Axtarıb tapdım səni – Qurban Qurbanovun yeni tapıntısı
Bizi izləyin

İdman

Axtarıb tapdım səni – Qurban Qurbanovun yeni tapıntısı

Qış transfer pəncərəsi dövründə futbol ictimaiyyəti "Qarabağ"dan futbolçu transferi gözləsə də, bu baş vermədi. Buna səbəb kimi "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun istədiyi kimi futbolçu tapa bilməməsi göstərildi. Fevralın ikinci yarısından etibarən "Qarabağ"ın bir futbolçuyla - Dani Kintanayla danışıq apardığı məlum oldu.

Publika.az xəbər verir ki, Qurbanov ilyarımdı maraqlandığı Danini yalnız indi "Qarabağ"a gətirə bildi. Onunla artıq üç illik müqavilə imzalanıb. İspan yarımmüdafiəçinin yaydan etibarən Ağdam klubunun düşərgəsinə qoşulacağı bildirilir. "Qarabağ"ın 2015-ci ildə ilk transferi olan Kintana həm də klub tarixinə ilk pireneyli kimi düşəcək. Yarımmüdafiəçi "Valensiya"nın yetirməsidir. Karyerası ərzində daha çox İspaniya klublarında çıxış edən Daninin ulduzu Polşanın "Yagelloniya" klubunda parlayıb. Dani “Qarabağ”a azad agent statusuyla keçib. Tibbi baxışdan uğurla keçən ispanla 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, FİFA-nın qaydalarına əsasən, Kintana mövsüm ərzində iki klubda oynadığına görə bu mövsüm komandamızda forma geyinə bilməyəcək.

İndi isə Daniylə qiyabi şəkildə tanış olaq. Bu haqda Komanda.az-da yetərincə ətraflı məlumat verilib.

Las-palmaslı "yarasa"

Daniel (Dani) Kintana Sosa 1987-ci ilin martın 8-də Kanar adalarının Las-Palmas şəhərində dünyaya gəlib. Erkən yaşlarında futbola başlayan Dani ilk addımlarını "Urakan"da atıb. O, 2004-cü ildə "Valensiya"nın futbol akademiyasına yollanıb. 2006-cı ilə qədər burda təhsil alan futbolçu daha sonra "yarasalar"ın ikinci komandasına cəlb edilib. "Valensiya B"-də iki il ərzində 6 oyunda bir dəfə fərqlənən Kintana bir müddət "Pusol"da icarə əsasında çıxış edib.

2007/08 mövsümünün yarısını "Ontinyent"də (9 oyun) keçirən yarımmüdafiəçi sonrakı ilyarımı "Aljira"da oldu. O, burda daha çox oynamaq imkanı əldə etdi (33 oyun, 2 qol). Sonrakı dörd il ərzində dörd klub dəyişməsiylə yadda qaldı. Dani öncə "Rasinq"də (Ferrol) (19 oyun, 1 qol), daha sonra isə doğma klubu "Urakan"da çıxış etdi (19 oyun, 4 qol). Klubları əlcək kimi dəyişən Dani üçüncü divizionda mübarizə aparan "Olimpik"də (Xativa) özünü yaxşı tərəfdən göstərməyi bacarıb (36 oyun, 2 qol). Xativa klubundakı uğurlu çıxışı onu Sequndaya "yüksəldir". Belə ki, "Ximnastik" onunla müqavilə imzalayır. Tarraqona təmsilçisi onun İspaniyada çıxış etdiyi sonuncu klub olur. "Ximnastik"də yarım mövsümdə 20 oyunda iki dəfə fərqlənən futbolçu daha sonra Avropaya üz tutur.

10 min avroluq futbolçu...

Polşanın köklü klublarından hesab edilən "Yaqelloniya"yla anlaşan Dani karyerasının ən parlaq günlərini burda keçirir. Polyaklar ona görə elə də çox xərcə düşmür. Onun haqqında yazılanlara inansaq, "sarı-qırmızılar" "Ximnastik"ə cəmi 10 min avro ödəyir. Universallığıyla seçilən Kintana "Yaqa"ya tez uyğunlaşır. İlk 6 ay ərzində 15 oyunda 4 dəfə fərqlənən Daniel eyni zamanda, məhsuldar ötürmələriylə də seçilir. Onun bu məhsuldarlığı statistiklər tərəfindən hesablanmadığından, dəqiq məlumat vermək mümkün deyil.

2013/14 mövsümü "sarı-qırmızılar" üçün çətin keçsə də, Daniylə bağlı vəziyyət daha yaxşı idi - mövsüm onun üçün məhsuldar alındı. O, çempionatın əsas hissəsində komandasının 46 qolundan 10-nun, pley-off mərhələsində isə (Ekstraklasada qalmaq üçün) vurulan 13 qoldan 5-nin müəllifi oldu. Dani bu məhsuldarlığıyla komandasını əsas çempionatda saxladı.

...500 min avroya necə satıldı?

2014/15 mövsümündə isə o, "Yaqelloniya"da sadəcə üç ay çıxış etdi. Polşa klubu onu aldığından 50 dəfə baha qiymətə - 500 min avroya "Əl-Əhli"yə satdı. Dani Səudiyyə Ərəbistanı klubuyla rahatlıqla anlaşsa da, bu ölkəyə gedən digər futbolçuların aqibətini yaşadı. Uyğunlaşmaqda çətinlik çəkdi, özünü orda xoşbəxt hiss etmədi. O, Yedda təmsilçisinin heyətində çıxış etdiyi 7 oyunda bir qol vurmaqla kifayətləndi. Daha sonra "Qarabağ"la danışıqlara başladı. Sonrası isə hər kəsə məlumdur.

O günü gözləyin...

Sol ayağıyla xarüqələr yaradan Kintananın universal yarımmüdafiəçi olması Qurban Qurbanovu sevindirməyə bilməz. Uzun müddətdir izlədiyi futbolçunu komandasına qatan mütəxəssis, yəqin ki, beynində yeni mövsüm üçün qurduğu planlarda ona da yer ayırıb. Artıq hər kəs Kintananın "Qarabağ" formasıyla meydana çıxacağı günü maraqla gözləyir. "Yaqelloniya"dakı çıxışıyla bizi, Qurban Qurbanovu heyran edən Daninin Ağdam klubuna necə kömək edəcəyini zaman göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm