1 yaşadək uşaqlar arasında ölümün səbəbləri
Bizi izləyin

Qırmızı.az

1 yaşadək uşaqlar arasında ölümün səbəbləri

Azərbaycanda 1 yaşadək uşaqlar arasında perinatal dövrdə meydana çıxan hallar səbəbindən ölümlərin sayı artıb. Son illərdə bu hallardan baş verən ölümlər 1 yaşadək uşaqların dünyasının dəyişməsinə gətirib çıxaran ilk əsas səbəb olub.

1 yaşadək uşaqlar arasında perinatal dövrdə meydana çıxan hallardan ölüm hallarının sayı 1995-ci ildə 550 olduğu halda, sonrakı illərdə bu göstərici azalmağa başlayıb. 2009-cu ildə belə hallardan baş verən ölüm hadisələrinin sayı 310-a enib. Lakin 2010-cu ildən sonra 1 yaşadək uşaqların perinatal dövrdə meydana çıxan hallardan ölməsi halları artmağa başlayıb. 2010-cu ildə 367 (1 yaşadək uşaqlar arasında bütün səbəblərdən baş verən ölüm hallarının sayı 1843 olub), 2011-ci ildə 627 (ümumilikdə 1903 ölüm), 2012-ci ildə 937 (ümumilikdə 1884 ölüm), 2013-cü ildə 1142 (ümumilikdə 1862) nəfər 1 yaşadək uşağın ölümünə perinatal dövr xəstəlikləri səbəb olub.

Anaların vaxtında həkim nəzarətində olmaması, müvafiq sahə həkimlərinin hamilə qadınların aşkarlanmasındakı etinasızlığı, doğuş zamanı baş verən problemlər ölümlərə səbəb olan amillərdəndir. Əlbəttə, ölüm hallarının hər birinin fərqli səbəbləri var və həkimlər tərəfindən araşdırılmalıdır.

Publika.az-a danışan baş pediatr Nəsib Quliyev isə perinetal dövrdə ölüm hallarının artması faktı ilə razılaşmadığını bildirib. Ötən il uşaq ölümləri 10.2 promil olub, 1995-ci ildə bu rəqəm 26 promil olub.

Uşaq ölümlərinin Bakı şəhərində artması ilə bağlı verilən məlumata gəldikdə, N.Quliyev bunu vəziyyəti ağırlaşan uşaqların paytaxta gətirilməsi ilə izah etdi. N.Quliyev onu da bildirib ki, perinatal dövrdə uşaq ölümlərinə əsasən tənəffüs yolu xəstəlikləri yayılıb. Ölümlərin ikinci səbəbi yenidoğulma dövrü xəstəlikləridir:

“Yenidoğulma dövrü xəstəliklərinə anadangəlmə qüsurlarla yanaşı, kəskin adaptasiya pozğunluqları, üzv və toxumaların yetişməzliyini qeyd etmək olar. Azərbaycanda xəstəliklərin yaranma səbəbləri digər ölkələrdəkindən fərqlənmir. Lakin inkişaf etmiş ölkələrdə doğum əmsalı digər ölkələrdən fərqlidir. Məsələn, Yaponiyada doğum əmsalı aşağıdır və uşaqlara göstərilən xidmət də yüksək səviyyədədir. Bununla da körpə ölümü minimuma endirilir. Bizdə ölüm əmsalı 10.2, Afrikanın Sierra Liona ölkəsində 200, Yaponiyada isə 3-4 arasındadır. Biz də əmsalı bir rəqəmli ədədə endirmək istəyirik. Bunun üçün də perinatoloji, neonotoloji xidmətin səviyyəsi artırılmalıdır. Çünki müşahidələrimiz də göstərir ki, ölüm halları əsasən perinatal dövrdə baş verir. Yeni perinatal mərkəzlərin yaradılması üçün dövlət proqramı qəbul edilib. Bu sayın artırılması xəstələnmə və ölüm hallarının qarşısını alacaq. Antinatal dövrdə göstərilən xidmət, məsləhətxanaların vəzifələri də bu dövlət proqramında əks olunub”.

Baş pediatr anaların uşaqlarına qarşı diqqətsizliyinin də ölüm hallarının artmasına səbəb olduğunu vurğulayıb:

“Ölüm hallarında birinci səbəb valideynlərin etinasızlığı, məlumatsızlığıdır. 9 aylıq hamilə müddətində bir dəfə də olsun həkimə müraciət etməyən analar var. Onların bəzisi evdə uşaq dünyaya gətirir. Bu hallar təəssüf doğurucu olsa da, problem var. Valideynlər çox zaman uşaqların sağlamlığına etinasız yanaşır. Ona görə də uşaqların müayinəsi icbariləşdi. Düzdür, yerli sahə həkimləri də həmin qadınlarla maraqlanmalıdır. Təbii ki, tibb işçiləri arasında da qüsurlu işləyənlər, işinə məsuliyyətsiz yanaşanlar da var. Lakin ana öz uşağına qarşı etinasızdırsa, məsuliyyəti tibb işçisinin üzərinə atmaq olmaz”.

Ginekoloq Arzu Məhərrəmovanın sözlərinə görə, uşaq ölümləri qadınların hamiləlikdən əvvəl normal müalicə almamaları ilə əlaqədardır.

“Son illər ekoloji pozuntular, şüalanma, qidalanma ilə əlaqədar yaranan problemlər xeyli artıb. Bundan başqa, qohumlar arasında nikahların artması da uşaq ölümlərinin əsas səbəblərindədir. Bundan başqa, anaların bilik səviyyəsi çox aşağıdır. Hamilələr fast-food yeməklərindən çox istifadə edirlər. Geyimləri də hamiləliyə uyğun olmur. Çox zaman dar və sintetik materialdan hazırlanmış geyimlərdən istifadə edirlər. Bundan başqa, uşaqlar arasında ölümlərin bir səbəbi də infeksiyalarla bağlıdır. Qadınlar hamiləlikdən əvvəl müayinədən keçmir. Hamiləliyin müəyyən dövründə onlarda infeksiya aşkarlanır. Həmin dövrdə də infeksiyanı müalicə etmək mümkün olmur. Çünki ilk üç ayda ana fol turşusundan başqa heç bir dərman qəbul etməməlidir”.

Genekoloqun sözlərinə görə, uşaq ölümləri həm də ana bədəninin bu prosesə psixi, fiziki baxımdan hazır olmaması ilə əlaqədardır.

“18-35 yaş arası qadınların ana olması üçün normal dövr hesab edilir. 18 yaşa qədər bədən hamiləliyə hazır olmadığı kimi, 35 yaşdan sonra genetik xəstəliklərin büruzə verməsi halları artır. Bu zaman azçəkili uşaqların doğulması, hamiləliyin fəsadlı keçməsi halları artır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm