Etirazçıları nazirliyə çağırdılar - Azad Rəhimov məsələyə əl qoydu
Bizi izləyin

İdman

Etirazçıları nazirliyə çağırdılar - Azad Rəhimov məsələyə əl qoydu

Bir neçə gün əvvəl cüdoçuların etiraz aksiyası keçirdiyini xəbər vermişdik. İdmançılar məvaciblərinin gecikməsindən və şəraitsizlikdən şikayətçi idi. Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən cüdoçular federasiya rəhbərliyinin biganəliyindən, onlara qarşı diqqətsizliyindən və maaşların azlığından şikayətlənirdilər. Etiraz edənlər arasında beynəlxalq yarışların qalibi və mükafatçıları olmuş Nicat Şıxəlizadə, Elmar Qasımov, Elxan Məmmədov kimi tanınmış idmançılar da vardı.

(http://publika.az/p/66198)

Həftəsonu olduğu üçün Azərbaycan Cüdo Federasiyası rəsmilərinin məsələyə münasibətini öyrənə bilməmişdik. Artıq qurumdan bu etiraz aksiyasına cavab gəlib. “Federasiyamızda problem yoxdur” deyən ACF-nin baş katibi Elnur Camalxanovla əlaqə saxladıq və problemi necə həll etməyi düşündüklərini soruşduq. Publika.az-a açıqlamasında federasiya rəsmisi maaş probleminin olmadığını dedi:

“Biz fevralın 24-dən idmançılara bu ayın əməkhaqlarını vermişik. Birinci onu deyim ki, federasiya və idmançılar vəhdət təşkil edir. Bunlar bir-birinin ayrılmaz hissəsidir. Kim nə deyib bilmirəm. Çünki həmin vaxt Bakıda olmamışam. Ümumiyyətlə xəbərim də yoxdur. Bunu kim deyib, hansı deyib, maraqlı bir şey deyil. İdmançılar heç burda olmayıblar, Düsseldorfda olublar. Oradan gəldikdən sonra pullarını alıblar. Cüdoçular özləri də etiraf etdilər ki, biz maaşların əvvəlcədən verildiyini bilməmişik”.

Təlim-məşqlərin burada bərbad gündə keçirilməsi, cüdoçuların xaricə aparılmaması, hətta başqa ölkədə məşq keçə bilmək üçün idmançıların öz ciblərindən pul verməsindən də danışan E.Camalxanov bununla razılaşmadı:

“Birincisi təlim-məşqlər hamısı qaydasında gedir. Əgər buradakı işlər idmançının özünün tələbinə uyğun gəlmirsə, bu, başqa bir şeydir. İdmançının tələbi yüksək də ola bilər, aşağı da. Baş məşqçinin təyin etdiyi strategiya var. O strategiyaya uyğun da təlim-məşq həyata keçirilir. İdmançılarımız Düsseldorfdakı yarışdan sonra 10 gün orada məşqdə oldu”.

Baş katib etiraz aksiyasında iştirak edən cüdoçuların nazirliyə çağırılmasını federasiyanın işi ilə əlaqələndirməyə çalışdı:

“Biz nazirliyin bir tərkib hissəsiyik. Gündə 5 dəfə də nazirliyə toplaşa bilərik. Bunun bu məsələyə nə aidiyyatı var ki?”

“Niyə məhz etiraz edən idmançılar çağırılıb” sualına isə belə cavab aldıq:

“Yenə deyirəm nazirlikdə görüşlərimiz çox olur. Orada ola bilər ki, bu məsələyə də toxunulsun. Avropa oyunlarının cədvəlləri müzakirə ediləcək. Hansı işləri görməliyiksə, onlardan danışılacaq”.

Etiraz aksiyasında iştirak edən cüdo üzrə Avropa və dünya çempionu Nicat Şıxəlizadənin də fikrini öyrəndik. İdmançımızdan da soruşub öyrənməyə çalışdıq ki, keçirdikləri etiraz aksiyasının problemlərin həllinə təsiri olub, ya yox?

“Hələ ortada bir şey yoxdur. Bəlkə bizi bu gün nazirliyə yığdılar. Bundan sonra görəcəyik nə olur?! Məsələdən nazir özü xəbər tutdu və bizi orada toplanmağa dəvət etdi”.

Cüdoçu Nicat Şıxəlizadə olimpiya çempionu, hazırda federasiyanın vitse-prezidenti Elnur Məmmədlinin “Ola bilər, nədənsə narazıdırlar. Hazırlıq baxımından problem ola bilməz. İndi şəhərin mərkəzində gözəl bazamız var” sözlərinə də münasibət bildirdi:

“O, artıq komandada olmadığı üçün hər şey başqa cürdür, indi hər şey dəyişib. Şəhərin mərkəzində gözəl baza nəyə deyilir, mən bunu bilmirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm