Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilir
Bizi izləyin

İqtisadi gündəm

Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilir

Martın 2-də Bakıda, “Four Seasons” otelində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilir.


Trend-in məlumatına görə, iclasda 2016-cı ildə Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri müzakirə olunur.


Tədbirdə qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələri - Səudiyyə Xəbər Agentliyinin (SPA) və Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini, baş redaktor Mixail Qusman, Reuters xəbər agentliyinin Avropa üzrə vitse-prezidenti Yoaxim Şmalts, Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensen, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Erik Naylen, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar, Qazaxıstanın KAZİNFORM agentliyinin baş direktoru Dauren Diyarov, Türkmənistan Dövlət İnformasiya Agentliyinin (TDX) baş direktoru Bekdurdu Amansarıyev, Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev, Sloveniyanın STA agentliyinin baş direktoru Boyan Veselinoviç, Rumıniyanın AGERPRES agentliyinin baş direktoru İon Alexandru Giboi, Belarusun BelTA agentliyinin baş direktoru Dmitri Juk, Litvanın ELTA agentliyinin baş direktoru Qrajina Ramanauskaite – Tiumeneviene, Qırğızıstanın KABAR agentliyinin baş direktorunun birinci müavini Nurdin Urmambetov, Argentinanın TELAM agentliyinin institusional əlaqələrin inkişafı üzrə meneceri Jan Manuel Fonruj, Türkiyənin Anadolu, İtaliyanın AGİ, İspaniyanın EFE agentliklərinin nümayəndələri və başqaları iştirak edirlər.


İclasda növbəti Konqresin keçiriləcəyi vaxtın, iştirakçıların tərkibinin, tematik çərçivələrin, məruzəçilərin və panel iclaslarının mövzularının müəyyənləşdirilməsi məsələləri ilə bağlı müzakirələr aparılır.


Qeyd edək ki, qonaqlar Bakıya səfər çərçivəsində Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.


Xatırladaq ki, Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi və 2016-2019-cu illərdə quruma AZƏRTAC-ın sədrlik etməsi haqqında qərar 2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri IV Konqresdə qəbul olunub.


Dünyanın müxtəlif ölkələrindən xəbər agentliklərinin daxil olduğu bu beynəlxalq qurumun əsas məqsədi qərəzsiz xəbər çatdırılmasını, mətbuat azadlığı prinsipini, xəbər agentliklərinin inkişafını dəstəkləmək, media biznesində qabaqcıl təcrübəni bölüşmək, rəqəmsallaşma, sosial media və alternativ biznes modellərini təkmilləşdirmək işinə yardım etməkdir. Dünya Xəbər Agentlikləri Konqresi Şurası Konqresə ev sahibliyi edən agentliklə birgə növbəti Konqresin strukturu və proqramı üçün məsuliyyət daşıyır. Şuraya Konqresin hazırkı prezidenti, iki keçmiş prezident, növbəti Konqresin təşkilat komitəsinin baş katibi və sədri daxildir. AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov Şuranın üzvüdür.


Bütün xəbər agentlikləri Şurada üzv olduqları regional təşkilatlarla, hazırda FANA, EANA, OANA, ULAN və MDB Xəbər Agentlikləri Alyansı vasitəsilə təmsil olunurlar. Associated Press və Thomson Reuters kimi dünya agentlikləri heç bir regional təşkilata üzv olmadan Şurada təmsil oluna bilərlər.


Dünya Xəbər Agentliklərinin əvvəlki dörd konqresi Rusiya, İspaniya, Argentina və Səudiyyə Ərəbistanında keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm