8 yaşlı uşaqdan ŞOK ETİRAF: “Qardaşlarım məni dilənməyə məcbur edirdi”
Bizi izləyin

Qırmızı.az

8 yaşlı uşaqdan ŞOK ETİRAF: “Qardaşlarım məni dilənməyə məcbur edirdi”

“Qardaşlarım məni evdən qovublar. Onlar mənimlə pis davranırdılar. Dedilər ki, dilənim, onlara pul gətirim. Amma mən dilənmədim, dilənçilik pisdir”.

8 yaşı var balaca müsahibimin. Məktəbə heç vaxt getməyib. Danışığında, cümlə quruluşunda bunu hiss etmək olur. Tam cümlə qurmur, fikirləri qırılır. Bəzən söhbətdən yayınır. Çox danışmağı sevmir. O, əlindəki kağıza cızma-qara edərkən onun nə üçün küçəyə atılması, ailəsi və küçə həyatı barədə öyrənməyə çalışırıq.

Məktəbə getməsə də, oxumağa, yazmağa marağı var. Söhbətimiz boyunca əlindəki qələmi yerə qoymur. Məktəbə getmək istəsə də, qardaşları imkan verməyib. Balaca Anarın Publika.az-a danışdıqları əsasında onun həyat hekayəsini təqdim edirik.

Dediyinə görə, Biləcəri rayonunda qardaşları ilə kirayədə qalıb. Atası, anası xəstəlikdən ölüb. Anar onların üzünü xatırlamır. Onda şəkilləri də yoxdur. Amma valideynlərini soruşan kimi gözü dolur. Valideynlərinin ölümündən sonra ona iki qardaşı və onların həyat yoldaşları baxıb. Amma ona nə normal yemək veriblər, nə də paltar alıblar. Onunla pis davranıblar.

Bir gün isə qardaşları onu evdən qovub. Dilənib, evə pul gətirməyə məcbur ediblər. Neçə gün küçədə qaldığını bilmir. Heç vaxt küçə uşaqları ilə ünsiyyətdə olmayıb, dilənməyib. Əlində yara izləri var. Əlindəki yaraların nədən yarandığını soruşuruq, danışmaq istəmir.

Küçədə qalsa da, geyindiyi paltarlar səliqəli idi. Deyir ki, əynindəki paltarları küçədə yatarkən bir oğlanla qız verib ona. Qarlı, yağışlı havalarda gedəcək yeri olmadığından küçədə qalıb. Hava soyuq olduğuna görə, bir nəfər onu “20 Yanvar” yaxınlığındakı internet kluba aparıb.

“Orada mənə dönər aldılar. İnternetdə oyun oynamağıma icazə verdilər. İnternet klubda isti idi. Küçədən yaxşı idi”.

"Qardaşlarının yanına qayıtmaq istəyirsənmi" sualını eşidən kimi əsəbiləşir.

“Evə qayıtmaq istəmirəm. Onlar məni döyürdülər, evə qoymaq istəmirdilər. Ona görə, onların yanına qayıtmaq istəmirəm. Bura yaxşıdı, burada qala bilərəm, ya da uşaq evinə getmək istəyirəm”.

Anar məktəbə getmək istəyir. Gələcəklə bağlı planları da var. Polis, əsgər, həkim olmaq istəyir.

“Polis olacam, dilənçiləri tutacam. Dilənçilər pisdir, onlardan xoşum gəlmir”.

Artıq danışmaq istəmir. Danışdıqca başının ağrıdığını deyir. Ona görə də, söhbətimizi burada bitirməli oluruq.

Anar ötən gecədən Azərbaycan Uşaq Birliyinin sığınacağında yerləşdirilib. Sığınacağın sədri Kəmalə Ağazadə deyir ki, uşağın ailəsini axtarırlar. Artıq bu istiqamətdə işə də başlayıblar:

“Uşağın səkkiz yaşı olsa da, məktəbə getməməsi, insanlarla ünsiyyətinin zəif olması səbəblərindən onda müəyyən qədər əqli gerilik də var. Onun verdiyi məlumatlar əsasında ailəsini tampağa çalışacağıq. Bu gündən işlərə başlamışıq.

Təəssüf ki, ölkəmizdə çətin şəraitdə yaşayan uşaq və ailələr haqqında məlumat bazası yoxdur. Ola bilər ki, bu uşaq heç bir yerdə qeydiyyatda deyil. Valideynlərinin öldüyünü, qardaşlarının onu küçəyə atdığını deyir. Təəssüf ki, bizdə uşaqların müdafiəsi bu sahədə çox zəifdir. Amma istənilən halda Anarın hüquqlarını müdafiə edəcəyik”.

Qeyd edək ki, azyaşlıların fotolarının çəkilməsi ilə bağlı məhdudiyyətlər olsa da, Anarı tanıyan doğmalarının ola biləcəyi ehtimalını nəzərə alıb, onun şəkillərini təqdim edirik.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm