Türkiyə ilə viza məsələsində İran faktoru - “Əl-Cəzirə” problemi araşdırıb
Bizi izləyin

Nida.az

Türkiyə ilə viza məsələsində İran faktoru - “Əl-Cəzirə” problemi araşdırıb

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfəri zamanı iki ölkə arasında viza rejiminin aradan qaldırılması məsələsi də gündəmə gəlib.


Publika.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalının saytında məlumat yayılıb.


“Azərbaycan vizasında İran faktoru” başlıqlı məqalədə deyilir ki, Azərbaycan və Türkiyə tarixi, mədəni, siyasi və iqtisadi bağlar olduqca möhkəmdir: “Bu ölkələr qardaşdır. Lakin viza məsələsi tam həllini tapmayıb. Azərbaycanlılar Türkiyəyə gedərkən vizasız 90 gün qala bilirlər. Azərbaycana gələn türklərsə viza almalıdırlar və 60 gün qala bilərlər. Bu, Azərbaycanın Türkiyəyə olan münasibətindən irəli gəlmir. Azərbaycan rəsmiləri vizasız rejimin Ermənistan istisna olmaqla, MDB ölkələrinə tətbiq olunduğunu bildirir. Türk vətəndaşları üçün isə vizanın asanlaşdırıldığını qeyd edirlər”.


M. Çavuşoğlu Bakıda olarkən bu haqda danışıb: “Dünyanın hər yerində dost və qardaş ölkələrlə vizaları qaldırırıq. Azərbaycan vətəndaşları da Türkiyəyə vizasız gələ bilirlər. Hazırda Türkiyə vətəndaşlarının da Azərbaycana vizasız gələ bilməsi istiqamətində fəaliyyəti davam etdiririk. Ən azından müsbət dəyişikliklərə nail olacağıq və asanlaşdıracağıq. Biz Azərbaycanın olduğu bölgədəki daxili və xarici faktorları bilir və Azərbaycana hörmətlə yanaşırıq”.


“Əl-Cəzirə” diplomatik mənbələrə istinadən iddia edir ki, Türkiyə ilə vizasız rejimin tətbiq olunmamasına səbəb İranın da bunu istəməsidir.


“Azərbaycan qaçaqmalçılığın artacağı, bunun da iqtisadiyyata pis təsir edəcəyindən narahatdır. Buna görə də İranla viza müzakirələrində yalnız MDB ölkələri ilə vizasız rejimin tətbiq olunduğunu əsas gətirir. Buna görə də Türkiyə ilə də vizasız rejimin tətbiqi saxlanılır. Əgər rəsmi Bakı Türkiyə ilə vizanı qaldırsa, eyni vəziyyəti İrana tətbiq etməsə, o zaman Tehranla münasibətlərə xələl gələ bilər. Azərbaycanın İranla münasibətlərə xüsusi diqqət yetirməsinin bir səbəbi də Naxçıvan Muxtar Respublikasına quru ərazinin bu ölkədən keçməsidir”, - deyə məqalədə qeyd olunur.


Adının açıqlanmasını istəməyən diplomatlardan biri “Əl-Cəzirə”yə bildirib ki, Azərbaycanın torpaqları işğal altındadır və bəzi qərarları buna görə verir: “Türkiyə və Azərbaycan qardaşdır. Lakin bəzi məsələlərdə yanaşmalar fərqli ola bilər və bu hər iki tərəfdə normal qarşılanır. Azərbaycanın yerləşdiyi coğrafiya çox mürəkkəbdir və bu da bəzi çətinliklər yaradır”.


“Əl-Cəzirə” onu da qeyd edir ki, Türkiyə ilə viza rejimi tətbiq olunsa da, Azərbaycana gələn Türkiyə vətəndaşları heç vaxt geri qaytarılmayıb. Hər bir Türkiyə vətəndaşına istədiyi vaxt 60 günlük viza verilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm