Cəsarətsiz “Ceyms Bond”: “Müxbir olmağa kişiliyim çatmaz”
Bizi izləyin

Bizim tərcümə

Cəsarətsiz “Ceyms Bond”: “Müxbir olmağa kişiliyim çatmaz”

Bond mənim uşaqlıq tərbiyəmdə mühim yer tutub. O, nə qədər qəddar olsa da, hər zaman yaxşılıq etməyə, sevdiklərini və ona sığınan insanları qorumağa çalışır.

Daniel Kreyq

Aktyor Daniel Kreyq martın 2-də dünyaya gəlib. Çoxlarımız onu “casus 007” kimi tanıyır. Daha doğrusu, Hollivudun sonuncu Ceyms Bondu kimi şöhrət qazanmış Danielin bu gün 47 yaşı tamam olur.

Publika.az “Bizim tərcümə” layihəsində çoxlarımızın sevdiyi Ceyms Bond obrazını canlandıran Daniel Kreyqin müsahibəsini təqdim edir.

- Sizcə, Ceyms Bondu oynayan ən yaxşı aktyorlar kimlər olub?

- Daniel Kreyqə qədər Ceyms Bondu oynayan aktyorlar siyahısında Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Pisr Brosnan kimi aktyorlar olub. Məncə, onların arasında Şon Konneri və Roccer Mur daha məşhurdur.

- Bond filmindən sonra sizi küçədə görən insanlar necə reaksiya verir?
- Bir gün axşamçağı işdən evə gedirdim. Bir neçə oğlan mənə yaxınlaşıb siqareti yandırmaq üçün alışqan istədi. Mən alışqanı onlara tərəf uzadanda oğlanlar dedi: “Bu ki alt paltarı pornosunda çəkilən oğlandır. Ceyms Bonddur!”. Mən isə dedim: “Bəli, özüdür ki, var”.

- Bond filmlərində döyüş səhnələri Türkiyədə çəkilib. Çəkilişlər nə dərəcədə çətin idi?

- Çox çətin idi, lakin öhdəsindən gələ bildik. Türkiyədə çəkilişlər 1 ay çəkdi. Etiraf edirəm ki, bəzi səhnələri yerimə kaskadyorlar yerinə yetirirdi. Lakin qatarın damında gördüyünüz adam məndim.

- Hərəkətdə olan qatarın damında yerimək yəqin çox qorxuludur?

- Türkiyə gəlməzdən öncə qatar üzərində yeriməyi mənə Londonda öyrətdilər. 90 metr hündürlükdən aşağı baxmaq çox vahiməli idi. Tryukçular mənə məsləhət görürdü: “Aşağı baxma. Bu, mənasızdır”.

- Real həyatda casus ola bilərdinizmi?

- Heç zaman. Ekranda etdiklərimin çox az hissəsini gerçəkdə edə bilirəm.

- Xoşbəxtlik reseptiniz nədir?

- Əksər insanlarda olduğu kimi: doğmalarımın yanımda olması, səhhətim və sevimli işim.

- Sizin ən böyük qüsurunuz nədir?

- Çox qısqancam.

- Pulu daha çox nəyə xərcləyirsiniz?

- Səyahətə.

- Həyatda daha çox nəyə ehtiyacınız var?

- Mənim dizlərim çox zəifdir. Sağlamlığa.

- İkinci dəfə dünyaya gəlsəydiniz...

- Balaca çay xərçəngi olardım.

- Siz nəyə görə jurnalistlərə hörmət etmirsiniz?

- Əslində, jurnalistlərə böyük rəğbət bəsləyirəm. Dostlarımdan bəziləri dəlisov jurnalist peşəsində çalışır. Nəyə görə dəlisov? Çünki onlar biznesdə, hakim strukturlarda korrupsiya və ədalətsizliklə mübarizə aparırlar... Bir sözlə, jurnalistlərlə fəxr edirəm. Kambocada olarkən orada müharibə bölgələrindən reportaj hazırlayan müxbirlə tanış oldum. Yadımdadır, biz o qədər içdik ki, axırda mən də müxbir olmaq istədim. Lakin müxbir olmaq üçün mənim kişiliyim çatmaz. Mən kifayət qədər cəsarətli deyiləm. Yəqin, ona görə də, Stiq Larsonun romanı əsasında çəkilmiş “Əjdaha döyməli qız” filmində oynadığım jurnalist Mikael Blumkvist obrazını çox xoşlayıram.

- Yeri gəlmişkən, “Əjdaha döyməli qız” filmində oynayan aktrisa Runi Mara ilə münasibətləriniz necə idi?

- Yaxşı ki, filmin rejissoru Devid Finçer filmə məhz Runini seçdi. O obrazı oynamaq üçün daha kimlər dəvət olunmamışdı? Əslində, Lisbet Salander çox çətin obrazdır. Lisbet çətin xasiyyətli insandır. O döyülür, zorlanır və təhqirlərə məruz qalır. Runini isə obrazla bağlı yalnız bir şey qorxudurdu: motosikl sürmək. Bundan əlavə, Runinin qəhrəmanı yeniyetmə oğlana bənzər, amma seksual bir qızdır. Filmdə zorakılıq yalnız zorakılıq naminə göstərilmir. Əslində, bununla tamaşaçıya gerçəkliyi göstərmək istəyirlər. Bu, bəzən filmin reytinqini də aşağı sala bilər, lakin Finçer belə nüanslara fikir vermir.

- 16 yaşınızda evdən qaçmağınız haqda olan xəbərlər doğrudurmu?

- Xeyr, anam özü məni buraxmışdı. Doğulduğum Liverpul şəhəri bir qədər depressiv zamanlar yaşayırdı. Anamla münasibətlərimiz qaydasına düşmürdü. Bir tərəfdən də, oxumaq istəmirdim. Artist olmaq istəyirdim. Atamın pivəxanasında gələn qonaqları əyləndirməklə məşğul olurdum. Bax ona görə də, anam məni Londona göndərdi. Getməyim üçün pul da az idi, lakin anam öncəgörənlik edib, əvvəlcədən bir neçə funt sterlinq kənara qoymuşdu. Londonda dramatik sənət və musiqi məktəbinə daxil oldum. İlk rolum Afrikada baş tutmalı idi. Çox sevinirdim, lakin hamının yanında sözün əsl mənasında biabır oldum. Çünki rolumu oynaya bilmirdim. Sanki dovşan kimi yolu keçib, yenidən geri qayıdırdım.

- Mətbuatla bölüşmək istəmədiyiniz mövzuda - ailəniz haqda danışaq. Məlum məsələdir ki, aktrisa Reyçel Uaysla gizli ailə qurmusunuz (41 yaşlı Reyçel rejissor Darren Aronofski ilə münasibətlərinə son qoyub, Deniel Kreyqə ərə gəlib. Reyçel və Darren nişanlı olublar, onların 5 yaşlı oğlu var. Deniel də arvadından boşanaraq Reyçeli alıb. Onların toyunda yalnız 2 şahid – Denielin 19 yaşlı qızı Ella və Reyçelin oğlu olub).

- Bəli, bu, ailəvi tədbir olduğu üçün onu məxfi saxlamağa üstünlük verdik. Axı iki aktyor ailə quran kimi hamı deyir: “Mərc gəlirəm ki, onlar 6 aydan sonra boşanacaqlar”. Sizcə, mən bu cəfəngiyata münasibət bildirməliyəmmi?

- “Kazino Royal” filmindən sonra sizə “dünyanın ən yaxşı Bondu” adını verdilər, bununla belə, siz təşəkkür üçün səhnəyə çıxanda qızınız haqda heç nə danışmadınız.

- Qızım Ella öz özünü müdafiə edə bilmir, ona görə də, mən özümü belə aparmalıyam. Mənim üçün o, hələ də uşaqdır.

- Daniel, nəyə görə siz az gülümsəyirsiniz?

- Mən fokus göstərən insanlar kimi paltarın qolundan müxtəlif əşyalar çıxarıb insanları əyləndirə bilmirəm. Həmçinin yalan da danışa bilmirəm. “Xahiş edirik, nəsə maraqlı və məzəli bir hadisə danışın!”- mən bu cümlənin qarşısında acizəm. Heç bir gülməli hadisə də bilmirəm. Tok-şou aparıcılarına baxıram və onlara həsəd aparıram.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm