Rza Deqati: “... bütün Qərb Xocalı soyqırımını tanıyacaq”
Bizi izləyin

Qırmızı.az

Rza Deqati: “... bütün Qərb Xocalı soyqırımını tanıyacaq”

“Mən dünyanın bir çox soyqırımlarını, faciələrini lentə almışam. Amma Xocalıda baş verən vəhşilikləri heç yerdə görməmişəm”.

Bu sözləri Publika.az-a əslən Cənubi Azərbaycandan olan dünya şöhrətli fotoqraf Rza Deqati deyib: “Dünyanın beynəlxalq fotoqrafları, jurnalistləri arasında yeganə şəxsəm ki, Xocalıda baş verənləri çəkib, beynəlxalq aləmə çatdırmışam. Yer üzünün ayrı-ayrı yerlərində baş vermiş faciələri izləmiş peşəkar fotoqraf kimi Xocalıdakı dəhşətlər mənə çox yaxındır. O insanlar ki, düşmənin atəşi altından çıxmışdılar, gülləyə tuş gəlməmək üçün qaçmışdılar, onların hər birinin gərgin anlarını əks etdirən fotoları çəkmişəm. Eləcə də bu şəxslərlə söhbətlər aparmışam. Xocalı soyqırımı olduqca ağır qətliamdır. Gərək dünya 1992-ci ilin fevralında bu şəhərdə baş vermiş qırğınlardan tam xəbərdar olsun. Mən həmin fotoların bir qismini Ağdamda çəkmişəm. Xocalıdan ora gələn insanlar dəhşətli faktları açıqlayırdılar. Şəhidlərin meyitlərini də ora gətirirdilər və mən də kameramın yaddaşına köçürürdüm”.

Dünya şöhrətli fotoqraf deyir ki, bəzi qüvvələr və onları himayə edən dövlətlər Xocalı soyqırımı barədə dünyanın məlumatlandırılmasını istəmir: “İyirmi ildən çoxdur bu istiqamətdə çalışıram. Xocalı haqda həqiqətləri kitablarımda, fotolarımda, sərgilərimdə, konfranslarımda yayıram. Təəssüf ki, bəzi dövlətlər bütün dünyanın bu soyqırım barədə məlumatlandırılmasını istəmirlər. Bəzi Qərb dövlətləri isə bu məsələdə maraqlı deyillər. Avropalılar Azərbaycana necə baxırlar? Onlar ümumilikdə İslam aləmini iki hissəyə bölürlər – müsəlman dövlətləri və türk ölkələri kimi. Belə yanaşmada dini faktor da mühüm rol oynayır. Eləcə də milli məsələ...”

Rza Deqatinin təbirincə desək, beynəlxalq aləmin Xocalı soyqırımını tanımamasında ikili standartlar mühüm rol oynayır: “Parisdə Xocalı ilə bağlı fotofaktları əks etdirən sərgim keçirildi. Bu, Fransada keçirilən ən böyük foto tədbiri idi. Ermənilər sərgiyə gələrək fotolarımı cırmağa başladılar. Fransa vətəndaşları, sərgiyə qatılanlar ermənilərin bu cür vəhşiliklərindən təəccübləndilər. Onlar şoka düşdülər ki, məgər sərgidə də belə vəhşilik etmək olar? Özü də Paris kimi modern şəhərdə. Mən telekanallara müsahibə verərək bildirdim ki, baxın, görün ermənilər Avropanın demokratik şəhərində hansı vəhşilikləri edirlər. Bunlar adi sərginin keçirilməsini qəbul etməyib, mənimlə kobud davrandılar, fotolarımı cırdılar, indi təsəvvür edin, Xocalıda insanların başlarına hansı müsibətləri, faciələri gətiriblər. Artıq hər şey onlara aydın idi. Cırılmış fotoları fransızlara göstərib dedim ki, özünüz də görürsünüz, əsl həqiqət ortadadır”.

Dünya şöhrətli fotoqraf hesab edir ki, yer üzündə bir sıra faciələrə ikili yanaşmalar mövcud olduqca, belə problemlər heç vaxt aradan qaldırılmayacaq: “Bu problemin ədalətlə həll edilməsi olduqca zəruridir. Əks təqdirdə, həmin insanlar həmişə özlərini belə aparacaqlar”.

Qeyd edək ki, ermənilər bir müddət əvvəl Xocalı ilə bağlı fotoları başqa cür qələmə verir, saxta təbliğat aparırdılar. Rza Deqati hesab edir ki, düşmən ölkə bununla çox uzağa gedə bilməyəcək: “Artıq Xocalı faciəsindən 23 il ötür. Azərbaycan güclü dövlətdir. Bu ölkə özü öz həqiqətləri ilə bağlı təbliğatını aparır. Xocalıda qətlə yetirilmiş bütün insanların şəxsiyyətləri müəyyənləşdirilib və onların adları siyahıya alınıb. Ermənilər qətlə yetirdikləri günahsız insanların azərbaycanlı olmadığını nə qədər iddia etsələr də, indi bunun heç bir faydası yoxdur. 613 şəhidin şəxsiyyəti məlumdur. Əgər lazım gəlsə, DNT analizləri də aparıla bilər. Bir daha sübut olunar ki, əsl həqiqət nədən ibarətdir”.

Dünya şöhrətli fotoqrafın özü də Fransada erməni təxribatı ilə üzləşib: “Xocalıda çəkdiyim fotoların sərgisini keçirəndə ermənilər müxtəlif cür yalanlar uydurmağa başladılar. Parisdə saxta təbliğat apararaq deyirdilər ki, guya Xocalıda günahsız insanları, dinc sakinləri guya azərbaycanlılar özləri öldürüblər. Və sonra onların ermənilər tərəfindən qətlə yetirildiyini deyirlər. Ermənilərə cavab verərək bildirdim ki, yalan danışırsınız. Şəxsən mən Xocalı faciəsindən 2-3 gün sonra qətlə yetirilən insanların fotolarını çəkmişəm. Hətta günahsiz şəxslərə atəş açan ermənilərin də fotoları kameramdadır”.

Bütün bunlara baxmayaraq, Amerikada və Avropada erməniləri susdurmaq çox çətindir: “Əgər Avropada daha güclü üsullarla təbliğat aparılsa, Qərb dövlətlərinin hamısı Xocalı soyqırımını tanıyacaq. Azərbaycan hökuməti Xocalı soyqırımının tanıdılması istiqamətində güclü iş aparır. Səfirliklər vasitəsilə dünyanın bütün ölkələrində Xocalı soyqırımının anımı və tanıdılması tədbirləri keçirilir. Bununla yanaşı, digər təbliğat üsullarından da istifadə edilməli, tədbirlərin miqyası daha da genişləndirilməlidir. Hüquqşünasların da köməyindən yararlanmaq lazımdır. Xocalı soyqırımı ilə bağlı tədbirlər bir-iki tədbirlə yekunlaşmamalı, il boyu davam etdirilməlidir”.

Bir neçə ay əvvəl Fransada Xocalı haqqında kitab dərc etdirdiyini deyən Rza Deqati xəbər verdi ki, həmin nəşr fransız və ingilis dillərində işıq üzü görüb: “Həmin kitabda dünyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinin, o cümlədən “The Vashinğton Post”, habelə digər qəzet və jurnalların materiallarının məqalələrindən istifadə etmişəm. Bir fotoqraf olaraq mən də bunları görmüşəm. Xocalı ilə bağlı yüzlərlə foto çəkmişəm. Onların hamısını albomda buraxdırmışam. Habelə veb-saytıma yerləşdirmişəm. Parisdə “Vebistan” mətbuat orqanım fəaliyyət göstərir. Dünən gecə həmin agentlik vasitəsilə Xocalıda çəkdiyim fotoları dünyanın bütün aparıcı KİV orqanlarının, o cümlədən Fransanın, Britaniyanın, Avropanın digər ölkələrinin, eləcə də Amerikanın media qurumlarının rəhbərlərinə göndərdim. Onlara yazdım ki, Xocalıda baş verən hadisələrin təfərrüatları budur. Orada fotolar çəkəndə dəhşətləri gördüm və şəkillər çəkdim”.

Rza Deqati Xocalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması işini yaxın vaxtlarda da davam etdirəcəyini dilə gətirdi: “May ayında Heydər Əliyev mərkəzində yeni sərgim keçiriləcək. Bu istiqamətdə fəaliyyətimi davam etdirəcəm”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm