AŞPA-da girovlarımızla bağlı QƏRAR
Bizi izləyin

Nida.az

AŞPA-da girovlarımızla bağlı QƏRAR

“AŞPA Sədarət Komitəsi Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı qərar qəbul edib”.


Bu barədə Publika.az-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.


O, AŞPA katibliyi qarşısında bu məsələni qaldırdığını bildirib: “Mən AŞPA-nın yanvar sessiyasında Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim etdim. Katibliyə təqdim etdiyim “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair” adlanan həmin qətnamə layihəsi Avropa Şurasına üzv olan 47 ölkədən 24 ölkəni təmsil edən 46 deputat tərəfindən imzalanıb. Qeyd etməliyəm ki, AŞPA-nın prosedur qaydalarına əsasən, qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir.

Göründüyü kimi, qətnamə layihəsi hazırlanarkən tam olaraq qurumun prosedur qaydalarına əməl edilib və həmin qaydalara uyğun olaraq qətnamə layihəsi AŞPA-nın gündəliyinə daxil edildi. AŞPA-nın Sədarət Komitəsinin 5 mart tarixli iclasında qeyd edilən qətnamə layihəsi müzakirəyə çıxarılıb. İclasda həmin sənədin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair” hazırlanacaq məruzədə nəzərə alınması üçün Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volterə göndərilməsi tövsiyə olunub. Növbəti addım kimi sənədə Büroda baxılmalı və Sədarət Komitəsinin tövsiyyələrinə uyğun qərar qəbul edilməlidir”.


E. Süleymanov son iki ildə AŞPA-ya üç qətnamə layihəsi təqdim etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sənədlərin hər üçü Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü və ərazilərimizin işğal edilməsi və işğalın 23 ildən artıq müddət ərzində davam etməsi nəticəsində yaranmış vəziyyətlə bağlıdır.


“Birinci sənəd 23 ildən artıq müddət ərzində işğal altında qalmış Sərsəng su anbarının Azərbaycanın 6 cəbhəyanı rayonlarında törədəcəyi humanitar və ekoloji fəlakət vəziyyətinin təhdidləri ilə bağlıdır. Bu təklif üzrə Sosial Məsələlər Komitəsində Bosniya və Herseqovina təmsilçisi olan AŞPA üzvü Meliça Markoviç məruzəçi təyin edilib. Məruzəçi artıq bu ilin yanvar ayında ölkəmizə ilkin səfər edib, Azərbaycanın Sərsəng su anbarında yaranmış təhlükəli vəziyyətlə bağlı əziyyət çəkən cəbhəyanı rayonlarında görüşlər keçirib. AŞPA-ya təqdim etdiyim ikinci sənəd “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artmasına dair” qətnamə layihəsidir. Bu sənəd üzrə Siyasi Məsələlər Komitəsində Böyük Britaniyalı deputat Robert Volter məruzəçi təyin edilib. Biz bu sənəd vasitəsilə işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edirik. Məruzəçi hazırda məruzə üzərində işlər aparır və o, 11-15 mart tarixlərdə mandatı çərçivəsində ölkəmizə səfər edəcək.

Hər iki qətnamə layihəsini irəli sürdükdən sonra biz AŞPA-da anti-Azərbaycan qüvvələrin böyük müqaviməti ilə üzləşdik. Bu qətnamə layihələrinin qarşısının alınması və gündəlikdən çıxarılması istiqamətində AŞPA rəhbərliyi və Katibliyinin birbaşa iştirakı ilə bütün anti-Azərbaycan qüvvələr, erməni lobbiləri səfərbər olundular. Biz onların müqavimətini dəf edə bildik və birinci mərhələni uğurla başa vurduq. İnanmaq istərdik ki, məruzəçilər öz məruzələrini hazırlayarkən obyektivlik və prinsipiallıq nümayiş etdirəcəklər”, - deyə o bildirib.


E. Süleymanov AŞPA-ya təqdim etdiyi üçüncü qətnamə haqda da danışıb: “2015-ci il AŞPA-nın yanvar sessiyası zamanı girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsini təqdim etdim. Bu son iki il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı nəticəsində yaranmış vəziyyətə dair AŞPA-ya təqdim etdiyim 3-cü qətnamə layihəsidir. Hesab edirəm ki, Sədarət Komitəsinin 5 martda qəbul etdiyi qərar girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə hüququnun təmin edilməsinə dair AŞPA-da qərar qəbul edilməsi üçün ən qısa və mühüm addımdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm