İstanbulun “sarı bülbülü”, “Komandir” və ya Messinin keçəl alternativi
Bizi izləyin

İdman

İstanbulun “sarı bülbülü”, “Komandir” və ya Messinin keçəl alternativi

Futbol tarixində yaxşı oyunçular çox olub. Adlarını saymaqla bitməz. Amma əfsanələrin sayı məhduddur. Hər yaxşıya əfsanə də demək düz olmaz. Yalnız bu statusu daşıyanlar uzun illər komandasının döyünən ürəyi sayıla bilər.

Martın 28-də Braziliyada əfsanələr siyahısına düşən bir futbolçunun vida oyunu keçiriləcək. Bu yaxınlarda “Palmeyras”ın formasında futbol həyatına son qoyan əfsanə bütün dostlarını, vaxtilə çiyin-çiyinə top qovduğu oyundaşlarını başına toplayacaq. Dəvətlilər arasında Rüştü, Fabio Lusiano, Mehmet Aurelio, Kejman, Appya, Tuncay, Semih Şəntürk, Amorozo, Aristizabal, Kleber, Deyvid, Calminya, Edmundo, Fabiano, Felipe, Qamarra, Jilberto Silva, Junior Bayano, Leonardo, Luizao, Marselo Ramos, Rivaldo, Sezar Sampayo, Ziko kimi məşhurlar var. Yubileydə iştirak edəcək futbolçuların siyahısı adamı nostalji duyğulara qərq edir...

O, 1000 oyun keçirən nadir futbolçulardandır. Karyerasının ən gözəl illərini Türkiyədə keçirib. Braziliya millisində reallaşdıra bilmədiyi arzuları “Fənərbaxça”da həyata keçirib. 8 il “Sarı-lacivərdlilər”in lideri, fanatların səcdəgahı olub. O, “Fənər”in əfsanəsi kimi qəbul edilib. George Hacı “Qalatasaray” üçün necə dəyərli olubsa, o da “Bülbüllər” üçün eyni çəkiyə malik olub. Onların futbol tarixindəki çəkisi isə müzakirə mövzusu deyil.

Aleksandro De Souza və ya sadəcə Aleks Türkiyə futbolu tarixinə ən yaxşı legionerlərdən biri kimi düşüb. Publika.az vida oyunu ərəfəsində yenidən keçmişə boylanıb, “Fənərbaxça”nın rekordlarını alt-üst edən Aleksin komandaya gəlişi və əldə etdiyi nəticələri xatırlamağa çalışıb.

Hər mövsümə bir töhfə

Transfer olduğu gündən “Fənərbaxça” azarkeşlərinin ürəyində “taxt quran” 34 yaşlı Aleks de Souza ilk mövsümdə 24 qol vuraraq komandasının Superliqa çempionu olmasında böyük rol oynamışdı. Üçüncü ilində isə 19 qolla çempionatda bombardir olan Aleks “Fənərbaxça”nın Superliqada bu ada layiq görülən ilk əcnəbi futbolçusu olmuşdu. Dördüncü mövsümündə ulduz futbolçu “sarı-lacivərdlilər”in tarixi ərzində ilk dəfə Çempionlar Liqasının 1/8 finala yüksəldiyi mövsüm verdiyi 6 məhsuldar ötürməylə ilk pillədə qərarlaşmağı da bacardı. “Fənərbaxça”nın Avropa meydanlarında ən çox oyun keçirən və qol vuran futbolçusu da məhz Aleksdir. Oyun alqı-satqısı damğasının vurulduğu yeddinci mövsümündə o, 28 qolla ikinci dəfə bombardir oldu. Superliqa tarixində 100 qol həddini aşan yeganə legioner oyunçu adı da ona məxsusdur. “Fənərbaxça”nın 3000-ci qolunda da məhz Aleksin imzası var.

İlk addımlar

1995-ci ildə Braziliyanın “Koritiba” klubunda futbolun sirlərini öyrənən Aleks iki il sonra “Palmeyras”a transfer olundu. Burda ulduzu parlayan oyunçu 1999-cu ildə ilk dəfə Braziliya milli komandasına dəvət aldı. Və həmin il komandasıyla Kopa Amerika çempionluğunu yaşadı. 2000-ci ildə “Flamenqo”ya icarəyə verilən Aleks karyerasının ən pis dövrünü keçirdi. Belə olan halda yenidən “Palmeyras”a qayıtmağa məcbur oldu. Bu dəfə isə o, “Kruzeyro”ya icarəyə verildi. Burda da baş məşqçiylə yola gedə bilməyən futbolçu təkrarən “Palmeyras”a döndü. 2002-ci ildə Avropa macərasına başlayan Aleks ilk olaraq “Parma”ya üz tutdu. Lakin adaptasiya prosesini yaxşı keçirməyən oyunçu burdan ayrılmaq məcburiyyətində qaldı. Elə həmin il yenidən “Kruzeyro”ya transfer olundu. Yaxşı performans göstərdiyindən Aleks De Souza 2004-cü ildə Braziliyanın Kopa Amerikaya yollanacaq heyətinə çağırıldı.

Startda çempionluq

Bir çox Avropa klubunun hədəfində olan Aleksin 2004-cü ildə “Fənərbaxça” karyersı başladı. Kopa Amerikanın qalibi olduqdan sonra “sarı-lacivərdlilər”in formasını geyməyə razı olduğunu bildirən futbolçu ilk mövsümündəcə çempion olmağı bacardı. Həmin il 31 oyunda meydanda olan oyunçu rəqib qapılarından 24 top keçirdi. Və komandanın 1-ci pilləni tutmasında böyük rol oynadı. ÇL-də isə bütün oyunlarda meydanda olan ulduz və komandası 9 xal toplayaraq qrupda 3-cü yeri tutdu və Avropa kubokunda mübarizə aparmalı oldu. Ancaq «Saraqosa» onların qarşısını kəsdi. Bütün matçlar daxil olmaqla həmin mövsüm Aleks 26 qol vurdu.

2005/06 mövsümü Aleks de Souza üçün ilk ilə nisbətən uğursuz alındı. Superliqanı “Qalatasaray”dan sonra ikinci pillədə başa vuran “Fənər” ÇL-də 4 xalla qrup sonuncusu oldu. Çıxdığı 4 matçda 3 qol vuran barziliyalı oyunçu bir qədər çətin dövr yaşadı.

Superliqada bombardir

“Fənərbaxça”nın 100 illik yubileyini qeyd etdiyi 2006/07 mövsümündə çempion olan komandanın “baş memar”ı Aleks idi. 32 oyuna 19 qol vuran futbolçu həmin mövsüm Superliqada bombardir oldu. Kiyev “Dinamo”suna məğlubiyyətdən sonra UEFA kubokuna yollanan “bülbüllər”in qarşısını “Alkmaar” kəsdi və Avropa macərasına yekun vuruldu. Çoxlu tənqid olunan futbolçu səbr edərək hamının cavabını verəcəyi vaxtı gözləyirdi. Həmin vaxt isə uzaqda deyildi. Aleks 2007/08 mövsümündə “Fənərbaxça”nın tarixi uğuruna imza atdı. O ərəfələrdə komandanın kapitan sarğısına yiyələnən sambaçı komandasının Superliqada ikinci yeri tutmasında və ÇL-in qrup mərhələsinə düşməsində əhəmiyyətli rol oynadı. 11 xalla ÇL-in qrup mərhələsində 2-ci yeri tutan “sarı-lacivərdlilər”in növbəti rəqibi “Sevilya” idi. İspanları mübarizədən kənarlaşdıran “sarı-lacivərdlilər”in bundan artığına gücü çatmadı. Əslində hər şey Aleks və komandası üçün yaxşı başladı. Evdə “Çelsi”ni 2:1 hesabıyla məğlub etmək heç də pis nəticə sayılmamalıdır. Lakin səfərdə bunun ardı gəlmədi. İki top fərqiylə məğlub olan “Fənər” daha da irəli getmək arzusunu reallaşdıra bilmədi. Aleks o illərdə keçirdiyi 12 oyunda 4 qol və 6 məhsuldar ötürməylə yenə komandanın lideri olduğunu sübuta yetirdi. Və ÇL-in ən çox məhsuldar ötürmə verən futbolçusu adına layiq görüldü. Aleksli “Fənərbaxça” həmin il Superkubokda “Beşiktaş”ı 2:1 məğlub edərək ili titulla başa vurdu. Sambaçının verdiyi qol ötürmələri isə Semih Şəntürkün bombardir olmasında həlledici oldu.

Pis mövsüm, amma yeni rekordlar

Klub tarixində belə uğurlu mövsümün ardının gələcəyi gözlənildiyi bir halda hər şey başqa cür cərəyan etdi. 2008/09 mövsümü həm Aleks, həm də komandası üçün pis alındı. Cəmi 26 matçda forma geyinən sambaçı 11 qolla yadda qaldı. “Fənərbaxça” isə 61 xal toplayaraq Superliqada 4-cü yerdə qərarlaşdı. Aleks və komandasının yeganə uğuru kubokun finalına çıxmaq idi. Amma “Beşiktaş”a 4:2 hesabıyla məğlub olan “Bülbüllər” il ərzində heç nəylə yaddaşlarda qala bilmədi.

2009/10 mövsümündə Aleks “Fənərbaxça”nın Avropa matçlarında ən çox oynayan və qol vuran əcnəbi futbolçusu ünvanına yiyələndi. Özü də ÇL-in qrup mərhələsində 15 xal toplayaraq ikinci pilləni tutan “sarı-lacivərdlilər”in kapitanı 6 oyunda 2 qola imza atmaqla buna nail oldu.

Təxirə düşən əbədiləşmə

Qalmaqallar damğası vurulmuş 2010/11 mövsümündə “Fənərbaxça”nın 105 illik tarixinin ən yaxşı legioneri olan Aleks de Souzaya rəhbərlik heykəl qoymaq qərarına gəldi. Lakin oyun alqı-satqısının ortaya çıxması bu işi bir qədər başqa vaxta təxirə saldı. Mövsümü uğurlu keçirən sambaçı 28 qolla Superliqanın bombardiri oldu. Bundan başqa, 12 məhsuldar ötürmə verən futbolçu hər iki nominasiyada 1-ci olmağı bacardı. Klub tarixində 3000-ci qolu da vuran Aleks De Souza “Fənərbaxça” rekordlarını alt-üst etdi.

Amma onun gedişi adına layiq şəkildə olmadı. 2012-ci ildə Aykut Kocamanla yaşanan problemlərdən sonra özünün dediyi kimi “8 illik zəhmətini 3 dəqiqədə yerə vurdular”. Onun paltardəyişmə otağındakı nüfuzunu həzm edə bilməyən baş məşqçi braziliyalı əfsanəni heyətdən kənarlaşdırdı. Aleks isə artıq getmək lazım olduğunu anladı və getdi...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm