Razi Nurullayev: “Yalan detektorundan keçməyə hazıram”
Bizi izləyin

Nida.az

Razi Nurullayev: “Yalan detektorundan keçməyə hazıram”

AXCP-dən istefa verən Razi Nurullayev ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin Əli Kərimliyə məlumat ötürməsi məsələsinə bir daha aydınlıq gətirib.


Publika.az xəbər verir ki, R. Nurullayev hər iki səfirlik haqda dediklərinin kontekstdən çıxarıldığını bildirib: “Bunun üçün də aydınlıq gətirirəm. Bu, mənim rəsmi və yazılı mövqeyimidir. Əli Kərimli ilə evində görüşərkən o, mənə deyib ki, ABŞ və Böyük Britaniya səfirlikləri mənim hakimiyyətə işləməyimlə bağlı ona məlumat veriblər. O deyib ki, onlar mənimlə bağlı məlumat toplayıblar və 3-4 ildir ki, ona məlumatlar ötürürlər. Əslində, bu fikri mənə bir dəfə də 2012-ci ildə demişdi. O zaman isə yalnız Böyük Britaniya səfirliyinin adını çəkmişdi. Bunu ictimailəşdirmək ayıbıma gəlmişdi. Düşündüm ki, mənə təzyiq edir”.


R. Nurullayev qeyd edib ki, Əli Kərimli ilə onun arasında hər zaman problem yaranıb: “Çünki o, mənim yazdığım və verdiyim hər bir açıqlamanın gah başlığının düzəldilməsini tələb edirdi, gah Dağlıq-Qarabağ ilə bağlı verdiyim müsahibə və yazdığım yazıların onun mövqeyi ilə üst-üstə düşmədiyini deyirdi. Gərək mənim hər yazımın son missiyası “bu iqtidar Dağlıq Qarabağı satıb” olaydı. Amma istəmirdim ki, politoloq kimi verdiyim açıqlamalarda ədalətsiz mövqe tutum və jurnalistlərin də mənə politoloq kimi maraqları azalsın”.


Onun sözlərinə görə, Ə. Kərimlinin səfirliklərlə bağlı dediklərinə əvvəlcə inanmayıb.


“Ona inanmadığımı söylədim. Dedim ki, onlarla mən də görüşürəm və heç zaman mənə belə bir münasibət sərgilənməyib. Üstəlik kiçik bir mübahisə etdik və qeyd etdim ki, adını çəkdiyiniz səfirliklər bu sözləri deməzlər. Diplomatlar çox ehtiyatlıdırlar və əsasən ümumi fikir danışırlar. Heç zaman ortaya mövqe qoymurlar. Bunları mətbuat konfransında da qeyd etmişəm. Bir daha bəyan edirəm ki, ABŞ və Böyük Britaniya səfirlikləri ilə bağlı heç zaman problemim olmayıb və hər zaman isti münasibətlərimiz olub. Hər zaman Amerika və Böyük Britaniyanı Azərbaycan dövlətinin dostu hesab etmişəm və fikirlərimdə dəyişiklik əmələ gəlməyib. Səfirliklərdə görüşdüyüm zaman, heç zaman nə mətbuata, nə də kənar şəxslərə heç nə deməmişəm. Hər zaman prinsipim iki şəxs arasında olan söhbətin elə iki şəxs arasında qalmasıdır. Bununla bağlı mətbuata açıqlamalarımda axtarış edilə bilər.

Heç zaman ümumi sözlərdən kənara çıxmamışam və bu belə olaraq da qalacaq. ABŞ və Böyük Britaniya səfirliklərinə müraciət edirəm ki, biz bu məsələləri stol arxasında müzakirə edək. Dediyim və yazdığım məsələlərdə zərrə qədər də yalan yoxdur. Əksinə, hələ bir az yumşaldaraq fikrilərimi izah etməyə çalışıram. Mən əminliklə yalan detektorundan da keçməyə hazıram. Heç düşünmədən. Bunu mətbuatın qarşısında da, təklikdə də edə bilərəm”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm