Xocalı faciəsi Berlin, Vilnüs və Parisdə də anıldı - FOTOLAR
Bizi izləyin

Digər

Xocalı faciəsi Berlin, Vilnüs və Parisdə də anıldı - FOTOLAR

Fevralın 24-də Berlinin Potsdam meydanında yerləşən “CinemaxX” kinoteatrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) adlı kitabın təqdimatı keçirilib. Tədbirdə 350-dən artıq dəvətlilər – Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, parlamentarilər, ictimai-siyasi, elm və incəsənət xadimləri, iş adamları, Azərbaycan diasporasının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Almaniya Bundestaqının üzvü, Almaniya – Cənubi Qafqaz Parlamentlərarası Dostluq qrupunun sədri Karen Strenz Azərbaycan-Almaniya münasibətlərinin tarixi kökləri və hazırki vəziyyətindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyindən, həmçinin “Xocalıya ədalət !” kampaniyası çərçivəsində həyata keçirilən məlumatlandırma işlərinin beynəlxalq əhəmiyyətindən danışıb.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri və təsisçisi Tale Heydərov öz çıxışında rəhbərlik etdiyi təşkilatın “Xocalıya ədalət !” kampaniyası çərçivəsində Avropa və Türkiyədə keçirilən silsilə tədbirləri təşkil etməkdən qürur duyduğunu qeyd edib. T.Heydərov bildirib ki, bu kampaniya Xocalı dəhşətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də başlayıb. Kampaniyanın uğurla həyata keçirilməsi regionda ədalətin bərpasına beynəlxalq dəstəyin təzahürüdür. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikanın yüz ölkəsində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib. TEAS “Xocalıya ədalət !” kampaniyası çərçivəsində Berlin, London, Paris, Strasburq, Brüssel, Bern, Dublin, İstanbul, Ankara, Roma, Lüksemburq və Vilnüsda bir sıra tədbirlər təşkil edir.

”Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının həmmüəlliflərindən biri İan Pört məlumat verib ki, bu kitab Xocalı qırğını barədə Qərbdə ingilis dilində işıq üzü görən ilk müstəqil nəşrdir. İnkaredilməz faktları özündə birləşdirən nadir olan bu kitaba Xocalı şahidlərinin ifadələri, beynəlxalq mətbuatda dərc edilən materiallar, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilən nadir şəkillər daxil edilmişdir.

Anım gecəsinin rəsmi hissəsindən sonra “Sonsuz dəhliz” sənədli filminin Berlin premyerası keçirilib.

Xatırladaq ki, “Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilmişdir. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulmuş, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilmişdir. Filmdə Xocalı soyqırımına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

Tədbir Berlin ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın Litvadakı səfirliyi Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Vilnüs şəhər sarayında (Ratuşa) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “Həyat üçün qan” adlı anma mərasimi keçirib.

Tədbirdə Litva Seymində Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun sədri Yuras Pojela, GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə qrupun rəhbəri Mantas Adomenas və Seymin deputatları, Litva Olimpiya Komitəsinin prezidenti və bir sıra nazirliklərin vəzifəli şəxsləri, QHT rəhbərləri, ictimai-siyasi xadimlər, mədəniyyət xadimləri, media nümayəndələri və Litvada yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycan Respublikasının Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək, bu faciənin təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu bildirib. O, həmin gün yüzlərlə dinc azərbaycanlı əhalinin yalnız milli mənsubiyyətinə görə məhv edildiyini və bu dəhşətli faciənin Azərbaycan xalqının qan yaddaşında əbədi həkk olunduğunu qeyd edib. Diplomat Anma mərasimi çərçivəsində Xocalı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə səfirlik tərəfindən qanvermə aksiyasının təşkil edildiyini iştirakçıların diqqətinə çatdıraraq, hamını bu aksiyaya qoşulmağa çağırıb.

Hərbi jurnalist Ricardas Lapaytis çıxış edərək 1992-1993-cü illərdə dəfələrlə Azərbaycana səfər etdiyini, ermənilər tərəfindən Laçında, Ağdamda və digər rayonlarda törədilmiş qanlı hadisələrin canlı şahidi olduğunu qeyd edib. O, Xocalı qətliamının acı nəticələrinin şəkillərini çəkdiyini söyləyib. O, Xocalı faciəsi haqqında Litvada yazan ilk jurnalistin olduğunu, “Sonsuz dəhliz” sənədli filminin çəkilişində iştirak etdiyini bildirib.

Daha sonra mərasimdə iştirak edən litvalı rejissor Aleksandras Brokasın çəkdiyi “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.

Avropa Azərbaycan Cəmiyyətinin “Xocalıya ədalət !” təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi silsilə tədbirlərin sonuncu ünvanı Paris olub. Belə ki, fevralın 24-də Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində “Sonsuz dəhliz” sənədli filminin nümayişi keçirilib. Tədbir Azərbaycanın Fransadakı səfirliyi, Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycanın Dostları Assosiasiyası (AAA) tərəfindən birgə təşkil edilib.

Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov giriş nitqində tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzü barədə ətraflı məlumat verib. O, Xocalı qətliamını soyqırım adlandırararq hələ də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və 7 ətraf rayonda aparılmış etnik təmizləmə siyasətinin göstəricisi olduğunu qeyd edib. Bundan başqa o, Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətli epizodu olan bu faciə barədə həqiqətlərin dünyaya çatdırılmasının əhəmiyyətli olduğunu vurğulayıb. Səfir 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya Ədalət !” kampaniyasının beynəlxalq səviyyədə Xocalı haqqında ictimai məlumatlılığın artırılması sahəsində önəmli addım olduğunu bildirib. O, həmçinin Fransa dövlətinin Xocalı soyqırımını müharibə cinayəti kimi tanımış dövlətlər cərgəsinə qoşulacağı və insanlığa qarşı törədilmiş bu cinayətin səbəbkarlarının cinayət məsuliyyətinə cəlb ediləcəyi arzusunu da ifadə edib.

Fransa Milli Assambleyasının deputatı, parlamentdəki Fransa-Azərbaycan Dostluq Qrupunun üzvü və Azərbaycanın Dostları Assosiasiyasının sədri Jean-Frank Mancel çıxışında “Xocalıya ədalət !” kampaniyası çərçivəsində nümayiş olunacaq “Sonsuz dəhliz” sənədli filmi vasitəsilə insanların Xocalı qətliamı haqqında daha çox məlumat əldə edə biləcəyi əminliyini ifadə edib. Millət vəkilinin sözlərinə görə, bu film faciənin nə üçün və necə baş verdiyini açıqlayır. O, Xocalıda baş vermiş qırğınla bağlı azərbaycanlı dostlarının kədəri ilə bölüşdüyünü də dilə gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm