Sərnişinlərin yeni qənimi – dilənçi cildinə girən cibgirlər - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Sərnişinlərin yeni qənimi – dilənçi cildinə girən cibgirlər - ARAŞDIRMA

“Allah sizi qəzadan, bəladan qorusun”, “Xəstələrinizə şəfa versin”, “Allah balalarınızı saxlasın”. Bunlar 10-15 yaşlı uşaqların tanımadıqları insanlara etdiyi dualardır.

Əlbəttə, bu xoş sözləri əbəs yerə demirlər. Bu sözləri eşidən xəstəsi, problemi olanlar əllərini ciblərinə salıb dualara görə “ödənişini” edir. Ürəyinin lap dərinliyində bu balaca, məsum uşaqların onlar üçün etdiyi duaların gerçəkləşəcəyi inancı ilə... Dilənçilər və dilənçilik barədə çox yazılıb. Məqsədim köhnə yazıları gündəmə gətirmək deyil. Amma son zamanlar metro qatarları və avtobuslarda bu sözlərlə dilənən yeni qruplar peyda olub. Onlar ənənəvi dilənçilərə oxşamır. Təzə ayaqqabılı, üst-başı təmiz bu uşaqlar nə dilənçi, nə də roman tayfalarından olan uşaqlara bənzəyir. Qızlar isə, adətən, hicabda olur. Qrup şəklində gəzən bu uşaqlar ilk baxışda dilənçi təəssüratı yaratmır. Ona görə də dayanacaqda söhbət edən üç qızdan birinin avtobusa minməsi o ağzını açana qədər çox adi bir görüntü idi. Elə ki, ağzını açdı, səliqəli geyimli qızın məqsədinin fərqli olduğu anlaşıldı.

Əvvəldə dediyim kimi, ailədə böyüyən uşaqlardan heç nə ilə fərqlənməyən həmin uşaqlar bir stansiyada avtobus və ya qatara minir, növbəti stansiyaya qədər dualarını edib, pul toplayırlar. Xüsusən də sıxlıq olan abtobuslara minməkdə maraqlı olurlar. Sərnişinlər bu uşaqların hərəkətindən narahat olsalar da, sürücülər onların avtobusa minməsinə mane olmur. Əksinə, sanki onları görməzdən gəlirlər.

Bəs səliqəli geyimli, görünüşcə dilənçiyə bənzəməyən bu uşaqlar kimdir?

Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə bu cür faktlarla bağlı onlara müraciətlər olduğunu deyir:

“Birliyin “qaynar xətti”nə bir nəfər bununla bağlı müraciət etmişdi, sosial şəbəkələrdə də bu cür fikirlərlə qarşılaşıram. Həmin uşaqlar barədə müxtəlif fikirlər var. İlkin versiya kimi həmin uşaqlar dilənçi yox, cinayətlə məşğul olan qruplardır. Dilənçilik yeni dövrə qədər qoyub. Artıq səliqəsiz, çırılmış geyimlərdə deyil, səliqəli geyimdə dilənmək dəbdir. Həmin uşaqların əsas məqsədi dilənmək deyil, cibgirlikdir. Onlar dilənib kiçik məbləğlər qazanmaqdansa, cibgirlik edib, daha böyük pullar əldə etməyə çalışırlar”.

Birlik sədrinin sözlərinə görə, son 10 ildir Azərbaycanda qaraçılarla azərbaycanlıların evliliklərindən modern ailələr formalaşıb. Həmin ailələrin uşaqları görünüşcə qaraçılara oxşamasa da, onların adətlərini davam etdirir:

“Bu nikahlardan doğulanlara “dom” deyirlər. Heç bir milli, dini ayrı-seçkilik yaratmaq fikrim yoxdur. Lakin bu ailələr gələcək üçün ciddi problemlər yaradır. Çünki qaraçılar dilənmək vərdişini tərgitməkdənsə, yerli əhalini özlərinə uyğunlaşdırırlar. Öz ənənələrini genişləndirir, saylarını artırırlar, bu da gələcəkdə demoqrafik vəziyyət üçün müsbət tendensiya hesab edilmir. Çünki onların uşaqları təhsilsizdir, dünyagörüşləri fərqlidir və ən əsası o uşaqlar zombiləşmiş olur. Nəticədə, peşəkar cinayətkarlar hazırlanır, çünki onlar çox ağıllı olurlar. Bu ailələrdən doğulan uşaqlar nisbətən tolerant, “toksikoman” olmur, lakin çox güman ki, narkotik maddələrdən istifadə edirlər. Həmin uşaqların hansısa cinayətkar qruplar tərəfindən formalaşdırılması da ehtimal edilir. Lakin onlar psixotrop maddələrdən asılı uşaqlardır. Daha tez pul əldə etmək üçün oğurluq edirlər. Ona görə də əsasən sıxlıq olan avtobuslara minirlər. Onların avtobuslara minməyinə məhdudiyyət qoyula bilməz. Dilənçilik etməsinə sürücülər mane ola bilər. Araşdırmalar göstərir ki, bu uşaqlar əsasən sürücülərlə əlbir olur. Bəlkə, onların özlərinin də bu məsələdə marağı var. Bu məqamda isə insanlar müdaxilə etməlidir. Çünki daim məhdudiyyətlə qarşılaşan uşaq bir də həmin avtobusa minmək istəməyəcək, tədricən problem həll olunacaq. Çünki bu uşaqlar üçün dilənçilik üsul, avtobus vasitə, insanlar isə qazanc mənbəyidir”.

K.Ağazadənin sözlərinə görə, polislər bu uşaqları yaxalayıb sığınacağa gətirirlər. Onların ailələri tapılır, valideynlər bu halın bir daha təkrarlanmayacağını deyib, vəziyyətdən çıxırlar.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov belə hallara qarşı sürücünün mübarizə aparmasının çətin olduğunu dedi. O, sərnişinləri ictimai nəzarətə dəvət etdi.

“Bu barədə nazirliyin “qaynar xətt” xidmətinə məlumat daxil olmayıb. Lakin olanda Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edirik. Onlar müvafiq tədbirlər görürlər. Əlbəttə, bu halla qarşılaşan sürücülər onlara müdaxilə edə, avtobusdan çıxara bilərlər. Lakin çox zaman həmin uşaqların yanında himayədarları olur və sürücü ilə mübahisə edirlər”.

Sürücülərin həmin şəxslərlə əlbir olmasını inkar edən Ə.Cəfərov avtobuslarda cibgirliyin qarşısını almaq üçün işlərin aparıldığını dedi:

“Yeni gətirilən 50 avtobusda videokameralar quraşdırılıb. Bu da cibgirlərin asanlıqla müəyyənləşdirilməsinə kömək edəcək. Bundan sonra da ölkəyə gətirilən bütün avtobuslarda bu cür kameralar olacaq. Bir neçə il əvvəl “20 Yanvar”, “Koroğlu” metrostansiyaları istiqamətində hərəkət edən avtobuslarda cibgirliklə bağlı müraciətlər olurdu. Bununla əlaqədar keçirilən reydlərdən sonra bu halların qarşısı alındı”.

Bu uşaqların qazanc yeri əsasən, əhalinin sıxlıq olduğu yerlərdi. Bu baxımdan avtobuslardan sonra ən əlverişli məkan metro qatarlarıdır.

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında bildirib ki, istər dilənçi, istərsə də səyyar satıcıların metroya daxil olmasına icazə verilmir.

“Səyyar satışa ümumiyyətlə rast gəlinmir, dilənçilərlə bağlı sərnişinlər az da olsa müraciət edirlər. Lakin polis və əməkdaşlarımız bu hallara qarşı mübarizə aparır. Çox az rast gəlinsə də, belə hallar müşahidə edilir. Amma həmin şəxslər çox zaman adi sərnişin kimi stansiyaya daxil olur, qatarlarda isə “peşələrini” davam etdirirlər. Təbii ki, həmin hallarla qarşılaşan kimi onlar stansiyadan uzaqlaşdırılır. Lakin burada sərnişinlərin də böyük rolu var. Həmin insanlar çox professional şəkildə davranır, onları aşkarlamaq asan olmur. Bu halla qarşılaşanlar bizə müraciət etsələr, onların qarşısını ala bilərik”.

Həmin şəxslərin cibgirliklə məşğul olmasına gəldikdə, N.Paşayev bu hallarla bağlı şikayətlərin çox olmadığını dedi:

“Metro ərazisində cibgirlik çox az hallarda olur. Bu da ərazinin videokameralar vasitəsilə izlənməsi ilə əlaqədardır. Yaxalanma ehtimalı yüksək olduğuna görə, həmin şəxslər metroya daxil olmaqda maraqlı olmur. Lakin bununla yanaşı, polis əməkdaşları da iş aparır. Həmin insanlar aşkarlanıb məsuliyyətə cəlb edilir”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm