Federasiyanın məhv etdiyi istedad – “Yox, sən idmanla məşğul olmayacaqsan”
Bizi izləyin

İdman

Federasiyanın məhv etdiyi istedad – “Yox, sən idmanla məşğul olmayacaqsan”

Şəbnəm Siracova 1988-ci il avqustun 1-də Qəbələnin Vəndam qəsəbəsində anadan olub. Uşaqlıqdan idmana marağı olan xanım 10 yaşından karate ilə məşğul olmağa başlayıb. İndi o həm ağır atletika ilə məşğul olur həm də özəl bir şirkətdə mühafizəçi işləyir.

Ş.Siracova Publika.az-ın əməkdaşı ilə söhbətləşərkən ailəsinin razılığı olmadan qaçıb idmana getməsindən, bunun üstündə atası ilə qarşı-qarşıya gəlməyindən danışdı. O həmçinin vədinə əməl etməyən federasiyadan da söhbət açdı.

“Atamın imzasını “kopyaladım, evdən qaçdım”

- Karateyə getdiyin ilk günü necə xatırlayırsan?

- Heç o anı unutmaq olar?! Məktəbimizin idman zalında 1 həftə olardı ki, karate məşqçisi Anar müəllim məşq keçirdi. Bir gün kənardan onların məşqini izlədim. İdmanın bu növünə çox həvəsli idim. Atamın məni idmana qoymayacağını bilirdim.

- Bəs necə razı saldın?

- Bir gün dərsdən çıxdım, saat 5-də karatedən məşq başlayacaqdı. Məşqdən əvvəl zala daxil olub karate müəlliminə yaxınlaşdım. “Mən də məşqə gəlmək istəyirəm” dedim. O da valideynimin razılığı barədə ərizə olmasını bildirdi. Evə gəldim, anama “karate məşqlərinə yazılacam” dedim, anam da “atan razı olmaz” dedi. Zaldan ərizə formasında kağız verdilər. Müəllim valideynimin bu kağızı yazıb qol çəkməsinin lazım olduğunu dedi. Evə gəldim, ərizəni doldurdum. Kağızı atama uzatdım ki, qol çəksin. Atam ərizəni oxudu və “yox, sən idmanla məşğul olmayacaqsan” dedi. Kağızı imzalamadı. Çox pis oldum, ağladım. Amma inadımdan əl çəkmədim. Çünki çox həvəsli idim. Tənbəllik etməyib atamın qolunu olduğu kimi “kopyaladım” (gülür). Və aparıb məşqçiyə təqdim etdim, dedim valideynlərim də razıdır.

- Bəs valideynlərin necə xəbər tutdu?

- Bir həftə dərsdən çıxıb gizli şəkildə məşqlərə getdim. 10 gün olardı məşq etmişdim, müəllim dedi “rayon birinciliyi var, səni yarışa aparıram”. Evə gəldim, bunu atama necə deyəcəyimi bilmirdim. Axı ondan xəbərsiz məşqlərə gedirdim. Yarışa bir gün qalmışdı. Atama məni yarışa aparırlar, səhər yarışım var dedim. Atam təəccüblü halda “nə yarış?” deyə soruşdu. Dedim karate üzrə rayon çempionatına gedirəm. Dedi “Nə karate, nə yarış?”. Heç yerə getməyəcəksən. Çox əsəbiləşdim.

- Yarışa getmək üçün atanı necə razı saldın?

- Təəssüf ki, razı sala bilmədim. Onun icazəsi olmadan səhər tezdən qalxdım, çantamı yığdım. Anama yarışa gedirəm dedim və evdən çıxdım. 10 gün məşq etməyimə baxmayaraq, yarışda çempion oldum.

- Anan heç mane olmağa çalışmadı?

- Xeyr, anam heç vaxt istəklərimə qarşı çıxmayıb.

- Evə qayıtdıqdan sonra atan danladımı səni? Onun könlünü necə aldın?

- Yarışda qalib olsam da, gözümün altda bir balaca göyərti var idi. Belə halda evə girdim. Atam mənimlə dalaşdı. Medalı göstərdim, qalib oldum dedim. Atam da inadla idmana getməyəcəksən dedi. Ondan təbrik gözləyirdim, amma tam əksini gördüm. Bu, mənə çox pis təsir etdi. Atam heç vaxt qəbul etmədi. Düz 13 il peşəkar şəkildə karateylə məşğul oldum. Amma atam bununla barışmadı. Bütün yarışlara atamın izni olmadan getdim. Təbii ki, yığma komandaya düşdüm, İdman Akademiyasına daxil oldum.

Vədinə naxələf federasiya

- Bəs atan şəhərə gəlməyinə nə yaxşı mane olmadı?

- Mane olmaq istədi, amma anam, nənəm, bibilərim onu bir az sakitləşdirdilər.

Çünki artıq Azərbaycan çempionu olmuşdum, yığma komandaya düşdüm və yığma komandada məşqlərə başladım. Qarşıda ilk beynəlxalq yarışım – Avropa çempionatı var idi. O yarışa getdim. Birinci beynəlxalq yarışımda bürünc medal qazandım. Düzdür, haqsızlıqla üzləşdim. Amma yenə də ilk beynəlxalq yarış üçün böyük uğur idi. Bundan sora dəfələrlə beynəlxalq yarışlarda qalib oldum, ən böyük uğurlarımdan biri isə Ukraynanın Odessa şəhərində keçirilən Avropa çempionatında birinci yerə çıxmağım idi. Federasiyamız (Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyası) bu uğuru qiymətləndirəcək deyə çox vədlər vermişdi. Amma sözlərinin üstündə durmadılar.

- Nə vədlər verilmişdi ki?

- Komanda bu yarışa getməzdən əvvəl federasiya rəhbərliyi bizi qəbul etdi və bu yarışda qalib olan layiqincə qiymətləndiriləcək dedi. Bu, 2011-ci ildə baş vermişdi. Bu uğurumdan başqa, açıq dünya kubokunda qalibi olmuşdum. Onda da federasiya rəhbərliyi tərəfindən bu uğurum qiymətləndirilmədi. Ardınca Avropa birincisi oldum. Bu yarışın finalında ayaq barmağım sınsa da, döyüşü qalib başa vurdum. Həmin vaxt federasiyadan bunu qiymətləndirəcəklər deyə çox şey gözlədim. Amma yenə də laqeydlik gördüm.

Bundan sonra düşündüm ki, Avropada öz çəkində birinci olmaq, Dunya kubokunun qalibi olmaq peşəkar bir idmançı üçün böyük uğurdur.

Bunları qiymətləndirməyən federasiya nəyi qiymətləndirəcək deyə düşündüm. İdmanla məşğul olanlar çox gözəl bilir ki, peşəkar idmançı heç vaxt sağlam ola bilməz, bədənə həddindən artıq yük verilsə, burada sağlamlıqdan danışmaq yersizdir. Mən də öz sağlamlığımı düşündüm. Fikirləşdim ki, artıq bu idmanı davam etməyim doğrudan da ağılsızlıqdır. Düzdür, zaldan ayrılmaq heç də asan olmadı. Göz yaşlarım su yerinə axırdı... Amma başqa yolum yox idi.

- Bəs federasiya sənin getməyinə əngəl olmağa çalışmadı?

- Çalışdı. Hətta karatedən hələ ayrılmamışdan öncə də olimpiya idman növünə üz tutmaq istəmişəm. 1 həftə federasiyadan gizlin güləşlə də məşğul olmağa başlamışdım. Karate müəllimim də bundan xəbər tutdu və qəti şəkildə buna qadağa qoydu. Qiymətləndirilmədiyimi görüb qəti qərar vermişdim ki, artıq güləşə keçməliyəm. Amma məşqçim gəlib məni güləş zalından çıxartdı. Güləş üzrə qızlardan ibarət yığmanın məşqçisi Nazim Əlicanova tapşırdı ki, ora gəlməyimə mane olsun. Hər yolla məni həmin federasiyada saxlamağa çalışdılar. Amma fikrim qəti idi, məşqçimlə dalaşdım və zaldan ayrıldım.

Mühafizəçiliyə başladım

- Karatedən getdikdən sonra nə işlə məşğul olmağa başladın?

- Özəl şirkətlərin birinə mühafizəçi kimi işləmək üçün CV verdim. Hazırda da orada işləyirəm. Bundan sonra idmanla sadəcə həvəskar şəkildə məşğul olmağa başladım.

- Ağır atletikaya necə gəldin?

- Yenidən peşəkar idmana qayıdacağımı heç düşünmürdüm. Qarşıma Zülfüqar müəllim ( Zülfüqar Süleymanov) kimi bir məşqçi çıxana qədər.

Zülfüqar müəllim həm ağır atletikada öz sözünü demiş, həm də əsl insan, əsl məşqçidir. Düzdür, adından da göründüyü kimi, bu idman növü çox ağırdır. Amma uşaqlığı idmanda keçmiş biri üçün bu, bir o qədər də önəmli deyil. 4 ay var idi ki, Zülfüqar müəllimin məşqçiliyi altında məşqlərə başlamışdım. Çox qısa müddət olsa da, çempionluq hissini yaşadım.

- Zülfüqar bəy səni bu idmanla məşğul olmağa necə razı saldı? Axı sənin üçün heç də tanış olmayan idman növü idi...

- Zülfüqar müəllimdən öncə də başqa məşqçilər tərəfindən ağır atletika ilə məşğul olmağım üçün dəvət almışdım. Amma özüm ona yaxınlaşıb, bu idmanla məşğul olmaq istədiyimi dedim. Düzdür, içimdə bir az tərəddüd var idi. Amma müəllimlə qısa söhbət məndə əminlik yaratdı.

- İndi həm iş, həm də ağır atletika ilə məşğul olmaq sənin üçün çətin deyilmi?

- Əlbəttə çətindir. Uzun müddət peşəkar idmanda olsam da, ilk dəfə idi ki, 4 ay ərzində məşqçi qayğısının, diqqətinin nə olduğunu hiss edirəm. Bu da məni psixoloji cəhətdən çox rahatladır. Hər nə olur-olsun, Zülfüqar müəllimin diqqətini, qayğısını idmanımda olan irəliləyişimlə qaytaracam. Zülfüqar müəllim idmançı kimi öz sözünü deyib. Məşqçi kimi də özünü sübut etməlidir. O, buna layiqdir. Təbii ki, bu da bizim kimi tələbələrin üzərinə düşən məsuliyyətdir.

“Jan Klod Van Damm kumirimdir – Fəndləri ondan götürmüşdüm”

- Qarşında hansı məqsəd və hədəflərin var?

- Qarşıda məşqlərimə daha da məsuliyyətlə yanaşmaq, bu idman növünü daha da mənimsəmək, iştirak edəcəyim yarışlarda yaxşı nəticə göstərmək vəzifəsi durur. Təbii ki, ən azı karatedə qazandığım Avropa birinciliyini bu idman növündə də qazanmalıyam. Bununla da öz sözümü demək istəyirəm, əlbəttə Allahın köməyi ilə...

- Kumirin kimdir?

- Kumirim kino aktyoru Jan Klod Van Dammdır. Çünki karateyə həvəsim onun kinolarına baxa-baxa yaranıb. Çox fəndləri də onun kino səhnələrindən öyrənmişəm.

- Van Dammdan götürüb istifadə etdiyin fəndlər yarışlarda dadına çatıb?

- Əlbəttə, karate zalına daxil olmamışdan əvvəl bir çox fəndləri bilirdim. Onun kinolarında görürdüm, sonra onu tətbiq etməyə çalışırdım (gülür).

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm