Futbolçular məni soyundurdular, paltarlarımı götürüb getdilər - FOTOLAR
Bizi izləyin

İdman

Futbolçular məni soyundurdular, paltarlarımı götürüb getdilər - FOTOLAR

6 konfederasiyada, 15 ölkədə top qovan “səyyah”

Futbol tarixi qəhrəmanlarla doludur. Bunlara misal olaraq Maradonanı, Peleni, Ronaldonu, Herd Mülleri, Yohan Kroyffu və başqalarını göstərmək olar. Bu oyunçular oynadığı dövrlərdə ən yüksək futbol birinciliklərində komandalarına yaxından kömək edərək uğurlar qazandırıblar. Ancaq futbol tarixində bir ad da var ki, onun nailiyyətləri yuxarıda adını çəkdiyim əfsanələrin uğurlarının yanından belə keçməyib. Ancaq onun futbolçu karyerasını yazsan kitab olar. Bu oyunçunun adı futbol tarixinə düşüb. Düzü, onun futbol naminə yaşadığı həyata görə qəhrəman da demək olar.


Publika.az alman qapıçı Luts Pfannenştildən söhbət açacaq. Bəs karyerasını dünyanın zəif klublarında keçirən bu qapıçını tarixə salan nədir? O, dünya çempionatlarında, yüksək liqalarda çıxış etməyib, titullar qazanmayıb, əvəzində hamıdan çox gəzib, FİFA-nın 6 konfederasiyasının hamısında çıxış edən yeganə futbolçu olub. İnanmaq çətin olsa da, bu səyyah-futbolçu karyerası ərzində 15 ölkənin 25 klubunun şərəfini qoruyub. Bu ölkələrdə o, yüksək titullar qazanmasa da, heç vaxt unutmayacağı macəralar yaşayıb...

Luts Pfannenştil 1973-cü il mayın 12-də Almaniyanın Çvizel şəhərində dünyaya gəlib. İlk futbol biliklərinə 1986-cı ildə məhz yerli "Çvizel" futbol klubunda yiyələnməyə başlayıb. Üç il doğma şəhərinin klubunda oynadıqdan sonra "Vilşoven"ə keçib. 1991-ci ildə Almaniyanın 5-ci liqa klubu "Bed Kotsinq"də forma geyinən qapıçı, 1993-cü ildə Malayziyanın "Pednanq" klubundan gələn təklifi məmnuniyyətlə qəbul edir. Almaniyanın aşağı liqalarında gün keçirməkdən bezən Luts “dünya səyahəti”nə çıxmağa qərar verir.

Qapıçının Malayziya karyerası sakit keçir. Növbəti dayanacaq Avropa olur. Amma doğma Almaniyada yox, İngiltərədə oynamağı daha üstün tutur. O, aşağı liqa klubu "Uimbldon"la anlaşır. Burda isə onu kriminal futbolçu kimi tanınmış, sonradan aktyorluğu ilə məşhurlaşmış Vinni Cons və onun özünə bənzəyən dostları gözləyirdi. O, bu kriminal futbolçular arasında başına gələn hadisələrdən birini belə nəql edir:

"Bir gün bütün komanda ilə parkda məşqə getmişdik. Məşqdən sonra futbolçular hamısı məni tam soyundurdular. Sonra isə paltarlarımı götürərək getdilər. Orda tamamilə çılpaq vəziyyətdə qalmaq necə utancverici bir hissdir, anlaya bilməzsiz. Təsəvvür edin, parkdan evə qədər nə qədər qadının yanından qaçaraq keçdim. Onlar mənə çox qəribə baxırdılar. Parkdan evə qədər təxminən 5 km-lik məsafəni belə - tamamilə çılpaq vəziyyətdə qaçdım".

Luts İngiltərədən sonra Cənubi Afrika Respublikasının "Orlando Pirates" klubuna transfer olur. Burada da özünü qərib bir diyardakı kimi hiss edir. O, komandadakı qaradərili futbolçular arasında yeganə “ağ adam” idi. Şəhərdə hərəkət etmək də onun üçün təhlükəli idi. Burda cəmi 7 oyunda meydana çıxan futbolçu yenidən Avropaya qayıdır. Finlandiyada karyerasını davam etdirən qapıçı daha sonra vətəni Almaniyada da oynayır. Ancaq Luts yenidən sıxılmağa başlayır. Bu dəfə o, Sinqapurdan gələn təklifi qəbul edir.

Sinqapur qanunların ən sərt olduğu ölkələrdən biridir. Burada hətta asfalta siqaret kötüyü atmağın 500 dollar cəzası var. Belə sərt qanunları olan ölkə Lutsu qorxutmur. O, yerli "Qeylanq Yunayted"in formasını geyinməyə başlayır. Burada əvvəllər hər şey yolunda getsə də, yerli çempionatın oyunlarından biri səs-küyə səbəb olur. Belə ki, “Qeylanq”lı oyunçular matçı satmaqda ittiham olunur. Luts hər nə qədər günahsız olduğunu desə də, cəzadan canını qurtara bilmir. Ancaq futbolçunun qalmaqallı oyunun ən yaxşısı seçildiyini nəzərə alsaq, bu, onun doğrudan da, günahsız olduğunu düşünməyə əsas verir. Qapıçı bütün təkziblərinə baxmayaraq, sərt Sinqapur qanunları qarşısında aciz qalır. Onu həbs edirlər. Luts özü həmin dövrü belə xatırlayır:

"Həmin dövrləri xatırlamaq belə istəmirəm. Təsəvvür edin mənim Sinqapurda hər cür şəraitə malik lüks evim, "Armani" istehsalı mebelli otağım, özümün televiziya şoum var idi. Ancaq bir gün məni günahsız ola-ola həbs etdilər. Orada qaldığım yer beton otaq idi. Nə yataq var idi, nə də ki, ayaqyolu. Hətta mənə diş fırçası belə verməmişdilər. Dəhşət idi. Orada cəmi 101 gün qalsam da, bu mənə 25 il kimi gəldi".

Daha sonra ölkəsinə ekstradisiya edilən futbolçu faciəvi Sinqapur karyerasının ardından Yeni Zelandiyaya yollanır. Burada "Danidin Teknikal"la anlaşan Luts özünü yaxşı tərəfdən göstərə bilmir. Alınmayan Yeni Zelandiya karyerasından sonra o, İngitərəyə gəlir. "Bredford"a icarəyə verilən qolkiper sonradan bir neçə dəfə İngiltərə - Yeni Zelandiya marşrutuyla hərəkət edir. Bu illərdə qapıçıya bəlkə də, həyatını dəyişdirəcək bir təklif gəlir. O, "Milan"da oynamaq fürsəti əldə edir. 2003-cü ildə Çempionlar Liqasını qazanmış "rossonyerlər" ona Didanın əvəzedicisi gözüylə baxırdı. Ancaq alman qapıçı ehtiyatda oturmağı heç cür qəbul edə bilməzdi. Etmədi də. O, dünyanı gəzməyi Avropanın ən nəhəng klublarından birinin ehtiyatında oturmaqdan üstün tutdu.

Daha sonra o, karyerasını Norveç, Kanada kimi ölkələrdə də davam etdirir. Onun yolu hətta Ermənistanla da kəsişib. Futbolçu buradakı karyerasıyla bağlı xatirələrində yalnız güclü maliyyə problemlərinin qaldığını deyib.
Luts 2011-ci ildə qapıçı əlcəklərini mismardan asdıqdan sonra məşqçi kimi fəaliyyətini davam etdirib. Belə ki, o, hələ bir neçə il öncədən oynadığı klublarda qapıçı-məşqçi kimi fəaliyyət göstərməyə başlamışdı. Onun yaşıl meydana çıxdığı ölkələr arasında vətəni Almaniyadan başqa İngiltərə, Yeni Zelandiya, Sinqapur, ABŞ, Braziliya, CAR, Finlandiya, Malayziya, Belçika, Kanada, Namibiya, Norveç, Ermənistan və Albaniya var.

Kimsə bu qədər macəra yaşamış olsa, başına gələnləri yazsa, kitab olar deyirlər. Elə Luts da bunu edib, onun 2011-ci ildə çap olunmuş "Qapıçı heç bir zaman dayanmamalıdır" kitabı Vilyam Hill tərəfindən həmin ilin ən yaxşısı seçilib. Hazırda ölkəsində - "Hoffenhaym"da məşqçi kimi çalışan Pfannenştil bəlkə də yeni ekzotik macəraların planını qurur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm