“Financial Times”: “Avropanın Azərbaycana ehtiyacı artıb”
Bizi izləyin

Nida.az

“Financial Times”: “Avropanın Azərbaycana ehtiyacı artıb”

“Avropa Birliyi Rusiyanı oyundan kənarlaşdırır. Əvəzində Azərbaycan və Türkmənistan qazını əldə etməyə çalışır”.


Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.


Nəşr Avropa Birliyinin strateji enerji partnyorlarının Əlcəzair, Türkiyə, Azərbaycan, Türkmənistan və Yaxın Şərq ölkələri olduğunu xatırladır.


“Avropanın Rusiya ilə pisləşən münasibətlər fonunda Azərbaycana ehtiyacı artıb. Ukrayna münaqişəsi Rusiyadan qaz çatdırmalarında etibarlılığı şübhə altında qoydu. Rusiya “əhəmiyyətli təchizatçı” olaraq qalır, lakin onun təsirləri azaldılacaq”, - deyə nəşr yazır.


Avropa Komissiyasının sədr müavini Maroş Şevçovik nəşrə açıqlamasında Cənub Qaz Dəhlizi layihəsinə böyük ümidlər bəslədiklərini deyib.


“Cənub-Şərqi Avropaya qaz çatdıracaq TAP bu şəbəkənin son parçası olacaq. 2020-ci ildə 10 milyard kubmetr Azərbaycan qazı Avropaya çatdırılacaq. Lakin Avropa Birliyi bütün siyasi gücünü işə salaraq bunun 2019-cu ilin sonuna qədər reallaşmasına çalışacaq”, - deyə avrokomissar qeyd edib.


Nəşr Rusiyanın “Cənub axını” layihəsini ləğv etdikdən sonra Avropanın Cənub Qaz Dəhlizinə diqqəti artırdığını yazır. TAP Avropanın ehtiyaclarını tam ödəməsə də, 2020-ci ildən sonra qazın həcminin 20 milyard kubmetrə çatdırılacağı gözlənilir.


Şevçovik Cənub Qaz Dəhlizinə əlavə mənbə tapacaqlarına ümid edir. Nəşr Avropa Komissiyasının nümayəndəsinin Türkmənistanla təmasa keçdiyini, bazar ertəsi Brüsseldə bu ölkənin səfiri ilə görüşdüyünü qeyd edib. Tezliklə ilkin razılaşmaların olacağı gözlənilir.


“Rusiya Avropanı Xəzərdən qaz ixracının yalnız sahil ölkələrinin razılığı ilə mümkün olduğuna inandırmağa çalışır. Şevçovik isə türkmən qazının ixrac formalarını tapacaqlarına ümid edir. Bu ay “Qazprom” Türkmənistandan idxalı ixtisar etdiyini elan etdi. Məhz bundan sonra Avropa Birliyi ilə Çin arasında türkmən qazı uğrunda mübarizə kəskinləşdi”, - deyə “Financial Times” vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm