Səudiyyə və müttəfiqləri Yəməndə əməliyyata başladı
Bizi izləyin

Dünya

Səudiyyə və müttəfiqləri Yəməndə əməliyyata başladı

Səudiyyə Ərəbistanı və onun Fars körfəzi ölkələri arasında müttəfiqləri şiə üsyançı husilərin hücumu davam edən Yəməndə hərbi əməliyyata başlayıblar.

Publika.az xəbər verir ki. Bu barədə ABŞ-dakı Səudiyyə səfiri Adel al-Jubeir bildirib. Məlumata görə, əməliyyatlarda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qatar iştirak edir.

“Koalisiya prezident Hadinin Yəməni və onun xalqını husi yaraqlılarının təcavüzündən müdafiə etmək çağırışına cavab vermək qərarına gəlib”, - müttəfiqlərin yaydığı bəyanatda bildirilir.

Koalisiya nümayəndələri Yəmənin hava məkanını uçuşlar üçün qadağan zona elan ediblər.

Səudiyyə Ərəbistanının cənubunda 7 aeroport artıq bağlanılıb. Bütün beynəlxalq və daxili reyslər təxirə salınıb. Həmçinin bildirilib ki, vəziyyətin gərginləşməsinə görə Yəmən də öz növbəsində əsas dəniz limanlarını bağlayıb.

Səudiyyə Ərəbistanının hərbi sahəsində rəsmi nümayəndələrindən "Reuters"ə verilən məlumatda bildirilib ki, tezliklə Yəməndə yerüstü hərbi əməliyyatların keçirilməsi istisna deyil.

Səudiyyə ərəbistan səfirinin sözlərinə görə, müttəfiqlər əsasən havadan zərbələr endirirlər. Hava zərbələrinə Sana aeroportu və əl-Dulaimi hava bazası məruz qalıb.

Husi nümayəndələri bəyan ediblər ki, koalisiyanın Yəmən ərazisinə hava zərbələri endirilməsi bölgədə irimiqyaslı müharibəyə gətirə bilər.

ABŞ Səudiyyə Ərəbistanı və onun ərəb müttəfiqlərinin Yəməndə husi üsyançılara qarşı hərbi əməliyyatını dəstəklədiyini bəyan edib.

“Prezident Obama Fars körfəzi Əməkdaşlıq Şurasının rəhbərliyi altında hərbi əməliyyata logistik və kəşfiyyat yardımı göstərməyi həvalə edib”, - Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Bernadett Mihan əlavə edib.

İran isə öz növbəsində Yəməndə baş verən hadisələri sərt tənqid edib.

"Səudiyyə Ərəbistanı dərhal hava zərbələrini dayandırmalıdır. Çünki bu, Yəmənin suverenliyini pozur. Biz Yəməndə vəziyyətin stabilləşməsi üçün bütün səylərimizi ortaya qoyacağıq", - deyən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın Yəməndəki vəziyyəti öz nəzarəti altına götürmək niyyətində olduğunu da bildirib.

Qeyd edək ki, bir müddət əvvəl husilərin paytaxtdan qaçmış prezident Əbdrəbbuh Mansur Hadinin sığındığı Əl-Ədən cənub şəhərinə yxınlaşdıqları haqqında məlumat yayılmışdı. Çərşənbə günü onun Əl-Ədəndə öz sarayını tərk etdiyi bildirilirdi.

KİV-lərin məlumatlarına görə, üsyançılara qatılan ordu bölmələri beynəlxalq hava limanını ələ keçirib, şəhərin mərkəzindən atışma səsləri eşidilir.

Çərşənbə günü səhər üsyançılar Əl-Ədənin 60 kilometrliyində yerləşən hərbi bazahı ələ keçiriblər.

Yəmən hökumətində prezidentin ölkəni tərk etdiyini təkzib edirlər. Onların sözlərinə görə, o, şəhər daxilində təhlükəsiz sığınaqdadır.

Əbdrəbbuh Mansur Hadi BMT Təhlükəsizlik Şurasından şiə husi üsyançılara qarşı mübarizədə kömək etmək istəyən ölkələrin hərbi müdaxiləsinin dəstəklənməsini xahiş edib.

Öz məktubunda o, legitim hakimiyyətə bütün mümkün üsullarla təxirəsalınmaz dəstək göstərməyə icazə verən qətnamə qəbul etməyi xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm