Milyarder oğlunun bazarda meyvə satan kasıb və gözəl sevgilisi - FOTOLAR
Bizi izləyin

Layihə

Milyarder oğlunun bazarda meyvə satan kasıb və gözəl sevgilisi - FOTOLAR

Kasıb qız bir anda şahzadəyə çevrilir. Bu qızın əlbəttə ki, çox gözəl olması müzakirə olunmazdır. Lakin onu insanlara sevdirən əsas keyfiyyəti xeyriyyə işləri ilə məşğul olmasıdır. Onun həyatının ağlasığmaz süjetini Zoluşka haqqında nağıl ilə müqayisə etmək olar. Çünki oxşarlıq göz qabağındadır. Əgər nağılda Zoluşka şahzadə ilə evlənirsə, müasir dövrün “Zoluşkası” da dünyanın ən varlı kişilərinin diqqətindən kənarda qalmır. Hətta deyərdim ki, Nataliya Vodyanovanın həyatı Zoluşka nağılından daha təsirlidir. Ən azından o, hələ davam edir. Üstəlik, məsum simalı gözəlin 4 uşaq anası olmasına inanmaq mümkün deyil.

Publika.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə rusiyalı model Nataliya Vodyanovanın həyat hekayəsini, öz şahzadəsini necə tapdığını və ən nəhayət öz sarayında necə yaşadığı haqqında danışacağam.

Nataliya Vodyanova rəftarı və gözəlliyi ilə ideal qadını obrazını yarada bilib. Cəzbedici gözləri onu dəb aləminin ən yaxşı ilahələrindən birinə çevirdi və dünyanın ən zəngin kişilərindən biri ilə ailə qurdu. Buna baxmayaraq, modellik karyerasını hələ də davam etdirir və xeyriyyə işləri də məşğul olmağa vaxt tapır.

Boyu 176 sm, çəkisi 55, bədən ölçüləri isə 86-61-86-dır. Nataliya 1982-ci ilin 28 fevralında Nijniy Novqorodda dünyaya gəlib. Özündən başqa iki bacısı var. Atası onları uşaq ikən atıb getdiyi üçün bu qızcığaz atasız böyüyüb. Bacılarından biri xəstə idi və ailəsi çətin günlər yaşayırdı. Ağır şərait onu 11 yaşında məktəbi atmağa vadar edir və satıcı işləməyə başlayır. Lakin qazandığı pul onu qane etmir və getdikcə artan valehedici gözəlliyinin fərqinə varır. 16 yaşında model kimi işləmək qərarına gəlir. Əslində, model agentliyinə baş vuranda onun məqsədi sadəcə, çoxlu pul qazanmaq və ailəsinə kömək etmək idi. Tale isə onu dünyanın ən gözəl və məşhur qadınlarından birinə çevirir. Beləcə dəfilələrdə iştirak etməyə başlayır. Onun ecazkar gözəlliyini ilk dəfə “Viva Model Management” agentliyi kəşf edir, dəfilədən sonra ona Parisdə işləməyi təklif edirlər. Bu təklif Nataliya üçün gözlənilməz idi. Eyni ilə "Göyçək Fatma” nağılındakı kimi həyatı bir anda dəyişir. Dünyanın ən nüfüzlu moda evləri, bahalı brendlər dəfilələrində Nataliya Vodyanovanı görmək istəyirdilər. Brendlər bir-biri ilə yarışa girərək onunla müqavilə bağlamaq üçün böyük məbləğdə pul təklif edirdilər. Yeri gəlmişkən qeyd edim ki, moda jurnallarının redaktorları da bu gözəlliyə biganə yanaşmırdı. Nataliya modellik karyerası ərzində “Vogue”, “Harper's Bazaar”, “Marie Claire”, “ELLE” və s. kimi dünyanın bir çox tanınmış jurnallarının üz qabığında çəkilib. Qərbdə və Rusiyada ən görkəmli və nüfuzlu modellərdən biri kimi tanınır.

Nataliya modellikdən əlavə özünü aktrisa kimi də sınayıb. O, "Aşiqlər” adlı fransız filmində baş rolu oynayıb.

Nataliya birinci şahzadəsini necə tapır?

11 yaşında satıcı işləyən Nataliya Vodyanova 2003-cü ildə britaniyalı aristokrat və İngiltərənin 3-cü ən varlı kişisi Castin Portman ilə ailə həyatı qurur. Bu nikahdan onun 3 övladı dünyaya gəlir: oğlu Lukas (14 yaş), qızı Neva (9 yaş) və oğlu Viktor (8 yaş). Dünyanın ən varlı kişilərindən biri ilə evlənən Nataliyanın xoşbəxtliyi 2010-cu ildə sona çatır. Mətbuatda cütlüyün ayrılıq xəbərləri dərc olunur. 2011-ci ildə model həyat yoldaşı ilə artıq birlikdə yaşamadıqlarını və boşanma xəbərlərini təsdiqləyir.

Nataliya müsahibələrinin birində boşanmasını belə izah edir: “Boşanma xəbərləri gözlənilməz görünsə də, əslində belə deyil. Biz ayrılmaq qərarını çoxdan vermişdik. Səbəb xəyanət və qısqanclıq deyil. Sadəcə, zamanla biz başa düşdük ki, tamamilə ayrı-ayrı adamlarıq. Münasibətlərimiz yağ və su kimi idi. İlk vaxtlarda bir-birimizə çox bağlansaq da, sonradan münasibətlərimiz çökməyə başladı. Təəssüf ki, onu bərpa etmək mümkünsüzdür”.

Cazibədar modelin ikinci tərəf müqabili də dünyanın ən zəngin kişilərindən biri hesab olunur. O, 2011-ci ildən çox milyardlı varis sahibi Antuan Arno ilə görüşür. Antuan Arno "Louis Vuitton" brendinin kommunikasiya şöbəsinə başçılıq edir, eyni zamanda, kişi ayaqqabıları, lüks və eksklüziv aksessuarlar istehsal edən "Berluti" şirkətinin baş meneceridir. O, zinət əşyalarının istehsalı üzrə ən iri şirkətlərin sahibi Bernar Arnonun oğliudur. "Forbes" jurnalının versiyasına görə, Bernar Arno planetin ən varlı adamlarının siyahısında dördüncü yerdədir. Onun 41 milyard dollar sərvəti var.

2014-cü ildə cütlüyün oğlu dünyaya gəlir. 4-cü övladını dünyaya gətirən Nataliya doğuşdan sonra oğlunu əmizdirən pozada fotolar çəkdirir. Onun bu fotoları ötən il mətbuatda xeyli müzakirə olunmuşdu.

Lakin dünyanın ən dövlətli kişiləri ilə görüşsə də, Nataliya onların pulunda gözü olmadığını xeyriyyə işləri ilə sübut edir. Həm də modellik karyerasını davam etdirir. Model çəkildiyi reklamlardan kifayət qədər böyük pul qazanır.

Nataliya "Çılpaq ürək” xeyriyyə fondunun banisidir. Fond 2004-cü ildə yaradılıb və Rusiyada kimsəsiz uşaqlara yardım üçün nəzərdə tutulub. Rusiyanın 68 şəhərində fond tərəfindən uşaqlar üçün park və oyun meydançaları da tikilib. Nataliyanın xeyriyyə işləri ilə məşğul olması, xəstə uşaqlara can yandırması uşaqlıqda başına gələn pis hadisələr və gəzə bilməyən xəstə bacısı ilə əlaqəlidir. Yeri gəlmişkən, Nataliyannın atası ailəsini məhz xəstə qızına görə atır. Hətta nənəsi və babası da bu ailədən üz döndərir.

Nataliya Rusiya mətbuatına verdiyi müsahibəsində uşaqlıq xatirləri haqqında bunları etiraf edib: “Bacım bütün uşaqlar kimi küçəyə çıxmaq istəyirdi. Aydındır ki, o, özünü digər uşaqlar kimi aparırdı. Lakin ətrafdakılar tərəfindən daim istehza və qınaq ilə qarşılanırdı, Heç kəs onunla oynamaq istəmirdi. Bacıma baxıb onu barmaqla nəsə iyrənc, dəhşətli bir varlıq kimi göstərirdilər. Və bu, mənim üçün çox ağrılı idi. Onda Oksananı necə qoruya bilərdim ki? Bilirsiniz, bacıma qarşı olunan bu ədalətsizlik məndə hələ də iz qoyub. Mən bunu heç vaxt unuda bilmərəm. Yan qonşular da bizə nifrətlə baxırdılar. Bacımın tez-tez isterikası başlayırdı. Bütün qonşular onun səsini eşidirdi.

Bizim pulumuz olmayanda anamla bazardan meyvə alıb küçədə satırdıq. Bazardan aldığımız meyvələri taksi ilə gətirə bilməzdik. Bu, əlavə xərc demək idi. Meyvə yeşiklərini adi avtobusla daşıyırdıq. Bizim heç bir ticari icazəmiz olmadığı üçün küçə biznesini nəzarətdə saxlamış milislərə rüşvət ödəməyə məcbur olurduq. Ən dəhşətlisi şaxtalar düşəndə olurdu. Soyuqda meyvə-tərəvəz tez xarab olurdu, biz də meyvələri yorğana bürüyüb mümkün qədər tez satmağa çalışardıq. Bizim hər bir günümüz qeyri-müəyyənlik və qorxu ilə dolu olurdu. Anam bizi saxlamaq üçün borca girməli olurdu. Borcu qaytara bilmədiyi üçün ona hədə-qorxu gəlirdilər. Mən model agentliyində işləyəndən sonra həyatım tamamilə dəyişdi, bütün sıxıntılardan xilas olduq. İndi onların komfortlu həyatı və yaxşı yaşamaq hər şeyləri var. Bütün baş verənlərə baxmayaraq, mən atam haqqında heç vaxt mənfi fikir söyləməmişəm. Axı uzun illər onu heç tanımamışam. Atamla artıq tanış olmuşuq, ondan icmirəm. Amma atamla heç vaxt anamla aramızdakı kimi münasibətlərimiz ola bilməz.

Mən ümumiyyətlə, heç kimə qarşı kin saxlamıram və heç vaxt heç kimi qınamıram. Bu, mənim həyat prinsipimdir. Hər bir insan öz reallığı ilə yaşayır. Bu, onun fikir və hərəkət tərzini müəyyən edir. Və həmin insanın məntiqini başa düşmək üçün mən onun vəziyyətini araşdırmağa, özümü onun yerinə qoyub onu başa düşməyə çalışıram”.

Nataliyanın dəbdəbədən uzaq təmkinli stili

Nataliya retro stilində geyinməyə üstünlük verir. O, seçdiyi geyimləri və saç düzümü ilə mükəmməllik yarada bilir. Qırmızı dodaq boyası isə solğun üzünü canlandırır.

Sadəliyə və minimazlimə üstünlük versə də, Nataliya öz tərzini yarada bilib. Yığcam düz çantalarla stilinə zəriflik qatır. Makiyajdan çox az istifadə etsə də, seçdiyi aksessuarlar makiyajın azlığını hiss etdirmir.

Kişi stilinə oxşayan obraz Nataliyaya olduqca yaraşır. Onun qarderobunda naxışlı çantalara da rast gəlmək olar. Saçlarının düşünülmüş səliqəsizliyi boş və rahat geyimlə uyğunluq təşkil edir.

Gözəllik sirləri

Xanımlığı və məsumluğu ona şarm qatır və daha özəl edir. Bu isə modelin daim öz üzərində işləməsi ilə bağlıdır. Məsələn, o hər səhər yuxudan durduqdan sonra limonlu qaynar su içir. Bunun ardından isə o bir neçə stəkan su içir. 2 saat fasilədən sonra özü üçün isti, dadlı qəhvə hazırlayır. Limonlu qaynar suyun faydalı olduğunu və bədəni canlandırdğını qeyd edir. Səhər yuxudan durduqda bədəni ağır fiziki iş ilə yükləməməli, sadəcə gündəlik adi işlərlə məşğul olmağı məsləhət görür. Məsələn, yuxudan durduqdan sonra dişləri fırçalamaq, saçları daramaq və dəriyə uyğun kremlərdən istifadə etməyi tövsiyə edir. Yaxşı əhvalda olmaq və sağlamlığını qorumaq üçün bir müddət yoqa ilə də məşğul olub. Bədən ehtiyaclarını ödəmək üçün hər kəsə yoqa ilə maraqlanmağı məsləhət görür.

Təbiət Vodyanovaya mükəmməl dəri bəxş edib. Bu isə fotoqrafa şəkillərdə ən qeyri-adi eksperimentləri etməyə imkan verir. Model özü də etiraf edir ki, gözəlliyinin sirri təbiilikdədir. Bütün qadınlara da məsləhət görür ki, dərini hədsiz və parlaq makiyajdan qorusunlar. Gündəlik həyatda model təbii makiyaja üstünlük verir. Ağır makiyaj sevmir və üzündə qəribə ağırlıq hiss etdiyini bildirir. Günə çıxdığı zaman sadə makiyajla daha təhlükəsiz olduğunu hiss edir. Müxtəlif kremləri və həddindən artıq tonal əsaslı kosmetik məhsulları sınaqdan keçirməyə qorxur. Ancaq pudra, hərdən isə sulu tonal kremlərdən istifadə edir. Çünki fotoqraflar hər an qarşısına çıxa bilər. Ənlik demək olar ki, çəkmir. Gözlərində dumanlı makiyaj sevir. Parıltılı göz kölgələrindən tamamilə uzaqdır. Sarışın xanım olduğu üçün qəhvəyi tonlu tuşdan istifadə edir. Makiyajda aparıcı yeri dodaqlara verir və onu qırmızı pomada ilə vurğulayır. Dırnaq boyaları onun üçün əlavə diqqət və vaxt itkisi deməkdir. Lakı məcburiyyətdən çəkir və ancaq bej tonları istifadə edir. Əsl rus sarışını kimi görünsə də, əslində belə deyil. Yəni, təbiət onu sarışın qadın kimi yaratmayıb. Açıq rəngli saçları sevdiyi üçün sarışın olmağa qərar verib. Saçlarını saraltdığına görə Nataliya heç də təəssüflənmir. Lakin saçlarda eksperiment apararkən diqqətli olmağı lazım bilir. Çünki rəng yaraşmaya bilər. Onun təsirini və zərərini uzun müddət çəkməli olacaqsınız.

İdeal bədən quruluşunu nəyə borcludur?

4 uşaq dünyaya gətirəndən sonra ideal bədən ölçülərini hələ də qoruyub saxlaya bilməsini və ideal bədən quruluşunu əvvəlcə slavyan qadını olması, daha sonra isə genlərilə bağlayır. Nataliya sağlamlığına çox ciddi fikir verir, idmanla məşğul olur, hətta Parisdə xeyriyyə marafonunda iştirak edir. O, idman həyatında bədənə lazım olan qaçışı və yürüşü əsas tutur.

Qidalanmasına da xüsusi diqqət edən model, ac olmadığımız zamanlarda gözləri yeməklərdən çəkməli və nəfsimizə sahib çıxmalı olduğumuzu bildirir. Yağlı və istiotlu qidalardan uzaq durduqdan sonra orqanizmin rahatlaşdığını, özünü daha sağlam və güclü hiss etdiyini deyib.

“Hər şeydən əvvəl bədənimə hörmət edirəm. Hərdən mən anam, babam və ailəmlə süfrə arxasında oturub ləzzətli yeməklərdən dadıram. Səhər oyananda isə özümü narahat və kök hiss edirəm. Belə olanda idmanı böyük həvəslə edirəm. Əgər özümə tənqidi yanaşmasam və səhlənkarlıq etsəm, vücudumu qoruya bilmərəm” - deyir.

Ümumiyyətlə, Nataliya hesab edir ki, hər bir qadının zahiri görüntüsü unikal və təkrarolunmaz bir dünyadır. Gözəl görünmək və uğur əldə etmək üçün hər bir qadın dərisinə nəyin lazım olduğunu hiss eləməlidir. Məsləhətlər isə bu sahədə bilikləri artırmağa xidmət edir.

“Sizi bu qədər gözəl və cavan saxlayan nədir?” sualına modelin verdiyi cavaba təəccüblənməmək mümkün deyil.

"Gözəllik insanda o zaman yaranır ki, onun ürəyi yaxşılıq və xeyirxahlıq etmək üçün alışıb-yanır. Mən buna inanıram. Vacib deyil ki, bu mütləq xeyirxahlıq olsun. Hətta sevdiyimiz insanlara ürəkdən edilən kiçik və adi yaxşılıq da bizi gözəlləşdirə bilər. Əminliklə deyə bilərəm ki, ürəyi kin və paxıllıqla dolu olan insan zahirən gözəllikdən məhrumdur”.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm