərpicdən "Baharın 17 anı" filmindəki evin oxşarını tikdirmişdi. Dostları sağ olanda bu evə yığışar və balıq tutmağa gedərdilər. Onları Styopka adlı it müşayiət edərdi. Tixonov onu hələ küçük yaşlarından yanında saxlayıb. Günlərin bir günündə Styopkanın başına bədbəxt hadisə gəldi. İt itkin düşdü və bir neçə gündən sonra qonşulardan biri onun xaltasını tapıb gətirdi. Tənha qalan aktyor bundan sonra evdən çölə çıxmaqdan imtina etdi. O, günlərini televizor qarşısında keçirər, arabir azacıq içərdi. Və bir də... əlbəttə, çəkildiyi filmlərə təkrar-təkrar baxardı. Tixonov ömrünün sonunun yaxınlaşması ilə barışa bilmirdi.

Təəssüf ki, onun qəbri üstündə ağlayacaq adam da yox idi. Həyatının sonlarında dahi aktyorun cəmi iki doğma adamı qalmışdı: arvadı Tamara və qızı Anna. Bu iki qadın Tixonovun həm mükafatı, həm də cəzası idi. Çox az adam bilir ki, ekranda gördüyümüz yaraşıqlı, müstəqil, iradəli kişi əslində həyatda çox yumşaq xasiyyətli, hətta aciz insan olub. Birinci arvadı Nonna Mordyukovanı da ondan uzaqlaşdıran elə bu zəif xarakter idi. Don kazaklarından olan Mordyukova ehtiraslı qadın idi və necə deyərlər, Tixonovu "yerindən oynatmaq" istəyirdi. Tixonov 16 yaşı olarkən onunla evlənmişdi, lakin 1 ildən hər ikisi sonra bu evliliyin səhv olduğunu anladı... Nəhayət, Nonnanı yeni sevgilisi ilə yaxalayanda Tixonovun səbri tükəndi. Və əri qapını çırpıb gedəndə Mordyukova hətta sevindi də: "Şükür Allaha, axır ki, emosiyalarını görə bildik!"

Onlar ayrılanda oğlu Volodyanın 13 yaşı vardı. Valideynlərinin boşanmasına baxmayaraq, həm atası, həm də anası ona qayğı göstərirdi. Amma bu sevgi belə onu faciəli ölümdən xilas edə bilmədi...

Volodya Tixonov 18 yaşında narkotiklərə qurşandı. Atası günahı özündə görürdü. Oğlunu pis vərdişdən uzaqlaşdırmaq üçün Tixonov və Mordyukova daim ona nəzarət edirdilər. Tezliklə Volodya "Qafqaz əsiri" filmindən yaraşıqlı Natalya Varleyə aşiq oldu. Natalya və Volodya evlənməyə qərar verdilər. Cütlük Tixonova ilk nəvəsini bəxş etdi. Lakin qısa müddətdən sonra onlar da boşandılar...

Deyilənlərə görə, Vyaçeslav Vasilyeviç oğlu Volodya ilə də gizlincə qarajda görüşməli olurdu. Bu, Tixonovun ictimaiyyətdən gizlətdiyi ilk sirri idi. Volodya qırx yaşında artıq miqdarda narkotik doza qəbul etdiyi üçün dünyasını dəyişəndə Tixonov oğlunun ikinci arvadına və nəvəsinə yardım əlini uzatmağa çalışdı. Lakin oğlunun keçmiş arvadı qayınatasını qəbul etməyərək, onun uşaqla ünsiyyət qurmasına qadağa qoydu.

Vyaçeslav Tixonov ikinci dəfə 40 yaşında ailə qurmuşdu. O, 25 yaşlı müəlliməni – Tamaranı seçdi. Onlar "Kişi və qadın" filminin səsləndirilməsi zamanı üzərində işləyərkən tanış oldular. Filmdə Tixonov baş rolda oynayırdı, Tamara isə Beynəlxalq Münasibətlər İnstitunda fransız dilindən dərs deyirdi. O, dublyaj zamanı aktyora kömək edirdi. Qadın ərdə idi, lakin Vyaçeslava görə ərindən boşanmalı oldu. Tezliklə, təzə ailədə Anya adlı qız övladı dünyaya gəldi.

Emosional Nonna Mordyukovadan fərqli olaraq, Tamara da əri Tixonov kimi susqun və təmkinli idi. Lakin diqqət cəlb etməyən qadın ərinin idarə edə bilirdi. Tixonov hansı kinoda çəkilib-çəkilməcəyini onunla məsləhətləşir və arvadına görə sevgi səhnələrindən imtina edirdi. Tamara Tixonova çox qısqanc qadın idi. Yəqin, elə buna görə də Tixonov getdikcə daha az filmə çəkilməyə başladı. Sonra isə film çəkilişlərini tamamilə dayandırdı. Tanışlardan biri deyirdi: "Tixonov kinoda qəhrəman, real həyatda arvaddan qorxan ər olub".

Amma kənardan heç kim duya bilmirdi ki, Tixonov kimi dahi aktyor arvadının sözü ilə oturub-dura bilər. Bu, onun ikinci məxfi saxladığı ikinci sirri idi.

Qocaldıqca Tamaranın qısqanclığı patoloji hal aldı. Tamara İvanova onun telefon danışıqlarına da nəzarət edirdi. Zən edən qadın idisə, Tamara isterika qaldırar, dava salardı. Gənc jurnalistlər Tamara Tixonovadan çəkinirdilər.

O zaman gənc jurnalist olan Anna Verşininanın söylədiklərindən: "Vyaçeslav Vasilyeviç gənclərlə söhbət etməyi xoşlayardı. O, öz təcrübəsini paylaşmağı sevərdi. Və gənc qızlarla nazlanmaq da aktyorun xoşuna gəlirdi. Bir gün müsahibə üçün Tixonovla telefonda danışarkən Tamara İvanova telefonun dəstəyini onun əlindən alıb bağırdı: "Mən bilirəm ki, bu, sənin sevgilindir!!!". Bu, çox gülməli səslənirdi. Çünki Tixonovun 80 yaşı vardı".

Nonna Mordyukovanın bacısı Natalya deyirdi: "Nonnanın dəfnində Tixonovun iştirak etmədiyini xatırlayıram. Onda öz-özümə dedim ki, eybi yox, Allah özü onu mühakimə edər. Sonra isə onun dəlisov Tamarasını xatırladım. Yəqin, Tamara onu dəfnə buraxmayıb. Çünki Tixonov Nonnaya hörmət edirdi. Tamara isə onların telefonda belə danışmasına qadağa qoymuşdu".

Tamara İvanova aktyorun həyatını cəhənnəmə çevirdiyi üçün son anda evi yarıbayarı bölüb, ayrı yaşamağa qərar verdilər. Evin bir hissəsində Vyaçeslav Tixonov, o biri hissəsində isə Tamara Tixonova yaşayırdı. Tixonov ömrünün sonuna kimi beləcə tək qaldı. Bundan sonra, Vyaçeslav nişan üzüyünü çıxardı, Tamara İvanova isə Tixonovun onun həyatını məhv etdiyini iddia edirdi. Əsəblərini sakitləşdirmək üçün Tamara içkiyə qurşandı və bir neçə dəfə intihara əl atdı. Tixonovun qızı Anya valideynlərinin Moskvadakı mənzilində yaşayırdı. Lakin anasına nəzarət etmək üçün qız tez-tez ona baş çəkməyə başladı. Tixonov xoşbəxt idi. Çünki əkiz nəvələrini görə bilirdi.

Tixonovdan yaxşı gəlir götürmək məqamı yetişdi. Anya əri ilə çox da böyük olmayan kinoşirkətin əsasını qoydu. Orada Vyaçeslav Vasyileviçin iştirakı ilə filmlər çəkilməli idi. Anya kinoşirkət və televiziya kanallarına müsahibə verməkdən boyun qaçıraraq, atasının bütün işini öz öhdəsinə götürmüşdü. Aktyorun 80 illik yubileyinə yalnız "Birinci" kanal əməkdaşları buraxıldı. Özü də, çox böyük qonorar qarşılığında. Kanal rəhbəri Konstantin Ernst öz cibindən şəxsən 15 min dollar ödəməklə aktyordan müsahibə götürə bildi. Əlbəttə ki, bu pulların bir qəpiyi belə Tixonova çatmadı. Yubiley günü kino evi tərəfindən dahi aktyora avtomobil hədiyyə olundu. Tixonov o avtomobili heç bir dəfə də sürmədi.

Anya atasının hesabına əla biznes qurmuşdu. O, bu pullara öz ailəsini dolandıra və anasını içkidən uzaqlaşdıra bilərdi. Heç kim Vyaçeslav Vasilyeviçin istəkləri ilə maraqlanmırdı. Beləcə, heç öləndə də aktyorun arzusu yerinə yetirilmədi. Birincisi, Tixonov məbəddə ölü duasını oxunmasının əleyhinə idi. Lakin Anya Tixonova atası üçün dua oxutdurdu. Dahi aktyorun ikinci arzusu da "ürəyində qaldı". Vyeçeslav özü öz əli ilə yazdığı vəsiyyətnamədə öldükdən sonra oğlu Volodyanın yanında basdırılmasını istəyirdi. Tixonovun birinci arvadı Nonna da orada uyuyurdu. Qısqanc ana və bala bunu nəzərə alaraq, mərhumun istəyini yerinə yetirmədilər. Tixonov başqa bir qəbiristanlıqda basdırıldı. Tamara da onun yanında öz yerini hazırlatdırdı. Dahi Tixonov yalnız bir şeydə xoşbəxt idi: Vyaçeslav Vasilyeviç ölümündən bir neçə il əvvəl yenidən həyatının mənasını – 50 il əvvəl ayrıldığı ilk sevgilisi Yuliyanı tapmışdı...

Bu hadisə çoxdan Tixonovun vətənində - Pavlov qəsəbəsində olmuşdu. Rəqs vaxtı 10-cu sinif şagirdi olan Vyeçeslav bir sinif aşağıda oxuyan Yuliya Rossiyksiyə vuruldu. Gənclər hətta evlənməyə də hazırlaşırdılar. Lakin Tixonov təhsil almaq üçün Moskvaya getdi. Amma Mordyukovayla evli olarkən belə Tixonov Pavlov qəsəbəsinə gələrək Yuliyanı soraqlamışdı.

Yuliya o günləri belə xatırlayır: "O, mənə çox əzab verirdi. Bilirdim ki, Moskvada onu hamilə arvadı gözləyir, amma Vyaçeslav mənim yanımda olmaq istəyirdi. Ona da yazığım gəlirdi, çünki əziyyət çəkirdi".

Tədricən həyat onları ayırdı. Lakin Tixonov ömrünün sonunadək bu qadını unuda bilmirdi. Hətta ahıl yaşında Tixonov gizlin şəkildə olsa da, Yuliyanı tapmağa çalışırdı. Onda Tixonov kürəkəni Nikolaya müraciət etdi.

Yuliya Rossiyskaya həmin axşamı çox gözəl xatırlayır. Ev telefonunun zəngi çalındı və Yuliya dəstəyi qaldırdı. Doğma səs eşidildi: "Yuliya, bu mənəm, Slava". 50 il fasilədən sonra onlar ilk dəfə idi ki, danışırdılar. Əlbəttə, Tixonov onunla xəlvəti danışırdı – arvadının evdə olmamasından istifadə etmişdi. Yuliya ilə söhbət ona nəfəslik kimi lazım idi. Ömrünün 81-ci ilində Tixonov anladı ki, bütün həyatı boyu məhz keçmişində qalan qızı sevib. Onlar görüşmək qərarına gəldilər. Bu, Tixonovun 3-cü və ən vacib sirri idi: Uuaqlıq sevgisi ilə yenidən qovuşmaq. Lakin görüş qabağı gah birinin çibanı çıxırdı, gah da o birinin təzyiqi qalxırdı.

Beləcə onlar heç zaman görüşmədilər...

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm