“Əli Kərimlinin Rusiya agenti olmasına dair ciddi əsaslar var” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Əli Kərimlinin Rusiya agenti olmasına dair ciddi əsaslar var” - MÜSAHİBƏ

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Gündəlik Teleqraf” qəzetinə geniş müsahibə verib. Müsahibəni təqdim edirik:

“Rusiya Sərkisyanla bağlı hərbi tribunalın yaradılmasına imkan verməz”

- Qüdrət bəy, Xocalı soyqırımının 23-cü ilini qeyd etdik. Bu faciəni necə andınız, nədən dünya bu soyqırımına böyük faciə olaraq baxmaq istəmir? Hadisənin dünya ictimaiyyətinə çatdırılması üçün görülən təbliğat işlərini yetərli hesab edirsinizmi?

- Xocalı faciəsinin tanıdılması işində Heydər Əliyev Fondunun və Leyla Əliyevanın müstəsna xidmətləri var. Bu gün də faciənin tanıdılması istiqamətində işlər davam etdirilir. Ən aparıcı dövlətlər səviyyəsində bu qətliamı törədənlərin cəzalandırılması istiqamətində ciddi qərarlar qəbul olunmasa da, hadisənin tanıdılmasında uğurlu addımlar atılıb. Biz başqa ölkələrin təcrübəsində - Bosniya Herseqovinada gördük ki, böyük dövlət istəyəndə dinc insanlara qarşı ağır cinayət törədən şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə beynəlxalq tribunallar yaradır və həmin şəxslər məsuliyyətə cəlb olunur, cəzalandırılır.

Azərbaycana gəldikdə, biz ona görə bunu edə bilmirik ki, düşmənlərimiz ermənilərdir. Həm Avropada, həm də ABŞ-da ciddi erməni lobbisi var. Bununla yanaşı, Ermənistanın hərbi-siyasi müttəfiqi Rusiya BMT Təhlükəsizlik Şurasında belə bir tribunalın yaradılmasına imkan verməz.

Bu baxımdan, Azərbaycanın Xocalı qatillərini beynəlxalq hüquqa söykənərək cinayət məsuliyyətinə cəlb etməsi mümkünsüzdür. Nəzərə alsaq ki, son 10 illər Qərb ölkələrində islamafobiya güclənib, biz də İslam dünyasının bir parçasıyıq. Bu da önəmli faktordur və öz təsirini göstərir.

- Belə olan halda biz canilərin cəzalandırılması üçün hansı addımlar ata bilərik?

- Azərbaycanın xüsusi xidmət orqanları qatillər haqqında ölüm hökmü çıxara bilər. Bu, indiyə qədər olmayıb. Bu qatı cinayətkarları həbs etmək mümkün olmadığından ABŞ və İsrail təcrübəsindən istifadə etmək olar. Biz ABŞ və İsrail təcrübəsindən bilirik ki, onlar qatı cinayətkarı həbs edə bilməyəndə zərərsizləşdirir. Biz, əlbəttə, yeni yaranan dövlətik, Amerika qədər gücümüz, İsrail qədər arxamız yoxdur. Bu səbəbdən hələlik cinayətkarlar layiqli cəzalarını almayıb. İndi görürsünüz ki, alman faşizminə xidmət edən canilər bəzən 80-90 yaşında olsa da, məhkəmə qarşısına çıxarılır. Əminəm ki, Xocalıda soyqırımı törədən insanlar məhkəmə qarşısına çıxarılacaq və öz layiqli cəzasını alacaq.

- BMT-yə Serj Sərkisyanla bağlı 100 min imzalıq petisiya təqdim edilib. Sizcə, bunun nəticəsi olacaqmı?

- Bu da Xocalı faciəsinin tanıdılması istiqamətində ciddi addımdır. Mən də bu kampaniyaya qoşulmuşdum. Üstəlik, BAXCP adından çağırış olmuşdu ki, insanlar bu prosesə qatılsın. Bu, faciənin tanıdılması istiqamətində, habelə BMT-nin diqqətini bu məsələyə çəkmək baxımından önəmli aksiya idi. Hər halda nəticəsindən asılı olmayaraq bunu etməli idik.

- Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərəkətlilik nümayiş olunur. Həmsədrlərin regiona səfəri oldu, müzakirələr aparıldı. Sizcə, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hansı tendensiyalar müşahidə olunur?

- Qərbdən bu məsələyə dair ədalətli mövqe gözləməyə dəyməz. Çünki Qərb işğalçı Ermənistanın yanındadır. Bu problemin həllində vasitəçi olan, beynəlxalq hüquq normalarının tanınmasını və buna əməl olunmasını təmin etməli olanlar işğalçı dövləti dəstəkləyirlər. Təsadüfi deyil ki, Prezident Münhen Təhlükəsiz Konfransda bəyan etdi ki, paradoks odur ki, bu münaqişəyə dair beynəlxalq hüququ müdafiə etməli olan Minsk Qrupunun həmsədrliyində təmsil olunan dövlətlər Ermənistana sanksiya tətbiq etmir və hətta ona maliyyə yardımı edir. Belə olan halda bizim Minsk Qrupu çərçivəsində məsələnin həll ediləcəyini gözləməyimiz absurd olardı. Məhz buna görə Azərbaycan Almaniya və Türkiyənin Minsk Qrupuna daxil edilməsi məsələsini qaldırıb. Ancaq bunun baş verəcəyini düşünmürəm.

- Niyə?

- Çünki Minsk Qrupunda olan dövlətlərin regionda marağı var. Onlar münaqişəni öz nəzarətlərində saxlamaqla düşünürlər ki, hər iki dövlətə təsir etmək imkanı olacaq. ABŞ və Fransa indiki şəraitdə münaqişənin Ermənistanın xeyrinə həllini istəyirlər. Həm də istəyirlər ki, münaqişənin Ermənistanın xeyrinə həllində günahkar kimi Rusiya görünsün. Belə olan təqdirdə Azərbaycan-Rusiya münasibətləri əbədi korlansın, ABŞ və Fransa isə xristian həmrəyliyindən çıxış edərək öz istəklərinə çatsın, Ermənistanın əraziləri genişlənsin.

- Rusiyanın mövqeyi necədir?

- Hesab edirəm ki, Rusiya ilə danışıqlar aparılmalı və ictimaiyyətə də məlumat verilməlidir. Məndə olan informasiyaya görə, Jirinovski Bakıda olarkən belə təkliflə çıxış edib ki, əgər Azərbaycan sərhədlərini rus əsgərləri qoruyarsa, onlar münaqişənin Azərbaycan maraqlarına uyğun həlli üçün Ermənistana təzyiq göstərərlər.

Məncə, bu, Rusiya tərəfindən yeganə irəli sürülən təklifdir ki, Azərbaycan bunu qəbul edə bilməz. Bunun qəbulu mümkünsüzdür. Çünki bunun qəbulu suverenliyin itirilməsi olardı. Ancaq digər məsələlərdə Rusiya ilə razılığa gələ bilərik. Əgər söhbət Avrasiya Birliyinə, Gömrük İttifaqına daxil olmaq müqabilində Rusiyanın ədalətli mövqe tutmasından gedərsə, bizim partiya hesab edir ki, bu halda Rusiya ilə oturub danışa bilərik. Başqalarından fərqli olaraq BAXCP bəyan edib ki, Rusiya bu məsələdə vasitəçi ola bilməz, çünki tərəfdir. Ermənistan Rusiyanın gücü ilə bizim ərazilərimizi işğal edib. Xocalı soyqırımının törədilməsində Rusiyanın 366-cı alayı iştirak edib. Odur ki, Rusiya burada əsas tərəfdir. Biz təklif edirik ki, münaqişənin həllinə dair danışıqlar Rusiya ilə aparılmalıdır. Problemin həlli üçün güzəştə getmək lazımdırsa, biz Rusiyaya güzəştə getməliyik, nəinki Ermənistana.

Əlbəttə, bəziləri iddia edir ki, Avrasiya İttifaqına girmək olmaz, bu, SSRİ-nin yeni adda bərpasıdır. Vaxtilə MDB-yə daxil olarkən mən də belə mövqedə idim. Düşünürdüm ki, MDB-yə daxil olmağımız suverenliyin itirilməsidir. Zaman keçdi və başa düşdük ki, Heydər Əliyev MDB-yə daxil olmaqla müdrik qərar qəbul etdi, o zaman Azərbaycanı dağılmaqdan xilas etdi. Məhz bundan sonra ölkədə etnik separatizmin qarşısı alındı və Azərbaycan da sabit inkişaf yoluna daxil oldu. İndi də düşünürəm ki, Azərbaycan Dağlıq Qarabağı əldə etmək naminə Avrasiya İttifaqına və Gömrük Birliyinə daxil ola bilər. Çünki bizim torpağımızın işğal olunması və işğal altında qalmasının səbəbi Rusiyadır.

- Ukrayna hadisələri fonunda münaqişənin həlli necə görünür?

– Ukraynanın ərazi bütövlüyünün qorunması mümkün idi. Əgər onun ərazi bütövlüyünün qorunmasına qarant duran ölkələr ABŞ və Böyük Britaniya bunu istəsəydi. Amma onlar görmüşdülər ki, qərbyönlü Yuşşenkodan sonra Ukrayna xalqının fikri bir dəfə dəyişdi və Yanukoviçə səs verdilər. Onlar düşündülər ki, sabah da Ukraynada Rusiyaya yaxın şəxs hakimiyyətə gələ bilər. Onlar bu ehtimalı sıfıra endirmək məqsədilə Maydan hərəkatına ciddi dəstək verdilər, Yanukoviçin qovulmasında müstəsna xidmətləri oldu.

Qərb bilirdi ki, bunun ardınca Rusiya hərəkətə keçəcək. Baş verənlər fonunda Kremldən aqressiv açıqlamalar verilirdi. Qərb Putinin aqressiv açıqlamaları qarşısında elan etdi ki, Rusiya Ukraynaya hərbi təcavüz edərsə, biz Rusiyaya sanksiyalar tətbiq edəcək, Ukraynaya silah-sursat yardımı etməyəcəyik. Bununla Rusiyanı təşviq etdilər ki, Krımı işğal et, Şərqi Ukrayna torpaqlarına daxil ol. Təbii ki, Rusiyanın bu hərəkətlərinin bir səbəbi kimi də Obamanın zəif prezident olması göstərilə bilər. Ancaq Obama nə qədər zəif prezident olsa da, ABŞ oturuşmuş dövlətdir, strateji araşdırma və planlaşdırma mərkəzləri, Pentaqonu, Milli Təhlükəsizlik Agentliyi var. Ancaq ABŞ üçün Donetski, Luqanski kimi ərazilərin Ukraynanın və ya Rusiyanın nəzarətində olmasının əhəmiyyəti yoxdur.

Amma iki slavyan qardaş xalq əbədi düşmən oldu, Qərb Ukraynanın böyük hissəsini götürdü, artıq Ukraynanın indiki hissəsində Yanukoviç siyasi xəttində olan şəxsin hakimiyyətə gəlməsi mümkünsüzdür. Bilirlər ki, bu konflikt dondurulmuş münaqişə kimi uzun illər davam edəcək. İndi məhz Qərb ölkələri Kiyevə təzyiq edir ki, müharibəni dayandır.

- Niyə, bəyəm prosesləri qızışdıran onlar deyildimi?

- Çünki bilirlər ki, müharibə davam etsə, sifətlərini itirəcəklər. Müharibə davam edəcəyi təqdirdə sifətlərini saxlamaq üçün məcburdurlar ki, Ukraynaya silah versinlər. Amma bunu etmək istəmirlər. Odur ki, simalarını qorumaq üçün Kiyevə təzyiq edirlər ki, müharibəni dayandır. Həm də indi Kiyevdəki hakimiyyət onlardan tam asılı vəziyyətə düşüb. Onlar Rusiyanın yaxınlığında olan Ukraynanı idarə edəcəklər. Burada ən xoşagəlməz məqam odur ki, həmin Qərb ölkələri bu konflikt durduğu halda Ukraynanı nə Avropa Birliyinə, nə də NATO-ya qəbul etməyəcəklər.

Beləliklə də, Ukrayna istədiyinə nail olmayacaq. Biz bilirik ki, inqilab ona görə baş verdi ki, prezident Yanukoviç assosiasiya sazişini imzalamaqdan imtina etdi. İndi Ukrayna istədiyini almayacaq. Hazırda Kiyev hökumətinin cəsarəti çatmır Qərbə desin ki, vaxtında ərazi bütövlüyümə qarant duraraq 1800 başlıqlı nüvə silahımızı almısınız, indi heç olmasa, özümü müdafiə etmək üçün silah verin. Çünki tam asılıdır. Düşünür ki, belə desə, Qərbin xoşuna gəlməz, onlar Ukraynaya siyasi dəstəyini kəsərlər və ölkə daha pis duruma düşər.

Fikrimcə, Qərb Ukraynanı bu duruma salmaqla həm də digər postsovet ölkələrinə mesaj verirlər ki, biz olmasaq, Rusiya sabah sizi yenə işğal edər. Amma mən düşünürəm ki, bu, ləyaqətsiz və iyrənc siyasətdir. Əslində, Qərbin bu iyrənc siyasətinin üstünü Gürcüstanın keçmiş prezidenti açdı. Saakaşvili açıq dedi ki, onlar bizi aldatdılar. Kondoliza Rays Gürcüstana gəldi və bundan bir həftə sonra Tiflis Sxinvaliyə hücum etdi. O dövrdə Gürcüstanı aldatdılar və bunu Saakaşvili etiraf etdi və indi də deyir ki, Ukraynanı aldatdılar. Demək istəyirəm ki, bu siyasətin əsasında insanlıq dayanmır. Yanukoviçlə yanaşı, indiki hökumət də Ukraynanın bu duruma düşməsinə görə məsuliyyət daşıyır. Müxalifət oturub hesablamalı idi ki, inqilabdan sonra hansı nəticələr yarana bilər.

“Milli Şuranın adı milli xəyanət şurası qoyulmalı idi”

- Xankəndində əsir götürülən Dilqəm Əgərov və Şahbaz Quliyevin məhkəmə prosesi gedir. Sizcə, nədən müxalifət bu məsələyə xüsusi diqqət ayırmır?

- Milli Şuranın adı milli xəyanət şurası qoyulsaydı, bu daha mahiyyətəuyğun olardı. Vaxtilə mən Milli Şura haqda danışanda çoxları düşünürdü ki, orada təmsil olunan bəzi şəxslərlə münasibətlərimin pis olması bu açıqlamalarıma səbəb olur. Ancaq bu, belə deyil. Mən qeyd etmişdim ki, İbrahimbəyov seçkidən 2 il əvvəl Azərbaycana göndərilmişdi ki, ziyalıları öz ətrafında səfərbər etsin. Bununla da Rusiya siyasi hakimiyyətə təzyiq rıçaqı əldə etsin. Həmin dövrdə də İbrahimbəyova ilk dəstək verən Əli Kərimli oldu. Əli Kərimlinin Rusiyanın agenti olmasına dair ciddi əsaslarım var. Mən bunu söyləsəm də, təəssüf ki, jurnalistlər bu haqda onun özünə sual vermir.

“Əli Kərimli Mirabbas Qasımovun adamı idi”

- Dediklərinizi necə əsaslandıra bilərsiniz?

- Tələbə olduğum zaman Rəhim Qazıyev, Nemət Pənahlı və Əli Kərimli “Şmit” zavodunda yaradılan Müdafiə Komitəsinin üzvü idilər. Onlar 20 yanvarda SSRİ ordusunun Bakıya daxil olmasını qorumalı, şəhərin giriş-çıxışında qurulan barrikadalara bir növ nəzarət etməli idilər. 20 yanvarın səhəri gün biz tələbə yoldaşlarımızla maraqlanırdıq. Baxdıq ki, Əli Kərimli yoxdur.

Yanvarın 21-də Əli Kərimli meydana çıxdı. Ona yataqxanada sual etdim ki, 20 yanvarda harada idin. Çünki həmin vaxt Kərimlinin Müdafiə Komitəsinin üzvü olduğuna dair vəsiqəsi “Krasnaya Zvezda” qəzetində çap olunmuşdu. Qəzetin Moskvada çap olunduğunu nəzərə alsaq, bu vəsiqənin surətinin sürətlə Moskvaya kim tərəfindən göndərilməsi maraqlı idi. Çünki qəzetdə əsaslandırılırdı ki, Bakıda orduya müqavimət olub, Müdafiə Komitəsi yaradılıb, Əli Kərimli də onun üzvlərindən biri olub.

Həmin vaxt Əli Kərimlinin yaxını və qohumu olan Rahim Hacıyev avtomobillə köşkləri gəzib “Krasnaya Zvezda” qəzetini yığırdı ki, qəzet əhali arasında yayılmasın. Biz də Əli Kərimliyə sual etdik ki, sən axşam harada idin, necə oldu ki, vəsiqən sovet ordusunun mətbuat orqanında çap edilib. O da dedi ki, gecə onu rus əsgərləri tutub, indiki Nəqliyyat Nazirliyinin yanında bir yerdə saxlayıblar. Əli Kərimli də düşünüb ki, üzərini axtarsalar, Müdafiə Komitəsinin vəsiqəsi çıxa bilər. Bu səbəbdən ayaq yoluna getmək istədiyini deyib və orada vəsiqəni cibindən çıxararaq corabına qoyub. Dedi ki, əsgərlərin göstərişi ilə əllərini göyə qaldırıb dururlarmış, bu zaman düşünüb ki, üzərini axtarsalar, corabına baxa, vəsiqəni əldə edə bilərlər. Ona görə də əllərini yorulduğunu hiss etdirmək üçün aşağı salır, taqətsiz olduğunu göstərir. Əsgərin diqqəti yayınandan sonra vəsiqəsini corabından çıxararaq divardan küçəyə tullayır. Vəsiqəni isə rus əsgərləri taparaq komendaturaya verir. Bu, absurd əsaslandırma idi.

Yaxşı, əgər onun dediyi kimi idisə, nədən sonra onu axtarmadılar, barəsində cinayət işi qaldırılmadı və həbs edilmədi? İkincisi, BDU-nun 80 illiyi ilə bağlı kitab buraxılıb və siz orada fotoları görə bilərsiniz. Əli Kərimli universitet üzrə komsomolun büro katibi idi. KQB-nin də universitetdə şöbəsi var idi. Əli Kərimli Mirabbas Qasımovun adamı idi. Mirabbas müəllim rektor idi və Mütəllibova yaxın idi. Universitetdə komsomolun katibinin xalq hərəkatına qoşulması təsadüfi deyildi. Biz bunu sonradan təhlil edəndə belə nəticəyə gəldik.

Sizə daha bir fakt deyə bilərəm. Bunu Qəzənfər Əhmədov da təsdiq edib. 1990-cı ildə Bakıda komendant saatı tətbiq edildi və 1 il davam etdi. 1991-ci il aprelin 27-də biz BDU-nun AXC təşkilatının idarə heyəti olaraq qərara aldıq ki, Azərbaycanın işğalı günü kimi aprelin 27-ni qeyd edək. Universitet rəhbərliyi buna qəti etiraz etdi.

Orada Mirabbas Qasımovun iki yaxın adamı- Əli Kərimli və Cəmil Həsənli idi. Hamı bilirdi ki, Kərimli onun kabinetində olur. Həmin qərarımıza görə Əli Kərimli bizə dedi ki, siz təxribatla məşğulsunuz, ölkədə sabitliyi pozmaq istəyirsiniz. Biz də buna məəttəl qaldıq. Normalda komendant saatını pozmaq lazım idi. Həmin iclasda 9 nəfər məni müdafiə etdi, Cəmil Həsənli daxil olmaqla 6 nəfər Əli Kərimlini müdafiə etdi. İdarə heyətinin üzvlərindən Paşa bəy, Rauf Qarayev, Sevil xanım var idi. Tapıb soruşa bilərsiniz. Biz aprelin 27-də aksiya təşkil etdik, polis zorakılıq etdi. Bir gün Qəzənfər Əhmədov mənə dedi ki, Əli Kərimli AXC sıralarından istefa edir və ərizəsini mənə verib. Mən də soruşdum ki, o, növbəti iclasa gələcək, ya yox? Qəzənfər bəy də dedi ki, bilmirəm. Aprelin 27-də tədbirdən sonra, mən yüz faiz əminəm ki, ona tapşırıq verilmişdi ki, AXC-yə qayıt. Əli Kərimli heç nə olmamış kimi gəlib idarə heyətinin iclasında oturdu. Mən gördüm ki, iclasda əyləşib, onu hərəkətinə görə danladım. Hətta İbrahim Vəliyev ona dedi ki, sizin bu hərəkətinizin bir adı var-fərarilik. Hamının gözü qarşısında mən onun AXC-dən istefa ərizəsini cırdım, dedim ki, belə qəbul edək ki, sən bunu yazmamısan, biz də görməmişik.

Beləcə, Əli Kərimli fəaliyyətini davam etdirdi. Mən indi bu prosesləri təhlil edəndə görürəm ki, o, istefa ərizəsi yazandan sonra iclasa elə-belə gəlməyib. Onu universitet rəhbərliyi təkrar təşkilata göndərmişdi. Hansı ki, 27 aprel tədbiri ilə bağlı bizi şəxsən rəhbərlik qəbul etdi, hədə-qorxu gəldi ki, tədbir olsa, sizi universitetdən qovacağıq. Sözüm ondadır ki, sonradan Əli Kərimli Milli Şurada rol oynadı, Cəmil Həsənli də onunla oldu. Hətta Putinə məktub yazıb onu demokrat kimi təqdim etdilər. Putinə hazırladıqları məktub mətbuatda dərc edildi.

Əli Kərimli bu gün maliyyəni Qərbdən alsa da, onun Rusiyaya işləməsini düşünməyə ciddi əsaslar var. Məsələn, Əli Kərimlinin Qənimət Zahidi pul üçün Rusiyaya göndərməsi. Və ya Qənimət Zahid Cənubi Azərbaycandan yazırdı, Əbülfəz Elçibəyin yanında idi. Onun İrana göndərilməsi anlaşılan deyildi. Bildiyiniz kimi, Qənimət Zahid Azərbaycana qayıdan kimi dedi ki, onu İranda saxlayıblar, əməkdaşlığa cəlb etmək istəyiblər. Adətən, ikili agentlər bu metoddan istifadə edirlər. Ona görə deyirəm ki, Əli Kərimlinin sovet vaxtından KQB-yə işləməsi ilə bağlı ciddi əsaslar var. Bu günə qədər mətbuatda dəfələrlə məsələ qaldırılıb ki, onun vəsiqəsinin “Krasno Zvezda” qəzetində çap olunması necə baş verə bilərdi, ancaq Əli Kərimli bu məsələyə aydınlıq gətirmir. Çünki bilir ki, mətbuat bunu araşdıracaq.

“Razi Nurullayevlə bağlı məlumatı Əli Kərimliyə Rusiya kəşfiyyatı verib”

- Razi Nurullayev deyir ki, istefasına səbəb kimi Əli Kərimli onun satqın olması haqqında ABŞ və Britaniya səfirliyindən informasiya aldığını göstərib...

- Mən bunu oxuyanda dərhal düşündüm ki, Əli Kərimli ABŞ və Britaniya səfirliyinin adını çəkirsə və özü də bilir ki, partiyadan çıxardığı adam bu haqda mətbuata danışacaq, deməli, böyük ehtimalla ona məlumatı Rusiya kəşfiyyatı verib. Razi Nurullayevlə bağlı deyiblər ki, bu, milli düşüncəli şəxsdir, ondan ehtiyatlı ol. İstisna etmirəm ki, Əli Kərimli müavinlikdən çıxardığı şəxsin mətbuatda bu haqda danışacağını bilməmiş deyildi. Nə vaxt ki, Rusiya ilə indiki iqtidarın münasibətləri yaxşıdır, Əli Kərimlidən Rusiya kəşfiyyatı öz xeyrinə istifadə edəcək.

Baxın, 2005-ci ildə müxalifət mitinqlər keçirirdi. Hansı ki, bu aksiya hökumətə lazım deyildi. Həmin vaxt Əli Kərimli oturaq aksiya qərarı verdi, başına bir dubinka vurulan kimi də meydandan götürüldü və bununla da aksiyalar dayandırıldı. Deyim ki, onun radikallığı da icazə verilən radikallıqdır, sadəcə o, hakimiyyətə sərf edir deyə oturub orada.

Əslində, indiki durumdan narazı olan bir qrup insan onun radikal bəyanatlarına inanaraq ətrafında ola bilərlər. Bəzi insanlar bir şey düşünür: bu iqtidar getsin. Bunun Rusiya, Amerika və ya İranın əli ilə edilməsinin fərqi yoxdur. Əsas odur ki, özləri hakimiyyətə gəlsin. Bu hakimiyyətin də xaricdən kim tərəfindən idarə olunacağının da onlar üçün əhəmiyyəti yoxdur. Amma milli qüvvə olub, Əli Kərimlini tanıyandan sonra onunla bir yerdə olmaq mümkün deyil. Mən öncədən də demişdim ki, milli düşüncəyə malik olan, demokratik xarakterli insan Əli Kərimli ilə birgə ola bilməz. Əli Kərimli ilə birgə olanlar ya onu tanımırlar, ya da xarakter oxşarlıqları var. Əbülfəz Elçibəyin vaxtında AXC İdarə Heyətinin 19 üzvü olub. Ancaq onlardan biri də Əli Kərimlinin yanında qalmayıb.

İndi baxın görün onun yanında olanlarla bir “JEK”i idarə etmək olarmı? Kim ondan aralanmaq istəyirsə, şantaj edirlər. Deyirlər ki, ya hökumət satın alıb, ya da qorxaqdır. Ancaq düşünmürlər ki, bu insanlar Əli Kərimlini tanıyandan və onunla indiki hökumət arasında seçim edəndə üstünlüyü iqtidara verir. Sən niyə bu barədə düşünmürsən? Necə oldu AXC İdarə Heyətinin 19 nəfər üzvü satqın oldu, ancaq sən prinsipial oldun? Biz zaman-zaman sənin necə prinsipial olduğunu görmüşük. İndi onun qalması hakimiyyətə də sərf edir, çünki onun zaman-zaman müxalifətdə ləkələmədiyi siyasətçi yoxdur. Ən yaxın müttəfiqlərinə qarşı qeyri-səmimi olub, arxasından iş aparıb. Müsavata qarşı apardığı kampaniya gözünüzün qarşısındadır.

“İsa Qəmbərin gedişi ilə Müsavat qlobal mənada bitdi”

- Müsavatda baş verən prosesləri necə qiymətləndirirsiniz?

- Müsavat İsa Qəmbərin ətrafında formalaşmışdı. İsa Qəmbərin gedişi ilə bu partiya qlobal mənada bitdi. Ola bilsin ki, bir struktur kimi qalacaq, Arif Hacılı da başqan olacaq. Ancaq Müsavat ciddi siyasi qurum kimi fəaliyyətinə son qoydu. Buna səbəb də İsa Qəmbərin gedişi oldu. Niyə İsa Qəmbər başqanlıqdan çəkildi? İsa Qəmbər bilirdi ki, artıq yaxın ətrafı onun perspektivinə inanmır və əksəriyyəti də iqtidarla bu və ya digər formada əlaqə qurub. Yəni seçimdə üstünlüyü iqtidara veriblər. Odur ki, İsa Qəmbər çalışdı ki, abırlı formada kənara çəkilsin.

- Niyə Qubad İbadoğlu ilə Arif Hacılı bir-birinə güzəştə gedə bilmir?

- Burada siyasi mədəniyyət faktoru rol oynayır. Azərbaycan əhalisinin sosial inkişaf indeksi elə də yüksək deyil. Burada təhsil, siyasi mədəniyyət, siyasi ənənə məsələsi var. Ancaq mənə həm də elə gəlir ki, iqtidar onların heç birini geri çəkilməyə imkan vermədi. Arif Hacılıya deyildi ki, başqan seçilmisən, otur partiyanı idarə et. Qubad İbadoğluna deyildi ki, nəticələri tanıma. İndi iki iqtidaryönlü partiya yaranıb və hər biri də çalışacaqlar ki, özünü hakimiyyətə daha ciddi müxalifət kimi təqdim etsin. Müsavatın siyasi partiyalar arasında keçirilən dialoqa gəlməməsinə səbəb Əli Kərimlinin şantajından qorxması oldu.

Ancaq düşünürəm ki, onlar indi cəsarətli olub radikal mövqedən geri çəkilərsə, hakimiyyət ehtirasını boğub cəmiyyətin siyasi baxımdan inkişafına yönələn başqa taktika seçsələr, siyasi sistemdə yerlərini qoruyub saxlaya bilərlər. Ancaq onların bunu edə biləcəklərini demək bir qədər düşündürücüdür.

- İqtidar-müxalifət dialoqunun perspektivini necə qiymətləndirirsiniz?

- Əgər kimsə düşünürsə ki, dialoqla hər şey dəyişəcək, bu, absurd olardı. Dialoq cəmiyyətin, siyasi sistemin inkişafında bir vasitədir. Ən azı dünənə qədər belə bir şey yox idi. Bu gün varsa, Prezidentin köməkçisi, dövlət başçısı tərəfindən səlahiyyətləndirilmiş şəxs gəlib partiyaları dinləyir, onların qaldırdığı məsələlər barədə Prezidentə məlumat verirsə, bunun özü siyasi mədəniyyət nümunəsi kimi əhəmiyyətlidir.

Əminəm ki, belə proseslər sonda cəmiyyətin inkişafına səbəb olacaq, bir mərhələdən digər mərhələyə keçidin mümkünlüyünü ortaya çıxaracaq. Odur ki, dialoq və təmaslar yolu ilə siyasi prosesləri irəli aparmağın alternativi yoxdur.

- Qarşıdan parlament seçkiləri gəlir. Bu haqda nə düşünürsünüz?

- Biz istəyirik ki, seçkilər yüksək səviyyədə keçirilsin, beynəlxalq birlik seçkinin nəticələrini birmənalı qəbul etsin. Azərbaycan əleyhinə olan qüvvələrin əlinə bəhanə verilməsin. Həm də ortaya daha güclü parlament çıxsın. Vətəndaş birliyinə xidmət edə biləcək, gənc yeni siyasətçilər parlamentə gələ bilsinlər. Biz proporsional seçki sistemini bərpa etməyi, hökuməti də seçkidə qalib gələn partiyanın formalaşdırılmasını təklif etmişik. Yəni parlamentli respublika modelinə keçid edə bilərik. Düzdür, indi seçkilərə zaman az qalıb, ancaq biz bu məsələni gündəmə gətirmişik. Bildiyiniz kimi, ölkə idman bayramı ərəfəsindədir. Avropa Yay Olimpiya Oyunları böyük siyasi hadisədir. İndi bütün diqqət bu idman yarışına yönəlib. Yəqin ki, yarışlardan sonra diqqət parlament seçkilərinə yönələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm